Düşdü heç gözləmədən bir dəli sevda başıma,
Gəldi heç bilmədim hardan belə xülya başıma.
Bunu bir mən bilirəm, bir də məni xəlq eləyən,
Nə müsibət gətirib bir büti-ziba başıma.
Aparıb əqlimi başdan o pəriçöhrə gedib,
Bu səbəbdən də gəlir daima qovğa başıma.
Salaraq yadıma gül ləblərini sübhə kimi,
Çəkirəm mən nə qədər badeyi-səhba başıma.
Mən hara eşqdə Məcnun hara, eşq əhli bilir,
And içərdi məni görsəydi o Leyla başıma.
Neçə müddətdi qəzəllər yazıram indiyədək,
Gəlməyib yarıma layiq hələ misra başıma.
Qoyma dövrəndə o əğyarı dolansın, gözəlim,
Fırlanır görcək onu cümleyi-dünya başıma.
Bəndədən hay verən olmaz mənə, Yasin, bilirəm,
Çarə gər qılsa qılar Xaliqi-yekta başıma.
Tarix: 27.03.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 170 Bölmə: Qezeller