Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Toxluca - Əhalisi

Tarixi qaynaqlardan bəlli olur ki, Toxluca ərazisində məskunlaşma eramızdan əvvəl III-II minilliklərə təsadüf edir. XX əsrin 70-ci illərində dəmir yolu çəkilərkən, kəndin cənub-qərbindəki Ara güney ( Araguney- Arequni, Arqun-Ərhun-H.B.) dağ silsilələri ərazisində qazıntılarda 2-3 metr dərinlikdə içi boş küpələr, müxtəlif saxsı parçaları, kiçik qarmaqlar və müxtəlif əşyalar çıxırdı. Təəssüf ki, obyektiv səbəblərdən arxeoloji qazıntılar aparmaq mümkün olmayıb. Eramızdan əvvəlki dövrlər barədə ətraflı məlumat verə bilməsək də, müəyyən tarixi mənbələri öyrənməklə, bu barədə konkret fikir yürütmək mümkündür. Tunc dövründən burada insanların yaşadığını sübut edən faktlar var. Hələ sovet dövründə rus alimləri Göyçə gölünün cənub-qərb sahillərində məskunlaşmanın tunc dövrünə aid olduğunu arxeoloji qazıntılarla sübut etmişdilər. Daha əlverişli coğrafi mövqeyə və iqlim şəraitinə malik olan ərazidə həmin dövrdə insanların məskunlaşmasına şübhə ola bilməz.Qəsəbənin müxtəlif ərazilərində qədim oğuz qəbirlərinin tapılması və bu qəbirlərdəki insan skletlərinin müasir insanın bədən ölçülərindən böyük olması bir daha burada məskunlaşmanın tarixinin qədimliyini sübut edən faktlardan biridir. Toxluca qəsəbəsinin şimal-qərb hissəsindəki (Çal ərazisində) xaçlı baş daşı olan qəbiristanlıq alban tayfalarına məxsusdur. Dərəyurd ərazisində və kəndin cənub hissəsindəki zirvədə Ocaq dağında və ətəyində alban məbədinin qalıqları XX əsrin 70-ci illərinə qədər qalırdı. Hətta buradakı qala divarları Qıpçaq elementləri ilə seçilirdi. Toxulcada dörd-beş yerdə böyük alban qəbiristanlıqları son dövrə qədər qalmaqda idi. Alban kilsəsinin ən iri qalıqları isə Adatəpə ərazisində idi. Söhbət albanlardan gedirsə, Toxluca-Şorca və başqa gölətrafı ərazilərdə yaşayan albanların sonrakı taleyi barədə elmi mülahizələrə və orta əsrlərdə əhalinin miqrasiyası məsələlərinə diqqət yetirmək yerinə düşər. Alban katalikosu Yesai Həsən Cəlalyan “Alban ölkəsinin qısa tarixi” əsərində özündən əvvəlki mənbələrə istinad edərək yazır ki, Əmir Teymur Qafqaza yürüş edərkən, 10 min albanı Qəndəhar və Xorasana köçürüb. Sonradan onlar islam dinini qəbul ediblər, lakin özlərini ağvan, yəni albanların törəmələri adlandırırdılar. Ola bilsin ki, bu ərazilərdəki albanlar da həmin sıradan olublar. Çünki adətən əhalini başqa yerə köçürüb əraziləri boşaltmaq istəyəndə birinci növbədə gözəl təbiəti və əlverişli iqlim şəraiti olan ərazilər seçilir. Ola bilsin ki, orada albanların əvəzinə məskunlaşan əhali şərqdən gəlmiş və bir neçə əsr yaşayaraq regionda o dövrdə hakim olan dili mənimsəmiş və orta əsrlərdə (XI-XII əsrlərdə) formalaşmış Azərbaycan türkcəsində danışmışlar. Müxtəlif tarixi mərhələlərdə Göyçə, o cümlədən gölətrafı ərazisində yaşayan əhalinin miqrasiyası məcburi xarakter daşımışdır ki, bu da tarixi qaynaqlarla sübut olunur. Burada müxtəlif dövrlərdəki məskunlaşma prosesi tarixçilər tərəfindən tam araşdırılmayıb və qaranlıq məqamlar qalmaqdadır. Yalnız Çar rusiyasının işğalından sonrakı dövrlərə aid demoqrafik məlumatlar daha çoxdur. Bunun üçün İran və Türkiyə mənbələrinə çıxmaq lazımdır.Bəzi məlumatlara görə, sivilizasiyalarası rəqabətlər dövründə burada XVIII əsrin əvvəllərinə qədər məskunlaşma tez-tez dəyişib. Çox güman ki, bunun səbəbini tarixdə “Böyük sürgün” adı ilə tanınan köçürmə siyasətində axtarmaq lazımdır. Belə ki, III Səfəvi-Osmanlı müharibəsi zamanı (1603-1612-ci illərdə) Səfəvi hökmdarı I Şah Abbas (1587-1629-cu illər) Osmanlı qoşunlarının hərəkət istiqamətində Səfəvilərin ənənəvi “yandırılmış torpaq” taktikası barədə əmri ilə bağlı əhali başqa ərazilərə köçürülüb, daşınması mümkün olmayan nə varsa, məhv edilib dağıdılıb. Nəticədə Naxçıvan, İrəvan və ona yaxın digər çiçəklənmiş diyarlar yandırıldı və on minlərlə əhali köçürüldü. Çox güman ki, Toxluca da həmin səbəbdən boşaldılmışdır. Ağsaqqalların da dedikləri kimi məskunlaşma olmayan dövr həmin dövrə təsadüf edir. “Toxluca” toponiminin yaranma tarixinin “Böyük sürgün”dən çox-çox əvvələ (1603-cü ildən əvvələ) təsadüf etdiyi şübhəsizdir. Son elmi qənaətlərə görə Toxluca-Toğluca-Tukluca-Tukulusca formatına söykənir və qıpçaqların tuk boyuna bağlıdır. 1603-1612-ci illərdə baş verən “Böyük sürgün”dən sonra gölətrafında məskunlaşmanın dəqiq tarixi bəlli deyil.Bunun üçün Şərq mənbələrinə baxmaq lazımdır. Buralarda sonuncu məskunlaşanlar buraya yad yer kimi baxmayıblar, bəlkə də vaxtilə öz babalarının tərk etdiyi kəndə qayıdıblar.Ümumiyyətlə, Toxluca qəsəbəsində 20-dən artıq nəslin nümayəndələri məskunlaşmışlar. Alıkişilər(HacıAbbaslar,Bayramlar,Hümbətlər,Vəlikişilər),Məşədismayıllılar,Arazlar,Tatlar,Tavarlar,Bədəllər,Nəcoylar,Bicoylar,Hucənnilər,Otaylılar,Mərdənlər, Adamyarımlar, Mollalar, Seyidlər və b. tayfalar məskunlaşmışlar.Çar Rusiyasının işğalı ilə gölətrafının Şərq hissəsində yerləşən Toxluca yeni məskunlaşma ilə zənginləşib.Beləki Vedi ətrafındakı Şadlinskilərin nəslindən olan Balı Soltanın qəsəbənin məskunlaşmasında xüsusi rolu olmuşdur.Qəsəbə əhalisinin məskunlaşması əsasən İrəvan ətrafındakı, Qarabağlar rayonunun sakinlərindən olmuşdur. Bu kəndlərdə sonuncu məskunlaşmanın tarixi ermənilərin Göyçə ərazisinə kütləvi şəkildə köçürülməsindən (1828-ci ildən) əvvələ təsadüf edir. Ermənilər istəsə də bunu inkar edə bilməzlər. Əhalinin sayı barədə məlumat məskunlaşmanın tarixini və səviyyəsini əks etdirən ən səmərəli amildir. Siyahıya alınma - əhalinin etnik tərkibini, yaşını, cinsini, nikahda olanların sayını, dini mənsubiyyətini, vətəndaşlığını, təhsilini, əmlak vəziyyətini, məşğulluğunu, ölkədəki demoqrafik vəziyyəti müəyyən etmək üçün həyata keçirilən dövlət tədbiridir. BMT siyahıya alınmanın 10 ildən az olmayaraq dövri olaraq, 9 və ya 0 rəqəmi ilə qurtaran illərdə keçirilməsini tövsiyyə edir. Bəzi ölkələrdə 5, bəzilərində isə 10 ildən bir əhalinin siyahıya alınması aparılır. 1926-cı ildə Ermənistanda ilk dəfə olaraq əhalinin siyahıya alınması aparılıb. Toxluca qəsəbəsində müxtəlif illərdə əhalinin sayını əks etdirən cədvələ nəzər yetirsək, görərik ki, müəyyən tarixi proseslər və ya hadisələrlə əlaqədar bu göstərici dəyişir. İrəvan xanlığına aid olan dövrdə əhalinin siyahıya alınması barədə konkret məlumat “İrəvan dəftəri”ndə verilmişdir. Bəllidir ki, xanlıqlar dövründə mahallar üzrə vergilərin yığılması ilə əlaqədar əhalinin sayını müəyyən etmişlər. Lakin vergi toplanmasında mükəmməl qayda olmaması və mahal bəylərinin bu sahədə müəyyən əyintilərə yol vermələri, bundan əlavə, əhalinin bir qisminin həmin dövrdə bir mahaldan digərinə köçməsi prosesi tez-tez baş verdiyindən əhalinin sayının dəqiqləşdirilməsinə imkan vermirdi. 1829-cu ilin əvvəlində qraf Paskeviç-Erivanskinin tapşırığı ilə kollej assesoru İ.Şopen tərəfindən erməni vilayətində kameral siyahıya alınma keçirilmişdir. Əlyazması 20 cilddən ibarət olan bu siyahıyaalmanın nəticələri müəllifin 1852-ci ildə nəşr edilən "Erməni vilayətinin Rusiya imperiyasına birləşdirilməsi dövrünün tarixi abidəsi" kitabında öz əksini tapıb. 1873-cü ildə əhalinin siyahıya alınması Rusiyada təhkimçilik hüququnun ləğvindən sonra aparılan ilk siyahıya alınma olub ki, həmin vaxt Toxlucada 514 nəfər yaşayıb. Zaman keçdikcə əhalinin sayı artmış, lakin müəyyən dövrlərdə müxtəlif səbəblərdən əhali sayında azalma da baş vermişdir. 1919-1922-ci illər ərzində əhali sayında baş verən azalma 1918-ci ildə ermənilərin törətdiyi məlum hadisələrlə (qəsəbə əhalisinin qaçqın düşməsi ilə) əlaqədardır. 1858-ci ilə qədər əhalinin siyahıya alınması Rusiya imperiyasında quberniyaların təftişi zamanı aparılıb. Bu isə ümumi nəticədə qeyri-dəqiqliklərə səbəb ola bilərdi. 1862-ci ildə İ. Stebnitski tərəfindən Qafqazın siyahıya alınması zamanı əhalinin etnik və dini tərkibinə əsaslanan statistik cədvəl tərtib edilib və nəticələr 1865-ci ilə aid “Kavkazskiy kalendar”da dərc edilib. Yuxarıda qeyd etdiyimiz kimi Toxluca- Tukulusca toponiminə bağlanır və Tbilisi, Tukulusu ilə eyni kökdən olmaqla Tukların-yəni qıpçakların tuk tayfalarının yaşayış yeri kimi minilliyin əvəllərinə qədər uzanır. Sovet dövründə Toxlucada da əhali 1920-1940-cı illərdə erməni təcavüzi, vətəndaş və dünya müharibəsi ilə bağlı azalmışdır. 1950-ci illərdə kənd respublikada ilk savxoz olduğunda əvvəlki kalxoz təsərrüfatının mülkiyyəti pul şəklində camaata paylanmışdır. Əhali abad evlər tikmiş,qəsəbənin infrastrukturu genişlənmiş, sosial obyektlər çoxalmışdır. Nəticədə Göyçə-Qaraqoyunlu mahalları üçün xarakterik olan köçkünlük burada baş verməmiş, qəsəbə rayon mərkəzindən sonra ən iri yaşayış məskəninə çevrilmişdir. Bəziləri qısqanclıqla Toxlucanın ərazi və əhalicə erməni kəndi olan Başkənddən kiçik olduğunu yazırlar. Əslində belə deyil. Başkənddən əhalinin İrəvan və digər iri şəhərlərə köçənləri rayon rəhbərliyi gizlədir, onları həm də Başkənddə qeydiyyatda saxlayırdılar ki, kəndin və rayonun demoqrafiq balansı ermənilərin zərərinə çox pozulmasın. Toxlucanın qəsəbə əhalisi 1914 –cü ildə 1373 nəfər, 1986-cı ildə 3100 nəfər olmuşdur. Bundan başqa deportasiyaya qədər müxtəlif vaxtlarda Gəncəbasara və Bakıya köç etmiş toxlucalıların sayı 4000-ə yaxın olmuşdur. Təxmini hesablamalara görə 2013-cü ilin sonunda Toxlucalıların sayı 7000 nəfərə yaxın olmuşdur.


Tarix: 06.02.2015 / 19:05 Müəllif: Feriska Baxılıb: 196 Bölmə: Qərbi Azərbaycan
loading...