Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əhliman Əmiraslanov - Elmi fəaliyyəti

Elmi fəaliyyəti
Əhliman Əmiraslanov 1974-cü ildə Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyası Ümumittifaq Onkoloji Elmi Mərkəzinin /ÜOEM/ nəzdindəki aspiranturaya daxil olmuşdur. 1977-ci ildə aspirantura müddəti başa çatmamış "Bədxassəli şişlərlə əlaqədar aşağı ətrafların amputasiyasından sonra xəstələrin rehabilitasiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsin almışdır.

Ə.T.Əmiraslanov aspiranturanı qurtardıqdan sonra ÜOEM-də kiçik elmi işçi, baş elmi işçi, professor kimi 1992-ci ilə kimi fəaliyyət göstərmişdir. O, 1984-cü ildə "Osteogen sarkomalı xəstələrin kompleks müalicə üsulları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Moskva şəhərində işlədiyi müddətdə Ə.T.Əmiraslanov SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Dayaq hərəkət aparatı şişləri olan xəstələrin rehabilitasiyası və müalicəsi" üzrə Ümumittifaq Mərkəzinə rəhbərlik etmiş və SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin medalları ilə təltif edilmişdir.

1985-ci ildə Ə.T.Əmiraslanov "Sümük sarkomaları" adlı orijinal monoqrafiyasına görə SSRİ Tibb Elmləri Akademiyasının N.N.Petrov adına mükafatına layiq görülmüşdür. O, 1986-cı ildə "Onkoloji xəstələrin bərpa müalicəsi metodlarının işlənib hazırlanması və onların klinik təcrübədə tətbiqi" haqqındakı silsilə işlərinə görə elm və texnika üzrə SSRİ Dövlət mükafatı laureatı olmuşdur. Moskvada işlədiyi müddətdə onun rəhbərliyi altında 10 nəfər tibb elmləri doktoru və 32 nəfər tibb elmləri namizədi yetişdirilmişdir.

Akademik Ə.Əmiraslanov həmçinin 436 çap olunmuş elmi əsərin müəllifidir. Bunlardan 198-i xaricdə çap olunmuşdur.

Elmi yenilikləri
Alimin dayaq-hərəkət aparatının və süd vəzisinin bədxassəli şişlərinə onların müalicə metodlarının işlənib hazırlanması və təkmilləşdirilməsinə həsr etdiyi elmi-tədqiqat işləri onu elmi ictimaiyyətdə geniş tanıtdırmışdır. Onun rəhbərlik etdiyi klinikada texniki cəhətdən mürəkkəb olan bud, qamış və bazu sümüklərinin bədxassəli şişlərində aparılan diz, bud-çanaq və bazu oynaqlarının rezeksiyası və endoprotezləşdirilməsi, qalça-qarınarası ayırma, kürək-döşarası amputasiya kimi operasiyalar müvəffəqiyyətlə yerinə yetirilir. Kafedrada bədxassəli sümük şişlərinin, süd vəzisinin, qadın cinsiyyət orqanlarının bədxassəli şişlərinin, yumşaq toxuma sarkomalarının, dəri şişlərinin epidemiologiya, müayinə və müalicəsinə dair elmi-tədqiqat işləri aparılır. Sümük şişləri olan xəstələrdə hormonal-metabolik pozğunluqlar və onların korreksiya yolları istiqamətində elmi-tədqiqat işləri genişləndirilir, bu sahədə doktorluq və namizədlik dissertasiyaları yazılır.

Dayaq-hərəkət aparatı orqanlarının bədxassəli şişlərinə görə cərrahi müdaxilə edilmiş xəstələrin bərpaedici müalicəsi (reabilitasiyası); sümük sarkoması şişlərinin müalicəsində yeni üsulların işlənib hazırlanması; sümüklərin bədxassəli şişlərinin proqnozu; qadın cinsiyyət orqanlarının və sümüklərin bədxassəli şişlərində hormonal-metodik dəyişikliklər; yumşaq toxuma sarkomalarının kombinasiyalı və kompleks şəkildə müasir müalicə üsullarının işlənib hazırlanması; Azərbaycanda bəzi bədxassəli şişlərin epidemiologiyası; bədxassəli şişlərin erkən diaqnostikası və proqnozunda parakrin və immunohumoral faktorların klinik əhəmiyyəti.


Tarix: 06.02.2015 / 17:40 Müəllif: Feriska Baxılıb: 75 Bölmə: Qərbi Azərbaycan
loading...