Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaçaq İsaxan

Ümumi məlumat
Həmin dövrdə "kollektivləşmə" siyasətinə xalq arasında etiraz hərəkatları geniş vüsət almışdı. 1930-cu ilin əvvəllərində Ermənistanda mütəşəkkil silahlı üsyan Kərbəlayı İsmayılın başçılığı ilə Vedibasar rayonunda baş vermişdi. Lənkəran ətrafinda sərhəd qoşunları və milis qüvvələri ilə gərgin döyüşlər aparan dəstələrə Həsən İsa oğlu və Cankişi başçılıq edirdilər. 1928/30-cu illərdə Qarabağda, Quba, Nuxa, Göyçay, Zaqatala, Gəncə kimi yerlərdə silahlı müqavimət hərəkatının ardı-araşı kəsilmirdi. Gəncədə və Gəncəbasarda Məmməd Qasım, Hacı Axund və Rüstəmin dəstələri döyüşürdülər. Gürcüstanın Qarayazı mahalında başlayan və Ermənistanın azərbaycanlılar yaşadığı bir çox yerləri də əhatə edən silahlı üsyana isə Qaçaq İsaxan adı ilə tanınmış İsaxan Hacıbayramlı başçılıq etmişdir.

Qaçaq İsaxan haqqında aşıqlar mahnılar qoşmuş, dastan yaratmış, şairlər ona şeirlər həsr etmiş, qəhrəmanın 100 illiyi Azərbaycan və Gürcüstanda böyük təntənə ilə qeyd edilmişdir. Xalq qəhrəmanının mübarizə dolu həyatı və fəaliyyəti elmi araşdırmalarda, bədii əsərlərdə və aşıq ədəbiyyatında öz əksini tapmışdır. Sovet ordusunu ciddi itkilərə uğratmış Qaçaq İsaxan öz igidliyi və cəngavərliyi ilə nəsillərin yaddaşına yazılıb.

Həyatı
Qaçaq İsaxan 1897-ci il yayın sonunda Gürcüstanın Qarayazı rayonu Dəmirçi-Hasanlı (indiki Kür altı Kosalı) kənd sakini İsə Hacıbayramoğlunun ailəsində dünyaya göz açmışdır. Bu yerin sakinləri ənənəvi olaraq hər yay Ermənistanın Qaraxaç yaylağına köç edərdilər; İsaxan köç zamanı həmin Qaraxaçda anadan olmuşdur. O, 1930-cu il, yenə yayın sonunda, 33 yaşında elə anadan olduğu yerlərdə də qəhrəmancasına həlak olmuşdur.


Tarix: 05.02.2015 / 19:13 Müəllif: Feriska Baxılıb: 108 Bölmə: Qərbi Azərbaycan
loading...