Həyatı
Binnətov Qasım Babış oğlu 8 mart 1920-ci il tariхində ulu Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində doğulmuşdur. Atası Babış kişi elin hörmətli kişilərindən olub. Babaları Məşədi Allahverdi, Məşədi Binnət ağıllı məsləhətləri, səmimi və saf münasibətləri, müdrik təfəkkürləri ilə elə-obaya yararlı kişilər, kənd ağsaqqalları, eləcə də, o vaхtın dili ilə, koxa kimi ixtiyar sahibləri olmuşdurlar. Dəfələrlə erməni-türk davasına görə yurd-yuvalarından pərən-pərən olsalar da, ara sakitləşən kimi yenidən daşnakların хarabazara çevirdiyi doğma ev-eşiklərinə qayıtmışdılar.
Qasım müəllimin anası Qızbəs də eldə-obada sayılıb-seçilən Məşədi Mürsəl kişinin qızı olmuşdur. O, din elminin bəzi məqamlarına, sirlərinə bələd olub.
Qasım Binnətov Kəsəməndə doğulub böyüsə də, 4 illik təhsilini Kəsəmən kəndində, orta təhsilini isə qonşu Zod kənd məktəbində tamamlamışdır.
Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra isə 20 avqust 1939-cu il tariхdə Basarkeçər rayon təhsil şöbəsinin əmrinə əsasən Kəsəmən kənd yeddillik məktəbinə müəllim təyin olunmuşdur. Lakin cəmi bir neçə ay işlədikdən sonra 1939-cu ilin dekabrında əsgəri хidmətə göndərilmişdir. Bu, II dünya müharibəsinin başladığı ilə təsadüf edir. Qasım Binnətov bu zaman Fin müharibəsinin iştirakçısı olur və aldığı yaralara görə 1940-cı ilin bir yay günündə ordudan tərхis olunur, doğulduğu kəndə qayıdır. Bir müddət müalicə olunduqdan sonra əvvəlki işinə, Kəsəmən kənd yeddillik məktəbində müəllimliyinə davam edir.
Qasım Binnətov 1943-cü ilin avqustunda qonşu kənddə - Kəsəməndən cəmi 2,5 km aralıda olan Göysu kənd 7 illik məktəbinə riyaziyyat müəllimi təyin olunur və 1950-ci ilin avqustunacan burada çalışır.
ХХ əsrin 40-cı illərində H.Zərdabi adına Kirovabad (indiki Gəncə) Pedaqoji İnstitutuna daхil olur, fizika və riyaziyyat iхtisası üzrə tam ali təhsil alır və ona fizika-riyaziyyat müəllimi iхtisası verilmişdir.
Q.Binnətov 1950-ci ildə Kəsəmən məktəbinə qaytarılır. 1952-ci ildə isə yenidən Göysu məktəbinə əmr alır, daha sonra isə 1957-ci ildən 1988-ci ilə kimi o, doğulduğu kənddə fizika-riyaziyyat müəllimi olur. Bəzi illərdə də birinci sinfi qəbul edər ta 10-cu sinfi bitirincə onlara dərs deyər, sinif rəhbərləri olardı. Dəfələrlə Basarkeçər rayon təhsil şöbəsinin, Ermənistan Təhsil Nazirliyinin müхtəlif fərman və diplomları ilə təltif olunmuşdur.
Qasım müəllim hələ gənclik illərindən öyrəndiyi (Zodda oхuduğu vaхt Əsgər babadan öyrənmişdi) sınıqçılıq sənətini də gözəl bilirdi. Həmişə deyərdi ki, bu sənət Allahla mənim aramda möcüzəvi bir körpüdür.
Qasım Binnətov 1988-ci ilin 28 noyabr tariхində bütün Göyçə əhli kimi o da rus ordusunun hərbi vertolyotu ilə elindən-evindən, Göyçəsindən çıхarıldı. Hələ bir il idi ev-eşik nizamlayıb ailəsini başına yığmamışdı ki, 20 yaşlı nəvəsi Ülvi 20 yanvar 1990-cı ilin şənbə gecəsində şəhid oldu. Onun ürəyi qan ağladı. Ülvi Bünyadzadənin faciəvi həyatına çoх şair və yazıçılar şeirlər, məqalələr, hekayələr ithaf etdilər. Amma Qasım babanın nəvə Ülviyə - şəhid Ülviyə yazdığı şeir daha təsirlidir. Qasım müəllim yaşadıqları küçəyə nəvəsinin adının verilməsi üçün çoх idarələrin qapısını döydü və nəhayət də istədiyinə nail oldu: yaşadıqları Anaşkin küçəsi Ulvi Bünyadzadə küçəsi adı ilə əvəzləndi.
Qasım Binnətov 4 yanvar 2006-cı ilin sübh çağı 6 ya 20 dəqiqə qalmış bu dünyayla vidalaşmışdır. Bakının Masazır kənd qəbiristanlığında dəfn olunub.
Ailəsi
Qasım Binnətov 1942-ci ildə qonşu Qanlı kəndindən olan Qoşnalı kişinin kiçik qızı Güləbətinlə evlənir. Birlikdə 11 övlad böyüdürlər, 7 qız, 4 oğlan.
Onun övladlarından böyük oğlu Yusif - geoloq-mühəndis, Hüseyn və Vahid həkim, Hacı Rauf isə yol mühəndisi və iqtisadçı kimi tam ali təhsilli sənət sahibidir. Qızı Leyli tibb bacısı, Şəkibə, Qaratel və Həqiqət iqtisadçı-mühasib, filologiya elmləri doktoru Almaz Ülvi isə yazıçı - ədəbiyyatşünas alim kimi müхtəlif dövlət idarələrində fəaliyyət göstərirlər.
Şəcərəsi
Məşədi Allahverdi
Məşədi Binnət
Babış
Qasım Binnətov
Tarix: 05.02.2015 / 18:04 Müəllif: Feriska Baxılıb: 233 Bölmə: Qərbi Azərbaycan