Toxluca ərazisində canavar, çaqqal, porsuq,sincab, kor siçan,tülkü, gəlincik, kirpi, dovşan, ilan, qaya kərtənkələsi və keçəmən yaşayır. Əvəllər kəndin ətrafı sıx meşəlik imiş və bu meşələrdə maral, ayı və digər heyvanlar geniş yayılıbmış. İnsan fəaliyyəti nəticəsində məhv olub və burada yaşayan heyvan növlərinin nəsli kəsilmişdir. Məməli heyvanlardan əlavə, Toxluca ərazisində çoxlu quş növü, o cümlədən kəklik ("Qırmızı kitab"a düşüb), boz sərçə, qartal, torağay, qırğı, arı quşu, sarıköynək, qarğa, sığırçın, alabaxta, bildirçin, qaranquş, şanapipik (hop-hop), çobanaldadan, ağacdələn, göyərçin, bayquş, alacəhrə və sağsağan, "Göyçə gölü"ndə qağayı, su ördəyi, qarabatdaq, mövsümlə əlaqədar olaraq hacıleylək və digər köçəri quşlar da yaşayır. Faunanın tərkib hissəsi sayılan həşəratlara gəlincə, bu sahədə vaxtilə kifayət qədər elmi-tədqiqat işləri aparılmadığından müvafiq məlumatları bu gün elmi mənbələrdən əldə etmək mümkün deyildir. Lakin müşahidələrimiz söyləməyə əsas verir ki, Toxluca ərazisindəki torpaqlarda yüzlərlə həşərat növü yaşayırdı. Torpaq növləri Toxlucanın əksər ərazilərində şabalıdı torpaqlar da çox yayılıb. Bu torpaqlar dağ-dərə torpaqları ilə birlikdə əkinçilik üçün olduqca yararlıdır. Tərkibində dəmir oksidinin miqdarı 15-20% olan torpaqlar sarı qonur torpaqlardır. "Ara güney", "Ozanlar", "Dərəyurd" və "Sarı yal" adlanan ərazi belə torpaqların formalaşdığı ərazilərdir. Düzənliklərdə isə boz və boz-qonur torpaqlar mövcuddur. Dağ-çəmən torpaqları da geniş yayılmışdır. Bu torpaqlar subalp və alp çəmənlikləri altında inkişaf etmişdir. Otlaq və biçənəklərdən ibarət bu ərazilər əsasən kəndin göldən Kirkitli dağından və Dərəyurdadək uzanan şimal hissəsinə aid edilir. Dağətəyi və kolluqlarda qara və boz-qəhvəyi torpaqlar geniş yayılıb. Təbii sərvətlər və faydalı qazıntılar Toxluca ərazisindəki meşə və su ehtiyatlarından əlavə, Qaraqoyunlu mahalının Salah kəndi ilə həmsərhəd ərazilərdə əhəng, gölətrafında isə tikinti işləri üçün qum və daş ehtiyatı da mövcuddur. Zəngin əhəng daşı ehtiyatları tikintidə bu materiala olan ehtiyacın 90-95%-ni ödəməyə imkan verirdi. Sadəcə, divarın tin hissələrində az miqdarda mişar daşına ehtiyac duyulurdu. Nəticədə ev və ya təsərrüfat tikilisi olduqca ucuz başa gəlirdi. Buradakı daş ən bahalı və keyfiyyətli qranit növlərindəndir. Çal dağında diadomit (sement istehsalında əlavə xammal), obsidian (şüşə istehsalında istifadə edilir), xromit (qara metal) yataqları var. Qonşu Cubuxlu kəndinin yaxınlığında xromit istehsalı isə hələ keçən əsrdən həyata keçirilirdi.
Tarix: 06.02.2015 / 19:02 Müəllif: Feriska Baxılıb: 240 Bölmə: Qərbi Azərbaycan