Mənzildə təmizlik işlərini həftədə bir dəfə, ümumi təmizlik işlərini isə ayda bir dəfə aparmaq lazımdır.
Evin ən çox istifadə olunan yerləri hamam otağı, tualet, dəhliz və mətbəx – hər gün yığışdırılmalı və silinməlidir. Əlbəttə ki, əgər evdə çox insan yaşayırsa, xüsusilə körpə uşaq varsa, təmizlik işləri hər gün aparıl-malıdır. Belə olduğu halda siz körpənizi allergiyadan (evdə ən təhlükəli allergen – tozdur) və yarana biləcək virus və infeksiyalardan qorumuş olarsınız.
Təmizlik işləri günün birinci yarısında və uşaqlar evdə olmayan vaxt aparılmalıdır. Bu çox vacibdir. Günün ikinci yarısında evi yığışdırmaq və tozsorandan istifadə etmək tövsiyə edilmir. Tibb elmi təsdiq etmişdir ki, axşam vaxtı insan orqanizmində immunitet günorta vaxtı ilə müqayisədə çox zəif olur. İşləyən tozsoran havaya toz və mikroblar buraxır. Bu da orqanizmdə nəinki allergiya, hətta müxtəlif infeksion xəstəliklərinə gətirib çıxara bilər.
Təmizlik aparılan zaman sizin gümrah və əhvalınızın yüksək olması çox vacibdir. Ev işlərində daha çox əhvalı yüksəldən şux musiqidir. Bəyəndiyiniz musiqinin sədaları altında ev işlərini görsəniz iş prosesinin necə surətli və asan gedişinin şahidi olacaqsınız. Daha bir vacib fakt. Ev işlərini görmək üçün müəyyən bir vaxt ayırın, məsələn, bir, iki və s. saat. Bu sizə fikrinizi cəmləşdirməyə kömək edər.
Təmizlik işlərində istifadə olunan köməkçi vasitələr və məişət kimyası çox böyük rol oynayır. İndi mağazalarda çox sayda müasir köməkçi vasitələr satılır – pəncərələri və döşəmələri silmək üçün xüsusi şotkalar, toz silmək üçün salfetlər (onların köməyi ilə hətta cilalanmış mebelin üstündə yığılan tozu asanlıqla silmək olar), ləkələri aparmaq üçün xüsusi süngərlər.
Mağazalarda satılan müasir məişət kimyasının çeşidləri çoxdur – şüşələri, döşəmələri, mebeli, kafel-metlaxı silmək üçün müxtəlif vasitələr. Hər bir xanım onların arasında özü seçim edir. Bir şeyi nəzərə almaq lazımdır ki, seçdiyiniz məişət kimya məhsulları keyfiyyətli və tanınmış dünyəvi istehsalçılar tərəfindən istehsal olunsun. Bu halda siz təmizlik işləri apararkən həm vaxtınıza qənaət edərsiniz, həm də ailənizin sağlamlığını qorumuş olarsınız.
Təmizlik işlərinə başlayırıq
Öncə nədən başlayaq? Əlbəttə ki, birinci növbədə mətbəxdən, tualetdən və hamam otağından başlamaq lazımdır. Pilətənin, masaların üzərini, şkafların qapılarını və soyuducunu silin. Şkafların içərisini təmizləyin və üzdə olan istifadə olunmayan əşyaları şkafların içərisinə yerləşdirin.
Hamam otağını təmizləyərkən əvvəl duşdan qaynar su axıdın ki, hamam buxarla dolsun. Belə olduğu halda kafellərdən, döşəmədən və tavandan kir daha asan təmizlənir. Əvvəl tavanı, sonra divarları və sonda döşəməni xüsusi kimyəvi vasitələrlə silin. Çanağı, vannanı və unitazı xüsusi vasitələrlə təmizləyin. Evdə santexnikanı bu vasitələrlə hər gün təmizləmək lazımdır. Güzgüyə və duş kabinəsinin qapılarının üzərinə pəncərə üçün istifadə olunan xüsusi sprey çiləyin, sonra rezin şotka ilə silin.
Keçirik otaqlara. Otaqların yığışdırılmasında ən çox vaxt aparan iş əşyaların yerbəyer edilməsidir. Əgər vaxtınız məhduddursa, bu işi asanlaşdırmaq olar. Səbət və ya iri paket götürüb yerlərində olmayan xırda əşyaları içərisinə yığın ki, boş vaxtınız olanda onları münasib yerə yerləşdirəsiniz.
Sonra otaqları yaxşıca tozsoranla təmizləyin ki, döşəmələri siləndə vaxtınıza qənaət etmiş olasınız. Yaxşısı budur su filtri ilə təchiz olunan tozsoran alasınız. Əgər evdə azyaşlı uşaqlar və ya allergiya xəstələri varsa, bu çox vacibdir.
Sonra tozları silin. Məişət texnikalarına xüsusi nəzər yetirin. Çünki onların üzərinə toz daha çox yığılır. İndi mağazalarda məişət texnikası üçün xüsusi spreylər satılır ki, texnikanın üzərində tozun yığılmasına mane olur. Beləliklə texnika uzun müddət təmiz qalır. Bu kimi vasitələr mebel üçün də istehsal olunur. Xanımlar bilirlər ki, şkafların yuxarı hissələrindən tozun silinməsi çox da asan iş deyil. Nə etmək olar? Şkafların yuxarı hissələrinə qəzet kağızı sərin və vaxtaşırı qəzeti büküb tullayın, yerinə isə təzəsini sərin. Qəzet kağızı tozu özünə yaxşı hopdurur və beləliklə, siz çətin bir işdən azad olursunuz.
Daha sonra güzgüləri silin. Əgər mənzilinizdə ev bitkiləri varsa, bu xüsusi qulluq tələb edir. Onlara pulverizatordan (mayeni toz halında fışqırtmaq üçün cihaz) su çiləyin ki, eyni zamanda həm tozlardan təmizlənsinlər, həm də təravətlənsinlər. Sonra döşəmələri silin. Fikir verin ki, otağın hər bir küncü silinsin. Adətən, toz plintusların uzununa yığılır.
Evdə ümumi təmizlik işləri
Evdə ümumi təmizlik işləri aparmaq lazım gəlir. Bəzi qadınlar bu işləri həftədə bir dəfə, bəziləri isə ayda bir dəfə görürlər.
Pəncərələrdən pərdələri çıxarırlar, paltaryuyan maşında və ya əllə yuyurlar. Sonra döşəmələri yaxşı-yaxşı tozsoranla təmizləyirlər. Xalçaları təmizləyir və rulonlara büküb yığışdırırlar.
Sonra evin tavanı və divarları təmizlənir. Tavanı yumşaq şotkaya təmiz quru əsgi bağlayıb silirlər. Tavanı qapı istiqamətindən başlamaq və pəncərə istiqamətinə təmizləmək lazımdır. Karnizlərə və künclərə diqqəti artırmaq lazımdır, ona görə ki burada toz və hörümçək toru daha çox yığılır. Tavandan tozları silərkən ehtiyatlı olun ki, xoşagəlməz izlər və ləkələr əmələ gəlməsin. Əgər tavanın səthini tozsoranın yumru şotkası ilə təmizləyirsinizsə, o zaman şotkanı tavana sıxmayın, 1-2 sm tavandan aralı saxlayın ki, xətlər qalmasın.
Müasir plastik və ya asma tavanları əvvəl sabunlu suda isladılmış, sonra isə təmiz nəm əsgi ilə silirlər. Tavanı təmizlədikdən sonra çilçıraqlara keçirik. Əgər çilçıraqlarınız şüşədən və ya büllurdandırsa, onda içərisinə yuyucu toz və ya qab şampunu qatılmış suda əsgini isladıb çilçıraqları silin. Sonra təmiz nəm əsgi ilə, axırda isə göy lilli suda isladırmış əsgi ilə silin və yumşaq kağızla və ya yumşaq salfetlə qurulayın.
Yağlı boya çəkilmiş divarları tez-tez yuyanda xarab olurlar. Ona görə də onları ildə 2 dəfədən artıq yumaq məsləhət görülmür. Əgər yağlı boya çəkilmiş divarlar çox çirkli deyilsə, onları təmiz quru əsgi ilə silirlər.
Divar kağızı çəkilmiş divarları isə uzun qulplu şotkaya flanel parçanı keçirdib ehtiyatla silin. Şotkanı divara bərk sıxmaq olmaz. Çirklənmiş əsgini çırpıb və ya ehtiyac olarsa təzəsi ilə əvəz edib yenə silmək lazımdır. Yuyulan divar kağızlarını isə ilıq sabunlu suda, sonra isə təmiz suda isladılmış süngər ilə yuyub, təmiz quru əsgi ilə qurulayırlar.
Kağız çəkilmiş divarlara düşən ləkələri kağız pozanı ilə təmizləyirlər, yağ ləkələrinin üstünə salfet qoyub isti ütü ilə ütüləyirlər. Salfeti tez-tez dəyişmək lazımdır.
Yuyulan kağız çəkilmiş divarları suda isladılmış süngər ilə yuyurlar. Sonra pəncərələr və qapılar təmizlənir. Ümumi təmizlənmə zamanı şkaflardan, bufetlərdən və s. bütün əşyalar çıxardılır. Lazım gələrsə, onlardan bəziləri təmizlənir, yuyulur, qurudulur. Şkafların içərisi bir qədər nəm əsgi ilə silinir və qurumaq üçün qapıları açıq qoyulur. Sonra əşyalar şkaflara yerləşdirilir. Həmçinin şkafların səthi də silinir. Mebelin hansı materialdan istehsal olmasından asılı olaraq müxtəlif xüsusi vasitələr istifadə olunur.
Ən axırda döşəmələr silinir. Otaqlar mümkün qədər mebeldən boşaldılır və döşəmələr təmiz-təmiz yuyulur. Əgər döşəmələrdə ləkələr varsa, onları da təmizləmək lazımdır.
Evin ümumi təmizlənməsi zamanı, əlbəttə ki, mətbəx, tualet, hamam otağı, eyvan, dəhliz yaxşı-yaxşı yığışdırılır. Tavanlar, divarlar, döşəmələr, qapı-pəncərələr təmizlənir, pərdələr yuyulur, şkaflar, masalar silinir və s.
Ümumi təmizlənmə zamanı evdə olan bütün əşyalara, paltarlara və s. nəzər yetirin. Əgər hansısa əşyaları, paltarları və s. siz uzun müddət istifadə etmirsinizsə, onları o saat tullayın ki, evdə artıq şeylər yığılmasın. Nəzərə alın ki, artıq, lazımsız şeylərlə dolu olan evdə nə gədər təmizlik işləri aparılsa da, ev təmiz və səliqəli görünməyəcək. Eyni zamanda istifadə olunmayan köhnə paltarlarda, kitablarda, yorğan-döşəklərdə çoxlu təhlükəli allergenlər və mikroblar yığılır və onlar bu evdə yaşayan insanlarda, xüsusilə də azyaşlı uşaqlarda müxtəlif xəstəliklərə səbəb ola bilərlər.
Tarix: 28.12.2012 / 17:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1060 Bölmə: Praktik meslehetler