Təzə ləkələri daha asanlıqla təmizləmək olar. Ona görə də çalışın ləkə düşən kimi onu təmizləyin. İndi mağazalarda ləkələri aparmaq üçün çox sayda müasir vasitələr satılır. Köhnə üsullardan da istifadə etmək olar. Ləkələri təmizləyərkən ləkənin kənarlarından ortaya doğru təmizləyin və ləkəni apardıqdan sonra paltarı yuyun. Ləkənin altına qatlanmış təmiz ağ salfet qoyun.
Ləkəni təmizləməmişdən əvvəl onun nədən əmələ gəldiyini təyin etmək lazımdır. Bir çox ləkələr təzə ikən su ilə təmizlənir, əvvəl ləkəni soyuq, sonra isə isti su ilə yumaq olar.
Yağ ləkəsini açıq rəngli pambıq, yun, kətan, ipək parçalardan belə təmizləmək olar: təzə ləkənin üstünə hər iki tərəfdən tabaşir, talk tozu səpin, hər iki tərəfdən kağız, onun da üstündən ağır şey qoyub beləcə bir gün saxlayın. Sonra tozu çırpın.
Tünd rəngli parçalarda talk tozu astar tərəfə səpin və üstünə kağız qoyun. Sonra parçanı yuyun.
Yumurta ləkəsini pambıq, kətan, yun parçalardan qliserinlə təmizləmək olar. Ləkəyə isidilmiş qliserin çəkin və 15-20 dəqiqə saxlayın ki, ləkə yumşal-sın. Sonra qliserində isladılmış əsgi ilə silin və yuyun.
Qan ləkəsi olan paltarı yumazdan əvvəl soyuq suda yaxşı yaxalayın.
Mürəkkəbdən olan ləkəni spirtdə isladılmış pambıqla silin (əvvəl paltarın gizli bir yerində yoxlayın ki, paltarın rəngi getməsin). Təzə mürəkkəb ləkəsini limon şirəsi ilə aparmaq olar.
Saqqızdan, leykoplastırdan olan ləkələri aşağıdakı kimi təmizləyin – ləkənin üzərinə polietilen paketdə buz qoyun, yaxud paltarın özünü bir neçə müddətə buzxanaya qoyun. Sonra küt bıçaqla donmuş saqqızı qaşıyın, ləkənin üstünə suçəkən kağızı qoyun və tərs üzündən benzində, spirtdə, yaxud asetonda isladılmış pambıqla silin.
Əgər paltarda dodaq boyasından ləkə qalıbsa – parçanın ləkə olan yerini suçəkən kağızın üstünə qoyun və tərs üzündən tez-tez kağızı dəyişərək spirtdə isladılmış pambıqla silin.
Dırnaq üçün lak ləkəsini belə təmizləmək olar – parçanın ləkəli yerini su – çəkən kağızın üstünə qoyun. Bir neçə dəfə, lak yox olana kimi tərs üzündən lakı təmizləmək üçün maye ilə silin.
Otdan düşən ləkəni duzlu isti su (1 stəkan suya 1 xörək qaşığı duz) ilə tez yuyun, yuyulmayan parçalarda isə əvvəl duz məhlulu (1 stəkan suya 1 xörək qaşığı duz), sonra isə denaturat spirti ilə silmək olar.
Tarix: 28.12.2012 / 14:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 509 Bölmə: Praktik meslehetler