Yun
Müasir yun parçalar iki kateqoriyaya bölünür: yun və yarımyun. Birincinin tərkibində 90-100% yun var, ikincilərin tərkibində 20-90% yun və lavsan, kapron, yaxud viskoz var. Əgər tərkibin içində 50% süni saplar varsa, onda parçada parıltı və yumrular əmələ gəlir.
Yaxşı olar ki, yun paltarlar bir çox halda əllə, xüsusi vasitələrdən istifadə etməklə yuyulsun. Yun paltar yığılmasın deyə, onu bir az ilıq suda, eyni temperaturda yuyurlar və suya çəkirlər, heç vaxt islatmırlar və burub sıxmırlar.
Axırıncı dəfə yaxalayanda yun yığılmasın deyə, xüsusi kondisionerlər əlavə edin. Rəngi çıxan yun paltarı yuduqda ilıq suya duz və sirkə tökün. Müasir paltaryuyan maşınlarda yun üçün də rejim nəzərdə tutulub, lakin bahalı yun paltarları əllə yusanız daha yaxşı olar. Ümumiyyətlə, çalışın yun paltarları tez-tez yumayın.
Yun paltarı kölgədə astar üzünə sərilmiş halda qurudun. Sviterləri və şal-ları (pled) daha yaxşı olar ki, xovlu məhrabaların üstünə sərib qurudasınız.
Yun malları gün şüalarının altında qurutmaq qadağandır, lakin onlara təmiz hava lazımdır, odur ki, qarderobunuzun havasını müntəzəm dəyişmək sizin üçün adət halını almalıdır.
İpək
İpək parçalar (bura həmçinin krep, atlas, qaz, fay, çesuça və məxmər aiddir) suyu çox asanlıqla özünə çəkir və çox tez quruyur.
Tər ipəyin üzərindən tez buxarlanaraq, ləkə qoya bilər. Bu halda, paltarı yumazdan qabaq tər ləkəsini spirtlə təmizləmək lazımdır. Balaca təmiz pam-bıq əsgini spirtdə isladaraq, kənardan mərkəzə doğru dairəvi hərəkətlərlə ləkəni təmizləyin.
Bahalı və eksklüziv ipəklərə qulluq üçün yazılmamış qayda var – onları kimyəvi təmizləməyə verirlər, çünki adi yumada rənglər sola bilər. Baxmayaraq ki, müasir paltaryuyan maşınlarda ipək parçalar üçün xüsusi proqramlar var, mütəxəssislər ipəyi yalnız əllə və bir az ilıq suda yumağı məsləhət görürlər. Axırıncı yaxalamada soyuq suya xüsusi kondisioner və ya 1 çay qa-şığı sirkə əlavə edirlər ki, rənglərin parlaqlığı bərpa olunsun.
Yun parça kimi, ipək parçanı da heç vaxt burub sıxmırlar, onları paltara-sanda, yaxud ipdə səliqə ilə asaraq, yalnız kölgədə qurudurlar.
Viskoz
İndiki zamanda geniş yayılmış viskozdan ipəyə, pambığa, hətta yuna və kətana bənzər parçalar yaradırlar. Hər halda, onlar təbii parçalar kimi möhkəm deyillər, ona görə də viskozdan olan mallar 30°C – 40°C temperaturda xüsusilə ehtiyatla yuyulmalıdır.
Kətan
Əvvəlki kimi dəbdə olan kətan mallar uzun müddət köhnəlmir, lakin çox tez əzilir. Yaxşı olar ki, onları yüksək temperaturda yuyasınız və hətta qaynadasınız.
Pambıq
Pambıq əşyaları kətan paltarları kimi yuyurlar, amma daha aşağı temperatur rejimində. Xüsusi qulluq tələb edən yalnız cins şalvarlardır.
Əgər cins şalvarları ilk dəfə yuyursunuzsa, onda çox ehtimal ki, onların rəngi gedəcək. Ona görə də onları başqa paltarlarla, hətta tünd rəngli paltarlarla qarışdırmayaraq yumaq yaxşı olardı. Yumanın danılmaz bir qaydası var – onları həmişə tərs üzünə çevirirlər. Cinsləri həm əllə, həm də paltaryuyan maşında yumaq olar, lakin suyun temperaturu çox yüksək olmamalıdır, ən yaxşı variant – 30°C-dir, onda mal uzun müddət qorunub saxlanır.
Əgər təsərrüfatınızda az istifadə etdiyiniz ağlar varsa, onları heç olmasa ildə 1 dəfə yumaq, saxlandığı şkafın havasını isə dəyişmək lazımdır.
Trikotaj
Trikotaj yuxarıda adı çəkilən materiallardan ibarət ola bilər – ipəkdən, yundan, viskozdan və s. Bu parçanın keyfiyyəti ipin keyfiyyətindən, hörmə növ-ündən, toxunmanın sıxlığından asılıdır. Pambıq trikotaj yumşaq və möhkəmdir.
Yun trikotaj pambıq, yaxud viskoz trikotajdan daha elastikdir, formanı yaxşı saxlayır. Sintetik trikotaj (neylon, poliester, akril) maşında çox gözəl yuyulur, əzilmir, su çəkmir, ona görə də tez quruyur.
Toxunma trikotajı yaxşısı budur əllə, ilıq suda yuyasınız, onu islatmayasınız, sürtməyəsiniz və burub sıxmayasınız. Yüksək keyfiyyətli yun trikotajdan olan paltarı kimyəvi təmizləməyə vermək yaxşı olardı. Trikotajdan olan paltara qulluğun əsas qaydası odur ki, ilmələr iri olduqca, ona qarşı daha ehtiyatlı olmaq lazımdır.
Yun trikotaj paltarlar isti su “xoşlamır”. Belə paltarları paltaryuyan tozlardan biri ilə yuyun, bir neçə dəfə sirkə qatılmış ilıq su ilə yaxalayın. Trikotaj paltarları suda çox saxlamaq olmaz.
Toxunma papaqları qurudarkən içinə kağız, ya da əsgi salmaq lazımdır. Formasını itirməsin deyə, quruyandan sonra papağı bir neçə dəqiqə buxara verin.
Əgər trikotaj koftanın, sviterin dirsəkləri dartılıbsa, həmin yeri buxara verəndə yenə əvvəlki görkəmini alır.
Sintetik trikotaj paltarları gündə və hava axını olan yerdə qurutmaq olmaz, belə olduqda paltar kobudlaşır və formasını itirir.
Pərğu (tük)
Pərğudan olan malları, məsələn gödəkcələri nəmişlikdən qorumaq lazımdır, əks halda pərğu çürüyər. Ona görə də pərğu paltarını ancaq kimyəvi təmizləməyə verə bilməyəndə yumağa icazə verilir. Pərğudan olan paltarı paltaryuyan
maşında 30°C temperaturlu suda yumşaq yuyucu vasitə ilə yumaq olar.
Yeri gəlmişkən, paltarda yığılmış topalar əmələ gəlməsin deyə, barabana 2-3 ədəd stolüstü tennis üçün top qoymaq lazımdır. Quruyandan sonra, paltarı vaxtaşırı çırparaq, havasını dəyişmək lazımdır. Bu qurutma üsulu yaş pərğunun qoxusunu yox edər.
Sintepon
Təbii pərğunu əvəz etmək üçün yaradılmış sintepona da bu cür incə yanaşma tələb olunur. Pərğudan fərqli olaraq, sinteponu həm əllə, həm də maşında yumaq olar, lakin incə yuma rejiminə və 30°C temperaturuna riayət etmək lazımdır. Lazım olduqda malı ilıq ütü ilə ütüləmək olar.
Su götürməyən parçalar
İndi dəbdə olan, su götürməyən parçalardan hazırlanan paltarlara da xüsusi qulluq lazımdır. Tövsiyə olunur ki, belə paltarlar mümkün qədər az yuyulsun, çünki yuyulduqca onlar öz sudan qorunma xüsusiyyətlərini itirir, vaxt keçdikcə su götürməyən qat nazikləşir. Əgər bu cür paltar su keçirməyə başlayıbsa, onda su keçirməyən örtüyü maye və aerozol şəklində olan xüsusi hopdurulan materiallar vasitəsilə bərpa etmək olar.
Tarix: 28.12.2012 / 14:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 538 Bölmə: Praktik meslehetler