Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mebelə qulluq

Cilalanmış mebel
Cilalanmış mebelin tozunu hər gün silmək lazımdır. Cilalanmış mebelə su vurmaq olmaz. Belə mebellə ehtiyatlı olmaq lazımdır, çünki spirt, odekolon, ətir, dırnaq lakından düşmüş ləkələri ev şəraitində təmizləmək olmur.

Hal-hazırda mağazalarda mebeli təmizləmək üçün çoxlu sayda aerozol preparatları var. Onların içərisində ən yaxşıları antistatik effektilə olanlardı, çünki belə preparatlarla təmizlənmiş mebel uzun müddət toz götürmür.

Laklanmış səthdən sudan qalan ləkəni aparmaq üçün onun üstünə bir az un səpib, maşın yağı hopdurulmuş parça ilə ləkə yox olana kimi silib təmizləmək lazımdır.
Əgər hamar stolun üstünə isti ütü, yaxud çaydandan ləkə düşübsə, xörək duzuna batırılmış pambıq götürün, onu bitki yağı ilə isladın və dairəvi hərəkətlərlə ləkə yox olana kimi silin. Köhnə ləkələrin üstünə xörək duzu və bitki yağının qarışığını sürtmək, 2-3 saatdan sonra isə yun əsgilə silmək lazımdır.

Qiymətli ağac növlərindən olan mebel
Təbii ağacdan olan mebeli təmizləmək üçün bir az nəm əsgi ilə silirlər, sonra kətan parça ilə silib qurulayırlar.
Sonra mebelə ağac mebeli üçün olan xüsusi vasitə çəkin və parıldadın (yaxşı olardı ki, bu vasitənin tərkibində arı mumu olsun). Bu vasitələr sizin

mebelinizi çirkdən qoruyacaq. Əgər təbii ağacdan olan mebel çox çirklənibsə, onu əvvəl sabunlu suda isladılmış, sonra təmiz nəm əsgi ilə və axırda quru əsgi ilə silin. Sonda isə mebeli yuxarıda göstərilən vasitələrlə parıldadın.

Pardaxlanmamış mebeli çox çirkli olanda ilıq, sabunlu su ilə yumaq və silib qurulamaq olar. Belə mebelə qulluq etmək üçün parıldadıcı vasitələrdən istifadə etməyin, onlar yağlı ləkələr qoyacaq.

Qiymətli ağac növlərindən olan mebelin üzərində qabarıqları və şişmələri yox etmək üçün qabaran yerə bir neçə qat qalın kağız qoyub, onu kifayət qədər isti ütü ilə ütüləyin. Əgər bu üsul qabarmanı götürmürsə, onu ehmalca iti bizlə deşmək, deşiyə bir az yapışqan (kley) tökmək və üstünə qalın kağız qoyub ütüləmək lazımdır. Bu üsul qabarıqları pardaxlanmış mebeldən götürmək üçün yaramır.
Palıd, qoz, qırmızı ağacdan olan mebeldə çızıq yerlərinin üstünə zəif yod məhlulu sürtmək olar.

Mebelin başqa növləri
Plastiklə örtülmüş mətbəx mebelini istənilən yuyucu toz məhlulu ilə yuyurlar. Sodadan, sabundan və isti sudan istifadə edəndə rənglənmiş plastik mebel tutqunlaşır.
Hörmə açıq rəngli mebeli sabun köpüyü ilə təmizləmək olar. Köpüyü yuyub, mebeli qurudun.

Yumşaq mebel
Əgər siz yumşaq mebeli tozsoranla təmizləyirsinizsə, şotkanı duzlu suda (1 litr suya 1 çay qaşığı duz) isladılmış ikiqat cuna ilə sarıyın. Çirklənmiş yumşaq mebelin üstünə yaş mələfə qoyub çırpmaqla onu tozdan təmizləmək olur, çünki toz mələfəyə çökür.
Yumşaq mebeli təmizləmək üçün ən yaxşı üsul – müasir yuyan tozsorandır.

Plüş yaxud məxmər üzü tez-tez tozsoranla və şotka ilə təmizləmək olmaz. Parçanı xovu istiqamətində ilıq suda isladılmış yumşaq əsgi ilə silmək lazımdır. Bu cür mebeli ayda bir dəfə tozsoranla təmizləmək olar. Plüş və məxmər üzdən yağlı ləkələri benzinlə təmizləyirlər. Sudan və naşatır spirtindən (2:1), yaxud sirkədən (1:2) olan qarışıq da effektlidir. Mağazalarda parçalardan ləkələri aparmaq üçün çox sayda müasir vasitələr satılır. Yumşaq mebelin üzünü təmizləmək üçün bu vasitələrdən istifadə etmək olar. Hər bir ləkəni təmizləyəndə ləkənin kənarlarından ortaya təmizləmək lazımdır!

Dermatini və dərini sabunlu suya batırılmış nəm əsgi ilə silirlər, ondan sonra isə təmizləyirlər.

Parça üzdə qalan quru şam mumunu xırdalamaq, qaşımaq və tozsoranla yığmaq lazımdır. Qalmış ləkəni qurutma kağızı ilə örtün və ütüləyin.

Əgər yumşaq mebelə saqqız yapışıbsa, saqqızın üstünə plastik paketdə buz qoyun və sonra küt şeylə qaşıyıb təmizləyin.
Tökülmüş qəhvə ləkəsini yumşaq sabunla yuyun və artıq suyu qurudun. Qan ləkələri soyuq su ilə asan təmizlənir. Qurumuş şokoladı təmizləyin və ilıq su və yumşaq sabunla yuyun. Qalan suyu qurudun. Mürəkkəb ləkəsini asetonla yox etmək olar.

Əgər qırmızı çaxır tökülübsə, dərhal mayeni qurudun. Sonra yaş ləkənin üstünə duz səpin. Duz çaxırı canına çəkəndə və ləkə quruyanda tozsoranla ehmalca təmizləyin.

Əgər yumşaq mebelə yağ ləkəsi düşübsə, ona dərhal çoxlu duz töküb bir qədər gözləyin, duzu yığın və ləkəni spirtlə isladılmış süngərlə ehmalca silin.


Tarix: 28.12.2012 / 17:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 687 Bölmə: Praktik meslehetler
loading...