İslam Peyğəmbəri tövsiyə edirdi ki, ölüm yatağında olan insan can verərkən yaxınları ona ”La ilahə illəllah“ cümləsini təlqin etsinlər; yəni kəlmeyi-şəhadəti söyləyib tələb etsinlər ki, o da bunu təkrarlasın (bax: Sünənü İbn Macə, hədis 1444 və 1445; Sünənün-Nəsai, hədis 1827-1828). Mömin və günahsız (yəni günahı az olan) şəxslər adətən kəlmeyi-şəhadəti könüllü surətdə təkrar edir və həyatda son sözləri də Allahla bağlı olur. Amma bəzi günahlar insana mane olur ki, ölüm anında kəlmeyi-şəhadəti söyləsin. Məsələn, valideynin üzünə ağ olmaq və onu narazı salmaq bu cür günahlardandır. Bu barədə maraqlı bir hadisə dini mənbələrdə öz əksini tapıb (hərçənd ki, bir çoxları bu hədisi sənədinə görə zəif sayırlar).
Rəvayət edirlər ki, bir gün Həzrət Mühəmməd Peyğəmbərə (s) dedilər: “Filan yerdə yaşayan oğlan can üstədir, hər nə qədər “La ilahə illəllah” deməyi ona təlqin ediriksə, təkrarlaya bilmir”. Peyğəmbər soruşdu: “Bu kəlməni həyatı boyunca deyirdimi? (yəni iman gətirmişdimi?)”. Cavab verdilər ki, bəli. Peyğəmbər qalxıb səhabələrlə birlikdə o oğlanın evinə getdi. Oğlanın başı üstündə durub buyurdu: “De ki, Allahdan başqa tanrı yoxdur”. Oğlan dedi: “Deyə bilmirəm”. Peyğəmbər soruşdu: “Niyə?”. Oğlan cavab verdi: “Anamın üzünə ağ olduğuma görə”. Peyğəmbər oğlanın anasını çağırtdırıb ona dedi: “Əgər oğlunun od içində yandığın görsən və sən onu bağışladığın halda oddan xilas olacağını bilsən, bağışlayarsanmı?”. Qadın dedi: “Bəli, bağışlayaram”. Sonra Peyğəmbərin xahişi ilə qadın Allahı və Onun Peyğəmbərini şahid gətirdi ki, oğlunun təqsirinindən keçib onu bağışlayır. Bundan sonra Peyğəmbər yenə oğlandan kəlmeyi-şəhadəti təkrar etməsini istədi, bu dəfə oğlan təkrar etməyi bacardı. Peyğəmbər sevinib söylədi: “Allaha həmd olsun ki, bu oğlanı mənim xatirimə (yəni mənim vasitəçiliyimlə) cəhənnəm alovundan xilas etdi” (Beyhəqi. Şüəbül-iman, X, 290-291, hədis 7508).
Can verən adamın başının üstündə Ya-Sin surəsini oxumaq da ölüm sıxıntısını yüngülləşdirər.
Insanın bəzi əməlləri həyatın son anında onun dadına çatar və rahat can verməsinə kömək edər. İmam Cəfər Sadiq (ə) buyurub: ”Hər kim öz (çılpaq) din qardaşını geyindirsə, Allah özünə borc bilər ki, onu cənnət libası ilə geyindirsin, can verməyini asanlaşdırsın və qəbrini onun üçün genişləndirsin“ (Biharül-ənvar, VII, 198).
Çoxlu oruc tutmaq, xüsusilə, rəcəb ayında 14 gün oruclu olmaq, qohumlarla mehribançılıq etmək, möminlərə qayğı göstərmək ölüm anında insanın köməyinə gələr və can verməsinə rahatlıq gətirər. Ədalətsiz hökm çıxaran hakim, yalan ifadə verən şahid isə çətinliklə canını təslim edər.
Bəzi kitablarda yazılıb ki, ölüm ayağında olan adamın yanında Vaqiə surəsini oxusalar, can verməsi asanlaşar. İslam Peyğəmbəri dünyasını dəyişmək üzrə olan bir adama tövsiyə etmişdi ki, bu duanı oxusun: “Allahümməğfir-liyəl-kəsirə min mə’siyətikə vəqbəl minnil-yəsirə min taətik” (Ilahi, Sənə qarşı etdiyim çoxlu günahlara görə məni bağışla və Sənə itaət yolunda yerinə yetirdiyim asan ibadətləri məndən qəbul et).
Həyatının sonunda rahat can vermək istəyən adam hər namazdan sonra bu duanı oxusa faydası olar: “Allahümmə ya malikəl-mövt. Təyyibni lil-mövti və əslihni qəbləl-mövti vərhəmni indəl-mövt. Və həvvin əleyyə səkəratil-mövt. Və la tüəzzibni bə’dəl-mövt. Vərzini ila mələkil-mövt. Ya fatirəs-səmavati vəl-ərz. Əntə vəliyyi fid-dünya vəl-axirə. Təvəffəni müslimən və əlhiqni bis-salihin” (Allahım, ey ölümün sahibi! Məni ölüm üçün paklaşdır, ölümdən qabaq məni islah et, ölüm anında mənə rəhm et. Ölüm sıxıntısını mənə asanlaşdır, ölümdən sonra mənə əzab vermə, ölüm mələyinə məni bəyəndir. Ey göyləri və yeri yaradan! Sən mənim dünyada və axirətdə sahibimsən. Məni müsəlman olaraq öldür və saleh insanların cərgəsinə qat).
İmam Mühəmməd Baqir (ə) buyurub ki, Həzrət Əlinin (ə) yaxınlarından hər kimin ölüm anı yaxınlaşırdısa, ona bu duanı oxumağı məsləhət görürdü. Can verən adam duanı oxuyandan sonra həzrət buyururdu ki, daha sənə qorxu yoxdur. Həmin dua belədir: “La ilahə illəllahül-həlimül-kərim. La ilahə illəllahül-əliyyül-əzim. Sübhanallahi rəbbis-səmavatis-səb’i və rəbbil-ərzinəs-səb’i və ma fihinnə və ma beynəhünnə və rəbbil-ərşil-əzim. Vəl-həmdü lillahi rəbbil-aləmin” (Helmli və kəramətli, uca və əzəmətli Allahdan savayı tanrı yoxdur. Yeddi səmanın və yeddi yerin, onların içində və arasında olan hər şeyin, əzəmətli ərşin tanrısı müqəddəsdir. Aləmlərin rəbbi olan Allaha həmd olsun).
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 97 Bölmə: Maraqlı melumatlar