Həmd aləmlərin Rəbbi Allaha məxsusdur. Salam və dualar Rəsulullahın, onun ailəsinin, əshabələrinin, həm də qiyamət gününə qədər onlarla dost olan, səbr və əzmlə onların yolu ilə gedən hər kəsin üzərinə olsun.
Qurani-Kərimdə:
«…Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin…» («əl-Həşr» surəsi, 7);
«De: «Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayan və mərhəmətlidir!» (Ali-Imran» surəsi, 31);
«…Onun əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!» («ən-Nur» surəsi, 63);
«…Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə nail olar» («əl-Əhzab» surəsi, 71)
Peyğəmbərin –səllallahu aleyhu və səlləm- sünnəsində: «Sözlərin ən doğrusu şübhəsiz ki, Allahın Kitabı, yolların ən doğrusu Məhəmmədin –səllallahu aleyhi və səlləm-yolu və işlərin ən pisi sonradan ortaya çıxarılandır. Sonradan ortaya çıxan hər şey bidətdir. Hər bidət zəlalətdir və hər zəlalət də cəhənnəm odudur» (Səhihdir, Əbu Davud, Tirmizi);
«Sünnəmdən üz döndərən məndən deyildir» (əl-Buxari, Müslim);
«Kim əmrimizə aid olmayan bir şey ortaya çıxararsa, onun bu əməli rədd edilmişdir» (əl-Buxari, Müslim);
«Hər kim haqqında əmrimiz olmayan bir əməl işləsə, bu ondan rədd olunmuşdur» (Müslim) Hikmətli sözləri olduğu kimi, insanları Quran və Sünnəyə bağlı olmağa çağıran bir çox başqa ifadələr də var. Bu iki mənbədə göstərilməyən ibadət və bütün yollar rədd edilmiş, qurtuluşun yeganə açarı Quran və Sünnəyə işarə edilmişdir.
Buna görə də özümüzə və qardaşlarımıza bir nəsihət olması və bu vəsilə ilə Allahdan qəlblərimizi Onu zikr etməklə yumşaltması, xeyir qapılarını üzümüzə açması ümidi ilə bəzi peyğəmbər nəsihətlərini əhatə edən belə bir kitabça hazırladıq. Şübhəsiz ki, uğur Allahdandır və yalnız Ondan yardım diləyirik.
Ən əvvəl sübh namazını vaxtında qılmağa çalışmalıyıq. Bunu etmək üçün tez yatmağa diqqət etməliyik. Alimlərimizin «özü olmadan vacibin tamam ola bilmədiyi şey də vacibdir» şəklində səhih sünnədən təsbit etdiyi qaydaya görə, sübh namazı kimi fərzi yerinə yetirməyə kömək edən «tez yatmaq» da vacibdir. Rəsulullahın –səllallahu aleyhu və səlləm – işa namazından sonra hər hansı bir dini ehtiyac olmadan gec yatmağı məkruh hesab etməsi də səhih mənbələrdə mövcuddur. Yuxudan namaza vaxtında qalxmaqla bağlı bəzi məlumatları nəzərinizə çatdıra bilərik:
A) Səhər oyanmağı çətinləşdirən qidalar yeməməli. Çox yemək də çox su içməyə məcbur etdiyindən insanı yuxudan oyadır.
B) Insan hədsiz güc tələb edən məşğuliyyətlərlə, hədsiz idman fəaliyyəti ilə lazımsız yerə özünü bütün günü yormamalıdır. Bu, dərin bir yuxuya səbəb olur.
C) Zöhr namzından sonra istirahət etməyə (günorta yuxusu) çalışmalı. Beləliklə, insan günü gümrah keçirər, gecə isə qalxmağı da asanlaşmış olar. Bununla da qılacağı gecə namazları ilə Rəbbinə yaxınlaşmağa bir vasitə əldə etmiş olur.
Rəsulullah –səllallahu aleyhu və səlləm -: «Şeytanlar günorta yatmaz, sizlər isə günortalar yatın» deyə buyurmuşdur.
D) Günahlara barmaqarası yanaşmamalı, onları kiçik görməməli. Şübhəsiz ki, bu, qəlbin sərtliyindəndir. Həsən əl-Bəsrinin –rəhmətullahu aleyh- yanına biri gəlir və «Gecə namaza qalxmağı çox istəyirəm, lakin bunu bacarmıram» dediyi zaman o, «Günahların sənin əl-qolunu bağlamışdır» dedi.
E) Qəlb müsəlmanlara kin bəsləməkdən, bidətlərdən və dünya işlərinə hədsiz maraq göstərməkdən təmizlənməlidir.
F) Allah yolunda sevməli, Allah yolunda da əsəbiləşməlidir. Bundan əlavə, Allaha yalvarmalıdır ki, imanı qüvvətlənsin.
G) Yatmazdan əvvəl Quran oxumalı. Gecənin son saatlarında imsak vaxtından əvvəl qalxa biləcəyini güman edərsə, vitir namazını yatmazdan əvvəl deyil, bu vaxt qılmalıdır.
Bunlara diqqət yetirmək həm səhər, həm də təhəccüd namazına qalxmaqda insana kömək edir. Insan niyyətində qəti olub bunlara diqqət yetirməli və Allahdan etdiyi əməli qəbul etməsini diləməli, dua ilə Ona yönəlməlidir ki, əməli saleh olsun. Əməllərinin həm Allah rizasına, həm də Rəsulullahın –səllallahu aleyhu və səlləm –sünnəsinə uyğun olması üçün dua etməkdən yorulmamalıdır. Qulun öz əməlindən bir fayda əldə etməsi və Allah dərgahında qəbul edilməsi bunu qəlbən yerinə yetirməsindən asılıdır.
Aşağıdakı hədisdə göstərilən vəziyyətə düşməkdən çəkinməlidir: «Allah təkəbbürlənərək bazarlarda iri göbəyi ilə ağılsızcasına gəzənlərə nifrət edər. Gecə ölü kimi səssiz, gündüzləri uzunqulaq kimi dolaşaraq sanki bu dünyanı bilir, axirətdən isə xəbərsizdir» («Sahih əl-Cami»).
Rəsulullah –səllallahu aleyhu və səlləm- əshabələrini gecə namazına təşviq etmişdir. Bir dəfə belə demişdir: «Abdullah nə yaxşı insandır. Üstəlik bir də gecə namazı qılsa» («Sahih əl-Cami»). Yenə də başqa bir hədisində belə deyir: «Fərz namazlarından sonra ən fəzilətli namaz gecə qılınan namazdır» (Müslim).
Xatırlatmaq istədiyimiz başqa bir sünnə də «bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun, dirilişimiz Onadır» duası ilə qalxdıqdan sonra dəstəmaz alaraq «Həqiqətən, göylərin və yerin yaradılması, gecə ilə gündüzün bir-birini əvəz etməsi ağıl sahibləri üçün qəti dəlillərdir»(«Ali-Imran» surəsi, 190) ayəsindən başlayaraq surənin sonuna qədər on bir ayəlik bir bölümü oxumaq, daha sonra da iki rükət və ya daha çox namaz qılmaqdır.
Bu insanın öz istəyindən asılı olaraq diqqət edilməli olan bir cəhət də əməli az da olsa davamlı olanının daha xeyirli olduğu və vitir namazı ilə birlikdə qılınan bu təhəccüd namazlarının on bir rükətdən çox olmamasıdır. Çünki Aişədən –radıyallahu anhə- belə bir sabit rəvayət var: «Rəsulullah –səllallahu aleyhu və səlləm - Ramazan ayında və ya başqa aylarda on bir rükətdən artıq (təhəccüd) qılmazdı».
Başqa bir cəhət də nafilə namazlarında qiyamı, fərzlərdə də səcdəni daha uzun etməkdir. Bunlar bir çoxlarının unutduğu və ya bilmədiyi əhəmiyyətli sünnələrdəndir. * Bundan başqa, imsak olduğu zaman sübh namazı üçün yenidən dəstəmaz almaq səhihdir. Çünki hətta dəstəmazlı olduğu halda hər fərz üçün yenidən dəstəmaz almaq sünnədir. Sübh namazının iki rükət sünnəsi qılınır və fərz qılınana qədər başqa bir nafilə namaz qılınmaz.
Əlbəttə ki, gecə və gündüz mələkləri tərəfindən müşahidə edildiyinə görə, başqa namazlara nisbətən qiraəti ən uzun oxunmalı olan namaz sübh namazıdır. Bunun haqqında Allah-Təala buyurur: «… Sübh namazını da qıl. Çünki sübh namazı müşahidə olunur» («əl-Isra» surəsi, 78)
Rəsulullahın- səllallahu aleyhu və səlləm –sübh namazının bir rükətində altmış ayə oxuduğu sabitdir. Namazın ardınca qalxmadan dərhal günəş doğana qədər zikr və istiğfar etmək Quranda mədh edilən sifətlər arasında yer alır: «Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər» («əz-Zariyat» surəsi, 18) Yeməyə başlayarkən «Bismillah» demək yaddan çıxdığı zaman «əvvəlində və axırında Allahın adı ilə» mənasını verən «Bismilləh əvvələhu va axirahu» deməlidir. Yeməkdən sonra da «heç bir güc və qüvvəmiz olmadan bizləri yedirən və içirən Allaha şükürlər olsun» mənasını verən «Əl-həmdu lilləhi-l-ləzi ətaməni va səqani bilə havlin minnə va lə quvva» duası edilir (Bunu doğru tələffüz etmək üçün bilənlərlə məsləhətləşmək daha faydalıdır). Evdən çıxarkən də «Bismilləh təvəkkəltu aləllahi va lə quvvatə illə billəh» deməlidir ki, bunun da mənası budur: «Allahın adıyla. Allaha güvəndim. Yalnız Allahın inayəti ilə güc və qüvvə vardır». Rəsulullah-səllallahu aleyhu və səlləm –belə buyurmuşdur: «Kim səhər və axşam «Bismiləhi-l-ləzi lə yədurru məa ismihi şeyun filardı va lə fi-s-səmə va huvas-səmiul-Alim» («Adı dilə gətirilərkən yerdə və göydə heç bir şeyin zərər verə bilməyəcəyi Allahın adı ilə. O, Eşidən və Biləndir») axşam üç dəfə deyərsə, səhərə qədər heç bir bəla ilə qarşılaşmaz. Səhər üç dəfə deyərsə, axşama qədər heç bir bəla ilə qarşılaşmaz» (səhihdir, Əbu Davud, ət-Tirmizi, Ibn-Macə). Hər işdə halal və harama diqqət etməli, Rəsulullahın-səllallahu aleyhi və səlləm-sünnəsinə tabe olmalıdır. Insan bütün əməllərində Allhdan qorxmalı, sırf dünya üçün yaşamamalıdır. Rəsulullahın -səllallahu aleyhi və səlləm- bu hədisi həqiqətən də ibrətamizdir: « Allah axirəti özü üçün əsas məqsəd edən qulunun qəlbini zəngin edər və onun bütün işlərini yoluna qoyar. Dünyanın mal- dövləti ona üz tutsa, o, bundan üz döndərər. Kim də bu dünya var-dövlətini özü üçün əsas məqsəd hesab edərsə, ona yoxsulluq üz verər, heç bir çarəsi qalmaz və dünyadan yalnız ona layiq olanı qazanar» («Sahih əl-Cami»). Namazları vaxtında qılmağa çox diqqət etməli, namaz və islami həyat tərzini hər şeydən üstün tutmalıdır.
Namazı vaxtında qılmağa səni gecikdirməyə çalışan şeytanın vəsvəsələrinə fürsət vermə. Məsciddə camaatla namaz qılmaq əzmini qırmaq üçün şeytan daim sənin izindədir və namazdan yayındırmağı bacarmasa, bu dəfə vaxtı keçirməyin üçün çalışar. Allahın hər bir məqsədi dünya işləri olan bir insan üçün hazırladığı şiddətli cəzasına düşməmək üçün Ona olan ibadəti hər şeydən üstün tutmalıdır: «De: « Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!» (ət-Tövbə» surəsi, 24)
* Yeyərkən, içərkən, geyinərkən və başqa hər bir işdə şübhəli olan şeylərdən çəkinməlidir. Rəsulullah- səllallahu aleyhi və səlləm- belə buyurmuşdur: «Kim Allah yolunda bir şeydən imtina edərsə, Allah da bunun əvəzində ona daha xeyirlisini verər» (Səhihdir, Əhməd).
«Şübhəli olanları şübhəli olmayanlara görə tərk et!» (Səhihdir, Tirmizi, ən-Nəsai) tövsiyəsini verən Rəsulullahın –səllallahu aleyhi və səlləm –əxlaqından bəhrələnməlidir.
Rəsulullahın –səllallahu aleyhi və səlləm –əxlaqından bəzi məqamları nəzərdən keçirək:
Pis və uyğun olmayan bütün söz və davranışlardan imtina edilməli, xüsusilə cəmiyyət arasında yumşaq və alçaq səslə danışmalı.
Sənə pisliklə davranana qarşı sən yaxşı davran və onu bağışla.
Xidmətində səhv edənlərə qarşı pis rəftar etmə. Vəzifəni lazımınca yerinə yetir və başqalarının haqqını qoru.
Çox gülməməli, çox vaxt təbəssüm edilməlidir.
Zəif və yoxsul insanların ehtiyacını ödə. Ev işlərində ailəyə kömək et.
Israfdan çəkinməklə, xüsusən də cümə günü və bayramlarda geyimə fikir vermək.
Yeyərkən təkəbbürdən uzaq ol. Olanlarla kifayətlən və bir az yeməklə qane ol.
Torpaq qazımaq da olsa çalışmalı və çalışanlara kömək edilməlidir. Təkəbbürdən uzaq olduğuna sevinməlidir. Hədsiz mədh və iltifatdan uzaq olmalı, bundan xoşlanmamalı.
Zarafat da olsa çirkin və pis sözdən uzaq olub çox zarafat etməkdən çəkinməli. Başqalarını güldürmək üçün də olsa yalan söz deyilməməlidir.
Hər hansı bir insanı qeyri-səmimi üzlə qarşılama. Insanlara və heyvanlara qarşı mərhəmətli ol ki, Allah da sənə mərhəmətli olsun. Xəsislikdən qorun. Şübhəsiz ki, bu, Allahın sevmədiyi bir davranışdır. Hər işdə israfdan uzaq ol.
Əsəbdən və əsəbə səbəb olan vəziyyətlərdən uzaq ol. Əsəbiləşdiyin zaman dərhal şeytandan Allaha sığın.
Quranı anlayaraq, düşünərək oxu və onu başqalarından dinlə.
Gözəl qoxuya qarşı etinasız yanaşma. Xüsusilə namazlarda və cəmiyyət arasında gözəl ətir vurun. Mühüm bir sünnə olan misvakdan istifadə edilməyə əhəmiyyət verilməlidir.
Cəsarətli olmalı. Öz əleyhinə də olsa həqiqəti deməkdən çəkinmə. Kim olursa olsun, nəsihətə qarşı diqqətli ol, onu rədd etmə.
Ailənə və övladlarına qarşı ədalətli ol. Onlara olan münasibətində ayrı-seçkilik salma. Hər an aralarında ədalətə diqqət et, birinə digərindən çox üstünlük vermə. Və bütün işlərində ədaləti şüar et.
Insanların əziyyətlərinə qarşı səbrli ol, onları bağışla ki, Allah da səni bağışlasın. Özünə rəva bildiyini başqalarına da rəva bil.
Ailə üzvlərinlə, qardaşlarınla bir yerdə olduğun zaman və ya onların yanından ayrıldığın zaman onlara salam ver, onların qəlblərini xoş et. Heç vaxt salam verməyi unutma.
Sünnəyə uyğun olaraq salam verərkən «əs-sələmu aleykum va rahmətullahi və bərəkətuhu» ifadəsi tam deyilməlidir, « Sabahınız xeyir» və s kimi sözlərin salamın yerini almasına yol verilməməlidir.
Ağ saçlarının rəngini dəyişdirmək istədiyinizdə xınadan istifadə edərək onu sarı və qırmızı rəngə dəyişdir. Rəsulullahın-səllallahu aleyhi və səlləm – əmrinə əsasən onları qara boyamaqdan uzaq ol.
Heç bir işində Rəsulullahın-səllallahu aleyhi və səlləm- sünnəsindən ayrılma. Allah Rəsulunun –səllallahu aleyhi və səlləm- aşağıdakı hədislərdə müjdələdiyi insanlarla yarışmağa çalış: «Irəlidə səbr edəcəyiniz günlər gələcəkdir. Həmin günlərdə sünnəyə sarılan bir insan sizdən əlli insan savabını qazanır. «Ey Rəsulallah, onlardan əlli insan deyilmi?» dedilər. O da: «Əksinə, sizlərdən əlli insan savabını qazanır- buyurdu» (Ibn-Nasrın rəvayəti, əl-Əlbani, səhihdir).
Fani dünyaya və dünya sevgisinə qarşı istəkli və tamahkar olma. Cabir- radıyallahu anhu- belə deyir: « Rəsulullah- səllallahu aleyhi və səlləm – vəfat edən babamın yanına gəldi və « Kim bir dirhəmlə buna sahib olmaq istəyər?» dedi. Onlar da « Biz hər bir şeyin qarşılığında ona sahib olmaq istəmirik» dedikləri zaman Rəsulullah –səllallahu aleyhi və səlləm – da: «Allaha and olsun ki, Allah dərgahında dünya, bunun sizin yanınızda olduğundan daha qiymətsizdir» (Müslim) buyurdu.
Başqa bir hədis isə belədir: «Bu dünyanın Allah dərgahında milçəyin qanadı qədər dəyəri olsaydı, kafirə bir damla belə su verməzdi» (Sahih əl-Cami).
Allah hamımızı Kitabı və Rəsulunun –səllallahu aleyhi və səlləm – sünnəsinə lazımınca əməl etməyə müvəffəq etsin. Bizlərə Onu və Ona ibadət etməyi sevmək və son nəfəsimizi təqva ilə vermək kimi nemətlər versin. Rəsulunu-səllallahu aleyhi və səlləm – sevməyi, onun şəfaətinə nail olmağı, həm də sünnəsinə tabe olmağı nəsib etsin. Allah bizi Rəsulunun –səllallahu aleyhi və səlləm- bu hədisində göstərdiyi insanlardan etməkdən qorusun: « Ümmətimdən elə bir topluluq gələcək ki, it sahibinə dolaşan kimi pis nəfsləri də onlara elə dolaşacaqdır, daxil olmadıqları bir damar və oynaq qalmaz» (səhihdir, Hafiz Munzir).
Buna görə də Allah-Təalanın Kitabını və Rəsulullahın-səllallahu aleyhi və səlləm- sünnəsini öyrənməli və hələ fürsət varkən bu mənbələrə sıx bağlı olmalıyıq. Ailəmizə, qardaşlarımıza və ətrafımıza bu yolda gözəl təlqin etməliyik. Rəsulullah-səllallahu aleyhi və səlləm- : « Xeyir işə səbəb olan onu edən kimidir»- buyurmuşdur.
Əlbəttə, təqdir olunan bir həqiqətə addım-addım yaxınlaşırıq. Bunu inkar etsə də şübhəsiz ki, sonda hər bir insanın gedəcəyi yer aləmlərin Rəbbinin hüzurudur. O gün gəlməzdən əvvəl nə savabın, nə də günahın kiçikliyinə baxmadan axirətə hazırlaşmalıyıq. Bu yolda da azmamaq və xürafata düşməmək üçün Rəsulullahın-səllallahu aleyhi və səlləm- vəsiyyəti və əmanəti olan Quran və Sünnəyə sahib olmalıyıq!
Allah bizi Öz yolundan ayırmasın və son nəfəsimizi imanla verə bilməyimiz üçün doğru müsəlman kimi yaşamağımızı nəsib etsin.
Amin!
SƏLLALAHU ALƏ MUHAMMƏDIN VƏ ALƏ ƏHLI BEYTIHI VƏ ASHABIHI ƏCMƏIN VAL-HAMDU LILLƏHI RABBIL-ALƏMIN
Tarix: 18.04.2013 / 15:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 593 Bölmə: Maraqlı melumatlar