Rəhimli və mərhəmətli Allahın adı ilə
Hafiz ləqəbli alim Zəhəbi demişdir: “Buxarinin “Cəmius-Səhih” adlı əsərinə gəlincə o, İslamın ən möhtəşəm kitablarındandır. O, uca Allahın kitabından sonra ən əfzəl kitabdır. Insan onu dinləmək üçün min fərsəx yol qət etsə belə bu səfərlə vaxtını zay etmiş sayılmaz.”
Imam Buxari kimdir?
Onun adı Əbu Abdulla Məhəmməd ibn İsmayıl ibn İbrahim ibn əl-Muğira əl-Buxari əl-Cufidir. O, hicrətin 194-cü ilində Bəhratəng adlı Buxaraya yaxın bir kənddə anadan olmuşdur. Hicrətin 256-cı ilində isə, elə orada da vəfat etmişdir.
İmam Buxari İslamın hafizlərindən biridir. O, adı tanınmış alimlər sırasında sadalanır. Buxari hələ kiçik yaşlarından elmə böyük maraq göstərmişdir. Onun dərin zəkası var idi. O həddi-büluğa çatmadan öncə Quranı əzbərləmişdir. Bundan sonra Buxaralı müəllimlərindən hədis öyrənməyə başlamışdır. On altı yaşında İbni Mübarəkin kitablarını oxumuşdur. Hədis toplamaq üçün bütün ölkələrdə, Xorasanda, İraqda, Hicazda, Şamda, Misirdə və sairədə yaşayan hədis alimlərinin yanına getmişdir. Çoxsaylı alimlərdən dərs almışdır. Insanlar onun yanına dünyanın bütün bölgələrindən axışıb gəlirdilər.
Imam Buxari ağlasığmaz elmə malik insan idi. Beləki o, öz “Səhih Cəmi” adlı əsərini əzbərdən bildiyi altı yüz min hədisin içərisindən seçmişdir. Imam Buxari bu əsərinə topladığı hər bir hədisi iki rükət istixarə namazı qıldıqdan sonra yazmışdır. O, bununla əsərin mötəbər mənbə olmasını qorumaq istəmişdir. Kitabı yazmaqda məqsədi Peyğəmbərdən Ona Allahın salavatı və salamı olsun rəvayət edilən zəif deyil, səhih, hamıya bəlli və isnadı tam olan hədisləri toplamaq olmuşdur. O əsərini müəyyən bir sahəyə yox dinin hər bir mövzusuna həsr etmişdir. Bununla yanaşı o, hədislərdən fiqhi məsələlərlə bağlı nəticələr çıxartmış və eləcə də Peyğəmbərin Ona Allahın salavatı və salamı olsun həyatını əks etdirən rəvayətləri toplamışdır. Onun hamı tərəfindən mötəbər sayılan bu əsəri misilsiz bir inciyə çevrilmişdir.
Onun hədis nəql etdiyi şeyxi hafiz ləqəbli Məhəmməd ibn Bəşşər demişdir: “Dünya hafizlər dörddür. Onlar Rey şəhərində yaşayan Əbu Zuratu, Neysəburlu Muslim ibn Həccac, Səmərqəndli Abdulla ibn Abdurəhman əd-Darimi və Buxaralı Məhəmməd ibn İsmayıl əl-Buxaridir.”
Başqa bir yerdə demişdir: “Buxarinin mislində olan kimsə biz tərəflərə ayaq basmayıb.”
Imam Tirmizi demişdir: “Mən nə İraqda nə də Xorasanda qüsurlu rəvayətlərin araşdırılmasında, tarixdə və isnadları tanımaqda Məhəmməd ibn İsmayıldan üstün birini görmədim.”
Səhih Buxarinin yazılma səbəbi
Imam Buxari demişdir: “Biz İshaq ibn Rahaveyhin yanında idik. O dedi: Peyğəmbərin Ona Allahın salavatı və salamı olsun səhih sünnəsinə dair müxtəsər bir kitab toplasaydınız. Onun bu sözləri mənim qəlbimə yatdı. Daha sonra mən “Cəmius-Səhih” əsərini toplamağa başladım.”
Kitabın adı onun bu məqsədini ifadə edir. İbn Salahın və Nəvəvinin bildirdiyi kimi əsərin tam adı belədir: əl-Cəmiu əl-Musnədu əs-Sahihu əl-Muxtəsəru min umuri rasulilləh sallallahu əleyhi və səlləm və sunənihi və eyyəmihi.
O bu kitabı ilə insanlara hədislər oxumağa başladı. Kitabın səs-sorağı artıq bütün dünyaya yayılmışdır. Hər yerdən onu dinləmək üçün insanlar axışırdı. Hətta deyilənə görə gələnlərin sayı yüz min nəfəri keçmişdir. Daha sonra onun nüsxələri yayılmağa başladı. O artıq əzbərlənir, üzərində araşdırmalar aparılır, şərhlər yazılır və kiçik həcmlərə bölünürdü. Alimlər onun bu əsəri ilə fəxr edirdilər.
Buxarinin “Səhih” əsərində fiqhi məsələlər
Imam Buxari öz Səhihində hədisdən fiqhi nəticələri çıxartmaq onun daşıdığı faydaları bəyən etmək istəmişdir. O, hədisin faydalarını başlıq olaraq yazmışdır. Buna görə də o bəzən hədisin mətnini qeyd edərək isnadı haqda danışmır, hərdən də isnadın əvvəlində olan bir və ya daha çox rəvayətçini xatırlatmırdı. Belə rəvayətçilər xüsusi qeydlərlə tanınırdı. Bəzi hallarda da bir hədisi müxtəlif yerlərdə təkrar edirdi. Buna səbəb isə hədisin faydalarının başlıqlara uyğun düzülməsi olmuşdur. Bununla yanaşı o, hədisi ya başqa isnadla ya da digər bir mətnlə rəvayət edirdi. Imam Buxari hədis başlıqları altında çoxsaylı elmi faydalar qeyd etmişdir. O, ayələrdən, hədislərdən, səhabə və tabeinlərin fətvalarından ibarət bu başlıqlarla həmin bölümə aydınlıq gətirmişdir. Onlar vasitəsi ilə çıxartdığı nəticələri sübuta yetirmişdir. Alimlər Buxarinin fiqhi məsələləri başlıqlar adı altında müzakirə etdiyini hamıya bəlli bir xəbər hesab etmişlər.
Buxarinin “Səhih” əsərində olan hədislərin sayı
Buxarinin müəlləq və mutəbiə rəvayətlər istisna edilməklə təkrarlı şəkildə nəql etdiyi hədislərin sayı (7593) yeddi min beş yüz doxsan üçdür. Bu rəqəm, Məhəmməd Fuad Əbdülbəqinin hesablamalarına əsasən göstərilmişdir. Hafiz ləqəbli İbn Həcər isə hədislərin sayının (7397) yeddi min üç yüz doxsan yeddi olduğunu söyləmişdir. Buxaridə (1341) min üç yüz qırx bir ədəd müəlləq hədis vardır. Təkrarsız şəkildə isə təxminən dörd min hədis vardır.
Buxarinin “Səhih” əsərinə yazılmış şərhlər:
Allahın Kitabı istisna edilməklə alimlərin xüsusi diqqət yetirdiyi ona bərabər ikinci bir kitab yoxdur. Alimlər və yazarlar ona müxtəlif şərhlər yazmış, hökmlərini bəyan edəcək izahlar vermiş, rəvayətçiləri, müəlləq hədisləri haqda danışmış, çətin başa düşülən və ya ziddiyyətli olan sözlərinə aydınlıq gətirmiş və sairə elmi işlər görmüşlər. Əsərlə bağlı coxsaylı şərhlər yazılmış və elmi tədqiqatlar aparılmışdır. Hətta bəziləri onların sayının yüz otuzu keçdiyini demişlər. Şərhlərin ən məhşur sayılanı aşağıdakılardır:
1. “Fəthul bari şərh Səhih əl-Buxari”
Bu şərhi hafiz ləqəbli alim, şeyxülislam Əbul Fadl Əhməd ibn Əli ibn Həcər əl-Əsqalani yazmışdır. O, hicrətin 852-ci ilində vəfat etmişdir. Onun şərhi Buxarinin “Səhih” adlı hədis kitabına yazılmış ən böyük, hətta digər şərhlərin tacı olan bir əsərdir. Dahi alim Şövkəni bu əsərin tayı bərabəri olmadığını aşağıdakı sözləri ilə ifadə etmişdir: “Hicrətdən sonra fəth yoxdur.” (Yəni, Fəth əsərindən sonra kiminsə Buxarinin Səhihinə şərh yazmasına ehtiyac yoxdur.)
İbn Həcər ömrünün iyirmi beş ilini bu şərhə həsr etmişdir. O bu işinə 817-ci ildə başlamış vəfatından on il öncə yəni, 842-ci ildə isə sona çatdırmışdır. əsəri tamamlaması münasibəti ilə beş yüz dinar pul xərcləyərək böyük ziyafət düzəltmişdir. Həmin ziyafətdə bir çox din xadimləri iştirak etmişlər.
“Fəthul-bari” adlı şərh müsəlmanlar tərəfindən misli görünməmiş şöhrətlə qarşılanmışdır. Hətta onun kitab şəklində üç yüz dinara satılması da söylənilir. Əsərin səs-sorağı bütün dünyaya yayılmışdır. O, digər şərhlərlə müqayisədə insanların daha çox üz tutduqları etibarlı mənbə olmuşdur. Günümüzdə əsər on üç cilddə çap edilir. Onun “Hədyus-səri” adlı müqəddiməsi böyük cild şəklində nəşr edilir.
Ibn Həcər sanki “Fəthul-bari” əsəri ilə Buxarinin “Səhih”ini kamilləşdirmişdir. O, özündən əvvəl yaşamış əksər alimlərin Buxarinin “Səhih” kitabı ilə əlaqəli sözlərini toplamışdır. Sonra özünün alimlik dərəcəsini sübuta yetirəcək səviyyədə onların üzərində misli görünməmiş elmi tədqiqatlar aparmışdır. O, zəmanəsinə qədər yaşamış alimlərin böyük əksəriyyətinin kitablarını araşdırmışdır. Ibn Həcərin bu şərhini oxuyan insan elə güman edir ki, sanki o, müstəqil şəkildə həmin kitabları oxyur, alimlərin sözləri ilə tanış olur və sonra da onlardan hansının daha üstün nəzər nöqtəsi olduğunu təyin edir. Əsərin xüsusiyyətlərindən biri də onun hədislə bağlı bütün mətnləri və isnadları özündə ehtiva etməsi və bu yolla da irəli sürülən rəylərdən hansının da düzgün olmasını qiymətləndirməyə imkan yaratmasıdır.
2. “Umdətul-qari fi şərhil-Buxari”
Böyük həcmli bu şərh, hicrətin 855-ci ilində vəfat etmiş dahi alim Bədrəddin Mahmud ibn Əhməd əl-Eyni əl-Hənəfiyə məxsusdur. O, adlara aydınlıq gətirmiş, sözlərin dilçilik, qrammatika, məna, izahına xüsusi yer vermişdir. Hədislərdən sual cavab yolu ilə nəticələr çıxartmışdır.
3. “İrşədus-səri ilə şərh Səhih əl-Buxari”
Bu şərh, hicrətin 923-cü ilində vəfat etmiş Şihəbuddin Əhməd ibn Məhəmməd əl-Xatib əl-Qastalani əl-Qahiri əş-Şəfii tərəfindən yazılmışdır. Lakin həqiqətdə o, İbn Həcərin və əl-Eyninin şərhlərinin müxtəsər formasıdır.
4. “əl-Kovkəb əd-dərari fi şərh Səhih əl-Buxari”
Bu şərhi, hicrətin 786-cı ilində vəfat etmiş Şəmsəddin Məhəmməd ibn Yusif ibn Əli ibn Səid əl-Kərmani yazmışdır. Iki hafiz, İbn Həcər və əl-Eyni əksər hallarda özündə coxsaylı faydalar daşıyan həmin əsərə üz tutmuşlar. Ibn Həcər demişdir: “Bu şərh özündə xeyli faydalar daşıyır. Lakin bununla yanaşı orada nəql edilən rəvayətlərdə çoxlu səhvlər buraxılmışdır. Buna səbəb isə nəqlin mənbədən götürülməməsi olmuşdur.”
5. İmam Nəsrəddin Əli ibn Məhəmməd ibn əl-Munir əl-İskəndərinin şərhi. Bu böyük həcmli şərh təxminən iyirmi cilddən ibarətdir.
6. “Səhih Buxarinin şərhi”
Bu əsər, İbn Battal adı ilə tanınan Əbul Həsən Əli ibn Xələf ibn Əbdülməlik əl- Qurtubi əl-Məliki tərəfindən yazılmışdır. O, hicrətin 449-cu ilində vəfat etmişdir. Şərh əsasən Məliki məzhəbinin fiqhi müzakirələri üzrə tərtib edilmişdir.
7. “ət-Tövşih şərh əl-Cəmius-Səhih”
Bu şərhi, hicrətin 911-ci ilində vəfat etmiş Cəlaləddin əs-Suyuti yazmışdır. Onun adı çoxsaylı əsərlər yazan müəlliflər sırasında sadalanır. Suyuti hədisin rəvayəti və araşdırılması istiqamətində bir neşə kitab yazmışdır. O öz şərhində hədisin sözlərinə düzəlişlər vermiş, çətin başa düşülən sözlərə aydınlıq gətirmiş, rəvayətlər arasındakı hər növ ziddiyyətləri aradan qaldırmış, naməlum rəvayətçilərin kimliyini təyin etmiş və sairə digər işlər görmüşdür. Suyutinin özü şərhi haqda aşağıdakı sözləri demişdir: “Şərhdə heç nə nəzərdən qaçmayıb. Yalnız hədisdən çıxarılan nəticələrə yer verilməmişdir.”
8. “ət-Təlvih fi şərh əl-Cəmius-Səhih”
Bu şərh, hicrətin 762-ci ilində vəfat etmiş hafiz ləqəbli Əlaəddin Mağlutay ibn Qəlic ət-Türki əl-Misri əl-Hənəfiyə məxsusdur.
Buxarinin “Səhih” əsərinə digər şərhlər də yazılmışdır. Onlardan bəziləri məsələn, İbni Kəsirin, İbni Rəcəb əl-Hənəbəlinin, Nəvəvinin və başqalarının şərhləri müəlliflər tərəfindən sona çatdırılmamışdır.
Tarix: 12.04.2013 / 20:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 451 Bölmə: Maraqlı melumatlar