Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tenqidden Nihilizme Geden Yol

Tənqidçilik və ya nihilistlik. Görəsən hansı daha rahatdır? Yəqin ki, nihilistlik. Çünki, nihilizmdə quruculuq yükü olmadığı üçün, bu mövqeni tutan insanın kiminsə tərəfindən səhvinin tutulması ehtimalı minimumdur. Tənqid isə ayrı. Burada təhlil gərək, düzgün formalaşdırılmış və formulə edilmiş mövqe gərək, qurucu yüklü təkliflər gərək və s. Amma hər şeyin rahatlıq aspektindən baxılması düzgün olmaz axı. Gərək onu da düşünək ki, görəsən onlardan hansı insanlara və topluma daha faydalıdır? Hansı daha qurucu və daha müalicə effektlidir?

***

Tənqid və nihilizm bəhsi gözlənilməz tərəfdən aktuallaşdı. Belə ki, medianın flaqmanlarından olan yazarların günümüzün ən təhlükəli tendensiyalarına reaksiyası bəndeyi-həqirə adekvat görünmədi. Belə ki, son günlər dəyərli mətbu səhifələrində eyni ruhlu fenomen üzə çıxdı. Bunlar, gözlənilən və sırf mürtəce xarakterli qanun dəyişilikəri ilə bağlı idi. Bəzən qanunun hədəfləri olan subyektlər və nəticə etibarilə ictimai təsisatların özü də dəyərli qələmlərin hədəfinə çevrildi. Yuxarıda səsləndirdiyim suallar da məhz bu səbəbdən irəli çıxdı.

***

3-cü sektorla bağlı vəziyyət hər zaman tənqid olunmalıdır. Əslində bu, vətəndaş cəmiyyətinin mövcudluq fəlsəfəsindən irəli gələn prinsiplərdəndir. O da sirr deyil ki, bu sektorda yüksək peşəkarlar və vətəndaş fəalları ilə yanaşı, səviyyəsiz insanlar da mövcuddur. Hər yerdə olduğu kimi. Amma son dəyişilikərə etiraz prosesində məhz birincillər – vətəndaş mövqeli peşəkarlar önə çıxdılar və sistemli müdafiəni təşkil etdilər. Bu da təbiidir. Və təqdirəlayiqdir.

***

İnanc mühiti. Sovetdən sonra ilk nəfəslərini almağa başlayan bir mənəviyyat daşıyıcılarının mühiti. Çox kövrək özünəqayıdışın ilk addımlarını atan bir cameə. Təbii ki, burada da səmimi inanc insanları ilə yanaşı, hoqqabaz və riyakar obrazların da olması heç kəsə sirr deyil. Və bunların şəksiz mövcudluğu və ziyanlılığı öz yerində, amma baş verən olayları hələ də tam həzm edə bilməyən və əslində köklü olaraq nə baş verə biləcəyini anlamayan, ictimai vərdişləri qənaətedici səviyyədə olmayan bir toplumla bağlı yazılarda nihilistik dəst-xəttə üstünlük verən yazar dostlarımızın yazıları, “çirkli su ilə uşağı atmaq” durumuna bənzər bir situasiya yaradır.

***

Ümumi yanaşsaq, hər zaman vətəndaş və inanc mənafelərində dayanan dəyərli milli mətbuatımız yenə də ürək ağrısı ilə bu mövzularda fədakarcasına öz yüksək missiyasını yerinə yetirir. Və haqlı olaraq ərkyanə qınama və tənqidlə də hər iki istiqamət üzrə mesajlarını da ünvanlayır. Burası çox gözəl. Və əslində? bunsuz inkişaf məgər mümkünmü?!

Amma bir müşahidə etdiyim çaları da qeyd etməyi özümə borc bildim. Bu da prosesin bəzən axarında gedərək və bir az da nəfsani motivlərin arxasına düşüb kimi bir mərəzə yoluxub vətəndaş cəmiyyətinin haməsənı az qala “kabab dalınca qaçanlar” adlandırmaq nə qədər uzaqgörən və nə qədər insaflıdır?

Digər tərəfdən, hər fürsətdən istifadə edib nurani məna yüklü “molla” (elmlə dolu) sözünü, çar dövründən və sovetdən qalma ştamplarla hədəfə götürmək nə qədər insaflı? Zamanın mənəvi çağırışlarına nə qədər uyğun? Axı, bu məfhumun ehtiva etdiyi mənanı aradan apararaq, zatən layiq olmayan ünsürlərlə assosiasiya edilməsi - dərin mənəvi qatları yaralaya biləcək bir amil ola bilir.

***

Burada söhbət qətiyyən ondan getmir ki, “kabab dalınca gedən” və “din adına hoqqobazlıq edən” ünsürlər faş edilməməlidir. Əksinə, bu - mətbuatın vacib bir missiyasıdır. Amma mətbuatın bundan az vacib olmayan bir missiyası da mövcuddur. O da - pozitiv ruhiyyə yaratmaqdır. Nihilistliklə deyil, tənqidlə yüklənmiş, eybəcirlikləri göstərməklə yüklənmiş bir yanaşma ilə vicdanlı vətəndaş fəallarının və dəyərli inanc insanlarının da üzərində ictimai diqqəti fokuslaşdırmaq missiyası. İnsanlara fədakarlıq, dönməzlik, prinsipiallıq nümunələrini təlqin etməklə, bu nümunələrə bənzəmək istəyi aşılamaq. Zatən, qələm dostlarımızın əksəriyyəti məhz elə fədakarlıq, dönməzlik, prinsipiallıq nümunəsidir. Qanlı-qadalı dönəmlərdə təmiz adlarını saxlayan, heç bir dünya malına satılmayan bir nümünələr.

Amma axı, “hər şey və hər kəs pisdir” dedikcə, görmə imkanlarımızı ağ-qara rənglərlə məhdudlaşdırdıqca özünüməhvə getmiş olmuruqmu? Bütün vətəndaş cəmiyyətini və inanc daşıyıcılarını mənfi obrazlarla hədəfə tutduqca, belə davamiyyətə dolayısı ilə komək etmiş olmuruqmu?

Sonda bir kiçik yekun qeyd: tənqiddən nihilizmə az bir məsafə var. O məsafə də topluma sevgi ilə yoğrulmuş insaflılıqla müəyyən edilir. İnsaflılıqda şübhə yox, deyəsən sevginin bir qədər defisiti əmələ gəlir axı...


İlqar İbrahimoğlu


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 146 Bölmə: Maraqlı melumatlar
loading...