TƏRİFİ
Haram qidalar:
Hansı qida ölü heyvan kimidir?
Ölü heyvandan və qandan istisna olunan hallar:
Ev eşşəklərinin haram olunması:
Köpək dişli heyvanın və caynaqlı quşun yeyilməsinin haram olması:
Nəcasətlə qidalanan (Cəllalə) heyvanın haram edilməsi:
Nəcasətlə qidalanan (cəllalə) heyvan nə zaman halal sayılır?
Haram olunan qidanın zərurət halında mübah olması:
Heyvanın şəriət qaydalarına uyğun kəsilməsi:
Kimin kəsdiyini yemək olar?
Kəsmək üçün işlədilən alət:
Heyvanı kəsməyin qaydası:
Boğaz heyvanın qarnından çıxan balanın kəsilməsi:
Heyvanı kəsərkən Allahın adını çəkmək (Bismillah demək):
Heyvanı kəsərkən qibləyə tərəf tutmaq:
Ov ovlamaq:
Kimin ovu halal sayılır:
Ov aləti:
Öyrədilməmiş itlə ov ovlamaq:
Suya düşmüş ov:
Ovunu iki və ya üç gündən sonra tapan:
Ərəb dilində, "əl-Ətimə" sözü, "təam" (qida) sözünün cəmidir. Təam, insanın qidalandığı yemək növlərinin ümumi adıdır. Əslində bütün qida növləri halal sayılır. Uca Allah buyurur: «Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin...»[1].
Digər ayədə isə buyurulur: «...yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz! (Ya Peyğəmbərim!) De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?...»[2].
Allahın kitabında, yaxud Peyğəmbərin (S.A.V.) dili ilə haram olması buyurulan qidalardan başqa heç bir qida haram deyil. Allahın haram etmədiyi hər hansı qidanın haram olmasını demək Allaha qarşı iftiradır.
Uca Allah buyurur: «De: “Allahın sizə ruzi olaraq (göydən) nə endirdiyini gördünüzmü ki, onun bir qismini haram, bir qismini isə halal etdiniz?” De: “(Bunu deməyə) Allah Özü sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız?” Allaha iftira yaxanların qiyamət günü barəsindəki zənləri nədən ibarətdir? (Onlara əzab verilməyəcəyinimi güman edirlər?)...»[3].
Digər ayədə isə belə buyurur: «Diliniz (bizə belə əmr edildi deyə) yalana vərdiş etdiyi üçün (dəlilsiz-sübutsuz): “Bu halaldır,o haramdır!” – deməyin, çünki (bununla) Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar (axirət əzabından) nicat tapmazlar! (Onlar üçün dünyada) az bir mənfəət vardır, (axirətdə isə) onları şiddətli bir əzab gözləyir!»[4]
Haram qidalar:
Uca Allah buyurur: «Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş (heyvanların) ətindən yeməyəsiniz? Halbuki məcburiyyət qarşısında (yeməli) olduğunuz şeylər istisna edilməklə, sizə haram buyurduqlarını artıq O (Allah) müfəssəl şəkildə sizə bildirmişdir...»[5].
Uca Allah artıq, bizə haram buyurduqlarını müfəssəl şəkildə bildirmişdir, kifayət qədər açıqlamışdır.
Uca Allah buyurur: «Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır...»[6].
Digər ayədə isə belə buyurur: «Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır...»[7].
Başqa bir ayədə deyilir: «(Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm...»[8].
Başqa bir ayədə isə belə deyilir: «...İhramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram buyuruldu...»[9].
Hansı qida ölü heyvan kimidir?
Heyvan sağ ikən onun bədənindən kəsilib götürülmüş ət parçası ölü heyvan əti kimidir. Demək Əbu Vaqid əl-Leysi (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Heyvan sağ ikən ondan kəsilib götürülmüş tikə, ölü heyvan əti kimidir»[10].
Ölü heyvandan və qandan bunlar istisnadır:
İbn Ömər (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «İki növ ölü və iki növ qan bizə halal edilmişdir. İki növ ölü, balıq və çəyirtkə, iki növ qan isə qara ciyər və dalaqdır»[11].
Ev eşşəklərinin haram olunması:
Ənəs ibn Malik (A.R.O.) deyir ki, bir nəfər Peyğəmbərin (S.A.V.) yanına gəlib dedi: "eşşəklər yeyildi!". Sonra daha bir nəfər gəlib: "eşşəklər yeyildi!" – dedi. Digər bir nəfər isə gəlib dedi: "Eşşəklər qurtardı!". Peyğəmbər (S.A.V.) bir nəfərə: «Həqiqətən Allah və rəsulu, ev eşşəklərinin ətini yeməyi sizə qadağan edir. O nəcisdir!» – deyib, insanlara car çəkməyi əmr etdi. Bu xəbəri eşidəndə ət ilə qaynayan qazanlar dağıdıldı[12].
Köpək dişli heyvanın və caynaqlı quşun yeyilməsinin haram olması:
İbn Abbas (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) «köpək dişli heyvanların və caynaqlı quşların yeyilməsini haram etmişdir»[13].
Nəcasətlə qidalanan (Cəllalə) heyvanın haram edilməsi:
Şəriət terminologiyasına görə "Cəllalə", qidasının əksər hissəsi nəcasət olan heyvandır.
Belə heyvanı yemək, südünü içmək və minmək haramdır.
İbn Ömər (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) nəcasətlə qidalanan (cəllalə) heyvanın ətini yeməyi və südünü içməyi qadağan etmişdir»[14].
Digər hədisdə İbn Ömər (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) nəcasətlə qidalanan (cəllalə) dəvənin minilməsini və ya südünün içilməsini qadağan etmişdir»[15].
Nəcasətlə qidalanan (cəllalə) heyvan nə zaman halal sayılır?
Belə heyvan üç gün qapalı yerdə saxlanılıb təmiz qidalarla yemlənərsə bundan sonra onu kəsib yemək olar.
İbn Ömər (A.R.O.) «nəcasətlə qidalanan toyuğu üç gün qapalı yerdə saxlayardı (sonra onu kəsib yeyərdi)»[16].
Haram olunan qidanın zərurət halında mübah olması:
Uca Allah buyurur: «... Lakin naəlac qaldıqda (başqasının malını) zorla mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!»[17]
Digər ayədə isə buyurulur: «Kim aclıq üzündən naçar qalarsa (çətinliyə düşərsə), günaha meyl etmək niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!»[18]
İbn Kəsir (Allah ona rəhmət etsin) təfsir kitabında (2/ 14) deyir:
“Ayənin mənası odur ki, kim naçarə qalıb uca Allahın buyurduğu bu haram şeylərdən yemək məcburiyyətində qalarsa bunu edə bilər. Belə halda Allah onu bağışlar, mərhəmət göstərər. Çünki uca Allah naçarə qalan bəndəsinin həmin qidaya olan ehtiyacını bilir və buna görə onu bağışlayır, rəhm edir. İmam Əhmədin “əl-Müsnəd” və İbn Hibbanın “Səhih” kitabında İbn Ömərdən (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyi rəvayət olunur: «Allah, Ona asilik edilməyi necə xoşlamırsa, Onun rüsxətlərinə əməl olunmasını da elə sevir»[19].
Buna görə də fəqihlər demişlər ki, bəzi hallarda ölü heyvanı yemək vacib ola bilər. Bu, həyatı üçün qorxub yeməyə başqa şey tapa bilmədikdə ola bilər. İnsanın düşdüyü vəziyyətdən asılı olaraq belə qidanı yemək mübah (icazəli) və ya məndub (daha yaxşı) ola bilər.
Daha sonra alimlər nə qədər yemək haqda müxtəlif fikirlər söyləmişlər. Məsələn, belə halda zəruri ehtiyacını ödəyən miqdarda yeməlidirmi? Yaxud doyana qədər yeməlidir? Yoxsa doyana qədər yeyib əlavə ehtiyat götürməlidirmi? Bu haqda “əl-Əhkam” kitablarında ətraflı qeyd edilmişdir.
İbn Kəsir daha sonra deyir: Əksər insanların düşündüyü kimi, ölü heyvan ətinin yeyilməsinin icazəli olması üçün üç gün yeməksiz qalıb başqa heç nə tapmamaq şərt deyildir. Əslində belə yeməyi yemək üçün zərurət yarandıqda onunla qidalana bilər”.
Heyvanın şəriət qaydalarına uyğun kəsilməsi:
Tərifi:
Ərəb dilində buna “əz-Zəkat” deyilir. Bu sözün əsl mənası, gözəlləşdirmək deməkdir. Ona görə də ərəblər gözəl iyi bu sözlə vurğulayardılar.
Heyvanı kəsməyin bu adla adlandırılmasına səbəb, şəriətin qoyduğu kəsim qaydası ilə heyvan ətinin gözəlləşdirilməsidir.
İstilahi manası, heyvanın boğazını kəsmək və ya xəncəri birbaşa heyvanın ərəyinə salıb öldürməkdir. Əti yeyilən heyvanların əti, yalnız heyvan kəsdikdən sonra halaldır. Yalnız balıq və çəyirtkə halaldır.
Kimin kəsdiyini yemək olar?
Müsəlman və ya kitab əhli olan hər bir kişi və qadının kəsdiyi heyvanı yemək olar.
Uca Allah buyurur: «...Kitab əhlinin yeməkləri sizə halaldır...»[20]. Buxari deyir ki, İbn Abbas demişdir: «Kitab əhlinin yeməkləri, onların kəsdikləri heyvanlardır»[21].
Kəəb ibn Malik deyir ki, «bir nəfər qadın (iti) daş (parçası) ilə qoyun kəsmişdi. Bu haqda Peyğəmbərdən (S.A.V.) soruşduqda, o, həmin heyvanı yeməyə icazə verdi»[22].
Kəsmək üçün işlədilən alət:
Heyvanı, diş və dırnaqdan başqa, yara salan hər bir iti alətlə kəsmək olar.
Əbayə ibn Rifaə babasından rəvayət edir ki, o, Peyğəmbərə (S.A.V.) belə demişdir: Ey Allahın elçisi, bizim (heyvan kəsmək üçün) bıçağımız yoxdur. Peyğəmbər (S.A.V.) dedi: «Qanı axıdılan və kəsilərkən Allahın adı çəkilən heyvanı ye. Amma kəsmək üçün işlədilən alət dırnaq və diş olmasın. Dırnaq, həbəşilərin bıçağıdır. Diş isə sümükdür»[23].
Şəddad ibn Ovs deyir ki, mən Peyğəmbərin (S.A.V.) dediklərindən iki şeyi yadda saxlamışam: «Allah hər şeyə yaxşılıq etməyi vacib etmişdir. (düşməni) Öldürdükdə yaxşı öldürün, heyvanı kəsdikdə yaxşı kəsin. Bıçağınızı yaxşı itiləyib kəsdiyiniz heyvanı rahat edin»[24].
Heyvanı kəsməyin qaydası:
Heyvanlar iki cürdür: Kəsilməsi mümkün olan və olmayan.
Kəsilməsi mümkün olan heyvanların boğazını və sinəsini[25] kəsmək lazımdır.
Kəsilməsi mümkün olmayan heyvanları isə bacardığı qədər onu yaralayıb öldürməkdir.
İbn Abbas (A.R.O.) demişdir: «Heyvan boğazından və sinəsindən kəsilməlidir».
İbn Ömər, İbn Abbas və Ənəs (Allah onlardan razı olsun) demişlər ki, heyvanın başı kəsilibsə kifayətdir.
Rafi ibn Xədic deyir ki, mən Peyğəmbərə (S.A.V.) dedim: Ey Allahın elçisi, biz sabah düşmənlə qarşılaşacağıq amma bizim (heyvan kəsmək üçün) bıçağımız yoxdur. Peyğəmbər (S.A.V.) dedi: «Qanı axıdılan və kəsilərkən Allahın adı çəkilən heyvanı ye. Amma kəsmək üçün işlədilən alət dırnaq və diş olmasın. Dırnaq, həbəşilərin bıçağıdır. Diş isə sümükdür». Həmin vaxt qarşımıza bir dəstə dəvə və qoyun çıxdı. Dəvələrdən biri sürüdən ayrılıb qaçmağa başladı. Bir nəfər onu oxla vurub saxladı. Peyğəmbər (S.A.V.) dedi: «Bu dəvəyə çöl heyvanlarının xüsusiyyətləri keçmişdir. Əgər o sizi yaxına buraxmasa o zaman onu belə edin (oxla vurub kəsməyə cəhd göstərin, əgər bunu da bacarmasanız o zaman öldürüb yeyin)»[26].
Boğaz heyvanın qarnından çıxan balanın kəsilməsi:
Əgər kəsilmiş heyvanın qarnından diri bala çıxarsa onu kəsmək vacibdir. Yox əgər ölü çıxarsa anasının kəsilməsi onun kəsilməsini əvəz edir.
Əbu Səid deyir ki, biz Peyğəmbərdən (S.A.V.) kəsilmiş heyvanın qarnından çıxan bala haqqında soruşduq və o belə dedi: «Əgər istəsəniz yeyin. Çünki anasının kəsilməsi onun kəsilməsini də əvəz edir»[27].
Heyvanı kəsərkən Allahın adını çəkmək (Bismillah demək):
Heyvanı kəsərkən Allahın adını çəkmək (Bismillah demək) kəsilən heyvanın halal olması üçün bir şərtdir. Kim qəsdən bu sözü deməyib heyvanı kəsərsə onun kəsdiyi halal sayılmaz.
Uca Allah buyurur: «Əgər siz Allahın ayələrinə inanan kimsələrsinizsə, üstündə Onun adı çəkilmiş (bismillah deyilərək kəsilmiş) heyvanları yeyin!»[28]
Digər ayədə isə belə buyurur: «Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün (çirkin fikirlər və yaramaz əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız»[29].
Rafi ibn Xədic Peyğəmbərin (S.A.V.) ona belə dediyini nəql edir: «Qanı axıdılan və kəsilərkən Allahın adı çəkilən heyvanı ye...» [30].
Heyvanı kəsərkən qibləyə tərəf tutmaq:
Heyvanı kəsərkən onu qibləyə tutaraq Peyğəmbərin (S.A.V.) aşağıdakı hədisdə dediklərini təkrarlamaq müstəhəbdir.
Cabir ibn Abdullah deyir ki, «Peyğəmbər (S.A.V.) qurban bayramı günü iki baş buynuzlu, ağ və axta qoçu qibləyə tərəf yönəldib kəsmək istəyərkən belə dedi:
وَجَّهْتُ وَجْهِيَ لِلَّذِي فَطَرَ السَّمَوَاتِ وَاْلأَرْضَ علَى مِلَّةِ إبْرَاهِيمَ حَنِيفًا وَمَا أَنَا مِنَ الْمُشْرِكِينَ ، إِنَّ صَلاَتِي ، وَنُسُكِي ، وَمَحْيَايَ ، وَمَمَاتِي للهِ رَبِّ الْعَالَمِينَ ، لاَ شَرِيكَ لَهُ وَبِذَلِكَ أُمِرْتُ وَأَنَا مِنَ الْمُسْلِمِينَ. اللَّهُمَّ مِنكَ وَ لَكَ عَنْ مُحَمَّد وَ أمَّتِهِ, بِسْمِ الله و الله أكْبَر ثم ذَبَحَ.
«Vaccəhtu vachiyə lilləzi fətara-s-səməvati va-l-ardı alə milləti İbrahimə hənifən va mə ənə minə-l-muşrikin, innə saləti, va nusuki, va məhyəyə, va məməti lilləhi rabbi-l-aləmin, lə şərikə ləhu va bizəlikə umirtu va ənə minə-l-muslimin. Allahummə minkə və ləkə an Muhammədin və ummətihi (bu məqamda insan öz adını və ya istədiklərinin adını çəkə bilər) bismilləhi və-llahu Əkbər»
«Üzümü səmaların və yerin Yaradanına çevirdim. Mən İbrahimin Hənif dinindəyəm və Ona şərik qoşanlardan deyiləm. Namazım, ibadətim, həyatım, ölümüm, aləmlərin Rəbbi olan Allah üçündür. Onun şəriki yoxdur. Bunlar mənə əmr olundu və mən müsəlmanlardanam. Allahım bunu Sən vermisən, Muhəmməd və ümməti adından bunu Sənin üçün kəsirəm. "Bismilləhi və-llahu Əkbər" Allahın adı ilə kəsirəm, doğrudan da Allah böyükdür». Budan sonra heyvanı kəsdi.[31]
Ov ovlamaq:
Uca Allah buyurur: «İhramdan çıxdığınız zaman (istəsəniz) ov edin...»[32].
Digər ayədə deyilir: «(Ya Rəsulum!) Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: “Bütün pak nemətlər sizə halal buyurulmuşdur. Allahın sizə öyrətdiyi (ov üsulları) ilə təlim edib əhliləşdirdiyiniz yırtıcı heyvanların (ov iti, şahin və s. ) ovladıqları da sizə halaldır. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və ona görə (təlim etdiyiniz heyvan və quşları ov üzərinə qısqırtdığınız, silah işlətdiyiniz və ovu kəsdiyiniz zaman) Allahın adını çəkin (bismillah, Allahu-əkbər deyin)...»[33].
Dənizdə və quruda yaşayan heyvanları ovlamaq daim halaldır. Yalnız ihramda olarkən quruda yaşayan heyvanları ovlamaq olmaz.
Uca Allah buyurur: «Sizin üçün bir dolanacaq vasitəsi olsun deyə, (ihramda ikən) dəniz ovu və onu yemək sizə də, yolçulara (səfərdə olanlara) da halal edildi. İhramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram buyuruldu...»[34].
Kimin ovu halal sayılır:
Kimin kəsdiyi halal sayılırsa onun ovu da halal sayılır.
Ov aləti:
Ov, qılınc, bıçaq və ox kimi iti alətlərlə (həmçinin odlu silahla), yaxud da yırtıcı heyvanların vasitəsi ilə olur.
Uca Allah buyurur: «Ey iman gətirənlər! ... sizi (ihramda ikən) əllərinizin və mizraqlarınızın çata biləcəyi (azacıq) bir ovla imtahan edəcəkdir....»[35]
Digər ayədə isə buyurulur: «...Allahın sizə öyrətdiyi (ov üsulları) ilə təlim edib əhliləşdirdiyiniz yırtıcı heyvanların (ov iti, şahin və s. ) ovladıqları da sizə halaldır. Onların sizin üçün tutub gətirdiklərindən yeyin...»[36].
Silah ilə ov edərkən, silahın heyvanın cəsədinə daxil olub yaralaması şərtdir[37].
Yırtıcı heyvanlarla ov etməyin şərti isə budur ki, həmin yırtıcı heyvan əhliləşdirilmiş olmalı, ovladığından yeməməli və ovun başında onunla bərabər başqa yırtıcı heyvan olmamalıdır.
Ovlanmış heyvanın halal olması üçün, silahı işlədərkən, yaxud əhliləşdirilmiş yırtıcı heyvanı ovun üzərinə göndərərkən mütləq bismillah demək lazımdır.
Ədiy ibn Hatim (A.R.O.) deyir ki, mən Peyğəmbərdən (S.A.V.) nizə ilə ovlanan heyvan haqqında soruşdum. O dedi: «Əgər heyvanı nizənin iti tərəfi ilə ovlamısansa ye. Yox əgər küt tərəfi heyvana dəyib onu öldürübsə bu (küt alətlə öldürülmüş) leşdir, onu yemə». Mən dedim: Bəs itimi ovun üzərinə göndərəndə nə edim? O dedi: «İtini ovun üzərinə göndərərkən bismillah demisənsə, onun ovladığını ye». Mən dedim: Əgər it ovladığından yeyərsə, onda necə? O dedi: «Elə isə yemə. Çünki belə halda it onu sənin üçün deyil, özü üçün ovlamışdır». Mən dedim: Bəzən itimi ova göndərirəm. Ovun yanına gələndə onunla başqa bir itin olduğunu görürəmsə nə edim? O dedi: «Belə halda yemə. Sən "bismillahı" öz itinə görə demisən, başqasına görə yox»[38].
Öyrədilməmiş itlə ov ovlamaq:
Öyrədilməmiş itin ovladığı heyvan halal sayılmır. Yalnız əgər onun ovladığı heyvan sağ olarsa kəsildikdən sonra halal olar.
Əbu Sə`ləbə əl-Xuşəni deyir ki, mən dedim: Ey Allahın peyğəmbəri, biz kitab əhli olan bir yerdə yaşayırıq. Onların qablarında yemək yeyəkmi? Həmçinin ov olan yerdə oxum və öyrədilmiş və öyrədilməmiş itimlə ov ovlayıram. Hansını yeyə bilərəm? Peyğəmbər (S.A.V.) dedi: «Kitab əhli haqqında dediklərinə gəlincə, əgər istifadə etməyə başqa qab tapa bilsəniz onların qablarından istifadə etməyin. Əgər başqasını tapa bilməsəniz onda onların qablarını yuyun və istifadə edin. Bismilləh deyib oxunla ovladığın heyvanı ye. Həmçinin bismilləh deyib öyrədilmiş itinlə ovladığını da ye. Öyrədilməmiş itinlə ovladığın heyvanı sağ görsən kəs ye»[39].
Suya düşmüş ov:
Əgər ovlanmış heyvan suya düşərsə onun yeyilməsi haramdır[40]. Peyğəmbər (S.A.V.) Ədiy ibn Hatimə demişdir ki, «oxunu atarkən bismilləh de. Əgər gəlib ovun öldüyünü görsən ye. Yalnız əgər onun suya düşdüyünü görsən onda yemə. Çünki sən bilmirsən onu su öldürüb, yoxsa sənin oxun»[41].
Ovunu iki və ya üç gündən sonra tapan:
Kim ov ovlayıb, ovunu iki və ya üç günlük itirər sonra taparsa əgər iylənməyibsə onu yeyə bilər. Ədiy ibn Hatim Peyğəmbərin (S.A.V.) ona belə dediyini nəql edir: «Əgər sən vuruduğun ovu bir və ya iki gündən sonra tapsan, ovun üzərində sənin silahından başqasının əlaməti yoxdursa ovunu ye»[42].
Əbu Sələbə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Əgər ovunu vursan, sonra onu itirib yenidən tapsan, əgər iylənməyibsə ye»[43].
[1] əl-Bəqərə: 168.
[2] əl-Əraf: 31-32.
[3] Yunus: 59-60.
[4] ən-Nəhl: 116-117.
[5] əl-Ənam: 119.
[6] əl-Maidə: 3.
[7] əl-Ənam: 121.
[8] əl-Ənam: 145.
[9] əl-Maidə: 96.
[10] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 2606. İbn Macə: 2/ 1072/ ? 3216. Əbu Davud: 8/ 60/ ? 2841.
[11] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 210. Silsilətus Səhihə: ? 1118.
[12] Buxari: 9/ 653/ ? 5528. Müslim: 3/ 1540/ ? 1940.
[13] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 1332. Muslim: 3/ 1534/ ? 1934. Əbu Davud: 10/ 277/ ? 3785. Nəsai: 7/ 206. Onun rəvayətində, "Xeybər günü qadağan etdi" – sözləri qeyd olunur.
[14] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 2582. İbn Macə: 2/ 1064/ ? 3189. Əbu Davud: 10/ 258/ ? 3767. Tirmizi: 3/ 175/ ? 1884.
[15] Həsənun Səhih. Səhih Sünən Əbu Davud: ? 3217. Əbu Davud: 10/ 260/ ? 3769.
[16] Hədis səhihdir. əl-İrva: ? 2504. Musannəf İbn Əbu Şeybə: 7/ 147/ ? 4660.
[17] əl-Bəqərə: 173.
[18] əl-Maidə: 3.
[19] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 1886. Əhməd: 2/ 108. əl-İrva: 3/ 9/ ? 564.
[20] əl-Maidə: 5.
[21] Rəvayət səhihdir. əl-İrva: ? 2528. Buxari: 9/ 636.
[22] Hədis səhihdir. əl-İrva: ? 2527. Buxari: 9/ 632/ ? 5504.
[23] Buxari: 9/ 631/ ? 5503. Müslim: 3/ 1558/ ? 1986. Əbu Davud: 8/ 17/ ? 2804. Tirmizi: 3/ 25/ ? 1522. Nəsai: 7/ 226. İbn Macə: 2/ 1061/ ? 3178.
[24] Hədis səhihdir. əl-İrva: ? 2540. Müslim: 3/ 1548/ ? 1955. Tirmizi: 2/ 431/ ? 1430. Əbu Davud: 8/ 10/ ? 2797. Nəsai: 7/ 227. İbn Macə: 2/ 1058/ ? 3170.
[25] Yəni, xəncəri birbaşa heyvanın ərəyinə salıb öldürmək. Dəvənin kəsilmə qaydası belədir. (tərc.)
[26] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 2185.
[27] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 2451. Əbu Davud: 8/ 26/ ? 2811.
[28] əl-Ənam: 118.
[29] əl-Ənam: 121.
[30] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 2185.
[31] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 2425. Əbu Davud: 7/ 496/ ? 2778.
[32] əl-Maidə: 2.
[33] əl-Maidə: 4.
[34] əl-Maidə: 96.
[35] əl-Maidə: 94.
[36] əl-Maidə: 4.
[37] Yəni, əgər atılan silah heyvana dəyib onun cəsədinə daxil olmadan onu öldürərsə bu halda halal olmaz. (tərc.)
[38] Buxari: 9/ 603/ ? 5476. Müslim: 3/ 1529/ ? 1929. Nəsai: 7/ 183.
[39] Buxari: 9/ 604/ ? 5478. Müslim: 3/ 1532/ ? 1930. İbn Macə: 2/ 1069/ ? 3207. Nəsai: 7/ 81. Onun rəvayətində "Əhli Kitab" haqqında qeyd olunmur.
[40] Əgər ovlanmış heyvan ölmədən onu sudan çıxararsa kəsib yeyə bilər. (tərc.)
[41] Hədis səhihdir. əl-İrva: ? 2556. Müslim: 3/ 1531/ ? 1929.
[42] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 1239. Buxari: 9/ 610/ ? 5484.
[43] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 1242. Müslim: 3/ 1532/ ? 1931.
Tarix: 01.05.2013 / 18:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 693 Bölmə: Maraqlı melumatlar