Nəfsin ən pis rəzalətlərindən biri xəbərçilik və nəmmamlıq, yaxud söz gəzdirməkdir ki, deməklə, yazmaqla, rəmzlə və ya işarə ilə ifadə edilə bilər. Xəbərçi və nəmmam adamlar ən alçaq və xəbis kəslərdir. Qurani-kərimdə buyurulur: "Hər bir qeybət edənin, tənə vuranın vay halına!" (Huməzə surəsi, 1).
Peyğəmbər (s.a.s.) buyurur: “Allahın ən duşmən tutduğu adamlar onlardır ki, xəbərçilikdən ötrü dostların arasına girib müsəlman qardaşları bir-birindən ayırır və pak adamların eyiblərini axtarırlar”.
Nəmmam, sözgəzdirən və xəbərçi adamlar cəmiyyətin ən şər və xəbis fərdləridir; onlar həmişə yalan, qeybət, məkr, həsəd, hiylə, insanlar arasına nifaq və ədavət salmaq kimi işlərlə məşğul olurlar.
Belə rəvayət edirlər ki, bir kişi bir qul satırmış. O, müştəriyə deyir ki, qulun nəmmamlıqdan başqa heç bir eyibi yoxdur. Müştəri razılaşıb, qulu alır. Qul bir müddətdən sonra o ailəyə bələd olur. Bir gün evin xanımına deyir: "Ağam səni istəmir; o, səni boşayıb başqa bir arvad almaq fikrindədir. Əgər sən onun çənəsinin altından beş-altı tük kəsib versən, mən cadu edərəm və onu sənin məhəbbətinə bağlayaram".
Xanım soruşur: "Mən ordan tükləri neçə qopara bilərəm?"
Qul cavab verir: "O yatdığı zaman ülgüc ilə bir neçə tük kəssən, onun xəbəri olmaz".
Sonra qul öz ağasına xəlvətdə deyir ki, "Xanımın bir aşnası var, səni yatan yerdə öldürüb, ona getmək fikrindədir, ehtiyatlı ol".
Kişi bir gün uzanıb özünü yuxuluğa vurur; arvad onu yatmış bilib, ülgücü götürür və saqqalından tükləri kəsmək istəyəndə, kişi qalxıb arvadı oldürür. Kişinin qohumları xəbərdar olub gəlirlər, arvadın adamları ilə onların arasında vuruşma başlanır və hər iki tərəfdən bir neçə nəfər öləndən sınra kənar adamlar onları bir-birindən ayırırlar.
Budur nəmmamın işinin nəticəsi!
Nəmmamlar, xəbərçilər, söz gəzdirənlər, insanların arasına nifaq və ədavət salanlar cəmiyyətin ən xəbis adamlarıdır. Bu kimi fərdlərə nəsihət etmək hamının borcudur.
Peyğəmbər (s.a.s.) buyurur: “Sədəqələrin ən fəzilətlisi insanların arasında sülh və asayiş yaratmaqdır”.
Bu işdə hətta yalan danışmaq da cayizdir.
Tarix: 04.06.2013 / 21:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 123 Bölmə: Maraqlı melumatlar