Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müsəlmanın məsuliyyətli olması

Əs-salamu aleykum və rahmətullahi və bərəkətuhu!

Şükr və tərif Allaha məxsusdur, biz ona şükr edir, Ona tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma diləyirik, nəfislərimizdəki şərdən, əməllərimizdəki pisliklərdən qorunmaq üçün Allaha sığınırıq. Allahın haqq yoluna yönəltdiyi şəxsi azdıran, azdırdığı şəxsi isə haqq yoluna yönəldən tapılmaz.

Şəhadət edirəm ki, Allahdan başqa ibadət haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur, və şəhadət edirəm ki, Məhəmməd (s.ə.s) Onun qulu və elçisidir.

«Ey iman edənlər Allahdan, Ona yaraşan şəkildə qorxun və ancaq müsəlman olaraq can verin» (Al-i İmran, 102)

«Ey insanlar! Sizi tək bir nəfsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. Adı ilə bir-birinizdən istədiyiniz Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən həzər edin. Şübhəsiz ki, Allah üzərinizdə nəzarətçidir» ( Nisa, 1)

«Ey iman edənlər! Allahdan qorxun və doğru söz söyləyin ki, Allah işlərinizi düzəltsin və günahlarınızı bağışlasın. Kim Allaha və Rasuluna itaət edərsə o böyük bir səadətə nail olar» ( Əhzab, 70-71).

Şübhəsiz, sözlərin ən doğrusu Allahın, yolların ən gözəli Məhəmmədin « sallallahu aleyhi və səlləm-in yoludur və əməllərin ən pisi sonradan çıxarılanlardır. Sonradan uydurulub dinə soxulan hər yenilik bidətdir və hər bidət azğınlıqdır. Və hər azğınlıq da atəşdir. Möhtərəm müsəlmanlar! Ən birinci təqvalı ( Allah qorxusu) olmağınıza çağırıram. Allah Sübhənə və Təalə heç bir şeyi əbəs yerə yaratmayıb. Allah Təalə Quranda buyurur ki, «Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı mı güman edirdiniz» (Muminun, 115). Deməli hər şeyi nə üçünsə yaradıb. Yaradılanlar da cürbəcürdür, bəzilərindən nəsə istəyib, bəzilərindən heç nə istəməyib. Yaradılmışların da içində insan xüsusi yer tutur. İnsan olmaq böyük məsuliyyətdir. Peyğəmbər (s.ə.s) buyurub ki, « Elə bir insan olmayacaq ki, Allah Təalə ondan soruşmasın. Arada tərcüməçi olmayacaq». Yəni Allah Təalə hər kəsdən təkbətək soruşacaq. Lakin bu hədis Quranda olan bəzi ayələrə məsələn, «Allah onları danışdırmayacaq» ayəsinə zidd deyildir. Çünkü ayə xeyir, müjdə ilə dindirilməsindən danışır. Ancaq kafiri də dindirəcək, onun da məhkəməsi olacaq. Fəqət xeyir ilə dindirməyəcək. Allah Sübhənə və Təalə bu barədə buyurur: «Sizin hamınızdan etdikləriniz barədə soruşacağıq». Bilmək lazımdır ki, sorğu-sual bu dünyadakı kimi olmayacaq. Ola bilsin insan bu dünyada müəyyən şeyləri gizlətsin, deməsin. Lakin bu sorğu-sualda insanın cavab verməsinə ehtiyac olmayacaq. Çünkü əzalar əl, göz, ayaq, qulaq və s. dil açıb danışacaqlar. Hər bir şey şəhadət verəcək. Hətta yer şəhadət verəcək. O günün imtahanından qaçmaq olmayacaq. Çox təəssüf ki, insanlar adi məktəbdə imtahanlara hazırlaşır, lakin axirət imtahanını yaddan çıxarıblar. Elə bil ki, onlar elə belə yaranıblar. Lakin insan əvvəl Allah , sonra Peyğəmbər, sonra valideyn, sonra qohum-qonşu qarşısında məsuliyyət daşıyır. Ümumən insan fikirləşsə ki, nə qədər məsuliyyət daşıyır, o Allahdan daha çox qorxar. Bir gün Əbu Bəkr, Ömər böyük sahəbələr danışırlar. Biri deyir kaş quş olaydım və ovçu məni vurardı sonra məni yeyərdilər bununla da işim bitərdi. Biri də deyir ki, kaş palçıq olub, kərpic düzəldəydilər və vurardılar bir evə, müvəqqəti dayanardım sonra dağılıb gedərdim. Lakin insan oldum. Səhabə Allahdan qorxur. Təqvalı adam gərək belə olub, arxayın olmasın. Allahdan daim qorxmaq möminin sifətlərindəndir. Sələfi salih (peyğəmbər « sahəbələr « tabiinlər və onların yolunda olanlar) deyir ki, biz o vaxt arxayın olarıq ki, bir ayağımız cənnətə girsin. Məsuliyyət daşımaq bir neçə növdür. Dini məsulliyyət, cəmiyyətdə məsulliyyət, əxlaqi məsuliyyət və s. İnsan gərək hər bir məsuliyyəti düzgün ödəsin, xüsusisən də müsəlman. Dində məsuliyyətli olmaq Allahın əmrlərini yerinə yetirmək, Peyğəmbərə (s.ə.s) tabe olmaq, şəriətin əmrlərinə əməl etməkdən ibarətdir. Allah Sübhənə və Təalə buyurur: «Şübhəsiz ki, o (Quran) sənin üçün və sənin qövmün üçün şərəfdir. Siz mütləq sorğu-sual olunacaqsınız!» ( Zuxruf, 44). Quran nahaq yerə gəlməyib. O adamlar ki, Qurana fikir vermir, oxuyub əməl etmirlər, onlar bu barədə soruşulacaqlar. İctimai məsuliyyət dedikdə yaşadığın cəmiyyətin qanunlarına tabe olmaq, insanlarla düzgün münasibətdə olmaq və s.-dir. Qurana və sünnəyə fikir versək cəmiyyətin nicatı, təmizliyi fərdlərdən, yəni insanlardan asılıdır. Fərdlərin fəsadı isə cəmiyyətin fəsadına gətirib çıxardır. Yəni insanlar yaxşı olsalar cəmiyyət də yaxşı olar. Allah Sübhənə və Təalə buyurur: « Kim dünyada zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir. Kim zərrə qədər pis iş görmüşdürsə onun zərərini görəcəkdir» (Zəlzələ, 7-8). Həmçinin Allah Təalə insanın dediyi sözlər və etdiyi əməllər haqqında soruşacaq: « Bilmədiyin bir şeyin ardınca getmə. Çünki qulaq, göz və ürək « bunların hamısı sorğu-sual olunacaqdır» (İsra, 36). Ona görə insan bilmədiyi şeyi gərək danışmasın. Allah Sübhənə və Təalənin verdiyi nemətlərə laqeyid yanaşmaq olmaz. Çünki bu barədə soruşulacaq: «Sonra da həmin gün ( Allahın sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!» (Təkasur, 8). Nemətlər həm müsəlmanın özünə, həm yaxınlarına, həm cəmiyyət üçün faydalı olmaldır. Həmçinin mal barəsində də soruşulacaq. Peyğəmbər (s.ə.s) buyurur ki, « Elə insan yoxdur ki, dörd şeydən soruşulmasın: 1) soruşulacaq ömründən: ömrünü pul dalınca getməyəmi sərf edib, yoxsa Allah və rasulunun yolu ilə gedib cənnəti qazanmağa» 2) cavanlığından soruşulacaq: cavanqlığını nəyə sərf edib, faydalı işlərə yoxsa faydasız əməllərə» 3) elmindən soruşulacaq: öyrənib necə əməl etdin» 4) nəhayət malından soruşulacaq: necə qazandın və nəyə sərf etdin». Məsuliyyətli olmaq barəsində İbn-i Ömər rəvayət edir ki, Peyğəmbər (s.ə.s) buyurub: « Hər biriniz başçısınız və başçılıq etdiyiniz hər bir şey üzərində məsuliyyət daşıyırsız». Sonra Peyğəmbər (s.ə.s) buyurub ki, «İmam məsuliyyətlidir». Yəni hökm verən hakimiyyəti altında olanlara cavabdehdir. Həmçinin kişi öz ailəsi üzərində məsuliyyət daşıyır, qadın ev işləri üzərində məsuliyyətlidir, işçi öz işinə görə məsuliyyət daşıyır, oğul atanın malını qorumağa görə məsuliyyət daşıyır. Ona görə hər birimiz, kim hara başçılıq edir, ona görə məsuliyyət daşıyır. Bu hədisdə çoxlu faydalar var. Birinci hədis göstərir ki, islah etmək tək imama deyil, həmçinin məhkumlara da aiddir. Məhkumlar yaddan çıxıb. Peyğəmbər (s.ə.s) bu hədisdə həm hakimi, həm də məhkumu qeyd etdi. cəmiyyətdə islah etmək üçün iki tərəf biri-birilə gərək əlaqədə olsun. Ona görə Peyğəmbər (s.ə.s) iki tərəfi bir etdi. Və birinci dedi ki, imam məsuliyyət daşıyır. İmam « hakim və ya hər hansı bir yerdə (müəssisədə, ailədə və s.) hökm sahibi olan kəsə deyilir. Umimiyyətlə kim hökmü öz üzərinə götürürsə ən böyük məsuliyyəti də onlar daşıyır. Onların bunu ödəyə bilməməsi qiyamət günü böyük əzaba gətirib çıxarda bilər. Peyğəmbər (s.ə.s) Əbu Zərrə deyir ki, «Ey Əbu Zərr, hakimliyə meyl etmə, əgər hökmləri düzgün ödəməsən, qiyamət günü cavab verərsən». Hakim bu məsuliyyətləri necə ödəməlidir» Hakim gərək adil olsun. Adil olmasa qiyamət günü cavab verəcək. Allah Sübhənə və Təalə buyurur ki: «Ədalətli olun. Bu təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!» (Maidə, 8). Hakim və ya imam həmçinin verdiyi hökmə fikir verməlidir. Hökmü gərək hakimiyyəti altında olanların (məhkumların) yaxşılığı üçün versin. Burada yaxşılıq həm dini, həm iqtisadi, həm əxlaqi, həm də əmin-amanlıq cəhətindən ibarətdir. Hakimlikdən danışanda Peyğəmbər (s.ə.s) və Əbu Bəkrdən sonra Oməri misal çəkmək olar. O gecələr köhnə paltar geyinib gəzirdi ki, görsün insanlar onun hakimliyindən razıdır yoxsa yox» Bir gün zimmə əhlindən (qeyri-müsəlman) bir qoca kişinin dilənçilik edtiyini görür və soruşur ki, nəyə görə dilənçilik edirsən. Kişi ehtiyacı olduğunu bildirir. Onda Ömər bin Xattab həmən kişiyə beytul-maldan mal ayrılmasını buyurur və deyir: «Necə ki, cavanlıqda müsəlman olmadığına görə biz səndən cizyə alırdıq, indi də qocalmısan biz sənə baxmalıyıq». Bu xəlifənin adilliyindən irəli gəlir, baxmayaraq ki, kişi kafir olur. Hətta kafirə zülm etmək olmaz. Həmçinin imam məsuliyyəti ödəmək üçün ətrafına saleh insanları, yəni ixlas əhlini yığmalıdır. Saleh insanlar olmalıdır ki, həm dini, həm vətəni üçün xeyirli olsun. Pis insanlar isə millətin düşmənləridir və onlar İnşaallah qiyamət günü cavab verəcəklər. Həmçinin hakim məhkumlara ibrət olmalıdr. Ömər bin Xattab xəlifə olanda ilk xütbəsində buyurdu ki, «Ey insanlar hökmümdə əyrilik olsa məni düzəldin». Həmçinin o deyirdi «Bilsəm ki, fərhad çayında düzəltdirdiyim körpüdə nəsə əyrilik olub və bir qoyun keçəndə ona görə zədə alıb, qorxuram buna görə qiyamət günü cavab verim». Ona görə imam gərək belə şeyləri nəzərə alsın. Biz dedik ki, fərd də məsuliyyətlidir. Kişi öz ailəsində başçıdır və onlara görə soruşulacaq. Çünkü ailə də kiçik cəmiyyətdir. Əgər fərdlər islaha başlamasa cəmiyyət düzəlməz. Çünkü cəmiyyət insanlara təsir edir. Peyğəmbər (s.ə.s) buyurur ki, «Hər uşaq müsəlman kimi doğulur, lakin sonra ata-anası onu ya nəsrani, ya yəhudi, ya da məcusi edirlər». Ailənin düzgün olmaması uşağa pis təsir edir. İnsan eyni zamanda yaşadığı cəmiyyətin qayda-qanuna tabe olmalıdır. Qanunlara tabe olmamaq fəsada gətirib çıxardır və yaxşı nəticə vermir. Sonra insanlarla yaxşı əlaqədə olmaq lazımdır. Allah Sübhənə və Təalə buyurur: «Yaxşılıq və təqva üzərində insanlarla əlaqə qurun» (Maidə, 2). Fərdin məsuliyyətlərindən biri də budur ki, çoxlu yaxşılıq etsin. Çalışmalıdır daim saleh əməllər işləsin. Başqa məsuliyyətlərdən biri cəmiyyətdə elmi yaymaqdır və bunun kimi əməllərdən ibarətdir. Bu sifətlərə nail olan fərd öz məsuliyyətini yaxşı ödəyə bilər. Biz insanları yaxşılığa çağırıb, pisliklərdən çəkindirməliyik. Çünki əzab gələndə ümumi gəlir. «Allah Təalə bir qovmü dağıtmaq üçün mələklər yollayır. Mələklər gedib görürlər ki, orada bir saleh ailə var. Qayıdıb soruşduqda Allah Təalə buyurur ki, birinci onun evindən başlayın. Çünki o məsuliyyətini düzgün ödəmir». Ona görə cəmiyyəti düzəltmək üçün həm hakim, həm də məhkumlar böyük iş görməlidirlər.

Allah Sübhənə və Təalə bizi islah edənlərdən etsin. Amin!

Allah Sübhənə və Təalə bizi eşidib faydalananlardan etsin. Amin!

Allah Sübhənə və Təalə əziyyət çəkən müsəlmanlara kömək olsun. Amin!

Allah Sübhənə və Təalə xəstə müsəlmanlara şəfa versin. Amin!.


Tarix: 13.04.2013 / 17:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 463 Bölmə: Maraqlı melumatlar
loading...