Allaha və Allaha imanın digər əsaslarına inanmaq dərk etdiyimiz bu dünyada ən əzəmətli işdir. Ən böyük məsələ budur. Bu məsələni müzakirə etmək, , gündəmə çıxarmaq, insanları düşünməyə yönəltmək çox vacibdir.
Dünya və axirət səadətinin bünövrəsini qurmaq üçün imanın əsaslarını dünyaya gələndən qocalıb dünyanı tərk edənə qədər olan yaş arasında bütün insanlar bilməlidirlər. Bununla maraqlanmalıdırlar. İmanın əsaslarının öyrənilməsi dünya və axirət səadətini təmin edərək dinin mərtəbələrini formalaşdırır. Dinin mərtəbələrinin ən böyüklərindən olan imanın əsasları da ən vacib, ən böyük əsaslardandır.
Bir dəfə Allah Rəsulu səlləllahu aleyhi və səlləm öz səhabələri ilə bərabər bir məclisdə oturanda Cəbrail əleyhissəlam Muhamməd peyğəmbərin səlləllahu aleyhi və səlləm yanına gəlir. Ona islam, iman və ehsan haqqında sual verir.
Deyir:
- Ya Muhamməd! Mənə islam haqqında xəbər ver!
Allah Rəsulu səlləllahu aleyhi və səlləm buyurur:
- İslam: Şahidlik edirsən ki, həqiqətən də Allahdan başqa ibadət ediləcək haqq, həqiqət məbud (ibadət olunan) ilah yoxdur və Muhamməd Allahın Rəsuludur. Namaz qılırsan, zəkat verirsən, Ramazan ayında oruc tutursan, əgər gücün çatırsa Allahın evinə həcc edirsən (Buxari, Təfsirul-Quran 4499, Müslim, İman 10, Nəsai, İbn Macə, Əhməd).
Hədisin bu hissəsindən öyrənirik ki, islamın beş əsas rüknü var. İki şəhadət, yəni Allahı və Rəsulunu qəlbən təsdiq edib, dillə demək, namaz qılmaq, zəkat vermək, Ramazan ayında oruc tutmaq, Allahın evini həcc etmək.
Cəbrail əleyhissalam dedi:
- Doğru dedin, mənə indi iman haqqında xəbər ver!
Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) dedi:
- İman: Budur ki, həqiqətən də sən Allaha inanırsan (Yəni Allahın varlığına, səni yaratmasına əmin olursan). Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, qədərin xeyrinin və şərrinin Allahdan olmağına inanırsan. Əmin olub, təsdiq edirsən (Buxari, Təfsirul-Quran 4499, Müslim, İman 10, Nəsai, İbn Macə, Əhməd).
Hədisin bu iman hissəsindən öyrənirik ki, hər bir insan imanın bu altı rüknunu təsdiq etməlidir. Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, qədərin xeyrinə və şərrinə inanmalıdır.
Cəbrail əleyhissalam dedi:
- Mənə ehsan haqqında xəbər ver.
Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) buyurdu:
- Ehsan odur ki, sən Allahı görürsən kimi Ona ibadət etməlisən, sən Onu görmürsənsə də Allah səni görür (Buxari, Təfsirul-Quran 4499, Müslim, İman 10, Nəsai, İbn Macə, Əhməd).
Hədisin ehsan hissəsindən belə başa düşürük ki, hər bir insan Allaha elə ibadət etməlidir ki, həqiqətən də sanki Allahı görür, baxmayaraq ki, heç bir insan ibadət zamanı Allahı görmür, ancaq həqiqət budur ki, hər bir anda Allah səni görür. Sənin Allahın səni hər anda görməsini bilməyin və təsdiq etməyin ehsan adlanır.
Bizdə isə ehsan sözü dünyasını dəyişəndən sonra ölü üçün verilən yeməklərdə istifadə olunur. Bu onu təsdiq edir ki, cəmiyyətimiz, informasiya vasitələrimiz, onları işlədənlər islam dini tədrisini öz səhih mənbəsindən almaq üçün ciddi deyillər. Bunun kökündə islam dəvətçilərinin zəif olması durmur.
-------------------------
Əkrəm Həsənov (ilahiyyatçı).
Tarix: 08.04.2013 / 20:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 257 Bölmə: Maraqlı melumatlar