İkinci Hadisə : Münafiqlər Tərəfindən Ortaya Atılan İfk (İftira) Hadisəsi
Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) bir səfərə çıxarkən xanımları arasında püşk atar və püşk kimə düşərsə, Peyğəmbər ilə birlikdə o gedərdi. Bu dəfə də püşk Aişə (radiyəllahu anhə)`yə çıxdı. Bu səfərə Rəsulullah ilə birgə o da getdi.
Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) yürüşü qurtardıqdan sonra ordusuyla birlikdə Mədinəyə qayıtmaqçün yola çıxdı. Mədinəyə yaxın bir məsafədə enərək bir neçə gün qaldıqdan sonra əskərlərə yola çıxmaq üçün təzədən əmr verdi. Əskərlər hərəkətə keçdilər. O əsnada Aişə, ehtiyacını ödəmək üçün ordugahdan ayrılaraq tənha bir yerə çıxmışdı. İşini qurtarıb qayıdanda boyunbağısının boynundan düşdüyünü hiss etdi. Harada itirdiyini bilmirdi. Buna görə də ehtiyacı üçün getdiyi yerə təkrar qayıdaraq boyunbağısını orada axtardı və tapdı. Bu arada ordu hərəkətə keçmişdi. Məsul şəxslər onun mahfenin (dəvənin ustünə qoyulan üstü bağlı oturacaq) içində olduğunu zənn edərək boş mahfeni dəvəyə yükləyib apardılar.
Çoxlu (daşıyan) şəxsin olmağı və Aişənin çəkisinin yüngül olmağından dolayı mahfeni yüngüllüyünü hiss etmədilər. Aişə ordugah yerinə qayıdanda ordunun getdiyini gördü. Ortalıqda heç kim yox idi. Bundan sonra paltarına bürünərək geri gəlib onu aparmalarını gözləmək üçün oturub gözləməyə başladı. Belə gözləyərkən yuxusu üstün gəldi və oradaca mürgüləməyə başladı.
Bu arada səhabələrdən Səfvan ibni Muattıl əs-Səlmi çox yatan bir şəxs idi. Oyandıqda ordunun getmiş olduğunu görərək o da arxalarınca getməyə başladı. Bu arada bir insan qarartısı görüb yanına getdi. Yaxınlaşanda bu insanın Aişə olduğunu gördü. Çünki, örtünmə ayəsindən əvvəl Aişəni görmüşdü və tanıyırdı. Səfvan Aişəni görən kimi : İnnə lilləhi və innə ileyhi raciun! Eyvah! Bu Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın xanımıdır – deyərək təəccübləndi. Aişə onun səsini eşidən kimi oyandı və örpəyi ilə üzünü örtdü. Səfvan başqa bir şey demədən dəvəsini ona tərəf yaxınlaşdıraraq minməyini təmin etdi. Özü də dəvənin başını sürətlə çəkərək Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`in xanımını qafiləyə çatdırmağa çalışdı. Nəhruz-Zahira mövqeyində olan İslam ordusuna çataraq onlara qoşuldular.
Münafiqlərin başçısı Abdullah ibni Übeyy onların sonradan gəlib orduya qatıldıqlarını görəndə, kin və nifaq hislərini təmin etmək üçün yalan və iftira ilə onları günah işləməkdə itham etdi. Ordu içindəki özü kimi münafiq olan yoldaşlarından da istifadə edərək, bununla əlaqəli bir çox adi hekayələr uydurub yaymağa başladılar. Mədinəyə çatanda şəhər onların bu dedi-qoduları və iftiralarıyla çalxalanmağa başladı. Belə ki, bəzi möminlər belə bu iftiraya aldanmaqdan özünü qurtara bilmədilər.
Mədinəyə çatanda Aişə (radiyəllahu anhə) xəstələndi. Xəstəliyi bir aya yaxın davam etdi. Mədinə iftiraçıları söz-söhbətləriylə çalxalanarkən, o bütün bunlardan xəbərsiz idi. Fəqət, Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`in özünə əvvəlcə göstərdiyi yaxın əlaqə və incəliyi göstərmədiyini görürdü.
Allahın Rəsulu (Səllallahu Aleyhi və Səlləm) bütün bu hadisələr olarkən susmaqla kifayətlənirdi. Uzun müddət bu hadisə ilə əlaqədar bir vəhy gəlmədikdə dostları ilə müşavirə etdi. Hz. Əli, Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`ə üstü örtülü bir şəkildə onu boşamasını, Üsamə isə, tam tərsinə, ondan yaxşılıqdan başqa bir şey olmadığını deyərək saxlamasını tövsiyyə etdi. Bundan sonra Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) minbərə çıxaraq bu söz-söhbətlərdən çəkdiyi əziyyəti ifadə edən bir söhbət etdi. Çıxışında bu söz-söhbətləri yayan şəxs olan Abdullah ibni Übeyə də işarə vardı. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın bu nitqindən sonra Evslilərin başçısı Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a əziyyət verən münafiqlərin başçısını öldürmək istədiyini bildirdi. Onun bu istəyi Həzrəclilərin reaksiyasına səbəb oldu. Çünki, öldürülməyi istənilən şəxs öz qəbilələrindəndi. İki qövm arasında mübahisə oldu. Haradasa bir-birilərinə qarşı gələcəkdilər, Rəsulullah hər iki tərəfi də susdurdu.
Bu hadisələrin cərəyan etdiyi bir gecə Hz. Aişə yanında Mistahın anası olduğu halda ehtiyacını ödəmək üçün bayıra çıxdı. Xəstəlikdən əldən düşmüşdü. Yeriyərkən Mistahın anasının ətəyinə toxundu. O da oğlu Mistah əleyhinə dua etdi. Aişə (radiyəllahu anhə) onun etdiyi əməli qınadı. O da baş verən bütün hadisələri Aişəyə danışdı. Oğlu Mistahın da bu iftirada olanlar arasında olduğunu bildirdi. Bundan sonra Aişə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`dan icazə istəyib ana-atasının evinə getdi. Vəziyyəti ana və atasından eşidəndə heç dayanmadan və yatmadan iki gün ərzində davamlı ağladı. Davamlı ağlamaqdan ürəyi parçalanacaq hala gəlmişdi.
İkinci günün səhəri Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onun yanına gəldi. Oturub şəhadət kəlməsi deyəndən sonra Aişəyə xitabən belə buyurdu :
"Ey Aişə! Sənin haqqında belə-belə xəbərlər çatdı. Əgər günahsızsansa, Allah səni günahsız çıxaracaqdır. Yox, əgər doğurdan bir qəbahət işləmisənsə, Allaha tövbə et. Qul günahını etiraf edib Allaha tövbə edərsə, Allah onun tövbəsini qəbul edər."
Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın bu sözlərindən sonra Aişənin göz yaşları dayandı. Ana və atasından Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a cavab vermələrini istədi. Ancaq, onlar nə deyəcəklərini bilmədilər. Bundan sonra özü cavab verdi :
Bu xəbəri eşitdiyinizi və bu xəbərin sizi təsirləndirdiyini və hətta, bu xəbəri təsdiqlədiyinizi görürəm. Xalqın bu dillərinə doladıqları günahı mən etdim desəm belə, Allah bilir ki, mən onu etməmişəm. Bu baxımdan etiraf etsəm belə, heç baş verməmiş bir hadisəni olmuş kimi hesab etmiş olaram. Onların dediklərini inkar etsəm, bu dəfə də mənə inanmazsınız. Mənimlə sizin aranızdakı hadisəyə Yusifin atasının dediyindən başqa bir məsəl tapa bilmirəm. "Artıq, mənə gözəl bir səbr gərəkdir. Dediklərinizə dözə bilmək üçün, ancaq Allahdan yardım istənər."
Aişə bunları dedikdən sonra dönüb yatağına uzandı. O anda dərhal vəhy endi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın sevincdən üzü gülürdü. Aişəyə :
"Aişə! Sevin, Allahu Təala sənin günahsızlığını bildirdi." buyurdu. Anası Aişəyə "Rəsulullahın yanına get" dedi. Ancaq, Aişə : "Allaha and olsun ki, ona baxmaram və Allahdan başqa heç kimə həmd etmərəm." dedi.
Allah, onun günahsız olmağı haqqında Nur surəsinin bu ayəsindən etibarən on kərim ayə nazil edərək bütün insanlara elan etdi :
«Şübhəsiz ki, Aişə barəsində yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir.» (Nur / 11)
Bu kərim ayələrin nazil olmağından sonra, Rəsulullah insanların hüzuruna çıxaraq onlara Aişənin günahsız olduğunu bildirən bu kərim ayələri oxudu. Bu iftiraya dedi-qodularıyla qatılan möminlərdən Mistah ibni Əsasə, Hassan ibni Sabit və Caxşın qızı Həmnəyə səksən şallaq vuruldu. Bu hadisəyə başçılıq edən münafiqlərin başçısı və yoldaşlarına isə, bu həyatında hər hansı bir cəza verilmədi. Onların cəzası mal və övladın bir fayda verməyəcəyi, ancaq, Allahaq səlim bir qəlb ilə gedənlərin xilas olacaqları qiyamət gününə saxlanıldı.
Tarix: 02.05.2013 / 22:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 126 Bölmə: Maraqlı melumatlar