Sehr – səbəbin gizlədilməsi, bilinməz olması deməkdir. Şəriətdə isə Sehrin insanın qəlbinə və bədəninə təsir etməsidir. Səhər və Səhur kəlimələri də bundan törənmişdir. Çünki, səhər edilən səhur və səhər edilən əməllər çox vaxt gizli olur.
Bəzi alimlər sehrbazın kafir, bəziləri isə bu əməlin böyük günah olduğunu söyləmişlər. Əbu Hənifə, İmam Məlik, İmam Əhməd bu əməlin böyük küfr (şirk) olduğunu, İmam Şafii isə halal görmədiyi və şeytana ibadət etmədiyi müddətdə böyük günahlardan saymışdır. Əgər şetyandan kömək istənilərsə, ona sığınılırsa – böyük şirkdir. Sehrin həqiqəti şeytanı öz işi üçün istifadə etməkdir. Sehirbaz da hər hansı bir işi şeytana yaxınlaşmadan edə bilməz. Şeytana yaxınlaşdıqda, o da sehri etməkdə ona köməklik göstərir.
(Allaha şərik qoşmadan sehr etmək mümkün deyildir. İnsan artıq düyünlərə üfürməkdən öncə şirk etmişdir. Çünki, ilk öncə bunu etmək üçün necə edilməsini öyrənmişdir. Öyrənmək özü belə şirkdir. Kim qəlbini Allahla bağlayarsa bu ona kifayət olar. Kim də qəlbini Allahdan qeyrisi ilə bağlayarsa şirk edər. )
Sehrbazın öldürülməsi isə qazı tərəfindən təyin edilir. Tövbəsi Rəbbi ilə özü arasındadır. Kəffarə olaraq öldürülür. Zina edənin daş-qalaq olunması kimi; "…Həqiqətən onlar belə şeyləri satın alanların axirətdə payı olmadığını yaxşı bilirlər". (əl-Bəqərə 102). "…Onlar Cibt və Tağuta inanır". (ən-Nisa 51). "Musa: "Siz atın"- dedi. Onlar (əllərindəkiləri və əsaları) atdıqda, adamların gözlərini bağlayıb (sehrləyib) onları qorxutdular və böyük bir sehr etdilər". (əl-Əraf 116). "Musa dedi: "Xeyr, (əvvəlcə) siz tullayın! (onların əllərindəki ipləri və dəyənəkləri yerə atan kimi) Musaya elə gəldi ki, onların sehri nəticəsində kəndirləri hərəkətə gəlib sürünür". (Ta ha 66). "Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir günahkara, yalançıya (cadukara, falçıya, sehrbaza və adlarını kahin qoyub xalqı aldadanla¬ra) nazil olur". (əş-Şuəra 221-222). "Sehrbaz isə harda olursa olsun mətləbinə çatmaz". (Ta ha 69). "Sehrbazlar (dünya və axirətdə) nicat tapmazlar". (Yunus 77). Ömər (r.a) rəvayət edir ki: "Cibt – sehirdir, Tağut - şeytandır".(əl-Buxari 8/100. )
Cabir (r.a)rəvayət edir ki: "Tağutlar - şeytanların səmadan enib xəbərlər gətirdikləri kahinlərdir ki, onların hər birində bir şeytan vardır".(əl-Buxari 8/100. )
İmam Məlik (rahmatullahi aleyhi) deyir: "Tağut - Allahdan qeyri ibadət edilən hər bir şeydir". İbn Abbas (r.a) rəvayət edir: "Cibt - bütlərdir". əş-Şabi (r.a) deyir: "Cibt - münəccimlərdir". Əbu Hureyra (r.a)rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Özünüzü yeddi həlak edici günahdan qoruyun". Səhabələr: "Ya Rəsulullah! Onlar hansılardır?"- deyə soruşdular. Peyğəmbər (s.a.v): "Allaha şərik qoşmaq, sehrlə məşğul olmaq, haqqı olmadan Allahın haram etdiyi insanı öldürmək, sələm (faiz) almaq, yetim malını yemək, döyüş günü meydandan qaçmaq, ismətli, namuslu qadınları namussuzluqda ittiham edərək böhtan atmaq".(əl-Buxari 5/294, 2767, Muslim 89, Əbu Davud 2874, ən-Nəsai 6/257, İbn Hibban 5561. )
İbn Qudamə deyir: "Sehr düyünlər, oxumalar və söylənən sözlər, yazılan ifadələr, edilən şeylərdir ki, bunlar sehr edilən kimsənin bədəninə, qəlbinə və ya ağlına bilavasitə təsir edir. Sehirin bir həqiqəti vardır ki, kimisə öldürür, kimisə xəstə edir, kimisə xanımına yaxınlaşmaqdan çəkindirir, ər və arvadı bir-birindən ayırır. Sehrin öyrənilməsi və öyrədilməsi haramdır”. Bəziləri özlərinə təskinlik vermək üçün deyirlər ki, biz insanlara yaxşılıq edirik, onların dərdlərini azaldırıq. Buna da “ağ maqiya” adını verirlər. Lakin bu əsla belə deyildir. Nə ağ maqiya, nə də qara maqiya ilə məşğul olmaq olmaz. Bunların hər ikisi də haramdır. Bu işlə məşğul olan adam tövbə etməsə – Allah Qorusun – dünyasını da, axirətini də puç edəcəkdir. Əgər sehr yaxşı bir şey olsaydı Allah ondan sığınmağı əmr etməzdi; "De ki: “Pənah aparıram sübhün Rəbbinə, yaratdıqlarının şərindən, zülmətə bürünməkdə olan gecənin şərindən, (ovsun oxuyub) düyünlərə üfürən (yaxud cadu edib iplərə düyün vuran) qadınların şərindən və bir də paxılın şərindən". (əl-Fələq 1-5). "De ki: “Pənah aparıram insanların Rəbbinə, insanların ixtiyar sahibinə, insanların ilahına, vəsvəsə verən, qaçıb gizlənən şeytanın şərindən. O, şeytan ki, insanların ürəklərinə vəsvəsə salır. O, şeytan ki, cinlərdən də olur, insanlardan da". (ən-Nəs 1-6). Nə üçün qadınlar? Çünki, bu işlə ən çox məşğul olan qadınlardır. O, düyünlərdə elə bir şey var ki, sehr edilən kimsəyə məxsus olduğu üçün ona təsir edir. Şeytanın təlqin etdiyi sözləri düyünlərə oxuyaraq şeytanı Allaha şərik qoşurlar. Allaha qarşı küfr etmədikcə sehir yerinə yetirilə bilməz. Qurana qarşı küfr edirlər, ayələri nəcislə yazırlar, murdar yerlərə atır və bundan sonra şeytan ona köməklik göstərir. Onlar sehri Tövhidin yerinə satın almışlar.
Şeyx Useymin (Allah rəhmət etsin) deyir: “Ona görə də sehrin istənilən növü ilə məşğul olanın həddi ölümdür. Çünki, sehri ilə bir çox insanların həyatını korlamışdır. Öldürüldüyü zaman müsəlman olaraq qalır, yoxsa dindən çıxmış olur? Bu rəydə daha doğru olan dinsiz olmasıdır. Yəni kafir olaraq öldürülməsidir. (Bu da İslam dövlətində qazılar tərəfindən həyata keçrilir). İstənilən bir halda öldürülür. Əbu Hureyra (r.a)rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Sehrbazın cəzası qılınc zərbəsidir".
(ət-Tirmizi 1460, əl-Hakim 4/ 360, 8073, əl-Beyhəqi 8/ 136. )
Bəcələ ibn Əbdən rəvayət edir ki: "Ömər (r.a) yazılı surətdə fərman vermişdir ki, hər bir sehrbaz kişi və qadını öldürün. Biz də üçünü öldürdük".(əl-Buxari 6/ 184, ət-Tirmizi 1586, Əhməd 1/ 190, Əbu Davud 3043. )
Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (sa.v)buyurdu: "Uca Allah səmada bir iş üçün əmr verdikdə, mələklər Onun dediklərinə tabe olmaq əlaməti olaraq qanadlarını başları üzərində açarlar. Sanki onlar qayaya çırpılmış zəncir gurultusundan qorxurmuşlar. Onların ürəyindən qorxu getdikdən sonra isə soruşurlar: "Rəbbimiz nə buyurdu?" Onlara: "Haqqı buyurdu. O, hər şeydən Ucadır və Böyükdür". Şeytanlar bu sözləri eşitmək üçün oğrun-oğrun bir-birinin belinə minirlər (Sufyan ibn Uyeynə bunu əlinin barmaqları ilə təsvir etdi) üstdə olan eşitdiyini altındakına çatdırır, o da öz növbəsində altındakına yetirir ki, həmin sözləri kahinə və ya falçıya çatdıra bilsin. Şeytan o, sözü falçıya çatdırmamış axan ulduz onu məhv edir və ya ulduz şeytana çatmamış şeytan sözü falçıya çatdırır və o da bu doğruya yüz yalan əlavə edir. Adamlar da deyirlər ki: "Məgər bizə filan günü belə-belə demədinmi? Bununla da səmadan eşidilən doğru söz insanlarda onlara qarşı inam yaradır".
(əl-Buxari 4701, ət-Tirmizi 3223, İbn Məcə 94, İbn Hibban 36, İbn Cərir 22/ 91, İbn Kəsir 3/ 538, İbn Xuzeymə “Tövhid” s. 144, İbn Əbi Asim 515. )
İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbərin (s.a.v) Ənsardan olan səhabələrindən biri mənə xəbər verdi ki, bir gecə Peyğəmbər (s.a.v) ilə birlikdə otururkən axan ulduz düşdü və ətrafı aydınlaşdırdı. Peyğəmbər (s.a.v) onlara buyurdu: "Cahiliyyə dövründə bunun kimi bir ulduz düşdükdə nə deyirdiniz?" Onlar: "Allah və Onun Rəsulu ən gözəl biləndir. Biz bu gecə böyük bir kimsə doğuldu və böyük bir kimsə öldü deyirdik"- dedilər. Peyğəmbər (s.a.v): "Şübhəsiz ki, bu ulduz heç kəsin ölümü və həyatı üçün atılmaz. Lakin uca və böyük olan Rəbbimiz bir işi hökm etdiyi zaman Hamalətul Arş (Ərşi daşıyan mələklər) təsbih edərlər. Sonra onların ardınca səma əhli təsbih edər. Nəhayət bu təsbih səma və dünya əhlinə çatır. Ərşi daşıyan mələklərdən sonra gələn mələklər onlara: "Rabbimiz nə buyurdu?"- deyə soruşarlar. Onlar da Rəblərinin buyurduğunu xəbər verərlər. Beləcə səmalar əhalisinin bir qismi digərindən xəbər istəyər. Beləcə xəbər dünya səmasına çatır. Bu an cnlər oğrun-oğrun qulaq asaraq bu sözləri oğurlayaraq dostlarına (sehrbazlara, falçılara) çatdırarlar və axan ulduzlarla (mələklər) onları vurarlar. Gətirdikləri (oğurladıqları) şey sabitdir. Lakin onlar bunun üzərinə yalan qarışdırırlar; "Onun hüzurunda izn verdiyi kimsələr istisna olmaqla heç kəsin şəfaəti fayda verməz. Nəhayət ürəklərindən o, müdhiş qorxu çıxınca onlar: ”Rəbbimiz nə buyurdu?”– deyə soruşar və o birilər də: “Haqqı buyurdu! O, (hər şeydən) ucadır, (hər şeydən) böyükdür”– deyə vcavab verərlər". (əs-Səba 23)”.
(Muslim 2224. )
"Biz səmada bürclər yaratdıq, onları baxanlar üçün bəzədik. Onları hər bir məlun şeytandan qoruduq. Lakin (şeytanlardan) kim (mələklərin söhbətinə) xəlvəti qulaq assa, onu odlu bir axan ulduz təqib edər (və üstünə düşüb yandırar)". (əl-Hicr 16-18). Muaviyə ibn Həkəm əs-Suləmi (r.a) rəvayət edir ki, Peyğəmbərdən (s.a.v) soruşdum: "Ya Rəsulullah! Mən müşrik bir kimsə idim. Sonra Allah bizə hidayət verdi. Lakin bizim içərimizdə elə kimsələr var ki, kahinlərin yanına gedirlər". Peyğəmbər (s.a.v): "Kahinlərin yanına getməyin.... (Mən: "Biz təşəum edərdik (bəzi şeyləri uğursuz sayardıq)"- dedim. Peyğəmbər (s.a.v): "Bu hər hansı birinizin qəlbində hiss etdiyi əsli olmayan bir şeydən ibarətdir. Əsla bu əsli olmayan şeylər sizi kəsb edib getdiyiniz işlərdən uzaqlaşdırmasın"- deyə buyurdu”.
(əl-Buxari 5762, Muslim 2228. )
Aişə (r.anha) rəvayət edir ki, mən: "Ya Rəsulullah! Kahinlər bizə bəzi şeyləri söyləyirlər ki, onların dedikləri doğru çıxır". Peyğəmbər (s.a.v): "Bu doğru (sabit) olan kəliməlrdir ki, cinlər oğrun-oğrun qulaq asaraq (bu kəlimələri) oğurlayaraq öz dostlarının (sehrbazların, falçıların, kahinlərin) qulağına sözlərə yüz dənə yalan əlavə edərək pıçıldayarlar (Başqa rəvayətdə: “Toyuğun qaqqıldaması kimi sözləri onların qulağına əyilərək boşaldarlar. Onlar heç bir şey deyillər)"- deyə buyurdu”.
(Muslim 2229. )
Qabisə ibn əl-Mubarək (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: "Cizgilər çəkərək fala baxan, quşun ötməsini uğur və ya uğursuzluq sayan və quşun sağa-sola uçmasından (sağ tərəfə uçarsa xeyir, sol tərəfə uçarsa şər kimi) mənalar çıxarmaq küfrün əlamətidir".
(Əbu Davud 3907)
Tarix: 11.04.2013 / 20:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 662 Bölmə: Maraqlı melumatlar