əl-Qahir - əl-Qahhar – «O, hər şeyə Qahhar olan tək bir Tanrıdır». (ər-Rəd 16). «O, öz qulları üzərində Qahir olandır». (əl-Ənam 18). «…Hər şeyə Qadir və Qahhar olan bir Allah?». (Yusuf 39). Həlimi deyir ki: «Qahir – qullarının işlərini dilədiyi şəkildə düzüb-qoşan, idarə edən, onların üzərində hakimi mütləq olandır. Qahhar – isə heç bir şəkildə məğlub edilməyən və üstün gəlinməyəndir».
Xattabi (Allah rəhmət etsin) deyir ki: «Qahir – canlılar arasında həddini aşanları əzab ilə digər bütün məxluqatı isə ölümlə yox edəndir». Mülkün, güc və qüvvətin, yüksəkliyin tamamı tək və qahhar olan Allaha aiddir. Ondan başqa hər şey məğlub və acizdir. Bütün hər şeyin ziddi, ortağı vardır. Yalnız Onun ziddi və ortağı yoxdur. Allah göy və yer əhlini özünə boyun əydirmişdir. Göy əhlini özünə xidmət etməklə, yer əhlini də Ona ibadət və itaət etməklə boyun əydirmişdir. Zalım və zorbaların belini qıran, üsyankar və həddi aşanların boyunlarını bükən, dünyadakı əməllərinə qovuşmağlarına mane olan Allahdır. Uşaq sahibi olmaq istədiyi halda olmayan, qocalmaq istəmədiyi halda qocalan, güclü və üstün olmaq istədiyi halda zillətdən qurtarmayan, zəngin olmaq istədiyi halda miskinləşən kimsələrin istəklərini Allahın diləməsi ilə həyata keçməməkdədir. Onların iradəsi heç bir zaman Allahın iradəsinin önünə keçməz və onu aşmaz. Allahın istək və iradəsi daima onların istəklərinin üstündədir. Bütün varlılıqlar Allahın diləməsi və hökmü altındadırlar. Onun izzəti altında əzilməyən, sonsuz gücünə boyun əyməyən heç bir şey yoxdur. Varlılıqların dilək və istəkləri Onun diləməsi altındadır. «Allah istəmədikcə siz istəyə bilməzsiniz». (İnsan 30).
Tarix: 05.05.2013 / 14:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 94 Bölmə: Maraqlı melumatlar