Bu məqalədə Rəsulullahın (ona allahin salavati və salami olsun!) ümməti üzərindəki haqlarından danışılır. Bu haqlar aşağadakılardır:
Birinci, Ona tam şəkildə iman etmək və gətirdiyi şəriəti təsdiq etmək:
İkinci, itaətinə tabe olmaq və ona asi olmaqdan çəkinmək:
Üçüncü, Rəsulullaha (Ona Allahın salavatı və salamı olsun!) tebe olmaq, bütün işlərdə ondan örnək götürmək və hidayət yolu ilə getmək:
Dördüncü, Peyğəmbəri (Ona Allahın salavatı və salamı olsun!) ailədən, övladdan, valideyndən və bütün insanlardan çox sevmək:
Beşinci, ona ehtiram və kömək göstərmək:
Altıncı Rəsulullaha (Ona Allahın salavatı və salamı olsun!) salavat gətirmək:
Yeddinci, onun hökmünə baş vurmaq və həmin hökmlə razılaşmaq:
Səkkizinci, onun (Ona Allahın salavatı və salamı olsun!) mövqeyində həddini aşmamaq:
Rəsulullahın (ona allahin salavati və salami olsun!) ümməti üzərindəki haqları
Rəsulullahın (Ona Allahın salavatı və salamı olsun!) öz ümməti üzərində çoxlu haqları vardır. Onlardan bir neçəsi aşağıdakılardır:
Birinci, Ona tam şəkildə iman etmək və gətirdiyi şəriəti təsdiq etməkdir ki, Allah taala bu haqda buyurur: “Allaha, Onun rəsuluna və nazil etdiyimiz Nura iman gətirin! Allah sizin etdiklərinizdən xəbərdardır”. (ət-Təğabun, 8) Digər bir ayədə Uca Rəbbimiz buyurur: “Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə inanan və ümmi (yazıb-oxuma bilməyən) peyğəmbər olan rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!” (əl-Əraf, 158) “Ey iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə iman gətirin ki, sizə Öz mərhəmətindən iki pay versin, sizə getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayandır, rəhm edəndir!” (əl-Hədid, 28) Uca Allah buyurur: “Hər kəs Allaha və Onun Peyğəmbərinə iman gətirməsə, (bilsin ki) Biz kafirlər üçün cəhənnəm odu hazırlamışıq!” (əl-Fəth, 13) Rəsulullah (Ona Allahın salavatı və salamı olsun!) belə buyurur: “Insanlar Allahdan başqa ilah olmadığına dair şəhadət gətirənə, mənə və mənim gətirdiyimə iman edənə qədər onlarla vuruşmaqla əmr olundum”. Müslim rəvayət etmişdir.
Ona (Ona Allahın salavatı və salamı olsun!) iman gətirmək peyğəmbərliyini təsdiq etmək və Allah taalanın onu bütün cinlər və insanlar üçün göndərdiyinə inanmaqdır. Ona olan imanın tam olması üçün gətirdiyi və dediyi hər bir şeyin təsdiq edilməsi zəruridir. Yalnız qəlblə təsdiq etmək, dillə şəhadət gətirmək və gətirdiyi şəriətə əməl etmək vəhdət təşkil etdiyi zaman rəsulullaha (Ona Allahın salavatı və salamı olsun!) olan iman kamildir.
İkinci, itaətinə tabe olmaq və ona asi olmaqdan çəkinməkdir. Ona iman gətirmək və gətirdiklərini təsdiq etmək vacib olduğu kimi, ona iatət etmək də vacibdir. Çünki, bu da onun gətirdiyi şəriətin bir hissəsidir. Allah taala buyurur: “Ey iman gətirənlər! Allaha və Onun Peyğəmbərinə itaət edin, eşitdiyiniz halda, ondan üz döndərməyin!” (əl-Ənfal, 20) Həmçinin, “Peyğəmbər sizə nəyi verirsə, onu götürün, nəyi qadağan edirsə, ondan çəkinin!” (əl-Həşr, 7) Uca Allah buyurur: “Onun əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (ən-Nur, 63) Başqa bir ayədə Allah sübhənahu və taala belə buyurur: “Hər kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da böyük qurtuluşdur. Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun hədlərini aşarsa, onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir”. (ən-Nisə, 13-14)
Əbu Hureyrədən rəvayət olunur ki, rəsulullah (Ona Allahın salavatı və salamı olsun!) belə buyurmuşdur: “Kim mənə itaət etsə, Allaha itaət etmiş olar. Və kim mənə asi olsa, Allaha asi olmuş olar”. Bunu Buxari qeyd etmişdir. Əbu Hureyrə başqa bir hədisdə rəvayət edir ki, rəsulullah (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Ümmətimdən hər kəs Cənnətə daxil olacaq, yalnız üz çevirəndən başqa!” Soruşdular: “Ya rəsulullah, üz çevirən kimdir?” Dedi: “Kim mənə itaət etsə, Cənnətə daxil olar. Və kim mənə asi olsa, üz çevirmiş olar”. Hədis “Səhih Buxari”dədir.
Üçüncü, rəsulullaha (Ona Allahın salavatı və salamı olsun!) tebe olmaq, bütün işlərdə ondan örnək götürmək və hidayət yolu ilə getməkdir. Allah taala buyurur: “De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” (Əli İmran, 31) Digər bir ayədə isə Uca Allah buyurur ki, “Ona tabe olun ki, doğru yol tapasınız!” (əl-Əraf, 158) Onun yolu ilə getmək, sünnətinə sarılmaq və ona qarşı olmaqdan çəkinmək lazımdır. Rəsulullah (Ona Allahın salavatı və salamı olsun!) buyurur ki, “Sünnətimi sevməyən bizdən deyildir”. Hədisi Buxari və Müslim rəvayət etmişlər.
Dördüncü, peyğəmbəri (Ona Allahın salavatı və salamı olsun!) ailədən, övladdan, valideyndən və bütün insanlardan çox sevməkdir. Bu barədə Allah taala buyurur: “De: "Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənklər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin! Allah fasiqləri doğru yola yönəltməz!” (ət-Tövbə, 24) Ənəs deyir ki, peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “Atasından, övladından və bütün insanlardan əziz olmadığım kimsə iman etmiş sayılmaz”. Buxari və müslim rəvayət etmişlər.
Bir hədisdə bildirilir ki, onu sevməyin mükafatı onunla Cənnətə bir yerdə olmaqdır. Belə ki, Bir kişi rəsulullahdan (Ona Allahın salavatı və salamı olsun!) Qiyamət haqda soruşduqda, ona dedi: “Onun üçün nəsə hazırlamısan?” Kişi cavab verdi: “Ya rəsulullah, onun üçün çoxlu namaz, oruc və sədəqə hazırlamamışam. Lakin, mən Allah və rəsulunu sevirəm”. Rəsulullah (Ona Allahın salavatı və salamı olsun!) dedi: “Onda sevdiyinlə birgə olacaqsan”. Buxari və Müslim rəvayət etmişlər.
Ömər bin əl-Xəttab (Allah ondan razı olsun!) “Ya rəsulullah, sən mənə özümdən başqa hər şeydən əzizsən” – dediyi zaman, rəsulullah (Ona Allahın salavatı və salamı olsun!) ona buyurdu: “Yox, canım əlində olana and olsun ki, mən sənə sənin özündən də əziz olmalıyam”. Bundan sonra Ömər dedi: “Vallahi, indi sən mənə mənim özümdən də əzizsən!” Rəsulullah (Ona Allahın salavatı və salamı olsun!) ona dedi: “İndimi, ey Ömər?” Hədisi Buxari rəvayət etmişdir.
Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurur ki, “Kimdə bu üç şey varsa, onda imanın şirinliyi də var: “Allah və rəsulu ona digərlərindən daha əziz olar, bir kəsi yalnız Allah üçün sevər və oda atılmaq istmədiyi kimi, Allah onu küfrdən xilas etdikdən sonra yenidən küfrə qayıtmağı istəməz”. Hədisi Buxari və Müslim rəvayət etmişlər.
Heç şübhə yoxdur ki, Allahın iman şirinliyini dadmağı nəsib etdiyi kəslər, onun peyğəmbərinə (Ona Allahın salavatı və salamı olsun!) itaət etməkdən də həzz alar və izzət və cəlal sahibi olan Allaha üçün bütün çətinliklərə də qatlanarlar. Həmin şəxs Məhəmmədin (Ona Allahın salavatı və salamı olsun!) şəriətinə uyğun olmayan yollarla getməz. Çünki, onun bir peyğəmbər olduğuna razıdır və onu peyğəmbər kimi sevmişdir. Onu sidq ürəklə sevən, ona itaət də edər.
Onu sevməyin əlamətləri bolluqda və sıxıntıda, çətinlikdə və rahatlıqda onu örnək etmək, sünnətinə tabe olmaq, əmrlərinə riayət etmək, qadağalarından çəkinmək və onun tərbiyəsi ilə tərbiyələnməklə təcəlli edir. Əlbətdə ki, kimsə bir şeyi sevsə, onun görünən tərəfi də olar. Rəsulullahı (Ona Allahın salavatı və salamı olsun!) sevməyin nişanəsi olmasa, deməli həqiqi sevgi yoxdur və bu yalnız iddiadır.
Onu sevməyin əlamətlərindən biri də nəsihətdir. Rəsulullah (Ona Allahın salavatı və salamı olsun!) “Din nəsihətdir” – buyurduğu zaman ondan soruşdular: “Kimin üçün?” Buyurdu: “Allah üçün, Onun kitabı üçün, peyğəmbəri üçün, müsəlman imamlar üçün və bütün müsəlmanlar üçün!” Hədisi müslim rəvayət etmişdir. Allahın elçisi üçün olan nəsihət onun peyğəmbərliyini təsdiq, əmrlərinə itaət, qadağalarından çəkinmək, ona dəstək olmaq, diri və ölü olarkən onu qorumaq, sünnətini dirçəltmək, ona uyğun əməllərə sahib olmaq, onu öyrənib öyrətmək, ona atılan pislikləri dəf etmək, onu yaymaq və əxlaqı ilə tərbiyələnməklə mümkündür.
Beşinci, ona ehtiram və köməkdir ki, Allah taala bu haqda buyurur: “Allaha və Onun Rəsuluna iman gətirəsiniz, Ona yardım edəsiniz, onu böyük sayıb ehtiramını saxlayasınız!” (əl-Fəth, 9) Həmçinin, “Ey iman gətirənlər! Allahdan və Peyğəmbərindən önə keçməyin. Allahdan qorxun. Həqiqətən, Allah eşidəndir, biləndir!” (əl-Hucurat, 1) Başqa bir ayədə Allah taala buyurur: “Peyğəmbəri çağırmağı öz aranızda bir-birinizi çağırmağınızla eyni tutmayın!” (ən-Nur, 63) Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) sağ olarkən olduğu kimi, ölümündən sonra da ona hörmət edilməli, dəstək olunmalıdır. Bu isə onun hədislərini xatırlamaq, sünnətini öyrənmək və yaşatmaq, həyatını oxumaq və onun yoluna dəvət etməklə gerçəkləşə bilər.
Altıncı, rəsulullaha (Ona Allahın salavatı və salamı olsun!) salavat gətirməkdir ki, Allah taala bu barədə buyurur: “Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib layiqincə salamlayın!” (əl-Əhzab, 56) Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurur ki, “Kim mənə bir salam göndərsə, Allah ona on qatını göndərər!” Hədisi müslim rəvayət etmişdir. Başqa bir hədisdə peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) belə buyurur: “Evlərinizi qəbirlərə çevirməyin! Qəbrimi məbədə çevirməyin! Mənə salam göndərin! Harada olmağınızdan asılı olmayaraq salamınız mənə çatır”. Əbu Davud və Əhməd rəvayət etmişlər. Həmçinin, Allah rəsulu (Ona Allahın salavatı və salamı olsun!) buyurur ki, “Xatırlandığım zaman mənə salam göndərməyən paxıldır”. Hədisi Tirmizi və Əhməd rəvayət etmişlər. Həmçinin, rəsulullah (Ona Allahın salavatı və salamı olsun!) buyurur ki, “Yanında xatırlandığım zaman mənə salam göndərməyənin burnu ovulsun!” Bu hədisi də Tirmizi və Əhməd rəvayət etmişlər.
Rəsulullaha (Ona Allahın salavatı və salamı olsun!) salam göndərməyin vaxtları:
Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun!) bir çox məqamlarda salam göndərmək olar. İmam İbn Qeyyim (Allah ona rəhmət eləsin!) “Cəlaul əfhəm fis-salət və vas-sələmi alə xeyril ənəm” adlı kitabında qırx bir məqam qeyd etmişdir. Onlardan:
Məscidə daxil olarkən, Məsciddən çıxarkən, əzandan sonra, iqamə vaxtı, dua edərkən, namazda təşəhhüd deyərkən, cənazə namazında, səhər və axşam, Cümə günü, camaat dağılışmamışdan əvvəl, xütbədə, adını yazarkən, bayram namazlarında təkbirlər arasında, Qunut duasının axırında, Səfa və Mərva üzərində, qəbrinin yanında olarkən, qəm-kədər və sıxıntı anında və bağışlanma diləyərkən, günahdan uzaqlaşmaq istədikdə və sair məqamlarda Ona salam göndərmək müstəhəbdir. Əgər peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun!) salavat göndərməyin fəziləti haqda yalnız aşağıdakı bu hədis varid olsaydı, yenə də kifayət edərdi. Belə ki, Allah rəsulu buyurur ki, “Kim mənə bir salavat göndərsə, Allah ona on qatını göndərər. Və onun on xətası silinər, dərəcəsi on qat yüksələr”. Hədisi Nəsai və Əhməd rəvayət etmişlər.
Yeddinci, onun hökmünə baş vurmaq və həmin hökmlə razılaşmaqdır ki, Allah taala bu haqda buyurur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır”. (ən-Nisə, 59) Digər bir ayədə “Amma, xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, iman gətirmiş olmazlar”. (ən-Nisə, 65) Onun sünnətini və şəriətini hakim təyin etmək ölümündən sonra vacibdir.
Səkkizinci, onun (Ona Allahın salavatı və salamı olsun!) mövqeyində həddini aşmamaqdır. Çünki, o, Allahın qulu və elçisi idi. O, peyğəmbərlərin ən fəzilətlisi, əvvəkilərin və sonuncuların ağası, Mahmud məqamının və Cənnət hovuzunun sahibi idi. Bunlara baxmayaraq, o yenə də bəşər övladı idi və nə özünə, nə də başqasına bir zərər və ya xeyir vermək iqtidarında deyildi. Allah taala buyurur: “De: "Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabe oluram”. (əl-Ənam, 50) “De: "Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı ancaq qorxudan və müjdələyənəm!” (əl-Əraf, 188) Digər bir ayədə isə Uca Rəbbimiz buyurur: “De: "Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm! De: "Məni Allahdan heç kəs qurtara bilməz və mən də Ondan başqa heç bir sığınacaq tapa bilmərəm”. (əl-Cinn, 21-22)
Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) başqa peyğəmbərlər kimi artıq ölmüşdür. Lakin onun dini Qiyamətə kimi qalacaqdır. Allah taala buyurur ki, “Şübhəsiz, sən də öləcəksən, onlar da öləcək”. (əz-Zumər, 30) Buradan da aydın olur ki, Allahdan başqa ibadətə layiq olan heç kim yoxdur. O, təkdir, şəriki yoxdur. “De: "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!” (əl-Ənam, 162-163) Peyğəmbərimiz olan Məhəmmədə, onun ailəsinə və bütün səhabələrinə Allahın salavatı və salamı olsun!
Tarix: 18.04.2013 / 15:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 381 Bölmə: Maraqlı melumatlar