Bugün pis hesab edilən bəzi əməllərin keçmiş millətlərin bir qismində təqdirlə qarşılandığı bildirilir. Səthi anlayış və qavrayış səbəbiylə insanların yaxşı və pisin müəyyən edilməsində ortaq fikrə gələ bilmədikləri də məlumdur.Əxlaq insanın sadəcə davranışlarını deyil, davranışlarını istiqamətləndirən hisslərini və daxili dünyasını tərbiyə etməyi hədəfə alır. Onun yeyib-içməyi, oturuş-duruşu və geyimi ilə maraqlanır. Əxlaq insanın davranışlarına istiqamət göstərən qəlbin tərbiyə edilməsini də əhəmiyyətli hesab edir. Ona sevgi, yaxşılıq, mərhəmət, və şəfqət hisslərini mənimsədərək yaxşını, doğrunu və gözəli öyrədir. Uzaqlaşmadığı təqdirdə fəlakətə gətirib çıxaracaq zərərli və təhlükəli hiss və davranışlara işarə edir.
Təcrübə göstərir ki, dini təlimlərə etinasız yanaşan və Allaha inanmayanlar arasında da əxlaqlı insanlara tez-tez rast gəlinir. Çox vaxt onların formal əqidələri ilə həqiqi davranışları arasında uyğunsuzluqlar meydana çıxır. Bəzi adamlar isə özlərini dindar hesab edərək dinə etiqad bəsləsələr də, eyni zamanda qatı materialistlər kimi davranırlar. Bunun əksi də mümkündür; bir çox materialistlər başqalarının xoşbəxtliyi uğrunda məşəqqətlər çəkməyə və mübarizə aparmağa hazırdırlar. Əqidə və real həqiqətlərdəki bu cür uyğunsuzluqlardan ən qərəzsiz və obyektiv mütəfəkkirləri belə maraqlandıran dolaşıqlıqlar meydana çıxır.
Əqidəmiz davranışımızı heç də müəyyənləşdirmir. Davranışımız yalnız idrakımızla şərtlənmir. O, bitkin fəlsəfi, və ya siyasi əqidəmizin deyil, daha çox uşaq ikən aldığımız təhsil və tərbiyənin nəticəsidir. Əgər insanı böyüklərə hörmət etmək, verdiyi sözün üstündə durmaq, adamlar haqqında onların əməllərinə görə mühakimə yürütmək, yaxınları sevmək və onlara kömək etmək, ikiüzlülüyə nifrət etmək, sadə və ləyaqətli insan olmaq ruhunda tərbiyə etmişlərsə formal surətdə izlədiyi siyasi və fəlsəfi baxışlarından asılı olmayaraq, o insanın şəxsiyyəti də həmin cür olacaqdır. Bu mənada əxlaq dinə borcludur. Təlim insanlar arasındakı münasibətlərə müəyyən dini baxışları ötürsə də, bu əxlaqın əxz edildiyi dinin özünü ötürmür. Belə olduqda dindən kənarlaşma ilə əxlaqdan imtina etmə arasında bir addımlıq məsafə qalır. Çoxları bu addımı atmayaraq dindən kənarda qalsalar da, dindən əxz edilən əxlaqdan əl çəkmirlər. Beləliklə yuxarıda qeyd etdiyimiz kimi, əxlaqlı ateistlər və əxlaqsız dindarlar meydana çıxır.
“Dinsiz əxlaq ola bilərmi?” sualı çox güman ki, mübahisəli mövzu olaraq qalacaqdır. Çünki bunu nə təcrübədə yoxlamaq, nə də hər hansı bir tarixi hadisəylə əsaslandırmaq mümkündür. Qeyd etmək lazımdır ki, tarixdə Allahsız cəmiyyət heç bir vaxt olmamışdır. Bugün də elə bir ölkə yoxdur ki, orada cəmiyyət ateizm və dinə nifrət ruhunda tərbiyə olunsun; ona görə də “əxlaq dindən kənarda mövcud ola bilərmi?” sualına dəqiq cavab yoxdur. Belə ki, bir cəmiyyət özünü ətrafdakılardan nə qədər təcrid etsə də, zaman və mühitdən kənarda qala bilməz. Keçmişimiz gah orada, gah da burada təzahür etməklə bu günümüzdə yaşayır. Dindən tam xəbərsizlik ruhunda tərbiyə almış insanların davranışı qanunları, aralarındakı münasibətlər və s. dini cəmiyyətlərdə və hətta ateist ideyaların üstün təsiri altında yaşayan adamlarda müşahidə edilən vəziyyətdən fərqlənəcəkdir. Bir çox dinsiz insanlar ateist cəmiyyətin əsil görüş və qaydaları ilə tanış olsaydılar, yəqin ki, heyrətlənərdilər. Əxlaqlı ateistlər var, əxlaqlı ateizm isə mövcud deyildir. Dinsiz insanın əxlaqı dindən - köhnə, unudulmuş dindən qaynaqlanır; hələ bu din insanın özünə ətrafdakılara, ədəbiyyata, incəsənətə və s. təsir göstərməkdədir. Günəş batsa da gecə istidir. Ocağın odu sönsə də otaq soyumamışdır. Kömür keçmiş əsrlərdəki proseslərin nəticəsi olduğu kimi, əxlaq da keçmişdən gələn dindir. Bəşəriyyət min ildən artıqdır ki, dinin təsiri altında yaşayır. Din həyatın bütün sahələrinə - əxlaq, əqidə, qanun və hətta dilə də təsir göstərir. Buna görə də “tamamilə ateist nəsil yaratmaq olarmı?” sualına: “belə nəsli tam təcrid olunma şəraitində yaratmaq ehtimalı ola bilər” cavabı verilə bilər. Belə ki, həmin nəslə mənsub insanlar İncil, Tövrat, Quran, hər hansı dini ədəbiyyat haqqında heç nə bilməməli, bəşər cəmiyyətinin bəhrəsi adlanan hər bir şeydən tamamilə xəbərsiz şəkildə tərbiyə edilməlidirlər.
Formal olaraq dinsiz və ya hətta ateist hesab edilən nəsil dini savadsızlıq ruhunda deyil, dinə müxalifət ruhunda tərbiyə edilmişdir. O, Allah xatirinə sevgi, qardaşlıq və bərabərlik kimi prinsipləri qəbul etməsə də, onları rədd edə də bilmir, heç olmasa onları elmin xatirinə qoruyur. Buna görə də müasir dünya ateist mədəniyyətin mümkünlüyünün isbatı üçün dəlil ola bilməz. Əslində müasir mədəniyyət dinin və onun etik prinsiplərinin nəzərə çarpmaz və daimi təsiri altında inkişaf edir. Yəni, yeni nəsil sadəcə ideologiyaya sahibdir; təlim və əxlaqi prinsiplər isə qədimdir. İnsanda başlıca dəyərin əxlaq (ideoloji və siyasi yox) olduğu qəbul edilərsə, deyə bilərik ki, müasir dünya keçmişin insanları və müasirliyin ideyaları ilə qurulmuşdur.
“Dindən kənarda əxlaq mümkündürmü?” sualını bu cür qoymaq da olar: “Dində Allah xatirinə yerinə yetirilməsi buyurulan əməlləri insanın insan xatirinə yerinə yetirməsi mümkündürmü?”
Materialistlər etika haqda söhbət gedəndə bu müddəaya həvəslə müraciət edirlər; baxmayaraq ki, o qeyri-ardıcıllıq və unutqanlıq nümunəsidir. Bu müddəaya görə, Allah qorxusu deyil, insanın vicdanı onun xeyirxah davranışlarını şərtləndirir. Ateist mövqedən çıxış edən bir filosof deyirdi: “Ateizm insan və onun əxlaqının yüksəlişi deməkdir. Əgər mən azad insan kimi, kənardan heç bir əmr olmadan öz daxilimdən gələn və mənə oğurluq etməməyi, adam öldürməməyi, buyuran bir səs eşidirəmsə və həmin səsi hər hansı sosial və ya ilahi prinsiplərdən əxz etməklə deyil, daxilən duyuramsa burada insanın heç bir mənəvi tənəzzülü baş vermir”. Bütün bunların müqabilində bu sualları verməmək olmur: Məfhumların başa düşülməsində kim yanılır? Məgər şüur və vicdan material aləmin hissələridirmi? Məgər Allaha yox, insana etiqad bəsləmək dinin aşağı səviyyəli forması deyilmi? Marks deyirdi ki, insanın mücərrəd insaniyyətinə inam bəslənilməsi, heç də mütləq dinilikdən az olan bir xülya deyildir. Bu, Allah yoxdursa insan da yoxdur müddəasına uyğundur. Marks qeyd edirdi ki, insan, humanizmə, vicdana və s.-yə yönəlməklə din ilə böyür-böyürə gedən idealizm deməkdir.
Yunan filosofu Epikür dünyanın mənşəyinin izahında materialist idi, ancaq etikaya özünəməxsusluqla yanaşırdı. Epikür xoşbəxtliyi kefdə və ləzzətdə görürdü, ancaq özü düşüncə aramlığından ləzzət axtarmağı məsləhət görürdü. O, mənəvi ləzzəti maddidən daha çox sevirdi. Buradan məlum olur ki, Epikürün fəlsəfəsində kifayət qədər ziddiyyətli məqamlar var idi və onun materialist təlimi ilə mənəvi dəyərlərin ilkinliyi ideyası arasında əlaqə yox idi. Materializm onsuz da son nəticədə etikanı inkar etməli idi.
Fikrimizcə, bütün bunlardan iki nəticə çıxarmaq mümkündür: Əvvəla əxlaq bir prinsip kimi dindən kənarda mövcud deyildir. İkincisi əxlaq ateizmə əsaslana bilməz və ateizm əxlaq prinsiplərini qoruyub saxlamaq gücünə malik deyildir. Ateizm eqoist, qeyri-əxlaqi və mənəviyyatla səsləşməyən bu ideyaların hücumu qarşısında tamamilə köməksizdir. Belə ki, pornoqrafiya və seksual azadlıq şəklində “yeni əxlaq” dalğalarının qarşısı sosialist ölkələrin hüdudları daxilində güc və senzura vasitəsilə, yəni süni surətdə alınırdı. Heç bir əxlaqi qayda mənəviyyata zidd olan bu dalğanı təqdir etmir, onun xeyrinə irəli sürülən dəlillər isə müəyyən dövrlərdə azad və açıq tənqid olmadığı üçün qalmışdır. Əslində, keçmişdən miras qalmış köhnə əxlaqi normalar insanların şüurunda hələ də yaşayır. Bütün bunlardan belə nəticə hasil olur ki, əxlaq dinin ayrılmaz parçasıdır.
Sonda mövzumuzu əxlaqın qayəsi haqqındakı fikirlərimizlə bitirmək istərdik. İnsan aşkar və gizli tərəfləriylə mükəmməl bir varlıq olmaqla yanaşı qiymətsiz bir sənət əsəridir. Həmişə belə qalmaq və Yaradanın ondan gözlədiyi vəzifələri ifa edə bilməsi üçün müəyyən zəmində yaşamaq məcburiyyətindədir. Maddi və mənəvi cəhətdən faydalı olması bədən və ruhun sağlamlığından asılıdır. İnsanın bədən və ruhi sağlamlığıyla bərabər ağlının, inanclarının düşüncəsinin və meyllərinin də tarazlıq içərisində olması vacibdir. Xəstə olmadan əvvəl sağlamlıq qaydalarına riayət etməsi, zərərli şeylərdən uzaqlaşması, xəstələndiyi zaman müalicə olunması maddi cəhətdən çox əhəmiyyətlidir. Düşüncə və inanc sisteminin sağlam qala bilməsi üçün yerdəki və göydəki varlıqlar ilə öz vücudundakı əsrarəngiz sistem haqqında təfəkkür etməsi, bütün bunları ona bağışlayan yaradanın sonsuz qüdrətini görüb Ona boyun əyməsi onun insan olmasının bir gərəyidir. Ruhi sağlamlığını qoruya bilməsi, hisslərini və meyllərini tərbiyə edə bilməsi üçün normal bir həyat sürməklə yanaşı, Yaradan ilə əlaqəsini üzməməsi də vacibdir. Əxlaqın qayəsi insanın bu əhəmiyyətli münasibətləri qoparmadan davam etdirməsini, dünyada əmin-amanlıq və rahatlıq içərisində yaşayaraq sonsuz həyatı əldə etməsini təmin etməkdir.
Qeyd: Məqaləni yazarkən Əliya İzzətbeqoviçin fikirlərindən istifadə olunmuşdur.
Tarix: 21.11.2012 / 14:01 Müəllif: [Ram] Baxılıb: 1786 Bölmə: Maraqlı melumatlar