Ey müsəlman!
Sənin milyonların Allahın razı qaldığı yerlərə xərclənmirsə, axirətdə sənə heç bir fayda verməyəcək. Vallahi bütün mal –dövlət, oğul-uşaq hamısı məhv olub gedir. Bu dünyada hər bir şey fanidir. Amma sənə Qiyamət günü fayda verən isə sənin dünyada ikən etdiyin yaxşı əməllərin olacaq. Dünyaya aldanıb, Axirəti unutmamaq üçün ölümün şiddətini, qəbrin zülmətini və tənhalığını, Qiyamətin dəhşətini və Allah qarşısında sorğu – sual üçün duracağını fikirləş.
İnsanın ruhu bədənindən ayrılıqdan sonra dünya ilə onun əlaqələri kəsilir. Artıq insan qəbir mənzilinə yola düşür. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Buxarinin rəvayət etdiyi bir hədisdə buyurur.
“İnsanlar cənazəni qəbrə basdırmaq üçün aparanda cənazə danışır. Onun səsini insan və cindən başqa hamı eşidir .Əgər ölən insan salehlərdəndirsə belə deyir: ”Məni basdırılacağım qəbrə tez çatdırın”. Yox, əgər bu insan pis əməl sahiblərindəndirsə, özünü qəsd edərək belə deyər: “Vay olsun onun halına! onu hara aparırsınız”. Cənazənin bu səsini insandan başqa hamı eşidir”. (Buxari)
Ey müsəlman!
Qəbir səni dünyadan Axirətə keçmək üçün bir qapıdır və bu qapının nə vaxtsa sənin də üzünə açılacağını unutma. Bir gün bu dünyaya gəldiyin kimi, bir gün də bu dünyadan gedəcəksən və qəbr sənin üçün əməllərinin müqabilində ya Cənnət bağçalarından bir bağça, ya da Cəhənnəm quyularından bir quyu olacaq. Unutma ki, Allahın insanlara vəd etdiyi günə, Qiyamət gününə kimi orada qalacaqsan.
Ey müsəlman!
Yəqin ki, Allahın bizə vəd etdiyi gün, Qiyamət günü səndən gizli deyil. Bu Allahın insanlara verdiyi bir vəddir ki, Allah heç vaxt öz vədinə xilaf çıxmaz. O böyük gündə Allah İsrafilə surun çalmasını əmr edəcək və qəbirlərdə olan insanlar sorğu–sual üçün qəbirlərindən çıxarılacaqlar. Allah Təalə buyurur:
“Sur ikinci dəfə üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar.” (Yasin, 51)
Allah bütün insanları və heyvanları öz ruhlarına qovuşduracaq və bu zaman insan qəbrindən çıxanda ətrafına baxıb görəcək ki, göylər parça-parça olub, ayağının altında yer silkələnir, böyük dağlar didilmiş yun kimi olub, ulduzlar tökülür, dənizlər qaynayır və insan bütün bu dəhşətləri görüb sərxoş hala düşəcəkdir. Allah Təalə Qiyamət gününü Qurani Kərimdə belə vəsf edir.
“Günəş sarınacağı zaman, ulduzlar soluxub sönəcəyi zaman, dağlar hərəkətə gətirilə¬cəyi zaman, boğaz dəvələr başlı-başına qala¬caq¬ları zaman, vəhşi heyvanlar bir yerə toplanı¬lacağı zaman, dənizlər alovlanacağı za¬man, hər kəs öz tayına qo¬vuş¬durulacağı zaman, diri-diri torpağa basdırıl¬mış qız uşağı soruşulacağı za¬man –hansı günaha görə öldü¬rül¬müş¬dür; səhifələr açılacağı zaman, göy qopardılacağı zaman, Cəhənnəm alovlandırı¬la¬cağı za¬man və Cənnət möminlərə ya¬xınlaşdı¬rılacağı zaman hər kəs bu gün üçün özünə nə tə¬darük etdiyini bilə¬cəkdir.” (ət-Təkvir, 1-14)
O gün insan qəbirdən çıxanda insanların ah-nəaləsi, fəryad səslərini eşidəcək. Kimlərsə deyəcək:
“Vay halımıza! Bizi yatdığımız yer¬dən kim qaldırdı? Bu, ər-Rəh¬manın vəd etdiyi qiyamətdir. Elçilər doğru deyirlərmiş”. (Yasin, 52)
Ey müsəlman!
İnsan o gün qəbrindən çıxanda özünə fayda vermək üçün öz yaxınlarına, tanışlarına, atasına, anasına, qadın öz ərinə, valideyn öz övladına müraciət edəcək. Ana deyəcək: ”Ey övladım! Səni bir müddət qarnımda daşıdım, əziyyətlərə dözdüm, sənin üçün gecələri oyaq qaldım, səni böyütmək üçün hər bir əziyyətə qatlaşdım. Bunların müqabilində heç olmasa mənə bir savab ver ki, onunla Allahın hüzuruna gedim”.
O gün insanların bütün yaxınları, oğul-uşağı, qardaşı-bacısı, ata-anası və bütün əzizləri onu əli boş geri qaytarıb deyəcəklər: “Məndən uzaq ol. Mənim səndən buna daha çox ehtiyacım var”. Allah Təalə bu yerdə buyurur:
“O gün insan öz qarda¬şından, anasından, atasından, arvadından və övladla¬rından qaçacaq! O gün onlardan hər biri¬nin yetə¬rincə işi olacaq¬dır.” (Əbəsə, 34-37)
Ey müsəlman!
O günün dəhşətindən analar öz südəmər körpələrini atacaqlar. Amma dünyada ikən o körpəsi üçün hər şeyini qurban verərdi. Allah Təalə buyurur:
“Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, o Saatın sarsıntısı müdhiş bir şey olacaqdır. Onu görəcəyiniz gün hər bir əmzikli körpəsi olan qadın əmizdirdiyini unudacaq, hər bir hamilə qadın bətnindəkini salacaqdır. İnsanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Allahın əzabı hədsiz şiddətlidir.” (əl-Həcc, 1-2)
O gün insan ağlayaraq sağa-sola çevrilib, ətrafına baxacaq və bədənləri çılpaq, ayaqları yalın və O günün dəhşətindən saçları ağarmış insanları görəcək. Allah Təalə bu barədə buyurur:
“Əgər küfr etsəniz, uşaqların saçlarının ağaracağı gündən necə yaxa qurtaracaqsınız? O gün göy parçalanacaq. Allahın vədi mütləq yerinə yetəcəkdir.” (əl-Müzzəmmil, 17-18)
Ey müsəlman!
O gün günahkarların gözləri zəlilcəsinə yerə dikilərək qorxudan az qala ürəkləri ağızlarına gələcək və onları gətirib bir yerə toplayacaqlar. Günəş də bir milə qədər onların başları üzərində olacaqdır. Sonra isə sorğu-sual başlayacaq. İnsanlar o gün adbaad çağırılacaq. Filankəs oğlu filankəs haradadır? Filankəs qızı filankəs haradadır? Bunu eşidəndə insanın əl-qolu əsəcək, az qalacaq ki, dizi üstə yerə çöksün.
Cəlil olan Allah Təalə belə buyuracaq: ”Aparın qulumu Cəhənnəmə”
Ey müsəlman!
Heç o an barəsində fikirləşdinmi? Allah Təalə buyurur:
«O gün ki, hər kəs etdiyi yaxşı və pis əməlləri qarşı¬sında hazır görəcək, özü ilə pis əməl¬lə-rinin arasında çox bö¬yük mə¬safə olmasını arzulaya¬caq¬dır. Allah sizi Özündən çə¬kin¬dirir. Allah qulla¬rına Şəfqət¬¬lidir”. » (Ali-Imran, 30)
Ey müsəlman!
O gün bütün günahlarını, valideynlərinə asi olmağını xatırlayacaqsan. O an ki, anan, atan sənə iş buyurdu: Dedin “yox”. Hamısını Qiyamət günü xatırlayacaqsan və o zaman insan günahları ilə özü arasında uzaq bir məsafə olmasını arzulayacaq. Ey insan! Həmin gün suallara cavab vermək üçün bu gün dünyada ikən nəfsini hesaba çək. Allah Təalə buyurur:
“Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır.” (əl-Həşr, 18)
Tarix: 10.04.2013 / 21:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 378 Bölmə: Maraqlı melumatlar