Hər yeni ilin gəlişi zamanı dünyanın əksər xalqları kimi, bizim də istifadə etdiyimiz miladi təqvim öz mahiyyətini ortaya qoyur. Hamımız yeni ilin hansı hadisə şərəfinə keçirildiyini və "bizim era" anlayışının hansı hadisədən qaynaqlandığını bir daha xatırlayırıq. Bəli, bu gün dünya əhalisinin böyük əksəriyyəti Həzrəti İsa Peyğəmbərin (ə) doğum gününü qeyd edir. Elə bu bayram ərəfəsində həmin mühüm hadisənin bəzi incəlikləri və tarixi şərhi barədə bir qədər məlumat verməyi məqsədəuyğun sayırıq.
Hər il Milad bayramı ərəfəsində dünyanın bir çox iri rəsədxanalarında Vifleym ulduzu barədə mübahisələr qızışır. Məsələ bundadır ki, istər xristian dini ədəbiyyatında, istərsə də İntibah dövrü incəsənətində Həzrəti İsanın (ə) doğumu "Vifleym ulduzunun parlaması" adlı hadisə ilə əlaqələndirilir. Problemə elmi yöndən yanaşan astronomlar bir suala cavab tapmağa çalışırlar: Vifleym ulduzu haqqında əfsanənin əsasında hər hansı real astronomik hadisə dururmu? Bu problem həll olunsa, başqa əsas məsələ - İsa Məsihin (ə) dəqiq doğum tarixi də həll olunmuş olar.
Bu sirli ulduz xristianlığın ana qaynaqlarından sayılan dörd İncilin yalnız birində -Matfey İncilində xatırlanır:
"İsa çar İrodun hakimiyyəti dövrundə Vifleymdə doğulduğu vaxt, Yerusəlimə şərqdən kahinlər gəlib dedilər: "Doğulmuş Yəhudi Padşahı haradadır? Biz şərqdə onun ulduzunu görub, ona təzim etmək üçün gəlmişik". Çar İrod bunu eşidib narahat oldu, baş ruhaniləri və xalq kitabçılarını (Tövrat katiblərini) çağırıb soruşdu: "Məsih harada doğulmalıdır?" Cavab verdilər: "Yəhudi Vifleymində. Çünki peyğəmbərlərdən biri yazır ki, ey Vifleym, sən yəhudi vilayətlərinin heç birindən əskik deyilsən. Səndə bir rəhbər doğulacaq ki, Bəni-İsraili xilas edəcək". Onda İrod kahinləri gizlində çağırıb ulduzun görünmə vaxtını onlardan öyrəndi və onları Vifleymə yollayıb dedi: "Gedin, körpəni səylə axtarın. Tapanda mənə də xəbər verin ki, gedib ona təzim edim". Kahinlər çarı dinləyib getdilər. Onların şərqdə gördükləri ulduz başları üstündə irəlidə gedərək yol göstərirdi. Nəhayət, ulduz körpənin olduğu yerin üstündə dayandı. Dayanmış ulduzu görən kahinlər çox sevindilər. Həmin yerə daxil olub, körpəni anası Məryəmlə birlikdə gördülər. Ona təzim edib, qızıl, buxur (ətirli tüstüsü olan bitki) və ətirdən hədiyyələr verdilər. Yuxuda İrodun yanına qayıtmamaq əmri alan kahinlər başqa yolla öz ölkələrinə qayıtdılar" (Matfey İncili, II, 1-12).
Vifleym (Bəni-Ləhm) şəhəri bu gün də mövcuddur və Yerusəlimdən azacıq cənubda yerləşir. Bibliyaya görə, Vifleym - gözlənilən xilaskar Məsihin vətənidir (Mixeyin kitabı, V, 1). Həmçinin, Bibliyada deyilir ki, Məsihin doğulması ulduzlar vasitəsilə xəbər verilməlidir ("Rəqəmlər kitabı", XXIV, 17).
Vifleym ulduzunun tarixi kökünü tapmaq üçün, miladi təqvimin qəbul edilmə hadisəsinə nəzər salmaq lazımdır. Miladi təqvim, başqa sözlə bizim era, Məsihin doğuluşundan hesablanır. Bu təqvim 533-cü ildə Kiçik Dionisiy adlı Roma monaxının təşəbbüsü ilə qəbul edilmişdir. Həmin ildə Kiçik Dionisiy zaman hesabında yeni qayda təklif etmiş, birinci il kimi İsanın doğulduğu ili götürüb, bundan əvvəlki tarixləri əksinə - mənfi hesabatla göstərmişdi. Dionisiy öz hesabatında bir-birinə zidd olan çoxlu ədəbiyyatdan istifadə etmişdi. Buna görə də, miladın və era başlanğıcının təyinində uyğunsuzluqların olması gözlənilən idi.
Kiçik Dionisiyə qədər Romada başqa təqvim sistemindən istifadə olunurdu - hesabatı "Romanın yaradılması"ndan aparırdılar. "Məsihin miladı" təqviminə keçərkən, köhnə tarixləri də yenidən hesablayıb, təzə təqvimə daxil etmək lazım gəldi. Bax, burada Dionisiy iki ciddi səhv buraxdı. Əvvəla, o, eramızın birinci ili ilə eramızdan əvvəlki birinci il arasında zəruri olan "sıfırıncı il"i tətbiq etmədi. Beləliklə, təqvimdə eraların görüşdüyü yerdə bir il "itdi". İndi astronomik hesabatlarda eramızdan əvvəlki birinci ili "sıfırıncı il" adlandırırlar. E.ə. 2-ci il - "mənfi 1-ci il", eramızdan əvvəl 3-cü il - "mənfi 2-ci il" adlanır.
Dionisiy Roma tarixində hər imperatorun hakimiyyət dövrünə düşən illəri hesablayırdı. İmperator Avqustun hakimiyyət illərini hesablayarkən, Dionisiy ikinci səhvə yol verdi: Avqustun dövrunu e.ə. 27 - e.ə. 14-cü illər üzrə qeyd etdi. Halbuki, Avqust Romanı dörd il qabaqdan - e.ə. 31-ci ildən idarə edirdi. Lakin o zaman imperator "Oktavian" adını daşıyırdı. E.ə. 31-ci ildə Oktavian, Misirdə Aksi döyüşündə rəqibləri Antoni və VII Kleopatranı məğlub edərək, faktiki olaraq hakimiyyəti ələ keçirmiş, bu səbəbdən Misirdən qayıtdıqdan sonra senat ona "Avqust" (Müqəddəs) adını vermişdi.
Bu hesabla, VI əsrdən tətbiq olunan miladi təqvim 5 illik səhvə malikdir. Demək, İsanın (ə) mövludu zamanı parlamış Vifleym ulduzu barədə xəbərləri də eramızın 1-ci ilində yox, təxminən e.ə. 5-ci ilin əhatəsində axtarmaq lazımdır. Axı bütün İncillərdə deyildiyi kimi, İsa (ə) İrodun çarlığı dövründə doğulmuşdur. Tarixçi İosif Flaviy yazır ki, İrod İsanın (ə) doğulmasından və Ay tutulmasından bir qədər sonra, Pasxa bayramı ərəfəsində ölmüşdü. Təyin edilmişdir ki, Ay tutulması e.ə. 4-cü il martın 13-də baş vermiş, Pasxa da həmin il aprelin 11-də başlamışdı. Tarixçilər də İrodun ölüm tarixi kimi, e.ə. 4-cü ili qeyd edirlər. Deməli, İsa Peyğəmbər (ə) e.ə. 4-cü il mart ayının 13-dən gec olmayaraq doğulmuşdur.
Luka İncilində oxuyuruq ki, Məryəm İsaya (ə) hamilə olduğu zaman "qeysər Avqust əhalini qeydi1yyatdan keçirmək haqqında fərman verdi. Bu, Kvirinyin Suriyadakı hakimiyyəti dövründə keçirilmiş ilk qeydiyyat idi. Hər kəs öz şəhərində qeyd olunmaq üçün getdi. Qalileyli, əslən Nazaret şəhərindən olan İosif də Davudun şəhərinə - Yəhudi Vifleyminə getdi" (Luka İncili, II, 1-4).
Roma əyalətlərndə əhali qeydiyyatı mütəmadi olaraq, vergi yığımını qaydaya salmaq məqsədilə keçirilirdi. II Dünya Müharibəsi illərində indiki Türkiyə ərazisində tapılmış bir əlyazmada Avqustun qeydiyyat barədə bir neçə fərmanının tarixi və siyahısı yazılmışdır. Bunlardan İsanın (ə) mövluduna ən yaxın olanı - e.ə. 8-ci ilə aid idi. Böyük imperiya ərazisi boyunca rabitə əlaqəsi və nəqliyyat o zamanlar primitiv olduğu üçün, qeydiyyat bəzən bir, hətta iki il uzanırdı. Beləlikə, İncildə qeyd olunan əhalinin qeydiyyatı üçün ən əlverişli mümkün interval kimi e.ə. 7, 6 və 5-ci illəri əhatə edən üçillik müddəti götürmək lazımdır.
Bəs, hansı real astronomik hadisəni Vifleym ulduzu ilə eyniləşdirmək mümkündür? Burada bir neçə fərziyyə meydana çıxır: şarşəkilli ildırım, meteor uçuşu, komet, Günəş sisteminin 2 və ya 3 planetinin yaxınlaşması və nəhayət, yeni ulduz partlayışı. Ulduzun səmada bir neçə dəfə görünərək, kahinlərdən öndə gedib, onlara yol göstərməsi həmin hadisənin meteor və şarşəkilli ildırım kimi tezkeçici təzahürlərlə izahını rədd edir. Belə çıxır ki, Vifleym ulduzu adı altında ya komet, ya planet yaxınlaşması, ya da yeni ulduz partlayışı hadisələri başa düşülür. Son dövrlərdə, xüsusilə, son iki onillikdə tədqiqatlar bu üç fərziyyə ətrafında aparılmışdır.
Vifleym ulduzunu komet kimi təqdim edənlərin fikrincə, bu, məşhur Halley kometidir. Halley kometi Yeri hər 76 ildən bir "ziyarət edir". Onun planetimizə yaxınlaşması e.ə. 240, e.ə. 164, e.ə. 77 və e.ə. 12-ci illərə təsadüf etmişdi. Göstərilən hadisələrin hər biri qədim Çin mənbələrində təsvir olunur. Halley kometi e.ə. 12-ci ildə avqustun sonundan noyabrın əvvəlinə qədər görünmüşdür. Lakin bunu Vifleym ulduzu ilə eyniləşdirmək olmaz; milad üçün e.ə. 12-ci il həddən artıq tezdir.
Şeffild Universitetinin fiziki, doktor Devid Hyuqsun 1976-cı ildə nəşr etdirdiyi məqalədə isə, Günəş sistemi planetlərinin sıx yaxınlaşması fərziyyəsinə üstünlük verilir. Bir çox hallarda həqiqətən planet yaxınlaşması effektiv mənzərəyə çevrilir. Belə ki, 1603-cü il dekabrın 17-də astronom İohann Kepler gecə səmasında bir-birinə son dərəcə yaxınlaşaraq demək olar ki, birləşmiş Yupiter və Saturnun parlaqlığından vəcdə gəlmişdi. Keplerin fikrincə, İncildə də elə buna bənzər hadisə təsvir edilib. Düzdür, Kepler bu fərziyyəni irəli sürən ilk şəxs deyildir. XIX əsrin ortalarında tarixçi Q. Lyuard Vuster monastırının salnamələrini öyrənərkən, 1285-ci ilin sonuna aid olan belə bir yazıya rast gəlmişdi: "Bu il Saturn və Yupiter Dolça bürcündə ikən bir-birinə hədsiz yaxınlaşdılar. Məsihin mövludundan bu yana belə bir hadisə baş verməyib, münəccimlərin təsdiqinə görə, bundan sonra da uzun müddət baş verməyəcək".
Ümumilikdə, eramızdan əvvəlki iki onillikdə bir neçə planet yaxınlaşması faktı qeydə alınmışdır. E.ə. 8-ci ilin əvvəlində üç planet - Mars, Yupiter və Saturn, e.ə. 3-cü il avqustun 12-də və e.ə. 2-ci il iyunun 17-də Venera və Yupiter (2 dəfə) yaxınlaşmışdır. Bu hadisələrin hər biri kifayət qədər effektli olsa da, qəbul etdiyimiz zaman intervalının (e.ə. 7 - e.ə. 5-ci illər) xaricindədir.
Lakin hələ XIX əsr astronomlarırın izinə düşdükləri bir səma hadisəsi göstərilən intervala uyğundur. Həmin hadisə e.ə. 7-ci ildə Balıqlar bürcündə Yupiterlə Saturnun üçdəfəli yaxınlaşmasıdır. Yupiter və Saturnun Günəş ətrafında dövr etmə müddətləri uyğun olaraq 12 və 29 ilə bərabərdir. Hər 20 ildən bir onlar bir-birlərinə yaxınlaşırlar. Hər 120 ildə bir dəfə isə Yupiterlə Saturnun böyük, yaxud üçdəfəli yaxınlaşması baş verir: cəmi yarım illik müddət ərzində planetlər üç dəfə yaxınlaşırlar. E.ə. 7-ci ildə də 29 may, 29 sentyabr və 4 dekabr tarixlərində bu hadisə baş vermişdir. 1976-cı ildə gərgin hesabatlardan sonra doktor D. Hyuqs Vifleym ulduzunun parlama "ssenarisi"ni təqdim etmişdir:
Nəinki tək-tək insanların, hətta bütöv ölkə və xalqların taleyini planetlərin hərəkəti ilə bağlayan astrologiya elmində hər ulduzun özünəməxsus yeri və "vəzifəsi" vardır. Qədimlərdə Yupiter hökmdarların planeti hesab edilirdi. Qədim yəhudi astrologiyasında Saturn İsrail xalqının himayədarı kimi tanınırdı. Bu zaman Saturnun Balıqlar bürcündən keçdiyi müddəti daha uğurlu sayırdılar. Assuriya mədəniyyətinə aid gil lövhəciklərin üzərindəki yazılardan aydın olduğu kimi, qədim astroloqlar Yupiterlə Saturnun üçdəfəli yaxınlaşmasını qabaqcadan bilirdilər. Babillilər bu hadisəni yəhudi padşahının doğulmasına və yeni eranın başlanmasına siqnal kimi şərh edə bilərdilər. Beləliklə, e.ə. 7-ci il mayın 29-da Babildə Yupiter və Saturnun birinci yaxınlaşması müşahidə olunan kimi, kahinlər çoxdan gözlənilən hadisənin baş verdiyinə inanaraq Bibliyada söhbət açılan Vifleymə tərəf üz tuturlar. Səhradan keçən bir neçə yüz kilometrlik yolu ən azı dörd aya qət edən kahinlər Yerusəlimə yaxınlaşarkən, ikinci təzahür (29 sentyabr) baş verir. Onlar bu hadisəni peyğəmbərliyin təsdiqi kimi qiymətləndirirlər. Nəhayət, üçüncü Yupiter-Saturn yaxınlaşması (4 dekabr) kahinlərin İrodla görüşündən sonra baş verərək onlara Vifleymin yolunu göstərin. Müasir hesablamalara görə, Yerusəlimdəki müşahidəçi üçün yaxınlaşan planetlər səmanın şərq hissəsində, demək olar ki, zenitdə yerləşib və bu, Matfey İncilində yazılanlara uyğundur.
Yerusəlimlə Vifleym arasındakı məsafəsi 20 km-dir. Kahinlər Vifleymə çatdıqları vaxt körpə artıq doğulmuşdu. Deməli, İsanın (ə) mövludu tarixini Yupiterlə Saturnun 2-ci və 3-cü yaxınlaşmaları arasında, yəni e.ə. 7-ci ilin oktyabr-noyabr aylarında axtarmaq lazımdır.
Lakin London Universitetinin astoronomları Devid Klark və Con Parkinsonun, habelə, Nyukasl Universitetindən Riçard Stefansonun fikrinə görə, Vifleym ulduzunun bu cür şərhi düzgün deyildir. Onlar e.ə 7-ci ildəki üçdəfəli yaxınlamanın parametrlərini hesablayaraq tapmışlar ki, göstərilən hadisə zamanı Yupiter və Saturn planetləri bir dərəcədən artıq yaxınlaşmamışlar. Bu isə o deməkdir ki, bir dərəcə bucaq fasiləsi şəraitində onların arasında təqribən Ay diametrinin iki misli qədər məsafə görünmüşdür. Çox az ehtimal var ki, qədim astronomlara yaxşı tanış olan iki planet, aralarındakı bu qədər böyük məsafəyfə rəğmən yeni ulduz kimi qəbul edilsin. Ona görə də, Vifleym ulduzunun sirrini Yupiter və Saturn planetlərinin yaxınlaşmasından təqribən il yarım sonra baş vermiş yeni ulduz partlayışında axtarmaq daha düzgündür.
İngilis astronomları Çin və Koreya mənbələrinin məlumatlarını səylə tədqiq edərək aydınlaşdırmışlar ki, bu mənbələrdə əsrin bir rübü müddətində (e.ə. 10 - b.e. 13-cü illəri) yeni ulduz partlayışı əlamətlərinə malik yalnız bircə hadisə qeyd olunmuşdur.
"Xan sülaləsinin tarixi" adlı qədm Çin astronomik traktatında yazılır ki, imperator Çyen Pinin hakimiyyətinin ikinci ilinin ikinci ayında səmanın şərq hissəsində bir ulduz görünərək, 70 gün ərzində müşahidə edilib. Göstərilən tarixi müasir təqvimə çevirsək, e.ə. 5-ci il 10 mart - 7 aprel intervalını alarıq. Salnamədə bu ulduzun hərəkətsiz olduğunun söylənməsi bir daha göstərilən hadisəni komet kimi yox, məhz yeni ulduz partlayışı kimi izah etməyə əsas verir. Yeni ulduz Matfey İncilində yazıldığı kimi, Yerusəlim şəhəri enlik dairəsində Günəşin doğmasından əvvəl səmanın şərq hissəsində görünmüşdür.
Həmçinin, Koreya mənbələrinə əsasən, imperator Vonqun hakimiyyətinin 54-cü ilinin ikinci ayında (e.ə. 5-ci ilin yaz fəslinə uyğundur) Qartal bürcündə qeyri-adi parlaqlığa malik yeni ulduz görünmüşdür.
Beləliklə, müxtəlif ölkələrdəki iki qrup astronom tərəfindən bu hadisə izlənmişdir. Həm Çin, həm də Koreya alimlərinin məlumatları vaxt etibarilə üst-üstə duşərək, İncildəki informasiya ilə də uyğun gəlir.
Yalnız bir sual ortaya çıxır: nə üçün yeni ulduz partlayışı faktı Yaxın Şərq mənbələrində xatırlanmır? Nə üçün kahinlərin Yerusəlimə gəlişinə qədər ulduzla heç kim maraqlanmamışdı? Məsələ bundadır ki, belə faktlarla Yaxın Şərqdə maraqlanmırdılar. İudeya və Suriyada, Babil və Assuriyada yaşayan astronomlar yalnız planetlərin, bəzi ulduz və bürclərin hərəkətini öyrənməklə kifayətlənirdilər. Bu sözlər həmin dövr Avropasına da aiddir. Hətta 1054-cü ildə məşhur Yengəcşəkilli dumanlığı yaradan ulduz partlayışı baş verdikdə nə Avropa, nə də Yaxın Şərq mənbələri bu barədə məlumat vermədi. Yalnız Çin və Koreya salnamələri bu böyük hadisə haqqında informasiyanı qoruyub saxlamışlar.
Beləliklə, Vifleym ulduzu barədə həqiqətə ən uyğun fərziyyə, nəzərimizcə, sonuncudur. Yəni Vifleym ulduzunu e.ə. 5-ci ildə baş vermiş yeni ulduz partlayışı ilə eyniləşdirmək ən doğru və həqiqətə yaxın variantdır. Demək, böyük peyğəmbər, Allahın Ruhu İsa Məsihin (ə) ən doğru milad tarixi e.ə. 5-ci ilin yaz aylarıdır.
Sonda bir daha qeyd edirik ki, bu tarix Matfey İncilində xatırlanan Vifleym ulduzu hadisəsinə əsasən hesablanmışdır. Əgər buradakı Vifleym ulduzu barədə məlumatı şübhə altına qoysaq, Həzrəti İsanın (ə) doğum tarixini yenidən, bu dəfə başqa meyarlar və mənbələr baxımından araşdırmalıyıq.
Tarix: 21.11.2012 / 23:40 Müəllif: [Ram] Baxılıb: 1108 Bölmə: Maraqlı melumatlar