Çinin ən böyük inzibati vilayətlərindən olan Honq-Konqda quş qripi ilə bağlı həyəcan təbili çalınıb. Ötən həftə 3 ev quşunda H5 N1 virusunun aşkar olunması, Çin hökumətinin təxirəsalınmaz tədbirlər həyata keçirməyə vadar edib. Potensial virusun yayılmaması üçün artıq 17 min quşun məhv edildiyi bildirilir.
BBC-nin verdiyi məlumata görə, hökumət 3 həftə ərzində diri quşların idxalı və ixracına qadağa qoyub. Hazırda virusa yoluxmuş 3 quşun bazara hansı fermadan gətirildiyi istiqamətində gücləndirilmiş araşdırmalar aparılır. Quş qripinin mənbəyi aşkar olunacağı təqdirdə karantin işlərinin aparılacağı istisna edilmir. Hökumət rəsmisi yeni qadağanın ölkədəki quş bazarına külli miqdarda ziyan vuracağını etiraf etsə də, bu kimi tədbirlərin yeganə alternativ olduğunu diqqətə çatdırıb.
Xatırladaq ki, 2003-cü ildə dünyanı təşvişə salmış H5 N1 virusu dünya ölkələrində 800-dən çox insanın həyatına son qoyub. Təkcə Honk Konqda yoluxucu ölümcül infeksiyadan 300 nəfər dünyasını dəyişmişdi.
Tarix: 09.01.2015 / 12:03 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Maraqlı Məlumatlar