Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əliş Kərəmli

Əliş Kərəmli və ya Şamaxılı Alis (tam adı: Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvani) — Rus Sovet yazıçısı Sergey Borodinin (1902—1974) "Dmitriy Donskoy" tarixi romanında (1941) əsas personajlarından biri; XIV əsrin sonunda Moskva kremilinin ilk daş divarlarının tikilməsinə rəhbərlik edən şamaxılı memar-inşaatçı kimi təsvir edilir. Lakin elmi-akademik mənbələr tərəfindən real şəxsiyyət olub-olmaması hələlik təsdiqlənməmişdir. Sergey Borodindən xeyli sonra Şamaxılı Alis obrazı Azərbaycan ədəbiyyatında yenidən işlənmiş və ona "Əliş bəy Sübhan oğlu Kərəmli", yaxud qısaca, "Əliş Kərəmli" adı verilmişdir.
Barəsində
Sergey Borodinin 1941-ci ildə yazdığı "Dmitriy Donskoy" tarixi romanında Əliş bəy və onun vətəninə dair qısa məlumatlar yer almışdır.

Əliş Kərəmli mövzusu Azərbaycanda ilk dəfə Oqtay Eldəgəz tərəfindən gündəmə gətirilmişdir.

Azərbaycan yazıçısı Hafiz Mirzə onun haqqında "Moskva Kremlinin memarı Kərəmli" adlı povest yazmışdır. Həmin povest qəzetlərdə və "Son və başlanğıc" adlı kitabında dərc olunmuşdur.

2012-ci ildə Bakıda "Zərdabi" nəşriyyatında Əli Əhmədoğlunun müəllifi olduğu 168 səhifə həcmində "Kreml memarının mükafatı" adlı kitab nəşr olunmuşdur.
Həyatı
Əliş Kərəmli əslən Şamaxıdan olub, XIV əsrdə yaşamışdır. O, 1322-ci ildə elə bu şəhərdə anadan olmuşdur.
Moskvada
Moskvaya getməsi
Əliş Kərəmli Moskvaya böyük Knyazın dəvəti ilə getmişdir. Belə ki, bu məqsədlə 1366-cı ilin sonlarında Moskvanın böyük Knyazının elçiləri – Rusiya sarayından boyar İ. A. Baratinski və Şirvanşahların Moskva Knyazlığındakı səfiri Qafur bəy, Knyazlığın 10 süvarisi ilə yola çıxmışlar. Onlar uzun yolu qət edərək 1367-ci il yanvarın 5-də – şaxtalı bir qış səhərində Şirvanşahların paytaxtı Şamaxıya çatmışlar. Onlar burada ehtiramla qarşılanaraq, sarayın baş darvazasından həyətə daxil olmuşlar. Yüksək səviyyədə qarşılanma mərasimindən sonra, boyar Baratinski Moskvanın böyük Knyazının məktubunun məzmunu ilə Şirvanşah Şeyx İbrahimi bilgiləndirmiş, təcrüməçilik işini isə şahlığın Moskva Knyazlığındakı səfiri Qafur bəy həyata keçirmişdir. Həmin məktubda dünyaca məşhur olan memar-inşaatçı Əliş Kərəmli Moskvanın böyük Knyazı tərəfindən möhtəşəm tikintinin inşasına dəvət olunur. Bu, Dimitri İvanoviçin Şeyx İbrahimə ilk xahiş məktubu olub. Şeyx əvvəlcə sevimli sənətkarını göndərmək istəməsə də, Əliş bəyin razılıq ovqatını və onun şəxsi təhlükəsizliyinə dair Knyazın zəmanətini nəzərə alaraq, bu işə razılıq verir. Şirvanşahdan səfər xeyir-duasını alan ustad sənətkar yol hazırlığına başlayır və 10 yanvar 1367-ci il tarixində rus elçiləri ilə birlikdə Moskvaya yola düşür.

Moskvada 7 seçmə döyüşçü onun mühafizəsinə verilir. O, isə bunların arasından Yeqor Bulıç adlı cəmi bir əsgəri seçir.

Böyük knyazla müqavilə
14 mart 1367-ci il tarixində Əliş bəylə Moskvanın böyük knyazı Dmitri İvanoviç arasında müqavilə bağlanır. Müqaviləyə əsasən, Əliş bəyə öz işində tam sərbəstlik verilirdi. Heç bir kəs onun işlərinə qarışa və hər hansı formada ona təsir göstərə bilməzdi. Bir kimsə özünü ondan üstün tuta bilməsin deyə Dmitri İvanoviç hətta ona boyar titulu və səlahiyyətini də verir.

Müqavilədə istənilən həcmdə maliyyə təminatına söz verilir, böyük knyaz tərəfindən gizli nəzarətlərə, qəfil təftişlərə, maliyyə hesabatlarına yol verilmir; yalnız özü məqsədəuyğun hesab etdiyi vaxt yazılı hesabat təqdim olunacağı bildirilir. Memarın layihəsinə və iş zamanı bu layihəyə hər hansı əlavə və dəyişiklərə də müdaxilə edilmirdi.

Bu müqaviləyə əsasən, istifadə olunacaq işçilərin sayına da məhdudiyyət qoyulmurdu. İşin həcmi, sürəti və keyfiyyəti üçün lazım gəldikdə Əliş bəy istədiyi qədər fəhlə cəlb edə bilərdi. Müqavilədə knyazın yeganə ciddi tələbi inşaat işlərinin 4 il müddətində tam başa çatdırılması idi. Əliş bəy qarşılığında nəinki buna, həm də qalanın fərqli gözəlliyə və min illərcə Moskvanı qoruyacağına, hamının zövqünü oxşayacağına, şəhərin əsas qürür və gözəllik yerinə çevriləcəyinə öz vicdanı üzərinə söz verir. Buna əmin etmək üçün əlini cibindən çıxartdığı kiçik ölçülü "Quran" kitabının üzərinə qoyaraq and da içir.

Əliş Kərəmli təkcə memarlıq işlərini deyil, işlər 1 il tez başa çatsın deyə tikintiyə rəislik işini də öz üzərinə götürür. Onun üçün özünün təklifi ilə yalnız görülmüş işlər tam başa çatdıqdan və hamı tərəfindən gizli səsvermə yolu ilə ən gözəl iş kimi bəyənildikdən sonra zəhmət haqqı ödənilməsi nəzərdə tutuldu. Bu isə Şərq qaydasıyla, tikintiyə sərf olunacaq bütün materialların dəyərinin tən yarısı məbləğində olmalı idi. İş bəyənilməyəcəyi təqdirdə zəhmət haqqı qəbul edilməyəcəkdi. Amma iş başa çatana kimi firavan dolanmaq və ya ailəsinə göndərmək üçün hər ay ona 300 rubl qızıl pul əmək haqqı ayrılır. Onsuz da o, böyük knyazın bacısı evində yaşayacaq, onun hər cür qida və geyim təminatı orada ödəniləcəkdi. Knyazın bacısı əri, voyevoda Bobrokovun etirazına baxmayaraq, bütün məsrəfləri böyük knyaz öz üzərinə götürür.

Tikinti mərhələsi
Moskva qalasının tikintisi əsasən Moskva çayı və onun qolu olan Yauza çayının dörd yandan əhatəyə aldığı adada aparılmalı, orada möhkəm qala divarları ilə əhatələnmiş içərişəhər yaradılmalı idi. Bu qala divarlarının müəyyən hərbi və nəzarət əhəmiyyətli hissələrində isə müxtəlif ölçü və quruluşda qüllələr, bürclər ucaldılacaq, darvazalar tikilicəkdi. Əliş bəy hələlik beş qüllənin və keşikçi bürclərinin, qala divarlarının layihəsini çəkib, böyük knyaza təsdiqlədir. Daha sonra kərpic sobalarının tikintisi üçün yer müəyyənləşdirir. Bu iş memarın vəzifəsi olmasa da, Əliş bəy özü kasıblar yaşayan məhəllələri gəzir, sağlam fəhlələr seçir, onların şərtlərini qəbul edir və öz şərtlərini qoyur. Tikintiyə 1500 nəfər işçi cəlb edilir. Əliş bəy yaxşı işləyənlərə tikinti başa çatdıqdan sonra onların yaşadıqları daxmaların, köşklərin içindəki ləvazimatlarla birgə bağışlanacağına söz vermişdi.

Tikinti işlərinə mart ayının 25-də – rusların "Blaqoveşeniye" bayramı günündə başlanılır. Bu bayram Məryəm ananın Müqəddəs Ruhdan nütflənməsi münasibətilə keçirilirdi. Bayram münasibətlə keçirilən təntənədə müsəlman Əliş bəy də kilsəyə gəlir və şam yandırır. Bu vaxta kimi isə, çoxları, hətta yepiskopların da bəziləri müsəlmanların İsa Məsihi peyğəmbər kimi qəbul etdiklərini bilmirdilər. Tikintinin bünövrəsi qazılarkən Əliş bəy cibindəki "Quran"ı çıxarır və bir kənarda duraraq, "Məryəm surəsi"ni avazla oxumağa başlayır. Bir kimsə onun işlərinə qarışa bilməyəcəyi üçün hətta mitropolit Aleksiy də mane olmaq iddiasında olmur. Beləcə, bir tərəfdə yepiskop yoğun səslə İncildən cümlələr, digər bir tərəfdə isə Əliş bəy avazla "Quran" surəsini oxuyur.

Həmin gün qala divarları üçün qazılmış bünövrəyə yonulmuş iri, qara daşlar yığılır. İlk iş günü bu işləri hamılıqla icra edirlər. Hətta böyük knyazın özü də iş görənlərin arasında olur.

Vəfatı
1371-ci il iyun ayının 22-də içkili vaxtı bir kazak ataman xaincəsinə arxadan qılıncla güclü zərbə endirərək, Əliş bəyin başını bədənindən ayırmışdır. Bu hadisə Moskva-Smolensk yolunun 9-cu kilometrliyində, indiki Volokolamsk yolunun başlanğıcında, soldakı meşə talasında böyük sənətkarımızın qayıtma-vida məclisi zamanı baş vermişdir. Belə bir şərəfsiz qətlin icra olunmasında başlıca məqsəd böyük memarın adını yox etmək və Kremli ucaldan sənətkarı tarixdən silmək olmuşdur. Qəddarcasına qətlə yetirilən Əliş bəy Kərəmlini elə oradaca dəfn edirlər.

Bu ağır itkiyə görə ən çox üzülən böyük knyazın bacısı qızı Anna olur. Onun memara məhəbbəti qarşılıqlı olmasa da, bu itkiyə dözməmiş, saçlarını qırxdıraraq Penza rahibəxanasına yollanmış və ömrünün sonunacan memarın məzarına qulluq etmişdir.

İşləri
Moskvada Kreml;
Təbrizdə mədrəsə binası;
Dəməşqin Bağlar bölgəsindəki məhəllədə ərəb üslublu üç əzəmətli dördmərtəbəli bina;
Dəclə çayı üzərindəki beştağlı Bağdad körpüsü;
Krımdakı Bağçasaray mülkü və fəvvarələr;
Gürcülərin qədim paytaxtı Msxetada (Tiflis yaxınlığı) Knyaz Dodianın sarayı;
Təbrizdə Kərim ağa torcasının (kompleksi);
Şirazda nəhəng 80 otaqlı Karvansara;
Dəbil şəhərindəki Cümə məscidi;
Şamaxıda bugünümüzədək qalıqları duran köhnə, şəhərə giriş körpüsünün və onlarla tikili.


Tarix: 12.02.2015 / 14:03 Müəllif: Feriska Baxılıb: 292 Bölmə: Şirvanşahlar dövləti
loading...