Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirvanda - Mədəniyyət

Xl-XIII əsrlərdə bütün Yaxın Şərqdə olduğu kimi, Şirvanda da poeziya yüksək səviyyəyə çatmışdı. Fars dili ədəbiyyatda, o cümlədən şeirdə üstün yer tutaraq, ərəb dilini, demək olar ki, tamamilə sıxışdırmışdı. Şairlər fars və ərəb dilləri ilə yanaşı türk dildə də əsərlər yazırdılar. XIII əsrin sonlarında şair Həsənoğlu Azərbaycan və fars dilində lirik şeirləri ilə şöhrət qazandı. Həsənoğlunun müasiri, Bakı şairi Nəsirin (XIV əsrin əvvəlləri) bakılıları bir sıra vergilərdən azad edən və şəhərin abadlaşdırılmasına dair fərmanlar verən Məhəmməd Xudabəndə Olcaytuya ithaf olunmuş azərbaycanca müxəmməsi də dövrümüzədək gəlib çatmışdır.

Orta əsrlər Azərbaycan poeziyasının əsas janrları, bütün Yaxın və Orta Şərqdə olduğu kimi qəsidə, qəzəl və rübai idi. Şahları və feodalları mədh edən dəbdəbəli qəsidə Şirvanın saray şairləri arasında dəbdə idi. Mənbələr xəbər verirlər ki, XI əsrin sonlarında Şirvanşah I Fəribürzün sarayında Şirvanşaha ərəb dilində mədhiyyələr yazan şairlər toplaşmışdı. Ərəb şairi əl-Qəzzinin Azərbaycanda və Arranda yazdığı şeirlər burada ərəbdilli poeziyanın ənənəvi janrlarının geniş yayıldığı ədəbi mühitin mövcud olduğunu göstərir. Əl-Qəzzinin Şirvanşah I Fəribürzün xəsisliyinin və digər qüsurlarının məxsərəyə qoyulduğu zərif ədəbi formada yazılmış həcvi dövrümüzə çatmışdır. Ehtimal ki, əl-Qəzzi Şirvanşaha həcv olan qəsidəsini Fəribürz gəlmə şairin mədhiyyələrini dinləmək istəmədikdə Şirvanı tərk edib getdikdən sonra yazmışdır.

XII əsr klassik Azərbaycan poeziyasında lirik janrlarla yanaşı, dahi Azərbaycan şairi Nizami Gəncəvinin qələmindən çıxan gözəl epik əsərlər də yaranmışdı.Nizaminin yaradıcılığının bir hissəsi də Şirvnşahların (I Axsitanın) adı il bağlıdır. XI əsrin əvvəllərindən, Arran və Şirvan da daxil olmaqla, Azərbaycanda fars dilində yazan tam bir nəsil görkəmli saray şairi meydana gəlmişdi.

X əsrin ikinci yarısı – XI əsrin birinci yarısında ilk Azərbaycan sufi şair və filosoflarından biri dövrümüzədək gəlib çatmış ən qədim sufi divanının müəllifi ibn Bakuyə və ya Baba Kuhi təxəllüsləri ilə tanınmış Əbu Abdullah Əli ibn Məhəmməd Şirazi idi.
XII əsrdə Şirvanşahlar III Mənuçöhrün və I Axsitanın sarayında Azərbaycanın farsdilli şeir məktəbi yaranmışdı. Onun başında məlik üş-şüəra (şairlər şahı) Nizaməddin Əbülüla Gəncəvi dururdu. Saray şairi olan Əbülüla Gəncəvi, eyni zamanda, nədimlərin – Şirvanşahın şəxsi müsahiblərinin başçısı idi. Əbülüla gəncəli olub, XI əsrin son rübündə orada doğulub, təhsil almışdı. O, Şirvanın görkəmli şairləri Fələkinin və Xaqaninin müəllimi idi.

Şirvanın digər bir istedadlı şairi İzzəddin Şirvani haqqında məlumat çox azdır. Yalnız onun Əbülüla və Xaqaninin müasiri olub, onlarla görüşdüyü məlumdur. Şeirlərindən bizə gəlib çatan bir yarımçıq qəsidəsi və bir rübaisi onun poeziyasının gözəllik və zərifliyindən xəbər verir.

Şirvan məktəbinin məşhur şairlərindən biri də Əbülülanın tələbəsi Əbu Nizam Məhəmməd Fələki Şirvanidir (1108 — 1145). Fələki Şamaxıda doğulmuşdur. O, dostu Xaqaninin köməyilə Şirvanşahlar sarayına gəlmiş, burada III Mənuçöhrü Şirvanda abadlıq və mədəniyyətin tərəqqisi üçün çox iş görmüş ağıllı hökmdar kimi vəsf edən qəsidələr yazmağa başlamışdır.

XII əsrdə Şirvanşahların saray şairlərinin ən görkəmlisi Əfzələddin İbrahim ibn Əli Xaqani (h.515-595 (1121/2-1199)-ci illər) idi. O, Şamaxı yaxınlığındakı Məlhəm kəndində dülgər Əlinin ailəsində anadan olmuşdur. Xaqani son dərəcə cilalanmış kamil şeir texnikasına, valehedici sənətkarlığa malik şair kimi məşhurdur. Xaqani dövrünün ən təhsilli adamlarından biri olub, ərəb dilini, fəlsəfəni, ilahiyyatı, təbabəti, ədəbiyyatı öyrənmişdi. Ona əmisi – həkim və alim Kafiəddin Ömər təlim-tərbiyə vermişdi. Xaqaninin parlaq poetik istedadı erkən aşkar olmuş və tam şəkildə onu böyük mesenat olan Şirvanşah III Mənuçöhrün saray şairləri sırasına daxil edən müəllimi Əbülüla Gəncəvinin təsiri altında formalaşmışdır. H.552 (1157/8)-ci ildə ziyarətdən qayıdan Xaqani Azərbaycan ədəbiyyatında məsnəvi janrında yazılmış ilk əsər kimi dəyərləndirilən, yeganə poeması "Töhfətül-İraqeyn" əsərini tamamlayır. Xaqaninin yaradıcılığı təkcə Azərbaycan şeirinə deyil, Yaxın Şərqin bütün farsdilli poeziyasına güclü təsir göstərmişdir.

Əsas poetik janr olan qəsidə ilə yanaşı, humanist dünyəvi poeziya da inkişaf edirdi. Onun parlaq nümayəndəsi XII əsrin dahi şairi dünya ədəbiyyatının korifeylərindən biri Nizami Gəncəvi idi. Mənbələrə görə, şair sufi dairələri və əxi təşkilatı ilə əlaqə saxlamışdır. O, ərəb, xüsusilə fars dillərini mükəmməl bilirdi. Nizamidə Axsitan "divan sahibi" kimi xatırlanır; ehtimal ki, şair özünün lirik şeirlər məcmuəsini ona təqdim etmişdir.

Nizami məhəbbət mövzusuna həsr olunmuş üçüncü poeması "Leyli və Məcnun"u fars və ərəb dilləri ilə bəzəməyi xüsusi qeyd edən I Axsitanın sifarişi ilə yazmışdı. Axsitanın bu tələbi Nizaminin fars dili ilə yanaşı Azərbaycan-türk dilində də şeirlər yazdığını ehtimal etməyə imkan verir. Axsitanın Nizamiyə məktubunda aşağıdakı misralar vardır:

در زیور پارسی و تازی
این تازه عروس را طرازی
ترکی صفت وفای ما نیست
ترکانه سخن سزای ما نیست
آن کز نسبِ بلند زاید
او را سخنِ بلند، شاید

Kamal cövhərinin xəzinəsindən,
Gör, kimin sapına inci düzürsən.
Türk dili yaramaz şah nəslimizə,
Əskiklik gətirər türk dili bizə.
Yüksək olmalıdır bizim dilimiz,
Yüksək yaranmışdır bizim nəslimiz.

Nizami poemanı 4 aya yazaraq, onu 1188-ci il sentyabrın 24-də başa çatdırdı. Nizaminin poeması bütün Şərqdə böyük uğur qazanaraq məhşurlaşmışdı. "Leyli və Məcnun" poeması XII əsr romantik Azərbaycan şerinin zirvəsi və məhəbbət haqqında ən möhtəşəm əsərlərdəndir.

Dahi şairlər Nizami və Xaqaninin Azərbaycan xalqının mədəniyyətini, tarixini və həyat tərzini əks etdirən yaradıcılığı XII əsr Azərbaycan ədəbiyyatının ən yüksək zirvəsi, onun "qızıl dövrü"dür. Həmin dövrdə ədəbiyyatın və elmin inkişafı birtərəfli xarakter daşımırdı. Bu, orta əsrlər Azərbaycan cəmiyyətində mədəniyyətin ümumi yüksəlişinin tərkib hissəsi idi.

XV əsrdə yaşamış yəhudi lüğətçi Moisey ben Aaron da Şirvanşahlar dövlətində yaşayıb yaratmışdır.

Bədii sənətkarlıq
Ölkədə bədii mədəniyyətin ümumi yüksəlişi ilə bağlı tətbiqi sənət xeyli inkişaf etmişdi. İncəsənət əsərləri səviyyəsində olan bir sıra bədii sənətkarlıq məmulatı – Şamaxı və Şəkinin ipək parçaları, metal qabları və zərgərlik məmulatı, Beyləqanın gözəl şirli saxsı qabları, Şirvanın bir sıra şəhərlərinin gözəl naxışlı xalçaları və sair incəsənət əşyaları Yaxın Şərq ölkələrinə ixrac edilirdi. Ermitajın zəngin kolleksiyası içərisində tuncdan tökülmüş Şirvan lüləyinin heykəl qrupu diqqəti cəlb edir. Bu nəfis su qabı donqarlı inək və onu əmən buzov təsvirindən ibarətdir. İnəyin belinə sıçrayıb onu parçalayan şir dəstək rolunu oynayır. Qab gümüşlə inkrustasiya edilmiş, üzərində nəbati naxışlar, insan və heyvan fiqurları təsvir olunan haşiyələrlə bəzədilmişdir. İnəyin boynundakı kitabədə yazılır: "Bu inək, buzov və şirin hər üçü bütöv şəkildə tökülmüşdür..." Kitabədə sifarişçinin, sahibinin, habelə nəqqaşın – Əli ibn Məhəmməd ibn Əbdül Qasımın adları çəkilir və h.603 (1206)-cü il məhərrəm ayı tarixi göstərilir. Son dərəcə ifadəli, dinamik və orijinal əsər olan bu heykəlcik onun yaradıcısının yüksək bədii sənətkarlığını göstərir.

Şirvanşahlar sarayında XII əsrə aid edilən təbəqədəki quyuların birində bədii cəhətdən orijinal şəkildə işlənmiş tunc çıraq tapılmışdır. Çıraq bədii tökmə şəklində təsvir olunan süvari, ata hücum edən yırtıcı heyvan, iki öküz başı, pişikkimilər fəsiləsindən on dörd iri vəhşi heyvan başı, iki relyefli insan üzü və digər detallarla bəzədilmişdir. Çırağın uzunluğu 18 sm, hündürlüyü təqribən 8,5 sm-dir. O, əridilmiş mum texnikası əsasında düzəldilmişdir. Bədii sənətkarlıq növlərindən biri də şirli keramikadır. Tədqiqatçılar Beyləqan keramikasının gözəlliyini, bariz ifadə olunmuş özülülüyünü və orijinallığını, habelə, Beyləqan dulusçularının, xüsusilə XI-XIII əsrin birinci rübündə tətbiqi sənət sahəsində yüksək səviyyəyə nail olduqlarını qeyd edirlər. XII əsrin məharətlə işlənmiş relyefli nəbati dairələr fonunda yaşıl zolaqlı boşqab və kasaları, parlaq polixrom naxışları, Beyləqanda işlənib hazırlanmış texniki üsulla manqan şiri üzərində incə və zərif naxışçəkmə həmin dövrdə başqa incəsənət sahələri kimi bədii keramika sənətinin də inkişaf etdiyini göstərir. Bu və ya digər məmulatları istehsal edən karxanalar onlara öz möhürlərini vururdular. Dulusçular bəzi qablarda öz imzalarını gizli şəkildə naxışlarla həkk edirdilər.

Bir sıra şirli keramika məmulatını üzərində lirik xarakterli farsca poetik nümunələr, yaxud ərəbcə xoşbəxtlik arzuları bildirən kitabələr vardır. Sonrakı əsrlərdə şirli eramikanın inkişafına təkrar rast gəlinmir. Şirvan və Arran əhalisinin məişətində geniş yayılmış xalq tətbiqi sənət növlərindən biri də xalçaçılıq idi. Azərbaycanda xalça hələ eramızdan xeyli əvvəl toxunmuşdur. Mingəçevirdəki katakomba qəbirində palaz qalıqları aşkar olunmuşdur. X əsrin anonim əlyazmasında Şirvan və Xursan vilayətlərində (Quba və Bakı şəhəri ilə birlikdə Abşeron da bu zonaya daxil idi) müxtəlif çeşidli məxfuri-xovlu xalçalar, palazlar toxunduğuna dair məlumat verilir. "Əcaib əd-Dünya" adlı XIII əsr mənbəsində müasir Quba rayonu ərazisindəki Abxaz şəhərində zili xalçalar və yaxşı corablar toxunduğu xatırlanır. Quba-Şirvan qrupuna məxsus Şirvan tipli həndəsi naxışlı xovlu xalça dövrümüzədək gəlib çatmışdır. Bu xalça XlII – XIVəsrlərə aid edilir. XV əsrdə Şirvandan və Arrandan Qərbi Avropa ölkələrinə çoxlu miqdarda xalça ixrac olunduğu qeyd edilir.

Memarlıq
Şirvanda şəhərlərin və şəhər mədəniyyətinin inkişafı ilə bağlı memarlıq və şəhərsalma da inkişaf edirdi. Həmin dövrdə Azərbaycanın yüksək memarlıq sənəti, memarlıq formalarının özünəməxsusluğu, bəzək işlərinin zənginliyi yerli memarlığın çoxəsrlik inkişaf və təkmilləşmə dövrünün yekunu idi. IX-XI əsrlərə aid memarlıq abidələrinin cüzi bir hissəsi dövrümüzə çatmışdır. Bu dövrdə daha çox ibadətxanalar, əsasən, hakim islam dini ilə bağlı olan məscidlər tikilirdi.
XI-XIII əsrlər Azərbaycan memarlıq abidələri onun yüksək inkişaf səviyyəsini göstərir və qonşu ölkələrin, Yaxın Şərqin həmhüdud ölkələrinin memarlığından fərqlənən özünəməxsus yerli xüsusiyyətləri ilə səciyyələnir. Onlarda bədii və tikinti ənənələrinin sabitliyi müşahidə olunur. Bu dövrdə Azərbaycan memarlığında dörd istiqamət (memarlıq məktəbi) yaranmışdı. Azərbaycan memarlığının gələcək inkişafında mühüm rol oynamış yerli Naxçıvan-Marağa və Şirvan -Abşeron, Arran və Həmədan-Qəzvin memarlıq məktəblərinin təşəkkül prosesi başa çatmışdı. Memarlıq binalarının daş hörməsinin xarakter və quruluşu ilə müəyyənləşən bədii obrazının bütövlüyü, hörgünün hamar fonunda relyeflə işıq-kölgə effekti yaradan plastik cəhətdən zəngin dekor ünsürlərinin yerləşdirilməsi Şirvan-Abşeron memarlıq məktəbinin xüsusiyyətlərindəndir.

XI-XIII əsrlərdə şəhərsalmanın inkişafı ilə əlaqədar olaraq Azərbaycan memarları ifadəliliyi və gözəlliyi ilə seçilən saraylar qəsrlər, karvansaralar, məscidlər, körpülər və s.tikirdilər. Bakı və Abşeronun memarlıq abidələri tikinti materialına, gözəl yonulmuş sarıya çalan, ağ xırda dənəvər yerli badamdar əhəngdaşına, ciddi və lakonik formalı bədii-memarlıq üslubuna görə Şirvan – Abşeron qrupunda birləşir. XI əsrin ibadətxana tikililərinə Bakının İçərişəhər hissəsindəki Sınıqqala adı ilə tanınan Məhəmməd ibn Əbubəkr məscidi aiddir. Məscid çatma tağlı, mehrabı olan düzbucaqlı otaqdan ibarətdir; məscidin şimal divarındakı ərəbcə kitabədə məscidin "əl-ustad əl-rəis Məhəmməd ibn Əbubəkr tərəfindən "h.471 (1078/9)-ci ildə" tikildiyi xəbər verilir.
Yadelli basqınlar və siyasi şəraitin mürəkkəbliyi müdafiə istehkamlarının inşasını şərtləndirirdi. Abşerondakı bir sıra qalalar və feodal qəsrləri XII-XIII əsrlərə aiddir. Ə. Ə. Ələsgərzadənin fikrincə Şirvanşah I Axsitanın hökmranlığı dövründə h.583 (1187)-cü ildə Mərdəkan kəndində yuxarı hissəsi maşikullar və merlon dişcikləri ilə bəzənmiş divarla dövrələnən və tinlərində yarımbürcləri olan düzbucaqlı həyətin ortasındakı iyirmi iki metrlik prizmaşəkilli möhtəşəm dördkünc qülləli qala tikilmişdir. Onun yaxınlığında h.600 (1204)-cü ildə memar Əbdülməcid ibn Məsud tərəfindən tikilmiş və yerli memarlıq tipinin sabitliyini göstərən başqa bir qala ucalır, onun donjonu yuxarı hissəsi maşikul və merlonlarla bəzədilmiş azacıq nazikləşən daş silindir olub daha zərif formaya malikdir. Şirvan-Abşeron məktəbinin müdafiə tikililərinin memarlığında Bakının İçərişəhər hişsəsində, dənizə doğru dikinə uzanan sahil qayasının çıxıntısı üzərində inşa edilmiş Qız qalası qeyri-adi görkəmilə xüsusi yer tutur. Onun islamaqədərki dövrdə ibadətgah kimi tikildiyi, XII əsrin son rübündə (ehtimal ki, 1175-ci ildə) Şirvanşah I Axsitan Abşeronu və Bakını fortifikasiya istehkamları ilə möhkəmləndirərkən tikintisinin başa çatdırıldığına və dəyişdirilərək müdafiə qalasına çevrildiyinə dair mülahizə irəli sürülmüşdür.
Xaqaninin (XI əsr) Şirvanşah I Axsitan ibn Mənuçöhrü mədh edən məşhur qəsidəsində Xorasanın yenilməz Bestam şəhəri ilə müqayisə edilən Bakının alınmaz qala kimi əhəmiyyəti qeyd olunur. Şeirdə Xaqani Şirvanşah I Axsitanın inşa etdirdiyi qala tikililərinə işarə edir.

XII-XIII əsrin əvvəllərində istedadlı memar və sənətkarların yaşayıb yaratdığı Şirvanda memarlıq inkişaf edirdi. Mənbələrdə Şamaxının yaxınlığındakı XII əsrdən xeyli əvvəl tikilmiş və o vaxtlar inşası başa çatdırılan Gülüstan qalası, Buğurt qalası və bir sıra digər qala və bürclər qeyd olunur. Zəkəriyyə əl-Qəzvini Şirvan vilayətində möhkəmləndirilmiş Buğurt qalasından danışır: "Bu qalada daş təsvirlər və heykəllər var. Onlar çox qədim olduqlarından mənaları aydın deyil. Qalada hökumet evi (dar əl-imarə) var. Onun qapısında yazılmışdır: "Bu evdə on bir otaq var. Lakin buraya girən çox cəhd göstərsə, onlardan (yalnız) onunu görə bilər. On birincinin yerini isə heç kim bilə bilməz, çünki hökmdarın xəzinəsi oradadır".

Şiddətli dağııntıya uğradığından Gülüstan qalasının bütöv qapalı quruluşundan dövrümüzə dağ relyefində pərən-pərən düşmüş, tək-tək bürc və divar bölümləri qalmışdır. Ən monumental bürclər qalaya qalxan cığırın başında, dağılıb aradan getmiş giriş darvazasının yanlarındadır. Onlardan qərbdə isə daha bir yarımdairəvi bürcün qalıqları yüksəlir. Planda düzbucaqlı biçimdə olan bu bürc dağın qərb yamacındadır. Dağın dərəyə baxan alt terrasında da divar uçuqları var. Bütün bu divar və bürc qalıqları vaxtilə dağ belinə qurşaq kimi dolanan möhkəm qala divarları içərisində olmuşdur. Yaxın keçmişdə isə Gülüstan qalasının daha çox tikintisi gözə dəyir və onun memarlığı haqqında daha dolğun təsəvvür yaradırdı.
Şirvanşahlar öz xəzinələrini zəif müdafiə olunan Şamaxıdan uzaqda, əlçatmaz Buğurt qalasında saxlayırdılar. Bu parçada Buğurt qalasını bəzəyən barelyef və daş heykəllər haqqında məlumat diqqətəlayiqdir. Buna bənzər heykəltəraşlıq təsvirləri Şamaxıdakı Gülüstan qalasında, Bayıl buxtasındakı qalada da var idi. Ehtimal ki, bu heykəltəraşlıq təsvirləri, qədim ənənəyə görə, dövlət idarəsinin "dar əl-imarə"nin, yaxud Şirvanşahın iqamətgahının yerləşdiyi qalaları bəzəyirdi. Bayıl qəsrinin adanın biçiminə uyğun uzunsov planı var. Qalanın uzunluğu 180 m, orta eni isə 35 m-dir. Qala divarları şərqdə altı, qərbdə isə beş yarımdairəvi (Bakı qalasındakı kimi) bürclə möhkəmləndirilmişdir.
Bayıl qəsrinin tikintisi siyasi-hərbi baxımdan çox qarşıq bir çağda – monqol yürüşləri bütün Yaxın Şərqi lərzəyə gətirdiyi vaxtda (1234-1235-ci illərdə) başa çatmışdı. Ancaq sahilə yaxın adada tikilən bu möhtəşəm qəsrin ömrü çox qısa olmuşdur. Alimlərin fikrincə, o, 1306-cı ildə baş verən güclü zəlzələ nəticəsində dənizə batmışdır.

Monqol istilasından sonra (təqribən 1239-cu il) Şirvanda XIII əsrin sonlarınadək əhəmiyyətli tikililərə rast gəlinmir ki, bu da ölkənin hərbi əməliyyatlar nəticəsində dağıntıya məruz qaldığını göstərir. Lakin artıq XIV əsrin əvvəllərindən bütün ölkədə yenidən iri müdafiə tikililəri, ibadətgahlar inşa edilməyə başlayır (Nardaran, Ramana qalaları və s.)

Şirvanşahlar dövrü Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biri Şirvanşahların Bakı iqamətgahı olan Şirvanşahlar sarayıdır. Kompleksə Şirvanşahlar sarayı, Divanxana, Kеyqubаd məscidi, Şirvanşahlar türbəsi (1435-1436), Şah məscidi (1441), Seyid Yəhya Bakuvi türbəsi, Murad darvazası (1585), Saray hamamı və Ovdan daxildir.

Şirvanşahlar memarlıq kompleksinin aşağı həyətində yerləşmiş Şirvanşahlar türbəsi ilə Şah məscidi birlikdə, yuxarı həyətin memarlıq kompleksindən fərqlənən, kiçik bir tikinti kompleksi yaratmışdır. Düzbucaqlı prizma formasında olan Şirvanşahlar türbəsinin Şərq fasadı portal (baştağ) kompozisiyası ilə qeyd edilmiş və dekorativ ünsürlərlə bəzədilmişdir. Bu binanın ifadəli görkəm almasına kompozisiya aydınlığı və memarlıq formalarının ciddiliyi səbəb olmuşdur. Türbə tikintisində işıq kölgə ləkələrinə, şaquli memarlıq hissələri ilə üfüqi formalar arasındakı kontrastlığa və ustaların məharətlə yaratdığı daş üstündəki oymalara geniş yer verilmişdir.

Binanın daxili hissəsi çatma günbəzlə nəhayətlənib. Cənub və Şimal tərəflərdə yerləşmiş xidmət otaqları tağtavanla örtülmüşdür. Şimal tərəfdəki otaqda dama apran dolama pilləkənlər yerləşdirilmişdir. Daxili quruluşun əsas hissəsi salona verilmişdir. Salonun divarlarında çatmatağlı dərin taxçalar yerləşdirilmişdir. Salonun üstü itibucaqlı təpəsi olan günbəzlə örtülmüşdür. Bu günbəz kürəvi formalı yelkənlər üzərində yerləşdirilmişdir. Günbəzin daxili səthi zərif dilim hissələrə parçalanmışdır. Salonun Qərb tərəfindəki iki kiçik otaqda türbə əmlakı saxlanırmış. Salonun ciddi üslublu memarlıq görkəmində nəzərə çarpan cəhət interyerlə qamətli günbəzin düzgün nisbətdə tikilməsidir. Günbəz vaxtilə firuzəyi kaşı lövhələrlə örtülü olmuşdur.

Şirvanşahlar saray kompleksinin Şimal-Qərb hissəsində, divarla əhatə edilmiş kvadrat həyətdə Divanxana yerləşir. Həyətin ortasında 1,5 metr hündürlüyündə olan bünövrənin üstündə divanxananın səkkizgüşəli mərkəzi pavilyonu ucaldılmışdır. Bu pavilyonun mərkəzi salonu beş tərəfdən açıq eyvana baxır. Divanxananı təşkil edən xüsusi formalı sütunlar və onların yaratdığı çatmatağlı arka abidənin mərdlik,qüvvət və müdriklik ifadə edən memarlıq obrazını yaratmışdır. Abşeron istehkamları

Heykəltəraşlıq
XII-XIII əsrlərdə Şirvanda dekorativ və plastik sənət xeyli inkişaf etmişdi. Sənətkarların abidələr üzərində qalmış adları bir sıra istedadlı heykəltəraşların olduğunu göstərir. Bakı buxtasında, XIV əsrdə su altında qalmış uzunsov düzbucaqlı formalı qala tipli tikilinin yerində (Bayıl daşları deyilən yerdə) üzərində ərəb əlifbası ilə kitabələr həkk olunmuş səkkiz yüzədək sal daş tapılmışdır. Fars dilindəki bu kitabələr vaxtilə abidənin divarlarını yuxarıdan dövrələyən frizdə yerləşdirilmişdir. Salların kitabələrdən boş qalan yerlərində qabarıq şəkildə müxtəlif heyvan, əfsanəvi varlıq, bəzilərində tac olan insan başları təsvir olunmuşdur. Bu qabartmaların bir çoxu böyük sənətkarlıqla, realist səpkidə işlənmiş, bu və ya digər heyvana məxsus hərəkətlər düzgün təcəssüm etdirilmişdir. Ehtimal ki, daha erkən dövrə aid olan natural ölçülü iki at barelyefinin parçaları diqqəti cəlb edir. Bir neçə daşda memar Zeynəddin ibn Əbu Rəşidin, nəqqaş Rəşidin adları çəkilir, abidənin h.632 (1234/5)-ci ildə tikildiyi göstərilir.

Zəkəriyyə əl-Qəzvininin 1275-ci ildə yazdığına görə Şirvanşahın Şamaxı yaxınlığındakı Buğurt qalasındakı iqamətgahının divarlarında insan heykəl təsvirləri var idi. XIV əsrin ikinci yarısının müəllifi Arif Ərdəbili xəbər verir ki, Şirvanşah Axsitan (XII əsr) Şamaxı yaxınlığında dağda daş hasarla dövrələnmiş əlçatmaz Gülüstan qalasını tikdirmişdi. Qalanın yuxarı hissəsində daşdan yonulmuş çox gözəl qabarıq insan üzləri təsvir olunmuşdur. XVII əsrdə Şamaxıda olmuş səyyah Adam Oleari qala divarında daşdan yonulmuş insan üzləri gördüyünü yazırdı. Görünür, bu nadir bəzək abidələri Şirvan-Abşeron memarlıq məktəbində islamaqədərki qədim yerli ənənələr əsasında yaradılırdı.

X əsr ərəb müəllifləri Dərbənddə şirlərin və insanların daş heykəl təsvirlərinin mövcudluğunu qeyd etmişlər. Şirvanın bir sıra rayonlarında qoyun və at şəklində başdaşılarına, habelə üzərində məişət, ov və ziyafət səhnələrinin və i.a. barelyef formasında təsvir edildiyi daş sallara təsadüf olunur. İslam dininin insanın və heyvanların təsvirini qadağan etməsinə baxmayaraq, Azərbaycanda təsviri sənətin bu növü aradan çıxmamışdı. IX-XIII əsrlərə aid freskalar və boyakarlıq əsərləri dövrümüzədək gəlib çatmışdır. Mənbələrin verdiyi məlumatlar bu dövrdə təsviri sənətin mövcud olduğunu göstərir. Müqəddəsi (X əsr) xəbər verir ki, Muğandan bir mərhələ aralı quş və heyvan rəsmləri çəkilmiş əl-Həsrə adlı böyük bir qala var.
Nəqqaşlıq və miniatür sənəti
XII-XIII əsrlərdə memarlıq abidələrində dekorativ sənətkarlıq yüksək inkişaf səviyyəsinə çatdı. Həndəsi və nəbati ornamentlə yanaşı, "çiçəklənən kufi", yaxud nəsx xətləri ilə məharətlə hörülmüş kitabələr yaradılırdı. Pirsaatçay xanəgahı məscidinin cənub divarındakı mehrab, habelə onun hər iki tərəfindəki kiçik həcmli panno gəc üzərində bədii oyma ilə bəzədilmişdi. Mehrabın düzbucaqlı və pannoların səthi "çiçəklənən kufi" kitabələrlə və nəbati naxışlarla örtülmüş, üzərinə xırda rəngarəng kaşılar səpələnmişdir. Pirhüseynin türbəsinin və qəbirdaşının kaşı bəzəyi xüsusilə böyük bədii dəyərə malikdir. Zərnaxışla örtülmüş kaşı lövhələri kobalt və yaşılı füruzəyi rəngli naxışlarla bəzədilmişdir. V.A.Kraçkovskayanın fikrincə, kaşılar Kaşan şəhərində hazırlanmışdır.

Azərbaycan təsviri sənəti ilk nümunələri XIII əsrin əvvəllərinə aid edilən miniatür rəssamlığında da təcəssüm etmişdir. Bu incəsənət növünün sonrakı inkişafı XIII əsrin sonu – XIV əsr miniatürlərində nəzərə çarpır.

Azərbaycanda əlyazması kitabı, bütün müsəlman Şərqində olduğu kimi, tam bir sıra sənətkarın əməyi ilə yaradılan əsl bədii sənət əsəri idi. Əlyazma kitabının kağızı xüsusi üsulla hazırlanır və cilalanırdı. Sonra mahir xəttatlar hüsnxətlə əlyazmasının mətnini köçürürdülər. Ən qədim xətt kufi xətti idi. Sonralar nəsx, süls və s. xətlər yarandı. Kitabın yaradılmasında gözəl xətlə yazan xəttatların rolu xüsusilə böyük idi. Xəttatın adı, adətən, əlyazmasının kolofonunda göstərilirdi. Yazı texnikasının bədii keyfiyyətləri uzunmüddətli təcrübə sayəsində əldə edilirdi. Mətn köçürüldükdən sonra əlyazması illüstrasiya üçün ayrılmış yerlər və ayrı-ayrı səhifələr üzərində işləyən miniatürçü rəssama verilirdi. Kitabın bəzədilməsində müzəhhiblər, naxış ustaları da işləyirdilər. Əlyazma kitabı üzərində son işi cildçilər görürdülər. Onlar kitaba dəridən basmanaxışlı, yaxud lak boyalı üz çəkirdilər.

Teymurilər sülaləsinin Min sülaləsi ilə ticari əlaqələrə girməsindən sonra Çindən keyfiyyətli kağızlar gətirilməyə başlandı, həmin dövrdə Şirvanşahlar dövlətində də əlyazma sənəti inkişaf etmişdi. Belə ki, Kamal Xocəndinin "Divan"ı 1468-ci ilin oktyabrda Fərrux Yasarın saray rəssamı Şərəf əl-Din Hüseyn Sultani tərəfindən Şamaxıda yenidən qələmə alınmış, 1468-ci ildəki bir divan kitabının girişində isə Fərrux Yasarın özü rəsm edilmişdir. Əlyazmaların hər ikisi Britaniya Kitabxanasında saxlanılır.


Tarix: 12.02.2015 / 13:55 Müəllif: Feriska Baxılıb: 647 Bölmə: Şirvanşahlar dövləti
loading...