Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

I Fərrux Yasar

Fəaliyyəti
Siyasi vəziyyət
I Fərrux Yasar çox qarışıq siyasi proseslərin baş verdiyi dövrdə hakimiyyətdə olmuşdur. Qaraqoyunlu dövləti 1468-ci ildə Uzun Həsən tərəfindən büsbütün darmadağın edildikdən sonra onun yerində Ağqoyunlu dövləti bərqərar oldu. Uzun Həsən Cənubi Azərbaycanı və Qarabağı tutdu, Təbriz Ağqoyunlu dövlətinin paytaxtı oldu. Uzun Həsənin hərbi uğurları və onun qonşuluğunda olan Şirvana hücum etmək təhlükəsi atası Xəlilüllahın ölümündən sonra h.869 (1465)-cü ildə taxta çıxmış Fərrux Yasarı Uzun Həsənə münasibətini, ata və babasının Teymurilərə arxalanmaq mövqeyini dəyişdirməyə məcbur etdi.
Fateh Sultan Mehmedlə münasibətlər
Fərrux Yasar hakimiyyətinin ilk illərində diplomatik münasibətlər yaratmaq məqsədilə bir sıra ölkələrə elçilər göndərdi. Şirvanşah atası Xəlilüllah kimi, h.857 (1453)-ci ildə Konstantinopolu tutmuş və Bizans imperiyasını dağıtmış qüdrətli türk sultanı II Mehmet Fatehlə (1451- 1481) ittifaq bağlamağa çalışırdı.

1465-ci ildən azacıq sonra Fərrux Yasar öz elçisi "Xələf əl-üməra və-1-əkabir" (əmir və əyan-əşrafların müavini) Ziyaəddin Yusif bəyi qiymətli hədiyyələrlə İstanbula göndərmişdi. Şirvanşahın şəxsi taciri (ustadan xasse humayun) Şirvan taciri Xacə Yar Əhməd Şirvanidən 2 qızıl külçəsi almışdı. Şirvanşah sultana özünə zireh sifariş etmək üçün yuxarıda adı çəkilən tacirdən alınmış 7400 dirhəm (23 kq 680 q.) qızıl və gümüş göndərmişdi.

III İvanla münasibətlər
Mənbələrin məlumatına görə 1465-ci ildə Şirvanşah Fərrux Yasarın elçisi Həsən bəy Moskvaya gəlmişdir. 1466-cı ildə çar III İvan buna cavab olaraq Vasili Papinin başçılığı altında Şirvanşaha qiymətli hədiyyələrlə birlikdə Şirvana səfarət göndərmişdi. Səfarətin məqsədi ticarətlə yanaşı, Moskva dövləti ilə Şirvan arasında Qızıl Ordaya qarşı ittifaq yaratmaq idi.

Teymuri Əbu Səidlə münasibətlər
Hakimiyyətinin lap əvvəlində Fərrux Yasar Teymuri sultanı Əbu Səidlə toqquşmalı oldu. Əbu Səid h.873 (1468)-cü ildə Uzun Həsənlə mübarizə aparmaq məqsədilə Heratdan çıxıb Qarabağa gəldi. Sonra o, Şirvanşahdan yardım almaq ümidilə Muğan, Mahmudabad və Qızılağaca, Xəzər dənizi sahillərinə keçib getdi. Fərrux Yasar əvvəlcə Əbu Səidə kömək göstərərək, onun düşərgəsinə dəniz yolu ilə ərzaq göndərirdi. Lakin Uzun Həsənin hədələrindən qorxuya düşən Şirvanşah qəflətən Əbu Səidə yardım göstərməkdən və onunla ittifaqdan imtina edərək Uzun Həsənə qoşuldu. Ağqoyunlu hökmdarı başda olmaqla, Şirvanşah Fərrux Yasar və Ərdəbil hakimi, Cüneydin oğlu Şeyx Heydər Səfəvidən ibarət güclü ittifaq yarandı.

Ağqoyunlu dövləti tərəfindən Şirvanşahlar dövlətinin müstəqilliyinə təminat verildi. Uzun Həsən Əbu Səidin düşərgəsinə gedən bütün böyük yolları və keçidləri kəsdi. Düşərgədə aclıq başladı. Teymuri qoşunlarındakı atlar yemsiz qalaraq, Muğan düzündəki zəhərli otları yeyib kütləvi surətdə qırılmağa başladılar. Uzun Həsən Ərdəbilin seyidi Şeyx Heydəri Əbu Səidin yanına elçi göndərdi. O, geri qayıdıb Xorasan qoşunlarının həqiqətən ağır vəziyyətdə olduğunu təsdiq etdi və Uzun Həsəni sultanla sülh bağlamaq fıkrindən daşındırdı. Onda Uzun Həsən Əbu Səidin sülh bağlamaq üçün gəlmiş adamlarını geri qaytardı. Onlar sultanın ordugahına qayıdıb, məlumat verməyə macal tapmamış Uzun Həsənin və onun müttəfıqlərinin saysız-hesabsız qoşunu göründü. Əbu Səidin əmirlərinin bir qismi öz istehkamlarını tərk edib düşmənin tərəfinə keçdi. H.873-cü il rəcəb ayının 16-da (31 yanvar 1468-ci il) günorta Əbu Səidin qoşunları məğlubiyyətə uğradı, özü isə qaçdı. Uzun Həsənin iki oğlu onu təqib edərək yaxaladı və atalarının qərargahına gətirdi. Müttəfıqlərin müşavirələrində Şirvan əmirləri və qazıları bundan əvvəl onlarla söhbətdə Şirvanşahı xəyanətdə və Teymuri qoşunlarının məhv olmasında təqsirləndirdiyi üçün Əbu Səidin edam olunmasını təkidlə tələb edirdilər. Azərbaycanın bütövlüyünü qoruyub saxlamaq və Əbu Səidin yenidən hücum edə bilməməsi üçün onun edam olunması qərara alındı. Rəcəb ayının 20-də sultan Əbu Səid "əzablı ölüm Şərbətini içdi".

Uzun Həsənlə münasibətlər
Uzun Həsən Şirvanşahla və Şeyx Heydərlə müttəfiqlik münasibətlərini ömrünün sonunadək davam etdirdi. Uzun Həsən Şeyx Heydərlə qohum idi, belə ki, Trapezund imperatoru Kalo İohann Komnenin qızı Katerinadan (Dəspinə xatun) doğulmuş qızını Şeyx Heydərə ərə vermişdi. Uzun Həsənin bu qızının adı Həlimə, eləcə də Marta idi. Ona Aləmşah bəyim və Baki ağa da deyirdilər.

Sultan Yaqubla münasibətlər
Uzun Həsən h.883 (1478)-cü ilin ramazan ayında öldükdən sonra Şirvanşahın müttəfıqləri ilə münasibətləri dəyişdi. Uzun Həsənin oğlu və varisi Yaqub bəy (h.883-896 (1478-1490)-cı illər) xarici düşmənlərlə mübarizədə Şirvanşahın dayağı idi. O, Fərrux Yasarın Qaytaq usmisi Adil bəyin bacısından doğulan qızı Gövhər Sultana evlənmişdi. Yaqub bəyin ondan Baysunqur Mirzə və Murad Mirzə, yaxud Sultan Murad adlı iki oğlu olmuşdu. Sonralar onların hər ikisi babaları Şirvanşah Fərrux Yasardan sığınacaq istəmişdilər. Güclənmiş Şeyx Heydər 1483- cü ildə Şirvana yürüş edərkən Yaqub bəy qayınatası Fərrux Yasara hərbi yardım göstərmişdi.

Şeyx Heydərlə münasibətlər
Şirvanda müharibə zamanı həlak olmuş Cüneydin oğlu Şeyx Heydər dayısı Uzun Həsənin köməyi sayəsində müridlər və sufilər üzərində nüfuzunu gücləndirmiş və mövqeyini möhkəmləndirmişdi. Şeyx Heydər də atası kimi Şirvanı tutmağa çalışırdı. O, Şirvanşahdan Cüneydin ölümünün qisasını almaq istəyərək "kafir" çərkəzlər əleyhinə mübarizə bəhanəsi ilə 10000 süvari qoşun topladı və sultan Yaqubdan Fərrux Yasara məktub gətirməklə ondan Şirvan torpaqlarına daxil olan Dərbənddən keçərək, Dağıstana, çərkəzlər ölkəsinə getmək üçün icazə alıb yürüşə yollandı, oranı talan edərək çoxlu əsir götürdü və təntənə ilə Ərdəbilə qayıtdı. H.892 (1487)-ci ildə çərkəzlər üzərinə ikinci dəfə basqın edən Şeyx Heydər 6000 nəfər əsir alaraq, eyni yolla Ərdəbilə döndü. H.893 (1488)-cü ildə Şeyx Heydər çərkəzlər üzərinə növbəti basqına icazə almaq üçün anası – Uzun Həsənin bacısı Xədicə xatunu Quma, sultan Yaqubun sarayına göndərdi. Sultan Yaqub Şirvanşah Fərrux Yasara (hədrət-ı səltənət pənah-i kamkar) çərkəzlərlə müharibədə Heydərə yardım göstərməyi xahiş etdi.

Şeyx Heydər anası qayıtdıqdan sonra döyüş dəstəsi ilə tələsik Ərdəbildən Şirvana yollandı. Yol boyu atası Cüneydin çoxlu "müridləri və sufiləri" ona qoşuldu. O, Araz sahillərinə çatanda Talış, Qarabağ əhalisindən və şamlılar tayfasından ibarət saysızhesabsız qoşuna malik idi. Qazı əl-Quzatın Bərdə ilə Gəncə arasındakı dağlıq hissədə yerləşən feodal mülki (ölkə) olan Calpert (Çarberd – Cerabert) qalasına yetişdikdə oranı talan etdi, cizyə və üşr ödəyib, dinc həyat sürən zimmiləri əsir aldı. Şeyx çayı keçdikdən sonra Şirvanşahın yanına elçi göndərib Dərbənd yolunu açmağı və islam qoşunlarına yardım göstərməyi tələb etdi. Onun Fərrux Yasara elçi göndərməkdən məqsədi Şirvan və onun qoşunları haqqında məlumat almaq idi. Belə ki, bu ölkə uzun müddət sülh şəraitində yaşayırdı və onun qoşunları öz yerlərində arxayıncasına fəaliyyətsiz dayanmışdılar. Hökmdarın yanında isə yalnız sərkərdələri, əmirləri, əyanları və yaxın dostları qalmışdı. Elçi gələndə Şirvanşah övladlarından birinin toyun edir, günlərini qayğısız, asudə və şən keçirirdi. Şirvanşah elçini hörmətlə qəbul edib cihada kömək üçün öz elçisi ilə Şeyx Heydərə bir qədər zireh, at və hərbi ləvazimat göndərdi.

Şeyxin elçisi Şirvanşahın elçisi ilə birlikdə qayıdaraq Heydərə xəbər verdi ki, bu səfər Fərrux Yasar üçün gözlənilməz olmuşdur və əlverişli imkandan istifadə etməmək ağılsızlıq olardı. Şeyx sazişi pozdu və Şirvanşah haqqında pis fıkirdə olduğundan elçi ilə kobud rəftar etdi. O, elçiyə dedi: "Geri qayıt və əmirinə de ki, biz onunla müharibə etməyə gəlirik. Atamın hər bir damla qanı üçün bütün dünyanın başını vuracağıq. Vuruşma filan gündə olacaq və Səfəvi qoşunları ləngimədən Şamaxıya hücum edəcəkdir". O, elçinin atını əlindən alıb, onu piyada yola saldı. Elçi yalnız təyin olunmuş döyüş gününə bir gün qalmış Şirvanşahın yanına qayıda bildi. O, vəziyyəti təsvir etdikdə şirvanlılar təlaşa düşdülər. Fərrux Yasar son dərəcə təşviş keçirdi, çünki Heydərin təcavüzkar niyyətləri və dəlisov şücaəti haqqında şayiələrə baxmayaraq, Şirvanşahın qoşunları pərakəndə halda olub, şeyxin hücumunu dəf etmək iqtidarında deyildi. Aydın idi ki, şeyx qalib gələrsə, Şamaxının meydan və məhəllələrində çoxlu qan axıdılacaqdı. Kiçik qoşunla müqavimət göstərmək mümkün olmadığından Şirvanşah qiymətli əmlakla ailəsini, habelə şəhər əhalisinin bir hissəsini Şamaxı yaxınlığındakı Gülüstan qalasına ötürdü. Səhərisi gün şeyx qızılbaşların böyük süvari qoşunu ilə döyüş meydanına yollandı. Döyüşə girməyi qərara alan Fərrux Yasar kiçik bir dəstə ilə şəhərin sağ tərəfində Gülüstan səmtində dayanmışdı. O, qüvvələrin bərabər olmadığını görürdü.
Şeyx Heydər öz qoşunları ilə rəqibin üzərinə hücuma keçəndə Şirvanşah Gülüstan qalasına çəkilməyə məcbur oldu. Qisas alan şeyx heç kəsə aman vermədən şəhər əhalisini qırmağa başladı. Qızılbaşlar Şamaxıda çoxlu kişi, qadın və uşaq qırdılar. Nifrəti coşub-daşan şeyx bundan doymayaraq Şamaxını yandırdı. Sonra Heydər Gülüstan qalasını uzunmüddətli mühasirəyə alaraq, onun ətrafında çadırlar, mancanaq və toplar qurdurdu. Yeddi aya yaxın mühasirədə qalan Şirvanşah çıxılmaz vəziyyətə düşüb yardım üçün sultan Yaquba və onun dövlətinin adlı-sanlı əyanlarına müraciət etdi. Onun qasidi sultanın Sultaniyyə yaxınlığındakı Gözəldərə yaylağındakı sarayına gəldi. Bu xəbər şeyxin hərəkətlərində özü üçün də müəyyən təhlükə görən sultan Yaqubu qəzəbləndirdi O, müsəlmanların tökülmüş qanının qisasını almaq və oğlu, Fərrux Yasarın nəvəsi Baysunqur xan vasitəsilə qohumluq əlaqələri ilə bağlı olduğu Şirvanşaha yardım etmək qərarına gəldi. Sultan Yaqub Şirvanşaha tərəfdar olan fəqihlərin təsirilə Şirvanşaha kömək üçün Sultaniyyədən Ərdəbil yolu ilə təcili Şirvana getdi və h.893-cü il cəmadiyülaxir ayının 28-də (9 iyun 1488-ci il) ora çatdı. Sultanın yaxınlaşması xəbərini eşidən Şeyx Heydər tələsik Şamaxının ətrafını tərk edərək Şamaxıdan 6 km şimal-şərqdə yerləşən Cabaniyə çəkildi və oradan Dərbəndə tərəf yollandı.

Ərdəbildən bir mərhələ aralı sultan Yaqub Şirvanşahın sədri və mühasibi Mövlana Şərafəddin Hüseyn katiblə qarşılaşdı. Şərafəddin öz hökmdarı adından kömək və himayədarlıq dilədi. Şeyx Heydər Gülüstan qalasını mühasirədə saxlayarkən, Şirvanın müxtəlif yerlərinə dağılmış əmirlər Şirvan əyanlarından Kiçi Bəyin başçılığı altında toplaşaraq, üləmaların və zahidlərin razılığı ilə Şirvan qoşunlarından və əhalisindən 1000000 nəfərədək adam yığıb şeyxə qarşı cihad elan etdilər. Onlar Gülüstana məktubla birlikdə qasid göndərərək, filan gün döyüş meydanına çıxacaqlarını xəbər verdilər və bildirdilər kı, onlar bayırdan hücuma keçəndə Şirvanşah da qalanın içərisindən həmlə etməlidir. Lakin bu plan şeyxin adamları tərəfindən tutulan Şirvan casusu vasitəsilə Heydərə məlum oldu. Şeyx təcili surətdə Gülüstan qalasını mühasirədən əl çəkib, əksərən Şirvan kəndlilərindən ibarət qeyri-nizami qoşunun üstünə düşdü. Bu döyüşdə şeyx onları darmadağın etdi. Mənbələrin verdiyi məlumata görə, 1000-ə yaxın adam qırıldı. Səfəvi qoşunlarının tələsik getmələrini görən Şirvanşah şeyxin qorxudan və ərzaq qıtlığından geri çəkildiyini güman etdi. Şirvanşah şeyxin qoşunlarını təqib etmək məqsədilə qaladan çıxdı. Lakin onun qələbə çaldığını və qayıdıb Gülüstanın mühasirəsini davam etdirmək niyyətində olduğunu bildi. Onda Şirvanşah Şamaxıdan 20 km şimal-qərbdə yüksəklikdə yerləşən əlçatmaz Sulut qalasına sığınmağa məcbur oldu. Bu vaxt başda sərkərdə əmir Süleyman bəy Bicək oğlu və Ayba Sultan Yaqub olmaqla böyük qoşun Şeyx Heydərlə müharibədə Fərrux Yasara kömək etmək üçün Şirvana yollandı. Darmadağın olunmaqdan qorxuya düşən şeyx Gülüstanı talan edib qoşunlarını Mahmudabada apardı, oranı da tutub dağıtdı, sonra Dərbəndə doğru hərəkət edərək, onu mühasirəyə aldı. Əmir əl-üməra Süleyman bəy Bicək oğlu qoşunları ilə viran edilmiş Şirvana daxil oldu. Fərrux Yasar Sulut qalasını tərk edərək, qoşunun qalan hissəsi ilə əmirlərə qoşuldu. Sabahısı gün əmirlər Samur çayını keçərək ləngimədən Dərbəndə tərəf irəlilədilər.
Onlar şeyxin Təbərsəran və Zirehgəran istiqamətində hərəkət etdiyini eşitmişdilər. Süleyman bəy qoşunları ilə təcili onun ardınca düşərək Qafqaz dağlarının ətəklərində, Təbərsəranda haqladı. H.893-cü il rəcəb ayının 29-da (9 iyul 1488-ci il) çərşənbə günü Şirvanşahın və Ağqoyunlu əmirlərinin birləşmiş qoşunları Şeyx Heydərin qızılbaşlarına hücum etdi. Süleyman bəyin və Şirvanşahın başçılıq etdikləri qoşunlar ağır dağlıq yer şəraitində dərin dərənin qırağında vuruşurdular. Atlar və adamlar yıxılaraq uçuruma düşürdülər. Hər iki tərəf inadla vuruşurdu. Süleyman bəy vuruşmada yaralanıb, döyüşçüləri tərəfindən kənara çıxarıldı. Bu zaman Şeyx Heydər də oxla boynundan ölümcül yaralandı. Qızılbaşlar onu atdan endirib araya alaraq, düşmənin həmləsini dəf etməyə cəhd göstərdilər. Lakin qızılbaşların qüvvələri tükənmişdi və əmirin qoşunları onların cərgələrini pozdu. Qızılbaşlar can verməkdə olan şeyxi düşmənin əlində qoyaraq qaçdılar. Qapıçı Əli ağa Şeyx Heydərin başını kəsərək əmirə gətirdi. Şeyxin həlak olduğunu görən qızılbaşlar döyüş meydanına qayıdaraq mərdliklə vuruşdular. Lakin əmirlərin və Şirvanşahların qoşunları onları məğlub və məhv etdilər. Sultan Yaqubun qərargahına göndərilən qasid döyüşün nəticəsi haqqında xəbərlə yanaşı, Şeyx Heydərin başını da apardı O, h.893-cü il şaban ayının 6-da (16 iyul 1488-ci il) çərşənbə axşamı Ərvanəguh adlı yerə çatdı. Sultan Yaqub şeyxin başını bir neçə günlüyə tamaşaya qoyduqdan sonra anasına (Uzun Həsənin bacısına) verməyi əmr etdi. Ertəsi gün şah alayı paytaxta – Təbrizə daxil oldu. Sultan Yaqub əmirlərə düşməndən tutulub alınmış Şirvan şəhərlərini, Dərbənd və Mahmudabadı Fərrux Yasara qaytarmaq haqqında əmr verdi.

Beləliklə, atası Cüneyd kimi, Şeyx Heydərin Şirvanı zəbt etrnək cəhdi baş tutmadı və onlar üçün fəlakətlə qurtardı.

Ağqoyunlu taxtı uğrunda mübarizə
Sultan Yaqub Şirvanşaha hərbi yardım göstərdi, lakin bunun müqabilində ondan Ağqoyunlu dövlətinin vassallığını tanımasını tələb etdi. 1489-cu ildə Şirvanşah öz möhürü ilə təsdiq etdiyi şərtnamədə öz üzərinə bir sıra vassal təəhhüdləri götürdü. Lakin bir ildən, Sultan Yaqub 1490-cı ildə öldükdən sonra onun yerinə keçən oğlu və varisi, Şirvanşahın nəvəsi Baysunqur babasının təsiri altına düşdü və Şirvan dövləti yenidən müstəqil oldu. Baysunqur Mirzə (1490-1492) Təbrizdə taxta çıxarkən babası Fərrux Yasardan yardım istədi. və uzun sürməyən hakimiyyətdən sonra Maqsud bəyin oğlu, Uzun Həsənin nəvəsi Rüstəm bəy tərəfindən qovularaq Şirvana, Şirvanşahın yanına qaçdı. Baysunqur Fərrux Yasarın və Şirvan qoşunlarının köməyi ilə öz hüquqlarını bərpa etməyə cəhd göstərsə də, h.898 (1492/3)-ci ildə Bərdə ilə Gəncə arasında Rüstəm bəylə vuruşmada həlak oldu. Bu vuruşmada Rüstəm bəylə birlikdə Şeyx Heydərin böyük oğlu Sultanəli də iştirak edirdi. Baysunqurun tərəfində isə Fərrux Yasarın oğlu Şeyxşah, Şirvanın adlısanlı feodallarından olan Malik Səlim, habelə Şirvan qoşunları vuruşurdu.

Sultan Yaqubun digər oğlu Sultan Murad da qardaşı Baysunqurun ölümündən sonra babası Şirvanşah Fərrux Yasara sığınmış və h.903 (1497/8)-cü ilədək, Uzun Həsənin digər nəvəsi Əhməd Mirzənin hakimiyyətindən narazı olan Ağqoyunlu feodalları onu Təbrizə çağırana qədər onun yanında yaşamışdır. Bu hadisələrdən sonra Şirvanşah Fərrux Yasar və Sultan Murad Səfəvilərin güclənmiş qüdrətinin qurbanları oldular.

Şah İsmayıl Xətai ilə münasibətlər
Şeyx Heydər həlak olduqdan sonra Sultan Yaqub onun və Aləmşah bəyimin üç azyaşlı oğullarını – Sultanəli, İbrahim və İsmayılı tutub, əvvəl erməni monastırı Akdamar qalasına, sonra isə Şiraz yaxınlığındakı İstəxr qalasına göndərərək həbsə saldı. Onlar dörd il bu qalada qaldılar. Sultan Yaqubun ölümündən sonra h.897 (1492)-ci ildə hakimiyyətə keçən Rüstəm bəy Ağqoyunlu bibisi Aləmşah bəyimin xahişilə onları həbsdən azad edərək öz yanına – Təbrizə gətirdi.

On üç yaşında ikən Səfəvi ordeninin şeyxi sayılan İsmayıl Ağqoyunlu dövlətində baş verən ara çəkişmələrindən istifadə edərək Gilandan Ərdəbilə qayıtdı. Onun ətrafına 300-ə yaxın döyüşçü mürid-qızılbaş toplandı. Fərrux Yasarın müttəfiqləri – cəyirli tayfasından olan Ərdəbil hakimi ƏIi bəy və Talış hakimi Məhəmməd ona qarşı çıxdılar. Onların niyyəti İsmayılı yaxalayıb Şirvanşaha göndərmək idi. Buna görə də ustaclı tayfasının əmirləri İsmayılla birlikdə Qarabağa getməyi qərara aldılar. İsmayıl oradan Gəncəyə, sonra isə Göyçə gölünün sahillərinə, Çuxursədə yollandı. 1499-cu ilin sonunda Ərzincanda onun bayrağı altında ustaclı, şamlı, rumlu, təkəli, zülqədər, afşar, qacar, varsaq, qızılbaş tayfalarından və Qaracadağ sufilərindən 7 min qazi toplandı. Qızılbaş əmirlərinin İsmayılın qışladığı Ərzincanda keçirilən müşavirəsində Səfəvilərin irsi düşməni Şirvanşah Fərrux Yasarla müharibəyə başlamaq qərara alındı.


Tarix: 11.02.2015 / 18:22 Müəllif: Feriska Baxılıb: 318 Bölmə: Şirvanşahlar dövləti
loading...