Tədqiqatçılar Şirvanşahlar tarixini dörd dövrə bölürlər: ilk Şivanşahlar, Məzyədilər, elmi ədəbiyyatda Kəsranilər adlandırılan XI-XIV əsr Şirvanşahları və Dərbəndilər. İlk Şirvanşahların şah titulu daşımaları onları müəyyən dərəcədə müstəqil olmalarını göstərir. İlk Şirvanşahlar barədə məlumat yox dərəcəsindədir.
Ərəb işğalının əvvəllərində İlk Şivanşahlar hakimiyyətdə saxlanılmışdı. Lakin, ərəblər Zaqafqaziyada möhkəmləndikdən (VIII əsrin sonu) sonra Şirvanşahların hakimiyyəti ləğv olundu; Şirvanı ərəb hakimləri idarə etməyə başladı. XIX əsr ərəb tarixçisi Bəlazuri 797-798-ci illərdə Şirvan hakimi olmuş əş-Şəmax ibn Şücanın adını çəkir. 799-cu ildə Yəzid ibn Məzyəd əş-Şeybani Şirvan və Bab əl-Əbvabın hakimi təyin olundu.
Xəlifə Mütəvəkkilin (841-861) ölümündən sonra qarışıqlıqlardan istifadə edən Şirvan hakimi Heysəm İbn Xalid ibn Yəzid Şirvanşahlar titulunu qəbul edib müstəqil siyasət yürütməyə başladı. Beləliklə də Şirvanşahların Məzyədilər sülaləsinin əsası qoyuldu. Ərəb mənşəli Məzyədilər sonralar farslaşmışlar.
Yezid ibn Əhməddən sonra ərəb adlarından qədim Sasani adlarına dönüş başlamışdır. Şirvanşah Yəzid ibn Əhmədin oğulları Ənuşirəvan, Mənuçöhr adlanırdı. Artıq X yüzilliyin birinci yarısında Məzyədi Şirvanşahlar Sasani mənşəli əsilzadə ailələri ilə qohumluq əlaqələrinə girir və həmin ailələrin qadın nümayəndələri köhnə ənənələri dirçəldirdilər. Əl-Məsudi h.332 (943) – ci ildə Şirvan şahı Məhəmməd ibn Yəzidin Sasani Bəhram Gurun nəslindən olduğunu göstərirdi. Şirvanşahların Sasani Bəhram Gurun əsilzadə nəslindən olmalarını iddia etmələri faktı özü artıq erkən dövrlərdə yerli şahlardan biri ilə, ehtimal ki, Sasani mənşəli Şirvanşahlarla nikah bağlanması ilə izah edilir.
Xilafətin tənəzzülü və Şirvanşahların hakimiyyətinin möhkəmlənməsi ilə bağlı "xanədan yenidən dirçəlməyə başladıqda ona öz nüfuzunu əsilzadə nəslinə mənsubluğu ilə hər vəchlə əsaslandırmaq lazım gəldi və onda Şirvanşahların Sasanilərlə qohumluğu barədə köhnə nəzəriyyə ortaya çıxdı, onların Şeyban tayfası ilə bağlılığı isə arxa plana çəkildi..."
Kəsranilər sülaləsinin banisi Yezid ibn Əhmədin oğlu Mənuçöhr ibn Yeziddir. Əslində ərəb mənşəli olan və Məzyədilər sülaləsinin davamı olan bu sülalədən olan hökmdarlar qədim fars hakimiyyət ənənələrinə meyl etdiklərindən və özlərini Sasani şahlarına bənzətməyə çalışdıqlarından tarixşünaslıqda ayrıca sülalə kimi götürülürlər.
Üçüncü (Minorski bir – biri ilə qohumluq telləri vasitəsiylə bağlı olan bu üç sülaləni eyni bir sülalə hesab edir. ) Şirvanşah sülaləsi – Məzyədilər və onun qolu olan Kəsranilər sülalələrinə qohum olan Dərbəndilər sülaləsi isə etnokonsolidasiya prosesi nəticəsində Azərbaycanın yerli əhalisi ilə qarışaraq öz ərəb simasını itirmiş və türkləşmişdir. Dərbəndilərin hakimiyyət başına gəlməsi ilə Şirvanşahlar ənənəvi "şah" titulu ilə yanaşı sırf türk xalqlarının əsilzadələrinə məxsus olan "xan" titulunu da daşımağa başlamışlar.
Tarix: 12.02.2015 / 13:34 Müəllif: Feriska Baxılıb: 180 Bölmə: Şirvanşahlar dövləti