Qaraqoyunlu Cahanşah Həqiqi tərəfindən Azərbaycandan qovulmuş Səfəvi xanədanının varisi Şeyx Cüneyd Ağqoyunlu Uzun Həsənin dərin rəğbətini qazanmışdı. Hətta, Uzun Həsən bacısı Xədicəni Cüneydə ərə vermişdi. Cüneyd öz dövlətini yaratmaq məqsədilə Azərbaycanın inkişaf etmiş vilayətlərindən olan Şirvanı zəbt etmək fikrində idi. Bu məqsədlə o, səfərləri boyu müxtəlif ölkələrdən başına toplanmış 10000 tərəfdarları ilə ölkəni işğal etmək və Şirvanşahlar taxtına sahib olmaq üçün Şirvana basqın etdi. Şirvandakı şiə tərəfdarları da ona qoşuldular. Çərkəzlərlə dini müharibə basqını üçün bəhanə oldu.
Şeyx Cüneydin siyasətini anlayan və təbərsəranlılar tərəfindən təhrik edilən Şirvanşah I Xəlilullah Qaraqoyunlu Cahanşahın yardımı ilə böyük qoşunla onun qabağına çıxdı. 1460-cı ildə Samur çayının sol sahilindəki Qıpçaq kəndinin yaxınlığında baş verən vuruşmada Cüneyd öldürüldü, onun müridləri isə məğlub edildi. Bir versiyaya görə Cüneyd əsir alınaraq Şirvanşahın əmri ilə edam olunmuş, başqa mənbələrə görə isə döyüş meydanında oxla vurulub, öldürülmüşdür.
Fəzlullah ibn Ruzbixan Xuncinin məlumatına görə Cüneydin müridləri onun meyitini Samurun sağ sahilinə keçirərək Gülxan kəndində (indiki Qusar rayonunun Həzrə kəndi) dəfn etmişlər.
Tarix: 12.02.2015 / 13:48 Müəllif: Feriska Baxılıb: 87 Bölmə: Şirvanşahlar dövləti