Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Heysam ibn Xalid

Heysam ibn Xalid – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda valisi, Azərbaycanda Şirvanşahlar dövlətinin banisi, müstəqil Şirvanşah tiltulu daşıyan ilk hökmdar.

Fəaliyyəti
Üç dəfə Azərbaycan, Arran və Ərməniyyə hakimi təyin olunmuş Məhəmməd ibn Xalidin dövründə onun qardaşı Heysam ibn Xalid Şirvanın hakimi idi, Məhəmməd özü isə Gəncədə hakimlik edirdi. H.247 (861)-ci ildə xəlifə Mütəvəkkil öldürüldükdən sonra Xilafətdə baş vermiş iğtişaşdan istifadə edən Heysəm özünü müstəqil elan etdi. O, təkhakimiyyətliliyə nail oldu və Şirvanşah titulunu qəbul etdi. Ehtimal ki, Heysəm ərəblərin təyin etdiyi Şirvanşahın hakimiyyətinə son qoymuşdur. Beləliklə, Heysəm ibn Xalid Şirvanın Şirvanşah titulu daşıyan ərəb mənşəli Məzyədilər sülaləsindən ilk müsəlman hakimdir. Həmin vaxtdan etibarən V.F.Minorskinin qeyd etdiyi kimi, "...Yəzidilər sülaləsinin tarixi öz xarakterini dəyişir: onun əvvəllər Bağdaddan əmir vəzifəsinə təyin edilən nümayəndələri indi öz iqta torpaqlarında irsi vassallara çevrilirlər..." Şirvanda sonralar baş verən hadisələr Məzyədi Şirvanşahlar dövlətinin tarixinə dair son dərəcə qiymətli mənbə olan "Tarix-i əl-Bab"da işıqlandırılır. Mənbələrdə Heysəm haqqında məlumat çox cüzidir. Onun Sərirdə "kafirlərlə" vuruşduğu xəbər verilir. Heysəmin ölüm ili məlum deyil. Görünür, o, az müddət hakimiyyət sürmüşdür.

"Tarix-i əl-Bab"a görə Məhəmməd ibn Xalid Gəncənin əsasını qoyan, yəni Arran şəhərlərindən birinin hakimi olmuşdur. Onun qardaşı Heysəm ibn Xalid həmin vaxt Şirvanın hakimi idi və müstəqillik qazanaraq, Şirvanşah titulu qəbul etmişdi. "Tarix-i əl- Bab"da sonra deyilir:

"...Heysəm ibn Xalid Şirvanda müstəqillik əldə edəndə onun qardaşı Yezid ibn Xalid də Layzanda müstəqillik qazandı. Heysəm Şirvanşah, onun qardaşı Yəzid isə Layzanşah adlanırdı".


Tarix: 11.02.2015 / 18:19 Müəllif: Feriska Baxılıb: 154 Bölmə: Şirvanşahlar dövləti
loading...