Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kavus ibn Keyqubad

Fəaliyyəti
Mənbələrin verdiyi məlumata görə Şirvanşah Keyqubad hələ sağlığında dövlətin idarə olunmasını oğlu Kavusa vermişdi. Ə.Ə.Əlizadənin fikrincə, "Keyqubad qoca olduğundan artıq dövlət işlərində fəal iştirak edə bilmirdi və ölkənin idarə edilməsini oğlu ilə bölüşdürməli olmuşdu".

Çobanilərlə münasibətlər
Şirvanşah Keyqubad öz hakimiyyətini Cənubi Azərbaycanda və Qarabağda möhkəmləndirən Çobani Əşrəfdən kömək umurdu. H.745 (1344/5)-ci ildə "Şirvan və Şamaxının hakimi", Şirvanşah Keyqubadın oğlu malik Kavus Şirvandan Qarabağa Məlik Əşrəfin iqamətgahına gəlir. Məlik Əşrəf Kavusu iltifatla qarşılayır, ona qiymətli hədiyyələr – daş-qaşla işlənmiş paltar və başqa şeylər verir.

Lakin Əşrəf Kavusun yanında nüfuzlu feodallardan biri olan Hacı Şəhribanın oğlu əmir Vəfadan gözlənilmədən tutub öldürür. Əşrəfin bu qəddarlığı Kavusu elə sarsıdır ki, elə həmin gecə Qarabağdan qaçaraq Şirvana qayıdır. Şirvanşahla dostluğu pozmaq istəməyən məlik Əşrəf elçiləri Xacə Əbdülheyi və Əxicuq Məliki Kavus və onun atası Keyqubad üçün qiymətli hədiyyələr – daş-qaşla bəzənmiş kəmər, papaqvə başqa şeylərlə Şirvana yollayır. O, eyni zamanda, Keyqubadın qızına elçi göndərir. Şirvanşah Kavus elçiləri böyük hörmətlə qarşılayır və öz növbəsində Əşrəfə hədiyyələr göndərir, bacısını isə ona ərə verməkdən imtina edərək Əşrəfin onları belə bir şərəfə layiq görməsindən təəccübləndiyini bildirir. Rədd cavabı alan Əşrəf Şirvana yürüş etmək qərarına gəldi, onun Şirvanşahla münasibətləri kəskinləşdi. Lakin iş hərbi münaqişə dərəcəsinə gəlib çatmadı. Belə ki, başı Təbrizdəki hadisələrə qarışan Əşrəf öz gücünə bel bağlaya bilmədi. Bir müddətdən sonra Əşrəf yenidən Şirvanı zəbt etməyə cəhd göstərdi. Lakin Şirvanşah Kavusun müqavimətinə rast gələrək onunla sülh bağlamağa məcbur oldu. H.748 (1347/8)-ci ilin qışında Şirvan dövlətinin güclənməsindən narahat olan Əşrəf Şirvanı zəbt etmək məqsədilə vəziri Əbdülheyin və başqa əmirlərin başçılığı ilə Şirvanşaha qarşı böyük qoşun göndərdi,özü isə Qarabağa yollandı.

Müqavimət göstərməyə imkanı olmayan Keyqubad və Kavus möhkəmləndirilmiş qalalardan birinə çəkildilər. Əşrəfin qoşunları ölkəni dağıdıb, əhalini qarət edərək geri qayıtdı. Lakin Əşrəf Keyqubadı və Kavusu tabe edə bilmədi. Bu hadisələrdən sonra mənbələrdə Keyqubadın adı çəkilmir. Ehtimal ki, o, h.748 (1347/8) və 758 (1356/7)-ci illər arasında ölmüşdür.

H.758 (1356/7)-ci ildə Kavus başqa Azərbaycan feodalları ilə birlikdə qəddar müstəbid Əşrəflə mübarizə məqsədilə Qızıl Orda xanı Canı bəyin yanına elçilər göndərərək onu köməyə çağırdı. Canı bəy şeyxlərin təkidilə böyük qüvvə ilə Dərbənd və Şirvandan keçərək Azərbaycana, Çobani Əşrəfin üstünə yürüş etdi. Şirvanşah Kavus və yerli feodallar da öz qoşunları ilə ona qoşuldular. Canı bəy Əşrəfin qoşunlarını məğlub edərək Təbrizə daxil oldu və Azərbaycanı tutdu. Əşrəf əsir alındı və Kavusun təkidilə h.758 (1356/7)-ci ildə edam olundu.

Şirvanşah Kavus oğlu Nödərlə birlikdə əmir Əxicuğun başçılıq etdiyi Əşrəfi feodalları ilə də vuruşmuşdur. Bu mübarizədə Kavus Arran və Qarabağın yerli hakimləri ilə əlbir idi. Müttəfiqlərlə Əşrəfin qoşunları arasında vuruşma Muğandakı Yeniçay yaxınlığında baş verdi. Kavus qələbə çalaraq Qarabağa gəldi. Əxicuq bütün Əşrəfilərlə Arrana yollandı. Onlar Araz çayının kənarında rastlaşdılar. Burada baş verən vuruşmadan sonra Araz üzərindəki körpüdə sülh müqaviləsi bağlandı. Kavus Şirvana qayıtdı. Əxicuq isə Qarabağa daxil oldu. Bu hadisələrdən sonra Şirvanşahın müstəqilliyinin və hakimiyyətinin möhkəmlənməsi, habelə ölkədə hərbi əməliyyatların dayandırılması Şirvanda təsərrüfat həyatının dirçəlməsinə əlverişli zəmin yaratdı. Bu arada Şirvanşahın qüdrəti xeyli artdı.

Cəlairilərlə münasibətlər
Həmin dövrdə köçəri əmirləri arasında Cənubi Azərbaycanda hakimiyyət uğrunda mübarizə ərəb İraqının hökmdarı Həsən Bazarqun oğlu Cəlairi sultan Üveysin (1356-1374) Azərbaycanı zəbt etməsi ilə nəticələndi. Cənubi Azərbaycanda möhkəmlənən sultan Üveys Arranı, Naxçıvanı və digər vilayətləri öz hakimiyyətinə tabe etdirdi. O, Şirvanı da tutmağa cəhd göstərirdi.

Bu vaxt Kavus formal surətdə özünün Üveysin vassalı olmasını qəbul etmişdi. Bunu Şirvanşahın Üveysin adı ilə Şirvan şəhərlərində – h.762 (1360/1 )-ci ildə Bakuya, Şəbəran və Güştəsbidə, h.764 (1362/3)-cü ildə isə Bakuya və Şəbəratıda kəsdirdiyi anonim gümüş sikkələr də təsdiqləyir. S. Aşurbəyli qeyd edir ki, Ə.Ə.Əlizadənin "Şirvanşah Kavus h.765 (1363/4)-ci ildə sultan Üveysin öz üzərində ali hakimiyyətini tanımır və ona xərac vermirdi" fikri yuxarıda göstərilən numizmatik materiallarla təsdiq olunmur. h.765 (1363/4)-ci ildə Şirvanı tutmaq məqsədilə Qarabağa səfərə hazırlaşan Üveys Bağdadda baş vermiş qiyamın yatırılması ilə əlaqədar qoşununu oraya göndərdiyindən bu niyyətini təxirə salmağa məcbur oldu. Bu hadisələrdən istifadə edən Şirvanşah Kavus sultan Üveysdən asılılığını tanımaqdan boyun qaçıraraq, iki dəfə Qarabağa hücum etdi və həmin vilayətin əhalisini Şirvana köçürdü.

Şirvanşah Kavusun sultan Üveyslə mübarizəsinin nəticələrini numizmatik məlumatlar əsasında izləmək mümkündür. Kavus Şeyx Üveysin əleyhinə h.766 (1364/5)-cı ildə çıxmışdır. Həmin vaxtdan Şirvan şəhərlərində zərb edilən sikkələrdə – Güştəsbidə və Şəbəranda h.767 (1365/6)-ci ildən, Bakuyada, Şamaxıda və Şəbəranda h.769 (1367/8)-cu ildən və Bakuyada h.770 (1368/9)-ci ilin əvvəlindən bu sultanın adı çəkilmir. Lakin Şirvanşah öz müstəqilliyini uzun müddət qoruyub saxlaya bilmədi. Sultan Üveys h.768 (1366/7)-ci ildə Bağdaddakı qiyamı yatırdıb Təbrizə qayıtdıqdan sonra Bayram bəy və digər əmirlərin başçılığı ilə Şirvana qoşun yürütdü. Sultanın üstün qüvvələrinə uzun müddət müqavimət göstərmək iqtidarında olmayan Şirvanşah Şirvanın son dərəcə möhkəmləndirilmiş qalalarından birində gizlənməyə məcbur oldu. Ehtimal ki, bu hadisələr h.770 (1368/9)-ci ildən qabaq olmamışdır.

Cəlairi qoşunları üç ay ərzində Şirvanın şəhər və kəndlərini viran və qarət etdilər. Şirvanşah öz varislik hüququnu itirməmək üçün və sığınacağının möhkəmliyinə etibar etmədiyindən təslim olmaq məcburiyyətində qaldı. O, şeyxlərin və fiqh alimlərinin vasitəçiliyilə sultana təslim olmaq üçün sığınacaqdan çıxdı. Lakin Bayram bəy onu qandallayıb sultan Üveysin hüzuruna gətirdi. Sultan Kavusu üç ay həbsxanada saxlayandan sonra onu bağışladı, vassallıq və xərac vermək şərtilə Şirvan dövlətinin hökmdarı kimi hüquqlarını bərpa etdi. Kavus bu hadisələrdən sonra ömrünün sonuna qədər Üveysin sadiq vassal olaraq qaldı. Göstərilən hadisələr Bakıyada şamil idi. Belə ki, mənbələrin məlumatına görə, bir sıra yerlərin, o cumlədən Bakı vilayətinin feodal məlikləri – Hacı Fərimərz və Haci Fəridun sultan Üveysin hüzuruna gedib, öz itaətlərini bildirməyə məcbur olmuşdular.

Onlar, həmçinin hər il mal və xərac verməyi öz öhdəliklərinə götürmüşdülər. h.770 (1368/9)-ci ildən Şirvanda Cəlairilər adından sikkə kəsilməsi bərpa olunmuşdu. Bu fasiləsiz olaraq XIV əsrin 80-ci illərinədək davam etmişdir.

Şirvanşahın əcdadları I Axsitanın və III Mənuçöhrün ənənələrinə uyğun olaraq, Kavusun sarayında Şirvanşaha tərif dolu qəsidələr yazan mədhiyyəçi şairlər toplanmışdı. Belə ki, Şirvanşahın Ərdəbildən gətirdiyi və oğlu Huşəngin təlim və tərbiyəsini tapşırdığı şair Arif Ərdəbili onun sarayında yaşayırdı. Arif Ərdəbili sultan Üveysə ithaf etdiyi "Fərhadnamə" poemasında Huşəngə süls, nəsx və təliq xətlərini, ədəbiyyatı və digər elmləri öyrətdiyini xəbər verir. Arif Ərdəbili Şirvanşahı mədh edərək deyir ki, "Şirvan dövləti Kavusun adı ilə şöhrətlənmişdir. Onun ədalətli hökmranlığı sayəsində Şirvan cənnətə dönmüşdür". Arif Ərdəbili poemasının birinci hissəsini Ərdəbildə olarkən h.771 (1369/70)-ci ildə bitirmişdi. Göründüyü kimi, Şirvanşah Kavus əsirlikdən qayıtdıqdan və sultan Üveysdən vassal asılılığını qəbul etdikdən sonra Şirvan şəhərlərinin abadlaşdırılması və bərpa edilməsi ilə məşğul olmuşdur. Mirxond, Münəccimbaşı və Hacı Xəlifəyə görə Kavus uzun sürən hökmranlıqdan sonar h.774 (1372/3)-cü ildə ölmüşdür. Ondan sonra hakimiyyətə oğlu Huşəng keçmişdir.

Ailəsi
I Keyqubad və Əmir Çobanın qızının evliliyindən doğulmuşdu. Övladları:

Nodər ibn Kavus - sərkərdə.
Huşəng ibn Kavus - Şirvanşah.


Tarix: 11.02.2015 / 18:45 Müəllif: Feriska Baxılıb: 428 Bölmə: Şirvanşahlar dövləti
loading...