Şahzadə Güzdəhəm - Şirvan şahzadəsi, Salar ibn Yezidin ikinci oğlu, I Fəribürzün qardaşı.
Həyatı
Onun adı tarixdə ilk dəfə I Fəribürzün Səlcuqlara ödəməli olduğu xəracı oğurlayıb Ləzgi ölkəsinə qaçarkən çəkilir. 1068-ci ildə Dərbəndə gəldi və əmirlərin yanında sığınacaq tapdı. O Şirvanşah olmaq istəyirdi. Şirvanşah qoşunla həmin ilin noyabrında hərəkət edərək əl-Babı tutmaq məqsədilə Rubas çayının sahilində düşərgə saldı. Xürməstan deyilən yerdə, şəhərin divarları arxasında Şirvanşahın qoşunları ilə Güzdəhəm arasında vuruşmalar oldu. Haydaq və Tüveyk əhalisi də dərbəndlilərin tərəfində vuruşurdu. Döyüşlər nəticəsində Şirvanşahın qoşunları məğlubiyyətə uğradı. Lakin əl-Bab rəislərinin rəisi Müfərric ibn Müzəffər Şirvanşahın tərəfinə keçdi. Müfərrəc dərbəndlilərin səhvindən istifadə edərək iç qalanı tutdu. Güzdəhəm isə şəhəri ələ keçirdi. Müfərric qalada qalmaqda idi və hər iki tərəfin tərəfdarları arasında hər gün toqquşma olurdu. Sonra Güzdəhəm ləkzlərin yanına, əl-Bab əmiri Əbd ül-Məlik ibn Ləşkəri isə Haydağa qaçdı.
Ölümü
Güzdəhəm Ləkz ölkəsindən qayıtdıqdan sonra 1072-ci ildə Şəkidə vəfat etdi. Cəsədi isə Şamaxıda basdırıldı.
Tarix: 11.02.2015 / 18:14 Müəllif: Feriska Baxılıb: 68 Bölmə: Şirvanşahlar dövləti