Həyatı
Həyatı çox işıqlandırılmamışdır. Adı ilk dəfə Monqol işğalı ərəfəsində keçir.
Monqol işğalı
Cəbə və Sabutayın orduları 1221-ci ilin qışında Dərbənd qapılarına çatdılar. Sabutayın uzun mühasirə fikri yox idi və Rəşidlə razılığa gəldilər ki, şəhərə toxunmasınlar, qarşılığında isə Rəşid onlara keçid üçün imkan yaratsın və bələdçilər təyin etsin. Rəşid gizlincə bələdçilərə monqol ordusunu ən çətin yollardan keçirməyini tapşırmışdı. Nəticədə Monqol ordusu yarıyadək azaldı və soyuqda donaraq öldü. Həmçinin Rəşid digər dağlı tayfalarına monqolların gəlişi barədə xəbər yolladı.
Qıpçaq işğalı
Monqollar Şirvandan gedəndən sonra darmadağın edilmiş qıpçaqlar bir yerə toplaşaraq Dərbəndə yollandılar. Bu vaxt oranın hakimi İbn əl-Əsirin Şirvanşah adlandırdığı Rəşid idi. Yaqut Həməvinin verdiyi məlumata görə Şirvanın paytaxtı Şamaxının hakimi "Dərbənd əmirinin qardaşı – Şirvanşah" idi. Qıpçaqlar ona aşağıdakı sözlərlə müraciət etdilər: "Tatarlar ölkəmizi tutub, əmlakımızı qarət etmişlər. Biz sənin ölkəndə yaşamağa gəlmişik. Biz sənin qulunuq, sənin üçün vilayətlər fəth edəcəyik və sən bizim sultanımızsan". Lakin Rəşid razılıq vermədi və onların xahişini rədd etdi. Qıpçaqlar həmin xahişlə yenidən onun yanına elçi göndərdilər. Onların müsəlman olan başçılarından biri tərəfindən Dərbəndi hiylə yolu ilə tutmaq niyyətində olan qıpçaqların məkrindən xəbərdar edilən Rəşid həmin başçıya qoşun və silah verməyə razı oldu. Bu başçı qıpçaqların üzərinə yeridi, bir neçə dəfə hücum edərək onların bir hissəsini qırdı və qarət etdi. Lakin qıpçaqlar hiylə ilə Rəşidi aldadıb Dərbəndə girdilər, onu həbs edib bütün ölkəni ələ keçirmək istədilər. Lakin Rəşid qalanın gizli qapısından Şirvana qaçdı. Qıpçaqlar qaladakı bütün silahları və Rəşidin əmlakını götürüb Dərbəndi tərk etdilər, sonra isə vaxtilə gürcülərin əlində olan Qəbələyə tərəf yönəldilər və onu mühasirəyə aldılar. Bundan xəbər tutan Rəşid Dərbəndə qayıtdı, qalanı ələ keçirərək orada qalmış bütün qıpçaqları qırdı. Bütün Qəbələ vilayətini qarət edən qıpçaqlar Gəncəyə doğru hərəkət edərək orda yerləşdilər.
Tarix: 11.02.2015 / 18:16 Müəllif: Feriska Baxılıb: 105 Bölmə: Şirvanşahlar dövləti