1225-ci ildə, Xarəzmşah Cəlal əd-Din Məngburni böyük ordu ilə Cənubi Qafqaz ölkələrinə soxuldu. O, yetmiş minlik gürcü ordusunu darmadağın edərək, qaçmağa məcbur etdi və ölkələrini viran qoydu. Sonra o, Azərbaycanı və Gəncəni zəbt etdi. Hələ I Axsitan dövründən Xarəzmşahların artmaqda olan qüdrətini görən Şirvanşahlar onlarla dostluq münasibətləri yaratmağa çalışırdılar. Cəlal əd-Dinin atası Əlaəddin Məhəmmədin (1200-1220) Şirvana hücumundan qorxuya düşən I Gərşəsb ta Dərbəndə qədər Şirvan şəhərlərinin məscidlərində sultanın şərəfinə xütbə oxunmasını əmr etmişdi.
1226-cı ildə Tiflis səfərindən qayıdan Xarəzmşah Cəlaləddinin Şirvana soxula biləcəyini düşünən Şirvanşah III Fəribürz "Sultanın xalçasına ayaq basmasının onun üçün şərəf sayılacağını, taleyin dönüklüyündən qoruyacağını, qara gün üçün ehtiyat alacağını" fikirləşərək sultanın qərərgahına gəldi. Şirvanşah sultana 500, vəzir Şərəf əl-Mülkə isə 50 türk atı hədiyyə verdi. Bəxşişin azlığından narazı qalan vəzir sultana Şirvanşahı həbs etməyi və ölkəsini sultanın onunla qonşu olan torpaqlarına birləşdirməyi məsləhət gördü. Lakin sultan vəzirinin məsləhətinə rəğmən Şirvanşaha fəxri geyim bağışladı və ona "hakimliyinin təsdiq olunması və (xəzinə üçün) nəzərdə tutulan məbləğin iyirmi min dinar azaldılması" barədə fərman (tayki) verilməsini əmr etdi. Şirvanşah da fərmanın tərtibinə görə vəzirə min dinar bağışladı. Bu siyasəti ilə Şirvanşah III Fəribürz ölkəsinin müstəqilliyini qoruyub saxlaya bildi.
Tarix: 12.02.2015 / 13:45 Müəllif: Feriska Baxılıb: 44 Bölmə: Şirvanşahlar dövləti