Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qara Yusifin Şirvan yürüşü

Qaraqoyunlu Qara Yusiflə qarşıdurma vəziyyətində olan Cəlairi Sultan Əhməd Təbrizi tərk etməzdən əvvəl Şirvanşah İbrahimdən yardım istəmiş, o isə dərhal oğlu Kəyumərsin (mənbələrdə həm də Gövhərşah adı ilə qeyd edilir) başçılığı ilə Şirvan qoşunlarını köməyə göndərmişdi. Sultan Əhmədin məğlub olduğu gün Kəyumərs Təbrizin həndəvərinə gəlib çatdı. Gecə o, Qara Yusifin qoşunlarının qəfil hücumuna məruz qalaraq əsir alındı. Qara Yusifin əmri ilə Kəyumərs Ərciş qalasına salındı. Vəziyyətin belə olduğunu görən Şirvanşah oğlunun geri qaytarılması üçün böyük məbləğdə pul təklif etdi. Lakin Qara Yusif Kəyumərsi təmənnasız buraxdı və onunla atası Şeyx İbrahimə tabe olmaq tələbi ilə məktub göndərdi. Şirvanşah I İbrahim oğlu Kəyumərsin xəyanət etməsindən, atasını devirərək, Qara Yusifin vassal olmaq barədə onunla saziş bağlamasından şübhələnərək oğlunu edam etdirdi.

Kəyumərsin edam olunması xəbərini alan Qara Yusif Təbrizdən çıxaraq Qarabağa gəldi. Sonra o, Şeyx İbrahimin yanına elçi göndərərək tabe olmasını təklif etdi. Müstəqilliyini itirmək istəməyən Şirvanşah İbrahim isə Şirvanda böyük ordu toplayaraq Şəki hakimi Sidi Əhməd və gürcü hökmdarı II Konstantinlə ittifaqda on iki minlik süvari ilə Qara Yusifin üzərinə yeridi. Tarixə Kür döyüşü kimi daxil olmuş döyüş h.815-ci ilin şaban ayında (1412-ci il noyabrın 6-dan dekabrın 4-dək) oldu. Şirvanşahın qoşunları məğlubiyyətə uğrayıb qaçdı. Döyüşü öz qoşunları ilə gürcü hökmdarı davam etdirirdi. Tezliklə müttəfiqlərin birləşmiş qoşunu Qara Yusifin qoşunları tərəfindən mühasirəyə alınaraq əsir götürüldü. Şirvanşah İbrahimi, onun oğullarını məiyyəti ilə birlikdə zəncirlənmiş halda Təbrizə göndərib zindana saldılar.

Təbrizdə Qara Yusif əsir Şirvanşah İbrahimlə danışıqlar aparmağa başladı. O, İbrahimdən 1200 İraq tüməni, Şeyx Bəhluldan 200 tümən, qazı Mövlana Zahirəddindən 100 tümən məbləğində can bahası tələb etdi. Sonra Qara Yusif Şirvanşahdan sarayda (ehtimal ki, Bakıdakı Şirvanşahlar sarayında) saxlanılan cavahiratın və qızılın öz xəzinəsinə gətirilməsi tələbini irəli sürdü. Lakin bu zaman Təbrizin tacir və sənətkar rəisləri, başda Şeyx Əxi Qəssab olmaqla, Qara Yusifin divanına gələrək əgər Qara Yusif pul əvəzinə mal qəbul etməyə razılıq verərsə, Şirvanşahın can bahasını dərhal ödəməyə hazır olduqlarını bildirdilər. Qara Yusif buna razı oldu və təbrizlilər Qara Yusifın divanına 1200 tümən məbləğində mal verdilər, əvəzində isə Şeyx İbrahim həmin məbləği Şirvan divanından almaq üçün Əxi Qəssabın və tacirlərin adına bərat kağızları verdi.

Bundan sonra Qara Yusif İbrahimi buxovdan azad edib ziyafətdə öz yanında oturtdu. Şirvanşah Qara Yusifin vassallığını qəbul etdi və ondan Şirvan vilayətini Şəki hüdudlarından Dərbəndə qədər bütün şəhərləri ilə birlikdə əvvəlki qaydada idarə etmək hüququnu təstiq edən fərman aldı .


Tarix: 12.02.2015 / 13:48 Müəllif: Feriska Baxılıb: 142 Bölmə: Şirvanşahlar dövləti
loading...