Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əbu Mənsur Əli ibn Yezid

Fəaliyyəti
Şirvanşah Əbu Mənsur ibn Yezid qardaşı Mənuçöhr ibn Yezidi öldürdükdən sonra, 1034 – cü ildə hakimiyyətə gəlmişdir. O da, öz sələfləri kimi, əl-Baba sahib olmaq üçün bu şəhərin əmiri ilə müharibə aparmışdır. Sonra Şirvanşah vəziri Mənsur ibn Müsəddidi əl- Babda öz canişini təyin edərək onu "hökumət binası"nda yerləşdirdi, özü isə h.426 (1035)-cı ildə paytaxtı Yəzidiyyə qayıtdı. Lakin əmir Əbd ül-Məlik elə həmin il qəflətən əl-Babda Şirvanlılara hücum edərək Mənsur ibn Müsəddidi öldürdü. İçqalanı mühasirəyə aldı və rəis Əli ibn Həsən ibn Ənakın vasitəçiliyi ilə h.426-cı il rəcəb ayının 1-də (12 may, 1035) onun təslim edilməsinə nail oldu. Bundan sonra o, şəhəri və qalanı tutdu, Şirvan qoşunları isə Şirvana qayıtdı. Sonra Əbd ül-Məlik Şirvanşahla sülh sazişi bağladı və h.427-ci ilin səfər ayında (1035-ci ilin dekabrında) onun bacısı, Yəzidin qızı Şəmkuyyə ilə evləndi.

Əl-Babın hərbi rəisləri öz təhlükəsizliyi üçün qorxu keçirməyə başladılar. Buna görə də onlar tabeliyində olanlarla birlikdə Əbd ül-Məlikə hücum edib, onun vəzirini evindəcə öldürdülər. Əbd ül-Məlik ailəsi ilə Şirvana qaçdı. Rəislər onu paytaxta qaytarıb gətirmək üçün Şirvana iki ağsaqqal göndərdilər. Lakin Şirvanşah elçiləri həbs etdi, onları qandallayıb qalalardan birinə saldı. Bundan sonra o, əmirə əl-Babda öz hakimiyyətini bərpa etməkdə kömək göstərdi. Əmir Əbd ül-Məlik doqquzillik hakimiyyətdən sonra h.434-cü il rəcəb ayının 25-də, cümə axşamı (10 mart 1034-cü il) öldü. Əbu Mənsur Şirvanda on il – h.435 (1043)-ci ildə ölənə qədər hakimiyyət sürdü.

Ailəsi
1035-ci ilin yanvarında Mənuçöhr ibn Yezidin dul həyat yoldaşı Sitt ilə evlənmişdir.

Sikkəsi
Şirvanşah Əbu Mənsur ibn Yeziddən Şamaxı rayonunun Çuxuryurd həndəvərində tapılmış alçaq əyarlı gümüş sikkə qalmışdır. Sikkənin üzərində aşağıdakılar təsvir olunmuşdur: 1 – səthində bir neçə kiçicik dairələr, sağ tərəfdən oxunmayan söz var, sol tərəfi budanmışdır. Çevrə boyu budanmiş yazı nəzərə çarpır II (Məhəm)məd rəsulullah, (əl)-Məlik əl-adil..əd-dövlə Əbu (Mənsur Əli ibn Yəzid) (Şir)vanşah, müvali əmir (əl Möminin); çevrə boyu hər şey budanmışdır.


Tarix: 11.02.2015 / 19:00 Müəllif: Feriska Baxılıb: 157 Bölmə: Şirvanşahlar dövləti
loading...