Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirvanşahlar dövlətinin əhalisi

Şirvanşahlar dövlətinin əhalisi Şirvan ərazisində yaşamış müxtəlif etnik qruplara aid əhali idi. Şirvan qədimdən Dərbənd və Dəryal keçidləri vasitəsilə şimaldan eləcə də şərqdən və cənubdan (İran vasitəsilə) gəlmiş oturaq və köçəri tayfalarla məskunlaşmışdı. Min illər boyu Şirvan torpağı birbirini əvəz edən Qafqaz və türkdilli tayfalar arasında rəngarəng əlaqələr meydanı olmuşdu. Bunu təkcə yazılı mənbələr deyil, arxeoloji və toponimik məlumatlar da təsdiq edir.

Qafqazdilli tayfalar
VII əsrin əvvəlinə aid anonim bir mənbədə Cənubi Dağıstanda, Şirvanda və Xəzər dənizinin qərb sahillərində məskunlaşmış tayfalar sadalanır. Mətndə adları çəkilən və ehtimal ki, bəziləri istisna olmaqla, ölkənin avtoxton əhalisi olan ləklər, hunlar, xəzərlər, zekenlər (tsekanlar), xenuklar (xenavilər), kaspilər, şərvanlar, xsranlar, təvəsparlar, xeçmataklar, ijmaxlar, bakanlar, pikonaklar (peçeneqlər), maskutlar [1] Dərbənd, Şəki, Muğan düzü, Şirvan, Siyəzən, Xızı, Beşbarmaq, Təbərsəran, Xaçmaz, Şamaxı, Bakı və Quba zonaları hüdudlarında yayılmışdılar.

Bu tayfalardan bəziləri "Qafqaz dağları qollarının gəlib çatdığı və Dərbənd divarının, dənizdə əzəmətli qalanın ucaldıldığı" Xəzər sahillərində yaşayırdılar. İndiki ləzgilərin əcdadları olan ləklər bu gün də Quba rayonunun şimal hissəsində, Dərbəndin yaxınlığında yaşayırlar.

Təvəsparlar erkən orta əsrlərdə Şirvanşahlara tabe olan cənubi Dağıstanda Təbərsaranda lokallaşdırılır. Xeçmtaklar tayfasının adı Oğuz rayonundakı Xaçmaz kəndi və qalasının, habelə Xəzər dənizi sahilindəki Xaçmaz şəhərinin adında qalmışdır.

Türkdilli tayfalar
Zakenlər, xenuklar, şirvanlar
"Erməni coğrafiyası"nda adı çəkilən zekenlər (tsekanlar), ehtimal ki, Şəki vilayətinin əhalisi – şəkililərdir.[2] Erməni mətnindəki xenukların (antik müəlliflərdə genioxlar) adlan Şəki rayonundakı Yuxarı və Aşağı Göynük və Bozdağın ətəyində balaca Göynük çayının adlarında həkk olmuşdur. Kaspilər Abşerondan cənubda, Kür və Araz çaylarının arasında və Xəzər (Kaspi) dənizinin sahillərində yaşamışlar.[3]

Şərvanlar Şirvan vilayətində yaşayırdılar. Bu, Şirvanın qədim etnotoponim formasında rast gəlinən ilk adıdır. Xsranlan anonim X əsr mənbəyində adı çəkilən Xursan (Xunsar) vilayəti ilə əlaqələndirmək mümkündür. Bu vilayət Dərbənd rayonunun cənub hissəsində, Beşbarmaq dağına qədərki ərazidə yerləşirdi. [4] [5] [6]

Maskutlar
Maskutlar indiki Quba rayonunda və Abşeronda yaşamışlar. Bu toponimlərin adı IV əsrin birinci yarısında Maskut hökmdarı Sanesananın erməni hökmdarı ilə müharibəsini təsvir edən V əsr müəllifinin əsərində çəkilir. Bu mənbədə "böyük Kür çayı"[7] maskutların sərhədi kimi göstərilir.

V əsr müəllifı Favstos Buzand IV əsrin birinci yarısı ilə bağlı hadisələrdən danışarkən maskut hökmdarı Sanesanın "müxtəlif köçəri tayfalardan" ibarət qoşunu sırasında hunların, təvəsparların, xeçmatakların, ijmaxların, balasaçilərin və i.a. adını çəkir. [8]

Massaget – maskut tayfaları Şabran səddindən şimalda, dəniz sahili boyunda yaşayırdılar. VII əsrə aid anonim mənbədə aşağıdakılar bildirilir: "Xəzər dənizinin şimal tərəfində, Qafqaz sıra dağlarının gəlib çatdığı dənizə qədər Vardanian düzənliyində maskutlar yaşayır. Dərbənd səddi buradadır".[9] Erməni və ərəb mənbələrinə görə maskutların ölkəsi indiki Dağıstanın Dərbənd rayonunun Xəzərsahili ərazisində eləcə də, Azərbaycan Respublikasının Quba, Qusar və Dəvəçi rayonlarında, Abşeron və Muğan düzündə yerləşirdi. [10]

Massagetlər Baş Qafqaz silsiləsi ilə dəniz sahili arasında, Dərbənddən Abşerona və Muğan düzünə qədərki bərəkətli vilayətdə məskun idilər. Bu ərazilər Samur çayının aşağı axını və cənuba doğru axan başqa çaylar vasitəsilə suvarılırdı. [11]. VII əsr məxəzində Samur və Gilgilçay çayları arasındakı düzənlik Mazkutk [12], IX-X əsrlər ərəb mənbələrində Məsqət [13] [14] [15], sonralar orta əsrlərdə isə Müşkür [16] adlanmışdır. Artıq eramızın I əsrində maskutların öz hökmdarlığı var idi. Hökmdarlığın paytaxtı adı ehtimal ki, Xosrov Ənuşirəvan tərəfindən məğlub edilmiş çol adlı türk tayfasının adından götürülmüş Çor, yaxud Çol şəhəri idi. [17] [18]

Məlumdur ki, skif tayfaları Azərbaycandan keçmiş və şübhəsiz, onların müəyyən hissəsi bu bölgədə məskən salmışdı. Bunu arxeoloji materiallar da təsdiqləyir. [19].

Maqlar
Ərəb müəlliflərinin məlumatına görə, Muğan əyalətində körfəzdən aralı maqların yaşadığı böyük kənd var idi. [20] Bəzi alimlərin fikrincə, Muğanda qədim maq tayfası yaşamış, Sasanilər dövründə və daha əvvəl onlarm arasında kahinlər təbəqəsi yaranmışdı. Muğan sözü bir çox şərq, o cümlədən Muğan düzü, [21] Muğan şəhəri toponimik terminlərinin əsasını təşkil edir.[22]

Hunlar
Bir sıra erkən orta əsr müəllifləri hunların, sabirlərin, xəzərlərin Albaniyaya keçib gəlmələrindən, basqınlarından bəhs etmişlər. Hunlar Qafqazda ilk dəfə eramızın II əsrinin ikinci yarısında görünmüşlər.[23] Aqafangelə görə, hunlar Albaniyaya Dərbənd (Çor) keçidindən III əsrin birinci yarısında və sonralar, IV əsrin birinci yarısında və axırında (395-ci il) girmişlər.[24] Hunların Albaniyaya – Dərbəndə, Şirvana, Muğana və başqa vilayətlərə basqınları V-VI əsrlərdə də davam etmişdir.[25][26] Həm də, hun ordası konqlomeratında bulqarlar, haylandurlar, V-VI əsrlərdə isə sabirlər də var idi. [27] [28] [29] [30] [31][32]

VII-IX əsrlərdə[33] Qəbələyə, Muğana girən sabirlər, xəzərlər və bulqarlar bu vilayətlərin toponimikasında öz izlərini qoymuşlar. [34] [35][36]

Narrativ (təhkiyə xarakterli) mənbələrlə yanaşı lapidar (yığcam) mənbələrin toponimikasının öyrənilməsi köçəri türklərin Şirvana hələ erkən orta əsrlərdə gəldiklərini göstərir. Panili Priskin verdiyi məlumata görə erkən orta əsr mənbələrində türklərlə eyniləşdirilən hunlar[37] V əsrdə Abşerona köç etmişdilər. [38] [39] Hunların, sabirlərin, xəzərlərin və başqa türk tayfalarının Şirvan vilayətinə soxulmalarını və basqınlarını erməni müəllifləri Yeqişe[40], Favstos Buzand[41] (V əsr) və Gevond[42] (VIII əsr) da qeyd etmişlər.[43] [44] Yeqişeyə görə, hunlar artıq V əsrin ikinci yarısında Şimali Qafqaza gəlmiş, Xəzər dənizi və Qafqaz dağları boyunca uzanan vadini Dərbəndədək tutmuşdular. 503-cü ildə sabirlər Zaqafqaziyaya və Albaniyaya hücum etmişdilər. [45]

Sabirlər-xəzərlər
VII əsrin əvvəli anonim müəllifin məlumatına görə Xəzər dənizinin şimal-qəribndə Atil (Volqa) çayınadək türkdilli savir–sabir tayfalan yaşayırdı. [46] İbn Xordadbeh (IX əsr) qeyd edir ki, Bab əl Əbvabdan o yana Suvar (Savir) səltənətidir. [47] Mitilenli Zəkəriyyə 555-ci ilə aid salnaməsində qeyd edir ki, qapının, yəni Dərbəndin arxasında, Dağıstanda və Şimali Qafqazda "avqar (auanqur), sabir, burqar, alan, kurtarqar, avar, xəzər, dirmar, sirurqur, baqrasik, kulas, abdel, eftali tayfaları yaşayır. Bu on üç xalq çadırlarda yaşayır, mal-qara, balıq və vəhşi heyvan əti ilə dolanırlar". [48] VI əsrə aid bu salnamədə adı çəkilən tayfalar çadırlarda yaşayan köçərilər kimi xarakterizə olunur. Onlardan burqarlar (bulqarlar), sabirlər, avarlar, xəzərlər, abdellər, eftalilər, saraqurlar (sirurqurlar), onoqurlar (auanqurlar) və başqalarının türkdilli olmaları digər mənbələrdən məlumdur. [49]

Mənbələr təsdiq edir ki, I Xosrov Ənuşirəvan (531-579) xəzərlər üzərində qələbə çaldıqdan sonra üç min əsir türk ailəsini (50 min nəfər adam) Arrana və Azərbaycana köçürmüşdü. İbn Misqəveyhin sözlərinə görə türk əsirlərinin cərgəsi on fərsəxə (təqribən 60 km) qədər uzanırdı. [50] Başqa mənbələrə görə, köçürülən ailələrin sayı 10000-ə çatırdı. Beləliklə, VI əsrdə türklərin Arrana, Şirvana və Muğana güclü miqrasiyası baş verirdi. Bu ölkələrin toponimikasında türk ünsürlərinin mövcud olmasına – (Qobu, Türkan – Abşeronda, Qala, Suvar, Sabiroba-Xaçmaz rayonunda, Balisakan, Biləcəri, Biləsuvar, Biçənək, Qıpçaq, Xəzəryurd, Xəzəryaylaq, Xəzər – Salyan rayonunda) müxtəlif türkdilli tayfaların Şirvan zonasına və qonşu vilayətlərə gəlmələrinə dair narrativ və lapidar mənbələrin verdiyi məlumatları da təsdiq edərək, ölkədə erkən orta əsrlərdən – III-IV əsrlərdən (hunlar) başlayaraq, VI-VIII əsrlərdə daha intensiv şəkildə (sabirlər, xəzərlər, peçeneqlər və b.) türkləşmə prosesi getdiyini göstərir.

Mənbələr və toponomik məlumatlar göstərir ki, Qafqaz, irandilli və türkdilli tayfalardan ibarət yerli əhali eramızm əvvəlindən etibarən yerli türklərlə intensiv surətdə qaynayıb-qarışmışdır. Azərbaycanda məskunlaşmış ərəb tayfaları yerli əhali ilə qaynayıb-qarışmış, dilləri aradan çıxmış, onun izləri yalnız toponimikada və məhəlli leksikada qalmışdılar. Bu, ərəb istilasınadək Azərbaycanda türk ünsürlərinin davamlı və sabit olduğunu göstərir. [51] Eramızın əvvəlindən Şirvanda, Arranda oturaq həyata keçən həmin türk tayfaları Azərbaycan türklərinin təşəkkülündə iştirak edən mühüm komponentlərdən olmuşlar.

İrandilli tayfalar
Quba rayonunun, Abşeronun və Muğanın bir sıra toponimləri irandili leksikaya mənsubdur.[52] [53] Erməni, ərəb və fars mənbələrinin verdiyi məlumata görə, Sasani hökmdarları, I Qubad, I Xosrov Ənuşirəvan V-VI əsrlərdə özlərinin şimal sərhədlərini köçəri türklərin basqınlarından qorunmaq üçün bir sıra istehkamlar və Dərbənd divarını tikdirmiş, [54] [55] [56] Lahican, Təbəristan, Gilan və s. yerlərdən bəzi irandilli tayfalar şimal-şərqi Azərbaycana, daha doğrusu, Şirvan vilayəti bölgəsinə köçürmüşdülər. Bu adlar həmin zonanın toponimikasında da əksini tapmışdır. (Şirvan, Lahıc – İsmayıllı rayonunda, Ləhəş – Abşeronda, Təbərsəran – Cənubi Dağıstanda, Gürgan – Abşeronda və s. Bəzi tədqiqatçıların (A.A. Bakıxanov[57], M.H.Vəliyev-Baharlı[58]) fikrincə, Xəzər dənizinin qərb sahili boyunca Abşerondan Dərbəndədək məskunlaşmış tatlar buraya köçürülmüş qədim iranlıların qalıqlarıdır.

Ərəb tayfaları
Mənbələr göstərir ki, Şirvanda Qafqaz, İran və türk mənşəli qədim əhali ilə yanaşı, VI-IX əsrlərdə və sonralar ərəblər də yaşamışdır. [59]

X əsr ərəb müəllifi əl-Məsudinin yazdığına görə "Haydaqla əl- Bab arasında ərəb dilindən savayı heç bir dildə yaxşı danışa bilməyən müsəlman ərəblər yaşayır. Onlar meşələrdə, cəngəlliklərdə, vadilərdə, iri çayların sahilində, hələ vaxtı ilə ərəb səhralarından qaçıb gələnlərin tutduqları kəndlərdə yaşayırlar. Onlar Haydaq məmləkəti ilə sərhəddə yaşayır, lakin ondan cəngəllik iri çaylar vasitəsilə qorunurlar. Onlarla əl-Baibn arasında məsafə üç milə (bir fərsəx) qədərdir. Əl-Baibn əhalisi onlara kömək göstərir". [60] Əl-Bəlazuri (IX əsr) və əl-Qərnatinin (XII əsr) məlumatına görə ərəb sərkərdəsi Məsləmə ibn Əbd-əl-Məlik (VIII əsr) Dərbənddə, onun ətraf kəndlərində və Təbəsəranda Mosuldan, Dəməşqdən, Tədmurdan, Hələbdən, Suriya və əl-Cəzairənin digər şəhərlərindən 24 min ərəb əsgəri (Qərnatidə – ailəsi) yerləşdirilmişdi; Dərbəndin dörd məhəlləsi müvafıq olaraq, Dəməşq, Hims, Kufə və əl-Cəzirə adlandırılmışdı.[61] [62] XII əsrdə İbn əl-Əzraq dağlarda və Dərbəndin ətrafında hələ ölkənin Xilafət tərəfindən istila edildiyi vaxtdan burada yaşayan ərəblərə rast gəldiyini göstərir. [63]


Tarix: 12.02.2015 / 13:56 Müəllif: Feriska Baxılıb: 268 Bölmə: Şirvanşahlar dövləti
loading...