Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın birləşdirilməsi cəhdi

1406-cı ilin baharında Əbu Bəkr Xoca Məhəmməd Dəvani və Zeynəddin Qəzvininin müvəkkillərinin şəhərin bürclərini və istehkamlarını bərpa etmək üçün şəhər əhalisindən böyük məbləğdə pul tələb etmələri ilə əlaqədar Təbrizdə üsyan baş verdi. Bu vaxt Teymuri Əbu Bəkr Təbrizi tərk etmişdi və başı qardaşı Ömərlə müharibəyə qarışmışdı. Üsyanın başında şəhər tamğası (şəhərin baş vergi yığanı) Şeyx Əxi Qəssab və sənətkar karxanalarının digər rəisləri dururdu.

Bu zaman xəbər gəldi ki, əmir-Bəstam Cəyir Təbrizdə iğtişaşlar baş verdiyini bilib ora yollanmışdı Hadisələrdən istifadə edən Şeyx İbrahim də öz qoşunları ilə Təbrizə doğru hərəkət etdi. Teymurilərin asılılığından çıxmış Şeyx İbrahim ölkəni vahid bir dövlətdə birləşdirmək məqsədilə Cənubi Azərbaycanı ilhaq etməyə can atırdı. Bəstam 1406-cı ilin aprelində Təbrizə girdi. Bu, Bəstamla Şeyx İbrahim arasında düşmənçiliyə səbəb oldu. Bəstamın yaxın adamları İbrahimin gəlməsi xəbərini eşidib onun tərəfinə keçdilər. Şeyx İbrahimin Təbriz üzərinə gəldiyini bilən Bəstam şəhəri tərk edərək Ərdəbilə çəkildi. Əbu Bəkr Məhəmməd Devani və Məhəmməd Keçəçi müvəkkillərini Şirvanşahların ordugahına göndərərək itaət etdiklərini bildirdilər. Şirvanşah İbrahim bundan əvvəl şəhər əhalisindən yığılmış böyük məbləğin geri verilməsini tələb etdi.

Şeyx İbrahim mayın axırlarında Təbrizə daxil oldu. O, burada özünü ədalətli və müdrik hökmdar kimi göstərdi. İbrahim tezliklə Uçana tərəf yollandı. Bu vaxt Cəlairi sultanı Əhmədin başına topladığı çoxlu tərəfdarları ilə Azərbaycana gəldiyini eşidən Şirvanşah əmirlərini yığıb dedi: "Biz bu əlahəzrət xanədanla (Cəlarilərlə) uzun müddət dostluq etmişik. Ölkə (Azərbaycan) başçısız qaldığından və Azərbaycan sultan Əhmədin əcdadlarının iqamətgahı olduğundan biz bura yalnız zalımlar təbəələri incitdiklərinə görə gəlmiş və onları məmurların azğınlığından xilas etmişik. İndi isə evin əsl sahibi gəldiyi üçün biz öz ölkəmizə qayıdırıq". Sultan Əhməd h.809-cu il məhərrəm ayının (iyun, 1406-cı il) ortalarında Təbrizə girdi.


Tarix: 12.02.2015 / 13:48 Müəllif: Feriska Baxılıb: 181 Bölmə: Şirvanşahlar dövləti
loading...