II Mənuçöhr – Şirvanşahlar dövlətinin on yeddinci hökmdarı, Şirvanşah I Fəribürzün oğlu.
Fəaliyyəti
Şirvanşah I Fəribürz iki oğul qoyub getmişdi: II Mənuçöhr və I Əfridun. Onlar növbə ilə hakimiyyətə gəlmişlər. Məsud ibn Namdarın verdiyi məlumata görə Fəribürzün Gəncənin və bütün Arran vilayətinin əmiri olmuş əl-Ədud adlı oğlu olmuşdur. S. Aşurbəyli qeyd edir ki, bu Fəribürzün oğlunun adı deyil, ləqəbi idi. Onun adını müəyyənləşdirmək hələlik mümkün deyil, lakin güman etmək olar ki, bu II Mənuçöhrün ləqəbidir.
II Mənuçöhr haqqında qalmış yeganə sənədlər Ermitajda alçaq əyarlı gümüş sikkə və onun adı çəkilən kitabədir. Mənbələrdə onun haqqında heç bir məlumat verilmir. Sikkənin üz tərəfində dini rəmz, xəlifə əl-Müstəzhir billahın (h.487-512 (1094-1118)-ci illər) və səlcuq sultanı Məhəmmədin (h.498-511 (1105-1118)-ci illər) adları göstərilmişdir. Arxa tərəfdə əl-məlik Mənuçöhr ibn Fəribürz adı həkk olunmuşdur. Xəlifə Müstəzhir h.487-ci ildən 512-ci ilədək (1094- 1118), sultan Məhəmməd ibn Məlik şah isə h.498-ci ildən 511-ci ilədək (1105-1118) hökmranlıq etmişdir. Deməli, h.498 (1105)-ci ildə Mənuçöhr Şirvanın şahı idi. Kitabəyə görə II Mənuçöhr h.489 (1096)- cu ildə hakimiyyətə başlamışdır: "Şirvanşah Əbü-1-Müzəffər, möminlər əmirinin köməkçisi Mənuçöhr ibn Fəribürzün zamanında. Dörd yüz səksən doqquzuncu il (1096-cı il)". Onun hakimiyyətinin son ili məlum deyil. Lakin Əfridunun h.514 (1120)-cü ildə öldürüldüyü nəzərə alınsa, ehtimal edilir ki, h.498 və h.514 (1105-1120)-cü illər arasında II Mənuçöhrün hakimiyyəti sona çatmış və I Əfridunun hakimiyyəti başlanmışdır.
Sikkədə sultan Məhəmmədin adının çəkilməsi Şirvanşahın İraq səlcuqlarına tabe olduğunu göstərir. Lakin əl-məlik titulu və Mənuçöhrün atasının – Fəribürzün adının çəkilməsi Şirvanşahın hakimiyyətinin möhkəmləndiyinə dəlalət edir. Məlik şahın oğlu, Arranı öz torpaqlarına birləşdirmiş Gəncə hakimi sultan Məhəmmədin hakimiyyət dövrü o zaman dövlətin başında duran qardaşı Börküyarıq əleyhinə üsyan qaldıraraq, onunla hakimiyyət uğrunda ara müharibələri aparması ilə səciyyələnir. Qardaşının ölümündən sonra sultan Məhəmməd h.498-ci ildən 511-ci ilədək (1105-ci ildən 1116-cı ilədək) təkbaşına baş sultan olmuşdur. II Mənuçöhrün adı ilə kiçik mis pullar da var. Onların bir tərəfində titulsuz Mənuçöhr, digər (tərəfində isə Məlik şah (Y.A. Paxomovun fikrincə, II Malik şah) (təqribən h.498 (1104/5-ci il) adları çəkilir. Lakin Kuyumcan onları III Mənuçöhrə aid edir. I Fəribürzün oğlu II Mənuçöhr haqqında sikkələrdən və kitabədən başqa, hələlik, heç bir məlumat yoxdur.
Tarix: 11.02.2015 / 18:48 Müəllif: Feriska Baxılıb: 224 Bölmə: Şirvanşahlar dövləti