Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

II Fəribürz

II Fəribürz – Şirvanşahlar dövlətinin iyirmi üçüncü hökmdarı, Şirvanşah II Əfridunun oğlu.

Fəaliyyəti
Bəzi tədqiqatçılar Şirvanşahlar arasında II Fəribürzün olmasına şübhə ilə yanaşmışlar. II Fəribürz ibn II Əfridunun hakimiyyət dövründən akademik Dorna məlum olmayan bu Şirvanşahın mövcudluğunu qəti təsdiq edən sikkələr qalmışdır. Sikkənin üz tərəfində ənənəvi dini rəmz və xəlifə ən-Nasirlidin Allahın (h.575-622) (1180-1225)-ci illər) adı, əks tərəfində isə "əlməlik, əl-adil Cəlal əd-Dünya və-d-Din Fəribürz ibn Əfridun ibn Mənuçöhr, Şirvanşah" sözləri həkk olunmuşdur. Şirvanşahın adında sülalənin ən görkəmli nümayəndələrindən sayılan, sonralar tarixçilərin adına "böyük" təşbehi qoşduqları III Mənuçöhrün nəslindən olmasının qeyd edilməsi nəzərə çarpır. Mənuçöhrün ölümündən sonra gələn bütün Şirvanşahlar öz sikkələrində onun nəslindən olduqlarını göstərməyə başlamışlar. II Fəribürzün sikkələrində dəbdəbəli əl-adil, Cəlal əd- Dünya və-d-Din ləqəblərinin və Şirvanşah titulunun peyda olması sonuncu səlcuq sultanları ilə Eldəgəzlər arasında müharibələr getdiyi XII əsrin 90-cı illərində Şirvanşahın müstəqil olduğunu göstərir. XII əsrin 40-cı illərində Azərbaycanda yeni güclü Eldəgəz Atabəyləri sülaləsi bərqərar oldu. Qızıl Arslanla (h.582-587 (1187-1191)-ci illər) mübarizə aparan sonuncu səlcuq hökmdarı III Toğrul (h.571-590 (1176- 1194)-cı illər) 1194-cü ildə Xarəzmşah Təkişlə (h.567-596 (1172-1200-cı illər) vuruşmada öldürüldü. Eldəgəz Qızıl Arslan h.587 (1191)-ci ildə ismaililər tərəfindən öldürüldükdən sonra onun qardaşı oğlanları arasında ara müharibələri başlandı. Bu müharibələrdə səlcuqilər və Eldəgəzlərlə mübarizə aparan gürcü hökmdarları da iştirak edirdi. Görünür, Şirvanşahlar bu dövrdə xarici siyasi hadisələrdən və qohumluq münasibətlərində olduqları gürcü hökmdarları ilə ittifaqdan istifadə edərək istər səlcuq sultanlarının, istərsə də Eldəgəzlərin vassalı olmaqdan boyun qaçırırdılar. Ona görə də II Fəribürz ibn II Əfridunun sikkələrində səlcuq sultanının adına rast gəlinmir və Şirvanşahın ləqəb və titulları sadalanır. O, əmisı Şahənşahdan sonra - h.587 (1200/l)-ci ildən 600 (1204)-cü ilədək hökmranlıq etmişdir. Ondan sonra əmisi I Fərruxzad və onun oğlu I Güştasp hakimiyyət sürmüşlər. Şirvanşahlar arasında II Fəribürzün övladlarına rast gəlinmir.


Tarix: 11.02.2015 / 18:47 Müəllif: Feriska Baxılıb: 188 Bölmə: Şirvanşahlar dövləti
loading...