Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

II Fərruxzad

Fəalliyyəti
Hülakü xanın hökmranlığı dövründə (1256-1265) Elxanilərin Şirvan üzərində hakimiyyəti gücləndi. Elxanilər vaxtında monqol köçərilərinin və köçəri zadəganlığının Şirvana axını son dərəcə artdı. Onlar münbit torpaqları, oturaq feodalların otlaqlarını zəbt edirdilər. Şirvanın əhalisi vergilərin ağırlığından və köçəri feodalların zülmündən əzab-əziyyət çəkirdilər. Bu dövrdə Şirvanşahın hakimiyyəti, görünür, nominal xarakter daşıyırdı və ölkənin ərazisi xeyli kiçildilmişdi. Şirvan, demək olar ki, yüzillik bir dövr ərzində Elxanilərlə Qızıl Orda xanları arasında hərbi əməliyyatlar meydanına çevrilmişdi. Hülakü xan 1265-ci ildə öldükdən sonra onun oğlu və varisi Abaqa xanın (1265-1282-ci illər) zamanında Qızıl Orda xanları dəfələrlə Dərbənd keçidindən Şirvana soxulmuşdular. Abaqa xan cuçilərin hücumundan qorunmaq üçün Kür çayı boyunca bir sıra sədlər və istehkamlar tikdirmişdi.

Şair Nizari h.679-cu ildə (1281-ci ilin əvvəlində) Kuhistandan Qafqaza xidməti səfəri zamanı karvan yollarında çoxlu monqol qoşunun toplandığını müşahidə etmişdi. Saray şəhərindən Bakıya gələrkən yol, on gün ərzində Arran hakimi, Abaqa xanın qardaşı Menqu-Timurun üstünə gedən monqol qoşunları tərəfindən kəsilmişdi. Abaqa xan dəfələrlə Dərbənd keçidi vasitəsilə şimaldan Şirvana soxulan Qızıl Orda xanlarına qarşı yürüş etmişdi.

Nizarinin 1281-ci ilin əvvəlindəki şahidliyi Qızıl Orda xanlarının Şirvan ərazisində Elxanilərə qarşı hərbi əməliyyatlarının davam etdiyini göstərir. Nizari Bakıya – son səfərinin son məntəqəsinə çətinliklə gəlib çatır. Şəhər ona kiçik, səliqəsiz və xoşagəlməz görünür. Hərbi əməliyyatlar Şirvanın şəhərlərinin və əhalisinin güzəranına ağır təsir göstərirdi. Lakin Şirvanşahın vəziyyətinin ağırlığına və monqollardan vassal asılılığının güclənməsinə baxmayaraq, Şirvanşahlar dövləti yaşayırdı. Nizari Bakıya gələrkən Şirvanın hakimi adı bir neçə kitabədə çəkilən II Fərruxzad idi. XIII əsrin ikinci yarısından Şirvanşahların sikkəsi ya kəsilməmiş, yaxud hələ aşkar edilməmişdir. II Axsitandan sonra gələn Şirvanşahlar haqqında yalnız epiqrafik mənbələrdən məlumat ala bilirik. II Axsitanın varisi xanəgahdakı kitabələrdən birində adı çəkilən oğlu II Fərruxzad olmuşdur. Məscidin mehrabındakı kitabədə deyilir: "Əs-sultan əl-azim Əbu-l-Fəth Fərruxzad ibn Axsitan ibn Fəribürz ibn Gərşəsf Nasir əmir əl-möminin, xəms (və) sittin (və sittəmiə), tarix h.665 (1266/7)-ci il". Bu kitabə Şirvanşahın şəcərəsini dəqiq müəyyənləşdirir və onun hakimiyyət illərindən birini göstərir.

Y.A.Paxomovun qeyd etdiyi kimi "Bağdad Xilafətinin süqutundan" və 1258-ci ildə sonuncu Abbasi xəlifəsi Müstəsimin edam olunmasından sonra "möminlər əmirinin köməkçisi" titulunun işlədilməsi anlaşılmır. Lakin ola bilər ki, sünni olan Şirvanşahlar Misirin Abbasi xəlifələrini tanımış, yaxud əvvəllər mənimsənilmiş bu titul, ənənəvi olaraq, real həqiqətə uyğun gəlmədən işlədilmişdir. Bakıdan 5-6 km aralı köhnə Bibiheybət məscidinin divarındakı digər kitabə XIII əsrin ikinci yarısına aiddir. Həmin kitabədən A.Bakıxanov, İ.P.Berezin, B. Dorn, N.O.Xanıkov bəhs etmişlər. Xanıkov məsciddəki II Fərruxzad ibn II Axsitan ibn III Fəribürzün adı çəkilən kitabədən danışarkən onun tarixini h.680-ci il müəyyən edir. Kitabənin Xanıkov, Dorn, Berezin və Paxomov tərəfindən dərc olunmuş dörd variantı əsasında onun mətnini aşağıdakı kimidir:

"Əmr ba bina hazəl məscid əlməlik əl-müəzzəm, əs-Sultan, əl-əzim, Nəsr əd-dövlə və-d-Din Əbü-1- Fəth Fərruxzad ibn Axsitan ibn Fəribürz Nasir əmir əl-möminin xələz-Allahi məlikə və-d-döv-lətə fi-t-tarix sanətə...səmanin..."
Bu məscidi tikməyi əzəmətli məlik, böyük sultan, dövlətin və dinin qoruyucusu, möminlər əmirinin köməkçisi Əbü-1-Fəth Fərruxzad ibn Axsitan, ibn Fəribürz, Allah onun hakimiyyətini ucaltsın... səksəninci il tarixdə (1281/2-ci il) əmr etdi.
Bu kitabənin mətni xanəgah məscidinin mehrabındakı kitabənin yuxarıda gətirilən mətninin, demək olar ki, eynidir və ondan təqribən on beş il sonraya aid edilir. Bakıxanovun fikrincə, Fərruxzadın adı məsciddə, Şirvanşahın onu bərpa etdirməsi münasibətilə təsbit olunmuşdur. Yuxarıda gətirilən kitabələrə əsasən belə hesab etmək olar ki, Şirvanşah II Fərruxzad ibn II Axsitan Elxanilər Hülakü xan və Abaqa xan zamanında h.658 (18.XII.1259 – 5.XII.1260)-cı ildən h.681 (1282/3)-ci ilədək hakimiyyət sürmüşdür. Fərruxzad yaxşı müdafiə olunan Bakı qalasında yaşamışdır.

Ailəsi
Anadolu Səlcuq sultanı II Keyqubadın bacısı Sayaluna ilə evlənmişdi. Övladları:

III Axsitan (1282-1294) - Şirvanşah
Keyqubad (1317-1348) - Şirvanşah
Adı bilinməyən bir qız - Əmir Çobanın oğlu ilə evləndi.


Tarix: 11.02.2015 / 18:47 Müəllif: Feriska Baxılıb: 207 Bölmə: Şirvanşahlar dövləti
loading...