Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şeyx Heydərin Şirvan yürüşü

Dayısı Uzun Həsənin dəstəyi ilə müridlər və sufilər üzərində nüfuzunu gücləndirmiş Səfəvi Şeyx Heydər, atası Şeyx Cüneydin siyasətini izləyərək Şirvanı tutmağa çalışırdı. O, Şirvanşahdan Şeyx Cüneydin ölümünün qisasını almaq istəyərək "kafir" çərkəzlər əleyhinə mübarizə bəhanəsi ilə 10000 süvari qoşun topladı və Sultan Yaqubdan Şirvanşah Şirvanşah Fərrux Yasara məktub gətirməklə ondan Şirvanşahlar dövlətinin ərazisinə daxil olan Dərbənddən keçməklə, Dağıstana, çərkəzlər ölkəsinə getmək üçün icazə alıb yürüşə yollandı, oranı talan edərək çoxlu əsir götürdü və təntənə ilə Ərdəbilə qayıtdı. H.892 (1487)-ci ildə çərkəzlər üzərinə ikinci dəfə basqın edən Şeyx Heydər 6000 nəfər əsir alaraq, eyni yolla Ərdəbilə döndü. H.893 (1488)-cü ildə Şeyx Heydər çərkəzlər üzərinə üçüncü basqına icazə almaq üçün anası - Uzun Həsənin bacısı Xədicə xatunu Quma, Sultan Yaqubun sarayına göndərdi. Sultan Yaqub Şirvanşah Fərrux Yasara çərkəzlərlə müharibədə Heydərə yardım göstərməyi xahiş etdi.

Üçüncü yürüşü zamanı Şeyx Heydər sazişi pozdu və Şirvanşah I Xəlilullah tərəfindən göndərilmiş elçi ilə kobud rəftar etdi. O, elçiyə dedi: "Geri qayıt və əmirinə de ki, biz onunla müharibə etməyə gəlirik. Atamın hər bir damla qanı üçün bütün dünyanın başını vuracağıq. Vuruşma filan gündə olacaq və Səfəvi qoşunları ləngimədən Şamaxıya hücum edəcəkdir". Şeyx Heydər öz qoşunları ilə hücuma keçəndə Şirvanşah Gülüstan qalasına çəkilməyə məcbur oldu. Qisas alan şeyx heç kəsə aman vermədən Şamaxı əhalisini qırmağa başladı.

Bu xəbər şeyxin hərəkətlərində özü üçün də müəyyən təhlükə görən Sultan Yaqubu qəzəbləndirdi O, müsəlmanların tökülmüş qanının qisasını almaq və oğlu, Fərrux Yasarın nəvəsi Baysunqur xan vasitəsilə qohumluq əlaqələri ilə bağlı olduğu Şirvanşaha yardım etmək qərarına gəldi. Sultan Yaqub Şirvanşaha tərəfdar olan fəqihlərin təsirilə Şirvanşaha kömək üçün Sultaniyyədən Ərdəbil yolu ilə təcili Şirvana getdi və h.893-cü il cəmadiyülaxir ayının 28-də (9 iyun 1488-ci il) ora çatdı. Şeyx Heydər isə Şamaxını tərk edərək Dərbəndə tərəf çəkildi. H.893-cü il rəcəb ayının 29-da (9 iyul 1488-ci il) çərşənbə günü Şirvanşahın və Ağqoyunlu əmirlərinin birləşmiş qoşunları Şeyx Heydərin qızılbaşlarına hücum etdi. Döyüş zamanı Şeyx Heydər oxla boynundan ölümcül yaralandı. Qızılbaşlar onu atdan endirib araya alaraq, düşmənin həmləsini dəf etməyə cəhd göstərdilər. Şeyxin həlak olduğunu görən qızılbaşlar döyüş meydanına qayıdaraq mərdliklə vuruşdular. Lakin əmirlərin və Şirvanşahların qoşunları onları məğlub və məhv etdilər. Sultan Yaqubun qərargahına göndərilən qasid döyüşün nəticəsi haqqında xəbərlə yanaşı, Şeyx Heydərin başını da apardı O, h.893-cü il şaban ayının 6-da (16 iyul 1488-ci il) çərşənbə axşamı Ərvanəguh adlı yerə çatdı. Sultan Yaqub şeyxin başını bir neçə günlüyə tamaşaya qoyduqdan sonra anası Xədicə Sultana (Uzun Həsənin bacısına) verməyi əmr etdi. Ertəsi gün şah alayı paytaxt Təbrizə daxil oldu. Sultan Yaqub əmirlərə düşməndən tutulub alınmış Şirvan şəhərləri, Dərbənd və Mahmudabad Şirvanşah Fərrux Yasara qaytarıldı.


Tarix: 12.02.2015 / 13:50 Müəllif: Feriska Baxılıb: 234 Bölmə: Şirvanşahlar dövləti
loading...