Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Biskvitli rulet resepti)

Tərkibi:
Biskvit üçün:
4 ədəd yumurta
125 qr un
125 qr şəkər tozu

Hopdurma üçün:
150 ml su
150 qr şəkər tozu
1-1/2 x/q tünd rom

Şirəsi üçün (qlazur):
2 x/q süd
3 x/q şəkər tozu
2 x/q kakao tozu
50 qr duzsuz kərə yağı

İçlik üçün:
şokoladlı-yağlı krem

Hazırlanması:
1. İnqredientlər hazırlanır.
2. Biskvit hazırlanır. Qarışdırma teli ilə yumurta və şəkər tozu oda davamlı qazanda qarışdırılır.
3. Qazan isti su vannasına yerləşdirilir və yumurta blenderlə qarışdırılır.
4. Kütlənin rəngi ağarmalı və həcmi 3 dəfə artmalıdır. Əsas odur ki yumurtalar çox isinməsin. Yumurtaların temperaturu 38ºC keçməməlidir.
5. Qazan su vannasından çıxarılıb, kütlə soyuyana qədər qarışdırılır.
6. Kütlə soyuyandan sonra, xörək qaşığı ilə ələkdən keçirilmiş un əlavə edilir.
7. Maye xəmir azacıq yağlanmış perqament kağızı üzərinə əlavə edilir.
8. Xəmir perqament üzərində 5 mm qalınlıqda yayılır. Əvvəlcədən 180ºC isidilmiş sobada 15 dəqiqə bişirilir.
9. Hazırlanmış biskvit azacıq cəhrayı və elastik olmalıdır.
10. Hazır biskvit perqament kağızı qarışıq rulet formasında bükülür.
11. Tam soyuması gözlənilir.
12. Bu arada hopdurma hazırlanır. Orta odda şəkər tozu suda əridilib qaynadılır.
13. Soyumuş siropa rom əlavə edilir.
14. Soyumuş rulet ehtiyyatla açılır və araları mətbəx fırçasının köməyi ilə siropla yağlanır.
15. Biskvitin qıraqlarından 2-2,5 sm məsavə buraxmaqla, üzərinə krem əlavə edilir.
16. Çox ehtiyyatla biskvit bükülür, qıraqları bağlanmasa diş çöpündən istifadə etmək olar. Büküləndən sonra siropla hər tərəfi yağlanıb, 30-40 dəqiqə müddətinə, krem soyuyana qədər soyuducuya yerləşdirilir.
17. Rulet soyuducuda olan müddətdə şirə (qlazur) hazırlanır. Bir qazanda süd və kərə yağı qarışdırılır.
18. Şəkər tozu və kakao əlavə edilir, qaynadılır və sonra soyudulur.
19. Rulet soyuducudan çıxarılıb hər tərəfi şirə ilə yağlanır.
20. Biskvitli rulet demək olar ki hazırdır. Üstü zövqə görə satışda olan ağ qənnadı kremlə bəzədilir.
21. Rulet ən azı 8 saat müddətinə soyuducuya yerləşdirilir. Daha yaxşısı isə bir gecəni soyuducuda qalmasıdır. Bu müddət ərzində şirə tam olaraq ruletə hopmuş olur.

Nuş olsun!


Tarix: 23.11.2014 / 20:57 Müəllif: Aziza Baxılıb: 311 Bölmə: Şirniyyatlar
loading...