Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tiramisu Tortu

Bu şəkildə gördüyünüz Tiramisu buzluqdan çıxıb, ona görə kremi tökülmür. Soyuducuda saxlanan Tiramisu isə olduqca yumuşaq olur və bu, belə də olmalıdır.

Tiramisu İtaliyanın ən məşhur şirniyyatıdır. Deyə bilərəm ki, mənim ən çox xoşladığım 3-4 şirniyyatın içərisinə Tiramisu da daxildir. O qədər yüngül və o qədər ləzzətlidir ki, deməklə qurtarmır. Gərək onun dadına baxasınız. Tiramisu İtalyanca :Məni Qaldır: deməkdir. Sözün məcazi mənasında. Yəni, bu tort o qədər ləzzətlidir ki, insan yeyib, bir növ göylərə qalxır:)

Tiramisunu hazırlamaq üçün sizə reseptini yazdığım Savoiardi qurabiyəsi (qadın barmağı) lazımdır. Bir də ənənəvi olaraq, məşhur İtalyan pendiri – Maskarpone (Mascarpone)

TIRAMISU
Mənbə: The Washington Post, July 11 2007. Müəllif – Carminantonio

6 pay üçün

Tiramisunun bir neçə resepti var. Bir resept var ki, orada krem heç bişmədən, çiy yumurtalardan və maskarpone pendirindən hazırlanır. O reseptin ən asan resept olduğunu deyə bilərəm. Buradakı resept isə daha çox əmək istəyir – krem 3 ayrı kremin birləşməsiylə əmələ gəlir, və olduqca ləzzətlidir.

Qeyd: Vaxtınızdan səmərəli şəkildə istifadə etmək üçün, tiramisusun kremlərini, qurabiyələrini bir neçə gün əvvəldən də hazırlaya bilərsiniz.

Ərzaqlar:

Zabaglione (İtalyan kremi) üçün:
2 ədəd iri yumurta sarısı
3 xörək qaşığı şəkər tozu (50 qram)
dörtdə bir stəkan Marsala şərabı (Marsala şərabı məsləhət görülür, amma əgər yoxdursa tünd kofeylə əvəz edə bilərsiniz)
çay qaşığının ucunda vanil ekstraktı (duru vanil)
yarım çay qaşığı sürtkəcdən keçirilmiş limon qabığı

Vanilli krem üçün:
dörtdə bir stəkan şəkər tozu (55 qram)
1 xörək qaşığı un
yarım çay qaşığı sürtkəcdən keçirilmiş limon qabığı
yarım çay qaşığı vanil ekstraktı
1 ədəd iri yumurtanın sarısı
dörtdə üç stəkan tam yağlı süd (175 ml)

Qaymaqlı krem üçün:
1 stəkan soyuq süd qaymağı (235 ml)
dörtdə bir stəkan şəkər tozu (55 qram)
yarım çay qaşığı vanil esktraktı (duru vanil)

Tiramisu üçün lazım olan digər ərzaqlar:
1 stəkan isti tünd ekspresso kofesi (şirnisiz)
1 çay qaşığı brendi
dörtdə bir stəkan şəkər tozu (110 qram)
üçdə bir stəkan (75 qram) maskarpone pendiri
24-30 ədəd qadın barmağı qurabiyəsi
2 xörək qaşığı adi kakao tozu (şirinləşdirilmiş deyil, adi, bir az acımsı dadı olan)

Kremlərin Hazırlanma Qaydası:

Zabaglione kreminin hazırlanması:
Balaca qazana 3 sm qədər su tökün, qoyun qazın üstünə və qaynadın. İstiyə dayanıqlı iri kasada yumurta sarısı, şəkər tozu, Marsala şərabı, vanil ekstraktı və limon qabığını cəngəllə çalın ki, ərzaqlar bir-birinə yaxşıca qarışsın. Sonra kasanı su qaynayan qazanın üstünə yerləşdirin – elə olmalıdır ki, kasa suya dəyməsin. Yumurtalı kütləni dəyanmadan qarışdıraraq qatılaşanadək bişirin – təxminən 8 dəqiqə. Kasanı kənara çəkin. Qoyun kütlə soyusun, sonra üstünə mətbəx sellofanı örtüb 4 saat soyuducuda saxlayın.

Vanilli Kremin hazırlanması:
Şəkər un, limon qabığı və vanil ekstraktını qalın dibli qazanda çəngəllə və ya mikserlə azacıq çalın. Üstünə yumurta sarısı və südün yarısını əlavə edib, ərzaqlar bir-birinə qarışanadək çalın. Sonra qazanı az xodda olan qazın üstünə qoyun və dəyanmadan qarışdıra-qarışdıra bir az bişirin. Qalan südü də az-az əlavə edib, qarışdırmağa davam edin. Təxminən 12 dəqiqə sonra kütlə hamar və qatı olacaq. Kütləni bir kasaya boşaldıb kənara qoyun ki, soyusun. Sonra üstünə mətbəx sellofanı örtüb soyuducuda 4 saat ərzində soyudun.

Qaymaqlı kremin hazırlanması:
Kasada qaymaq, şəkər tozu və vanilla ekstraktını mikserlə kütlə özünü tutub tökülməyənə qədər çalın. Kremi kənara qoyun.

Tiramisunun Yığılması

Tiramisu ölçüləri 20 X 20 sm olan dördbucaq qabda hazırlanacaq. Qabınızı hazırlayıb kənara qoyun.

Bir kasada isti (qaynar deyil) ekspresso kofesini, brendi və şəkər tozunu qarışdırın. Kənara soyuması üçün qoyun.

Ayrı iri qabda, maskarpone pendirini qaşıqla bir az əzin ki, yumuşalsın. Mikserlə də bir az çırpmaq olar. Buna, hazırladiğınız 2 kremi – zabaglione kremini ve vanilli kremi – əlavə edib, yaxşıca qarışdırın. Sonra isə qaymaqlı kremi də bu kütləyə əlavə edib, yavaşca qarışdırın. Kreminiz Hazırdır!İndi isə qadın barmağı qurabiyələrini bir bir şirinləşdirdiyiniz ekspresso kofesinə batırıb (hərəsini 1 saniyə) hazırladığınız qabın dibinə düzün (şəkildə göstərilən qaydada). Bir lay qurabiyə dolduqdan sonra, onların üstünə kremin 3də birini çəkin. Bu qaydayla 2 lay da əlavə edin – hər qat üçün qurabiyələr kofedə islanmalı və hər qatın üstünə krem çəkilməlidir. Tiramisunuz demək olar ki, hazırdır, amma yeməyə deyil.

Tiramisunun üstünə mətbəx sellofanı çəkib soyuducuya bir gecəlik qoyun. Süfrəyə verməzdən əvvəl üstünü tamamilə örtəcək qədər acı kakao tozu ələyin. 6 tikəyə bölüb, süfrəyə verin. Yeyilməyən Tiramisunu buzluqda uzun müddətlik saxlamaq olar.

Nuş Olsun!


Tarix: 08.12.2012 / 15:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 897 Bölmə: Şirniyyatlar
loading...