Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Prostat vəzin xəstəlikləri

Prostat vəzin adenoması: prostat vəzin adenoması və ya hipertrofiyası kifayət qədər çox rast gəlinən xəstəliklərdəndir. Amerikada aparılan tədqiqatlara görə, adenoma 30-40 yaxşı kişilər arasında 10%, 40-50 yaş arası kişilərdə 20 %, 50-60 yaşarası kişilərdə 40%, 60 yaşdan yuxarı olan kişilərdə isə 70%-ə qədər təsadüf olunur. Maraqlısı budur ki, kişilərdə yaşlanan zaman sidiyə çıxmaq daha çətin, qadınlarda isə əksinə hətta onu saxlamamaq dərəcəsində də ola bilər. Ahıl yaşlarda kişilərdə nəinki hormonal status dəyişir, həmçinin hormonların müxtəlif toxumalarda çevrilmə prosesi dəyişir, o cümlədən də prostat vəzidə. Normal prostat vəzin 30 qr çəkisi vardır.
Prostat vəzin böyüməsi 50% kişilərdə sidikburaxma prosesinin pozulmasına gətirib çıxarır. Bu xəstəlikdən əziyyət çəkən əksər kişilərə sidiyin arakəsilərək çıxması, tez-tez sidiyə getmə, sidik kisəsinin tam boşalmaması kimi hisslərin yaranması, gecə sidikburaxma kimi əlamətlər tanışdır. Son tədqiqatlar göstərir ki, prostat vəzin ölçüsü nə qədər böyük olarsa xəstəliyin ağırlaşma hallar o qədər çox olacaq. Kəskin sidik ləngiməsindən əlavə (10% hallarda rast gəlinir), bəzi hallarda sidik yollarının iltihabı, sidik kisəsinin daşları, sidik kisəsi venalarında qanaxma və potensiyanın pozulması kimi xəstəliklər meydana çıxa bilər.
Sidik yollarının USM vasitəsilə müayinəsi prostat vəzin görünüşü, ölçüləri, hətta neçə qram olduğunu dəqiqləşdirmək olur. Transrektal ultrasəs, yəni TRUS və KT müayinələri də diaqnozun qoyulmasına yardımçı olur, lakin başqa hallarda göstərişdir. Tibbin bu qədər inkişaf etməsinə baxmayaraq, rektal nahiyənin barmaqla yoxlanılması əvəzolunmaz metoddur, təəssüf ki, bəzi xəstələr tərəfindən bu müayinə birmənalı qarşılanmır. Rektal yolun barmaqla müayinəsi nəinki prostat vəzin ölçüləri haqda məlumat almaq olar, həmçinin onun qalınlığı, elastikliyini də müəyyən etmək olur ki, bugünkü gün heç bir tibbi avadanlıq bunu əvəz edə bilmir.
Prostat vəz adenomasının müalicəsi: medikamentoz yolla aparılır (yəni dərman preparatları vasitəsilə).Alfa blokatorların təyini zamanı bir neçə gün ərzində sidik buraxma pozğunluğunu aradan götürür, bu preparatlara misal olaraq bunları göstərmək olar: Kadex, Ksatral, Xitrin, Omnik və digərlərini göstərmək olar. Həmçinin məlum olub ki, bu preparatlar xəstəliyin simptomlarını aradan götürür, lakin müxtəlif ağırlaşmaların əmələ gəlməsinin qarşısını ala bilmir.
Burada əsas rolu profilaktik tədbirlər oynayır. Hər bir 50 yaşlı kişi ildə ən azı bir dəfə uroloqun müayinəsi prostat antigenə-PSA ,görə qan analizi verməlidir. Bu antigen prostat vəzin ölçüsü və onkoloji vəziyyətin olmasını qiymətləndirmək üçün yaxşı üsuldur. Hormonal müalicənin nəticəsində isə bu antigen iki dəfə qanda azala bilər, bu da vəziyyətin düzgün qiymətləndirilməməsinə gətirib çıxara bilir.
Kəskin prostatit: prostat vəzin kəskin iltihabı deməkdir. Kəskin prostatit özünün kəskin gedişi və hətta insan həyatını təhlükə altına sala biləcək bir xəstəlikdir. Stasionar müalicə tələb edir. Xəstəlik ən çox 40-50 yaşlarında rast gəlinir. Səbəbləri isə sidikçıxarıcı kanal, qan və limfa damarları vasitəsilə prostat vəzə bakteriyaların daxil olmasıdır. Zöhrəvi xəstəliklər və ya instrumental müayinə zamanı uretraya daxil olmuş bakteriyalar, prostat vəzin axacaqları vasitəsilə orqanın dərinliklərinə nüfuz edir. Xəstəlik qəflətən inkişaf edir. Bəzən ilk simptomlar kimi sidiyə gedərkən ağrının olması, rektal nahiyədə ağrının olması, temperaturun 40º-yə qədər olması, titrəmə, tərləmə və s. olur.
Ağır hallarda infeksiya vəzin venoz damarlarına daxil olaraq, qan dövranında yayılır və urosepsisin yaranmasına səbəb olur, nəticədə də arterial təzyiq enir. Yaşlı insanlarda urosepsis 50% hallarda ölümlə nəticələnir. Kəskin iltihab zamanı prostatın ödemi kəskin sidik ləngiməsinə gətirib çıxar bilər. Belə hallarda sidik kanalına kateterin salınması prosesi bir az da ağırlaşdırıb, infeksiyanın yayılmasına və sepsisə səbəb ola bilər. Bu zaman sidiyi boşaltmaq üçün qasıqüstü nahiyədən sistostomiya vasitəsilə kateterlə sidiyi boşaltmaq olar. Kliniki simptomlar diaqnozu dəqiqləşdirir. Qarnın palpasiyası zamanı dolmuş sidik kisəsi hiss olunur. Bəzi ədəbiyyatlarda kəskin prostit zamanı rektal müayinə əks-göstəriş hesab olunur. Lakin bu müayinəsiz keçinmək mümkün deyil, belə ki, düz bağırsaqda abses və digər xəstəliklərin olmasını dəqiqləşdirmək üçün bu müayinə çox vacibdir. USM vəzin ölçülərini təyin etməyə və qalıq sidiyin olmasını və miqdarını təyin etməyə imkan verir.
Kəskin prostatitin müalicəsi: müalicə sürətli aparılmalıdır, çünki xəstəlik özü kəskin gedişli və iltihabi xüsusiyyətlidir. İlk növbədə venadaxilinə antibiotiklər təyin olunur. Əksər hallarda 2-3 gün ərzində müsbət dəyişikliklər başlayır, belə ki, bədən temperaturu enir, ağrılar olmur və sidiyə getmə normal olur. Lakin antibiotikterapiya minimum 3 həftə tətbiq olunmalıdır. Prostatitin abses kimi ağırlaşması zamanı həm diaqnostik həm də müalicəvi məqsədlə rektal ultrasəs müayinə olan TRUS zamanı nazik iynə ilə vəzi punksiya olunur və iynə vasitəsilə irin sorularaq yerinə antibiotik yeridilir.
Bundan sonra pasientlə ildə 2 dəfə uroloqun müayinəsindən keçməlidirlər. Təkrari prostatitlər zamanı profilaktik məqsədlə kiçik dozalarda 6-12 ay antibiotiklər təyin olunmalıdır. Sidik buraxmanın çətinləşməsi və müalicənin effektsizliyi cərrahi müalicəni tələb edir (TURP). Bəzən hətta əməliyyat zamanı qatların altından içi irinlə dolu olan kapsullar görünür. Onkoloji müayinə zamanı isə bu xəstələrdə problem meydana çıxmış olur, belə ki, qanda PSA antigenin yüksək olması həm xərçəng ,həm də iltihab göstəricisidir. Kəskin prostatitdən sonra PSA qanda bir neçə ay müddətində qala bilər.
Xroniki prostatit. Bu xəstəlik zəif gedişli olub illərlə davam edərək, vəzinin struktur və funksiyasında dərin dəyişikliklər törədir. Xəstəliyin rastgəlmə dərəcəsi müxtəlif müəlliflərə görə dəyişir 4-40% arasında. 90-cı illərdə ABŞ-da il ərzində ambulator olaraq 2 milyon insan qeydə alınırdı, hər uroloqa 173 pasient olmaqla. Xəstəlikdən ən çox 20-50 yaşlı arası kişilər əziyyət çəkirlər. Xroniki prostatit kəskin prostatitin nəticəsi də ola bilər. Bəzən uretrada gedən iltihabi proses, yəni uretrit də buna səbəb ola bilər. İltihabi prosesə səbəb bağırsaq çöpü (65-80% hallarda), psevdomonas (10-15%), enterokokk (5-10%), ureoplazma ( 8%), xlamidiya (30%). İltihabi prosesin inkişafında göbələklər, trixomonada, virus və qonokokklar da rol oynaya bilər.
Bundan başqa xroniki prostatit yaxşı müalicə olunmamış və ya düzgün müalicə olunmamış cinsi əlaqə ilə keçən sidik kanalının trixomonadası və ya qonoreyası nəticəsində də meydana çıxa bilər. Çox xəstələr xəstəliyin səbəbinin ümumi soyuqlamada görürlər. Uzunmüddətli cinsi əlaqə olmadıqda və az hərəkətli həyat tərzi keçirən insanlarda bu xəstəliyin yaranması da prostatitin tam infeksiya mənşəli olmadığını göstərir və bunu prostat vəzidə vəz şirəsinin durğunluğu və venoz durğunluqla əlaqələndirirlər. Məlumdur ki, prostat vəz şirəsi antibakterial təsirə malikdir və ona toxunan hər növ mikrobu sürətlə öldürməyə qadirdir. Orqazm zamanı prostat vəzin əzələləri sıxılaraq həmin şirənin xaric olmasına və vəzidə yenilənməsinə səbəb olur.
Oturaq həyat tərzi, soyuqdəymə, intim həyatın davamlı olmaması prostat vəzin funksiyalarını poza bilər, həmçinin bu zaman prostat şirəsi durğunluq vəziyyətində olur və antibakterial xüsusiyyətlərini itirir. Bu zaman da orqanizmdə «yatmış» bakteriyalar oyanır və iltihabi prosesə səbəb olur. Xroniki prostatit uzun müddətli gedişə malik olub, periodik olaraq baş verən kəskinləşmələrlə xarakterizə olunur. Bunun bir çox səbəbləri var. Mikroorqanizmlər prostat vəzinin çıxarıcı yollarında labirintlərdə yerləşir və bu nahiyəyə orqanizmin heç bir antibakterial faktor və hətta antibiotiklər təsir etmir. Ləng gedişə malik iltihabi proses prostat vəz şirəsinin kimyəvi xüsusiyyətlərində dəyişikliklərə səbəb olur və əzələ elementlərinin yığılma funksiyasının pozulması nəticəsində durğuluğa səbəb olur. Müəyyən vaxtdan sonra isə vəz toxumasında içində irinli şirə olan boşluqlar əmələ gəlməyə başlayır ki, bu şirə də öz növbəsində sperma axını zamanı xaric ola bilmir. Əksər xəstələrdə şikayətlər o qədər tipik olur ki, diaqnozu dəqiqləşdirmək çətinlik törətmir. Ağrılı sidiyə çıxmanın səbəbi isə sidik kisəsinin boynu və uretranın iltihabı ilə əlaqəlidir. Məhz buna görə də bəzi pasientlər şikayət zamanı sanki «sidiyə getmək istəyinin» onları rahat buraxmadığını qeyd edirlər.
Uretranın prostatik hissəsinin qıcıqlanması vaxtından qabaq sperma buraxılmasına səbəb olur. Həmçinin orqazm zamanı və orqazmdan sonra kanalda yandırma hissinin qalması onun iltihaba uğramış prostat vəzin şirəsi ilə islanması nəticəsində baş verir. Bəzi pasientlər isə spermanın həcminin azlığından və qatı olmasından şikayət edirlər ,bu da öz növbəsində vəzin funksiyasının pozulması ilə əlaqədardır. Ağrılar isə müxtəlif nahiyələrdə axırıncı qabırğalardan başlamış, dizlərə qədər ola bilər. Ən xarakterik ağrılar isə qarnın aşağı hissəsində və rektal yolda olan ağrılardır. Ağrı sindromunu isə iltihabi ocaqların sinir ucluqlarını qıcıqlandırdığı üçün və vəz boşluqlarını genişləndirdiyi üçün baş verir. Bir çox xəstələr potensiyanın zəifləməsindən şikayət edirlər, halbuki prostatit zamanı hormonal dəyişiklik olmur. Bəzi hallarda isə prostatit sonsuzluğa səbəb olur. Məlumdur ki, prostat şirəsində spermotozoidlərin yaşama və hərəkətliliyini təmin edən elementlər var. Məhz buna görə də şirənin kimyəvi xüsusiyyətlərini dəyişdikdə spermotozoidlərin hərəkətliliyi və aktivliyi azalmış olur.
İltihabi prosesə görə vegetativ dəyişikliklər ola bilər: cinsi orqanlar nahiyəsində normadan artıq tərləmə, həmin nahiyənin dərisində həssaslığın azalması və ya çoxalması. Bəzi pasientlər cinsi orqanın ölçüsünü azalmasından şikayət edirlər ki, bu da öz növbəsində böyümüş və ödemləşmiş prostat vəz sidik kanalını çanağa tərəf dartır və nəticədə orqan qısalmış olur. Bu proses həmçinin prostat vəzin hipertrofiyasından əziyyət çəkən kişilərdə də meydana çıxır. Bəzi xəstələr isə yuxu pozğunluğu, əsəbilik və yorğunluq hiss etdiklərini vurğulayırlar. Ən xarakterik simptomlardan biri isə spermanın xaric olması zamanı ağrının olmasıdır.
Xroniki prostat müalicəsi: bu asan həll olunan bir məsələ deyil. Xəstəliyin erkən mərhələlərində və gənc yaşlarda müalicənin effektivliyi daha yüksəkdir. Ancaq bütün simptomlar və şikayətlər itdikdən sonra belə vəzdə anatomik dəyişikliklər qalır. Əksər xəstələr isə bu xəstəliklə ömür boyu yaşamaq məcburiyyətində qalırlar. Bununla yanaşı, müalicənin effektli olması üçün aşağıdakılar nəzərə alınmalıdır:
Ümumi soyuqlamadan qorunmaq və xüsusilə də soyuq yerdə oturmamaq
Kəskin temperatur dəyişikliyindən qorunmaq
Qıcıqlandırıcı və kəskin qidalardan az istifadə etmək.
Çoxlu maye qəbul etmək
Qəbizliyi aradan götürmək
Hərəkətli həyat tərzinə keçmək
Davamlı cinsi əlaqədə olmaq
Xroniki infeksiya ocaqlarının vaxtında müalicəsi


Tarix: 26.01.2015 / 11:05 Müəllif: Aziza Baxılıb: 237 Bölmə: Urologiya
loading...