Böyrəklərin sallanması və ya yüksək hərəkətliliyi. Bədənin üfqidən vertikal vəziyyətə keçməsində böyrəyin iki fəqərədən çox yerdəyişməsi patologiya hesab olunur.
Böyrəyin normal anatomik vəziyyəti bağlayıcı aparatla (böyrək yatağı – piyli kapsul, böyrək ayağı – damar şəbəkəsi və böyrək əhatəsi, hansı ki, onurğa sütununun yan şöbələrinə bərkidilir) həyata keçirilir. Böyrəyin normal vəziyyətdə olması üçün qarın əzələlərinin sıxılması ilə saxlanılan qarındaxili təzyiq böyük əhəmiyyət kəsb edir. Arıq adamlarda böyrəyin piyli kapsulu kiçik olur, böyrək təbii dayaqlarını itirir və hərəkətli ola bilir. Böyrəklərin hərəkətliliyi qarındaxili təzyiqi lazımi səviyyədə saxlaya bilməyən zəif qarın nahiyəsi əzələləri halında arta bilər. Ona görə də qadınlarda quruluş xüsusiyyətlərinə (enli çanaq, doğuşlan sonra qarın divarları tonusunun pozulması və s.) görə nefroptoz daha çox müşahidə olunur. Daha çox sağ böyrək sallanır.
Simptomlar və gedişat
Ağırlaşmamış nefroptozun əsas simptomları: qurşaq nahiyəsində, qarın altında, qasıqda küt, bezdirici ağrılar və ya simptomatik böyrək sancmaları. Ağrılar adətən fiziki gərginlikdə və bədənin vertikal vəziyyətində olurlar. Onlar adətən üfqi vəziyyətə keçdikdə azalırlar.
Böyrəyin vəziyyətini dəyişməsi özü-özlüyündə hər-hansı patoloji dəyişikliklərə gətirmir. Lakin böyrəyin yüksək hərəkətliliyi böyrək damarlarının və sidik ifrazatı yollarının əyilməsi və burulmasına səbəb ola bilər. Sidiyin və qanın böyrəkdən çıxmasının çətinləşməsi böyrəyin iltihabi xəstəliklərinə: (pielonefritə), daş əmələ gəlməsi prosesinə (böyrək daşı xəstəlikləri), böyrək hipertoniyasına, hidronefroza apara bilər. Böyrəkdə qan dövranının dayanıqlı pozulması böyrək toxumalarında distrofik dəyişikliklər yarada bilər, böyrəyin funksionallığını pisləşdirə bilər və nəticədə böyrək çatışmazlığına gətirə bilər.
Diaqnoz
Diaqnoz xəstənin üfqi və vertikal vəziyyətlərində aparılan rentgenoloji araşdırmalar nəticəsində qoyulur.
Müalicə
Nefroptozda əsas ön qarın divarları əzələlərinin möhkəmləndirilməsi və böyrəyin piyli yatağının bərpa olunmasıdır. Xüsusi fiziki məşğələlər və dietdən başqa böyrək bandajının (individual olaraq hazırlanır və səhərlər nəfəs verdikdən sonra üfqi vəziyyətdə geyinilir) gəzdirilməsi məsləhət görülür. Üzgüçülüklə məşğul olmaq xeyirlidir. Aktiv idman növləri, tullanmalar, bədənin silkələnməsi məsləhət görülmür.
Normal həyat tərzinə maneçilik edən daimi intensiv ağrılarda, həmçinin nefroptoz ağırlaşmaları halında (xroniki pielonefrit, hidronefroz, böyrək hipertoniyası və s.) stasionar müalicə lazımdır. Əgər hərəkətli böyrəyin normal funksiyalarını bərpa etmək olmursa əməliyyat aparılır – böyrəyi normal fizioloji vəziyyətdə fiksə edirlər.
Profilaktika
Orqanizmin normal fiziki vəziyyətdə saxlanılması.
Tarix: 16.01.2015 / 11:43 Müəllif: Aziza Baxılıb: 98 Bölmə: Urologiya