Sidik daşı xəstəliyi – böyrəklərdə, sidiklikdə və ya sidik kisəsində daş əmələ gəlməsi xəstəliyidir.
Sidik daşı xəstəliyi hələ qədim zamanlardan bəlli olmuşdur. Bizim eradan əvvəl Misirdə ölmüş və basdırılmış adamların mumiyalarında sidik daşları tapılmışdır.
Bu xəstəlik əhalinin 1-3%-də olur – gənc və ortayaşlı adamlarda daş daha çox böyrəklərdə və sidiklikdə olur, uşaqlarda və yaşlılarda isə adətən sidik kisəsində olur. Daşların sayı müxtəlif olur – birdən bir neçə yüzə qədər. Ölçüləri düyü parçasından 10-12sm diametrədək olurlar. Daşın çəkisinin 2.5kq olduğu hal məlumdur.
Daşların əmələ gəlməsinin əsas səbəbi maddələr mübadiləsinin azacıq pozulmasıdır – həll olmayan duzların əmələ gəlməsi nəticəsində daşlar formalaşırlar – uratlar, fosfatlar, oksalatlar və s. Əgər sizdə anadangəlmə sidik daşı xəstəliyinə meyllilik varsa, lakin buna şərait yaradan faktorlar olmadıqda o inkişaf etmir, məsələn:
- su və qidanın müəyyən tərkibi – məsələn, kəskin və turş qida sidikdə turşuluğu artırır və bu halda daşlar asanlıqla əmələ gəlirlər;
- vitamin çatışmamazlığı;
- sümük zədələnmələri və xəstəlikləri - osteomielit, osteoporoz;
- mədə və bağırsağın xroniki xəstəlikləri – xroniki qastrit, kolit, xora xəstəliyi;
- poliuriya – orqanizmdə su çatışmamazlığı, bu infeksion xəstəliklər və zəhərlənmələrdə ola bilər;
- böyrək və sidikcinsi sistemin üzvlərinin müxtəlif xəstəlikləri – pielonefrit, sistit, prostatın adenoması, prostatit və s.
Simptomlar və müalicə
Əgər sizin bel nahiyənizdə küt, giziltili ağrılar, sidikdə qan varsa, qan əmələ gəlməsi və ağrılar hərəkətdən, fiziki məşğələ və bədənin vəziyyətindən asılı olarsa, deməli sizin böyrəklərinizdə daş olması ehtimalı var.
Əgər daşlar sidiklikdədirsə, onların sidikliklə hərəkətilə bərabər ağrı beldən qasığa, qarının altına, cinsiyyət üzvlərinə, budun daxili hissəsinə keçir. Əgər daş sidikliyin aşağı hissəsində yerləşirsə, siz tez-tez səbəbsiz olaraq sidik ifrazatı siqnalları alacaqsınız. Əgər daş sidikliyi tam tutacaqsa, böyrəkdə sidik toplanır və böyrək koliki tutmasını yaradır. Bu özünü bel nahiyəsində kəskin ağrılarla biruzə verir, sonra tezliklə ağrə qarının uyğun tərəfinə keçir. Ağrı bir neçə saat və gün dövri olaraq artıb azalaraq davam edə bilər. Ağrı şiddətləndikdə qusma, qızdırma, üşütmə mümkündür. Daş vəziyyətini dəyişdikdə və ya sidiklikdən çıxdıqda tutma qurtarır.
Sidik kisəsi daşının əsas əlaməti, sidikdə qan olmasından əlavə, hərəkətdə olarkən və sidiyə gedərkən qarın altında ağrı olmasıdır. Digər simptom – həddən çox sayda sidiyə getməkdir. Qəfil və səbəbsiz sidiyə getmək siqnalları yeridikdə, silkələndikdə və fiziki gərginlikdə olur. Sidik ifrazatı zamanı qəfildən sidik şırnağının arası kəsilir və proses bədənin vəziyyətini dəyişdikdə bərpa olur.
Tanınma
Əgər sizin böyrünüzdə və bel nahiyənizdə güclənən və aramsız ağrılar, sidikdə qan, qızdırma və üşütmə, sidiyin kəsilməsi və çətinləşməsi olarsa həkim – uroloqa müraciət edin. Orqanizmdə daş əmələ gətirən duzların xarakterini müəyyən etmək üçün həkim daş əmələgətirmə funksiyasına görə sidik analizini, sidikcinsi sistemin üzvlərinin USM-ni və daşların yerlərini müəyyənləşdirməyə imkan verən kompyuter tomoqrafiyasını aparır.
Bu xəstəliyi heç vaxt özbaşına buraxmaq olmaz, çünki böyrəklərdə və sidikliklərdə olan daşlar müəyyən vaxtdan sonra hökmən bu üzvlərdə iltihab proseslərinin inkişafına, ən pis halda isə böyrəklərin məhvinə aparacaqlar.
Müalicə
Müalicə daşın tərkibindən, ölçülərindən, yerləşməsindən, ağırlaşmaların olub-olmamasından asılıdır.
Müasir tibb sizi daşlardan xilas etmək üçün müxtəlif yeni üsullarla geniş imkana malikdir. Məsələn, müasir həkim-uroloq üçün ən təhlükəsiz və ən az zədəsi olan üsul sidik kisəsindən sidikliyə yeridilən alətlə daşların parçalanmasıdir – endoskopik kontakt litotripsiya üsulu.
Profilaktika
Sidik daşı xəstəliyində həkim tərəfindən seçilmiş xüsusi dietə əməl etmək lazımdır, çünki bu xəstəliyin profilaktikası və müalicəsində qədim zamanlardan məlum olan əsas üsullardan biridir. Bu halda sizin qida rasionunuzdan sidik yollarında əvvəl çöküntü, sonra isə daş əmələ gətirən maddələr çıxarılır.
Bundan başqa, çoxlu su içmək lazımdır (gündə 2 litrdən artıq) - acqarına, yeməkdən sonra, qida qəbulları arası və yatmazdan qabaq. Yadınızdan çıxarmayın ki, sidik daş xəstəliyinin istənilən mərhələsində yalnız həkim – uroloq məsləhəti ilə müalicə olunmaq lazımdır, özünü müalicəyə yol verməyin.
Tarix: 16.01.2015 / 12:07 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Urologiya