Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İNSAN HƏYATINDA GECƏNİN ROLU

Yaradan hər şeyi cüt yaratmışdır. Hikmət də elə bundadır. Tək olan, Vitr olan, tayı-bərabəri, bənzəri olmayan yalnız Yaradandır. Və hər yaratdığında gizli hikmətlər yaratmışdır yoxdan var edən Yaradan. Gecə və gündüz, ağ və qara, yer və səma, qadın və kişi, sıxıntı və rahatlıq, qış və yaz... Qış gəlmədən yaz gəlməz, sıxıntı olmadan rahatlığı bilmərik, səma olmadan yer var ola bilməz, gecə olmadan gündüz olmaz... Gecə qaranlıq, gündüz aydınlıq. Zamanın bir hissəsi aydınlıq, biri qaranlıq olaraq ikiyə ayrılması Allahın möcüzəsi deyilmi? Gecə dinlənmək, gündüz çalışmaq. Gecə ay işıqsız, gündüz günəş işıqlı...

“Gecə və gündüzü iki ayə etdik. Gecənin ayəsini sildik, gündüzün ayəsini işıqlı etdik ki, həm Rəbbinizin lütfünü arayasınız, həm də illərin sayını və hesabı biləsiniz. Biz hər şeyi müfəssəl izah etdik." (İsra, 12)

Həqiqətən, Ay özü işıq verməz, sadəcə Günəşin işığını əks etdirir... Gecənin ayəsini sildik... Ay işıqsız yardılmışdır, yaxud da Günəşdən aldiğı işıq görüntü olaraq yavaş - yavaş azalıb ay bitincə yox olması anlamına da gəlir. Gecənin ayəsini sildik ifadəsi bir də Ayın bir zamanlar Günəş kimi işıq verən ulduz olub zamanla soyuyaraq işıq və istiliyini itirdiyi ehtimalı da düşünülr. Necə ki, Abdullah ibn Abbas “Vaxtilə Ay da Günəş kimi işıq verirdi.” dediyi rəvayət edilmişdir... Bir gün Günəş də büzülərək işıq və istiliyini itirəcəkdir ki, bu da planetlərdə həyatın sona çatması, Qiyamətin qopması deməkdir. Həqiqəti Allah bilir... Günəşin işığı olmazsa, ay da işıqdan məhrum olar... Ayın işığının gedib gəlməsi, görünüb görünməməsi yerin maqnit sahəsinə, dənizlərin qabarmasına, canlıların yaşam tərzinə, insanların sağlamlığına təsir etmirmi? Nədən müəllimimiz olan Allah Rasulu hər hilalın ortasında - 13, 14, 15 - ci günlərində qorunmaq üçün oruc tutmağı, yəni oruc qalxanı ilə silahlanmağı tövsiyə etmişdir? Gecə və gündüz, ay və günəş. Gecədən sonra mütləq gündüz gələcək. Qaranlığın arxasında mütləq bir işıq var... Günəşdən işıq alan ay gecəmizi aydınladacaq. Gecəsini diriltməyənin gündüzü də ölmüşdür...
Daxili zənginliyin əldə edilməsində əsas məkan olan qəlbdən sonra ikinci önəmli faktor zamandır. Əlbəttə gecələr də, gündüzlər də Allahındır. Gecəni qazanmaq gərəkdir. Çünki, göylər duvaqlarını gecə vaxtı sıyırıb atırlar. Gecə əməllərin Allah qatına çatdırıldığı zamandır.

Allah Qurani-Kərimdə müəyyən zaman hissələrinə and içir: Vel-asr, val-leyl, ves-subh, vedduha... And olsun əsrə, gecəyə, sübhə, sabaha...

Rabbimizin bu andları zamanın üstün dəyərinə bir işarə deyilmi? Zaman qiymətlidir, əzizdir, nə qədər çox olsa da dəyərindən bir şey itirərmi? Su kimi... Zaman həyatdır, zamanı israf həyatı israf deyilmi? Həyatı israf intihar deyilmi?... Allah üçün deyil, seriallar üçün xərclənən zaman sizin ömür dəqiqələrinizdən getmirmi? Bitdikdə əldə qalan nə? Amma? Allahı xatırlamaq, onu düşünmək... Biz Həyat verəni xatırladıqca, O da Ərşdə Ona yaraşan bir məkanda sizi xatırlar. Bununla müqayisə olunacaq bir dərəcə, mərtəbə varmı? Ruhumuzun qidası Ruhu verən deyilmi? Cism yarandığı torpağa qayıdacaq, ruh öz Yaradanına... Cismi hər anlamda qidalandırmağımız yetməzmi? Kifayət deyilmi??? Dayan, Ey, Adəm övladı, düşün... Həyat verən haqda düşün... Onun zaman neməti üzərində düşün... Verdiyi ruzini nəyə xərcləyirsən, necə xərcləyirsən??? Düşün, bir gün gələcək də verilən əmanətlər haqq - hesab üçün geri alınacaq.

Ya Rabbim, yardım et. Hikmət ver bizə, xeyir ver bizə... Nəfsə qalib gələ bilmək üçün Səndən başqa yardımçım yoxdur. Ramazan ayının, hər günümüzün və hər gecəmizin hər saniyəsini layiqincə dəyərləndirməyə yardım et...

“Açıq aydın kitaba and olsun ki, biz onu mübarək bir gecədə endirdik” (Əd-Duhan, 2,3)

Gecə Uca Yaradanın üzərinə and içdiyi bir zaman kəsiyi. Allah kəlamı Kərim, Şəfa Quranımız bir gecə vaxtı endi. Qədr elə bir gecənin adıdır ki, adı ilə o gecəni gecələrin sultanı etdi...
Mirac... İnsan nəslinin yüksələ biləcəyi ən uca mərtəbəyə bir gecə zamanında yüksəlmişdi kainatın nuru, Rasulumuz...
Gecə ümmətimizə hicrət kimi bir hədiyyə də gətirmişdir...
“Onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar ” (Ali-İmran, 113)

Yaradanın xüsusi vurğuladıqları... Kimdir onlar? Digərlərindən üstün olanlar... Allah sevərlər...

“ Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə namazı qıl ki, Rəbbin səni bəyənilib təriflənən bir məqama göndərsin” (İsra, 79)

Sevgili Rəsuluna daxili zənginliyin yollarını belə öyrədir, açıqlayır Rəbb... Rəsulun yanına ucalmaq istəyirsənsə, sən də onun kimi ol, Allahın sevdiyi quluna olan olan əmrlərinə diqqət kəsil. Onun kimi olmaq, onun kimi yaşamaq, ondan nümunə götürmək Muhamməd ümməti olmaq deməkdir, Muhammədlə görüşmək deməkdir. Muhamməd kimi Qurana tabe ol, Quranı yaşa.

“Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbinə şükr edib təriflər de, gecənin bir vədəsində və günorta radələrində də Rəbbini öyüb təqdis et ki, razı qalasan” ( Taha, 130)
Ey Muhammədi sevən Muhamməd ümməti, Sevdiyinizlə bir cərgədə olmaq istəməzmisinizmi? Onun əxlaqı ilə tərbiyələnməli deyilmiyikmi? Onun yanında ola bilmək üçün onun kimi yaşamalı deyilmiyikmi?

Sənə Ramazan fürsəti verildi, silkinib, arınıb, təmizlənərək pak olan sevdiklərinə qovuşa bilmək üçün. Tələs, zaman azdır, gecə bitəcək... Dinlə... Quranı dinlə... Gör Həyat verən Dostun səndən nə gözləyir...

“ Ey örtünüb bürünən... Gecə az bir hissəsi istisna olmaqla –qalxıb namaz qıl! Yarısına qədər, yaxud bir qədər ondan az... Və ya bir qədər ondan çox! Həm də aramla Quran oxu! Biz sənə ağır bir kəlam vəhy edəcəyik. Şübhəsiz ki, gecə qalxmaq daha əlverişli və söz demək daha münasibdir. " (Müzzəmil, 1-6)
Düşün, Ey Adəm övladı. Maraqlı, daha-daha düşünüləcək olan bilirsinizmi nədir? Ayənin nazil olma zamanı... bu surə nazil olduğunda hələ beş vaxt namaz fərz, yəni vacib edilməmişdi. Nübuvvətin ilk, çətin, məşəqqətli illəri. Və Rasula inanaraq təslim olan bir ovuc insan...

Hər sıxıntıdan sonra bir asanlıq gəlir, hər gecədən sonra bir gündüz gəlir. Sıxıntı nə edir, qüvvətləndirir, güc verir... Düşün, imtahan və sıxıntı... Çox sıxılan istədiyi yüksək qiymətə nail olur... Gecə- dinclik, rahatlıq zamanı, gündüz - iş zamanı... Gecə qüvvə toplamaq zamanı, gündüz qüvvə xərcləmək zamanı... Qüvvət qəlbin hüzurunda deyilmi? Qəlbin rahatlığı, hüzuru Allahı zikrlə, anmaqla əldə olunmurmu? Qəlbin dostu Nurdan gələn ruh deyilmi? Ruhun qidası Yaradan deyilmi?! Elə isə gecələr ruhunuzu, qəlbinizi qüvvətləndirin... gündüz yenidən imtahanlar gələcək. Allah sənə Oxu deyə əmr etdi... Elm Allahda, güc, qüvvət Allahda... Və o səni göylər öz duvağını açdığı bir zamanda əllərini Ona sarı yönəldib açmanı gözləyir, gecə Səmaya yaxınlaşır... ”Yoxmu dua edən, duasını qəbul edim, yoxmu tövbə edib Mənə sarı yönələn, onu Özümə sarı çəkim, yoxmu əfv diləyən günahlarını pozum”...
Ey Adəm övladı, gözlər kor olmaz, qulaqlar kar olmaz sinələrdəki qəlblər kor və kar olur... Aç qəlbini... Aç... Nur yoluna, xoşbəxtlik zamanına tələs. Ramazan kimi günlər yaşamağa tələs!

Gözəl Rasulun gecələri nədən bizə nümunə olmasın??? Rasulunun daxili dünyasını zənginləşdirmək üçün nazili olan və həqiqətən də onun zənginliyinin dəlili olan bu ayələr nədən bizim daxili aləmimizi zənginləşdirməsin??? Bu ayələr İnsan üçün deyilmi??? Bu ayələr Rasulun və Quranın əxlaqı ilə əxlanmaq istəyən mömin üçün deyilmi?

Rəsulumuz bizi xəbərdar etməyibmi? Necə yaşayırsanız, elə ölürsünüz, necə ölürsünüz elə dirilirsiniz, necə dirilsəniz, elə həşr olunursunuz.

Ənam surəsində Allah yuxudan ölüm deyə söz edir... Yarı ölüm olan gecələrimiz...Deməli, gündüzümüz gözəldirsə, gecəmiz də gözəl olacaq, ay işığını günəşdən alır. Gecəmiz gözəlsə sabahımız, yəni yenidən diriliş də gözəl olacaq... Gecənin hesabını verə bilməyən gündüzün hesabını necə verəcək?!

Gündüzlər imanımızı zədələyə biləcək yaşantıların, qəlbimizin dərinliklərinə sirayət edə bilən inam səfalətinin daxili dünyamızda törətdiyi erroziyaları, gecənin rəhmətindən yararlanaraq təmizləmiriksə... Allah qorusun demək, qəlbimizin qiyaməti yaxın...

Həmd olsun, düşmənin hücumlarına qarşı güc toplamaq üçün bizə Gecə, şükr, zikr, Ramazan, oruc, namaz kimi nemətlər yetirən, bizi Qoruyan, Sevən, Yardım edən Rəbbimizə...
Allahın Rəsulu və qulu gecə namazına qalxdığı zaman bu duanı oxuyardı:

“... Ya Rəbb! hər Həmd sənin üçündür. Sən göylərin, yerin və bunlarda olan hər şeyin davamlı idarə edənisən! Yenə hər həmd sənin üçündür. Sən göylərin, yerin və onlarda olan hər şeyin nurusan. Yenə həmd sənin üçündür. Sən Haqsan, sənin vədin də haqdır. Axirətdə səni görmək də haqdır. Sözün haqdır. Cənnət haqdır, Cəhənnəm də haqdır, atəş də haqdır, Peyğəmbərlər haqdır, Muhamməd haqdır, Qiyamət saatı da haqdır...
Allahım, ancaq sənə təslim oldum, sənə inandım, sənə güvəndim, sənə yönəldim, yalnız sənin üçün mücadilə etdim, sənin hökmünə baş vurdum. Ya Rəbbi, əvvəl işlədiyim, sonra işləyə biləcəyim, gizli və açıq günahlarımdan ötrü məni bağışla. Qulunu önə keçirən, arxada buraxan, ucaldan, alçaldan Sənsən! Səndən başqa tanrı yoxdur, Səndən başqası yoxdur. Təsərrüfat və qüdrət ancaq Allahladır”...


Tarix: 06.01.2013 / 16:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 910 Bölmə: Ramazan
loading...